post-title

Mistikadan sinergetikaya və ya universal inam axtarışında

Materializmə söykənən marksist dünyagörüşündə din fenomeni tənqid edilir, “ruh”, “müqəddəslik”, “möcüzə”, “səcdə” və s. kimi sözlər sırf dini terminologiyaya aid edilir. Bu, həmən anlayışların arxasında duran daxili ehtiyacların inkarı idi.

 
 “Ancaq dünya ilə ideallarımızın nigahı bar verə bilər.
Təklikdə onlar qısır qalır...”
B.Rassel 
 
Ənənəvi baxışa görə, dünyada mövcud olan dinlərin məlum fərqlərinə baxmayaraq, onların hamısı bəşəriyətə həqiqi, xoşbəxt həyat yolunu göstərmək, “insanı xilas eləmək” üçün gəlmişlər. Əsrlər boyu bu  niyyətlərlə könüllü və ya məcburi olaraq beyinlərə yeridilən dinlər, öz məqsədlərinə heç də nail olmamışlar. Zaman keçdikcə gözlənilən nəticələrin əksinə olaraq hər bir din, müxtəlif tarixi şəraitlərin təsiri altında  əvvəlcə haçalanıb, sonra bir neçə məzhəblərə, təriqətlərə ayrılmışlar. “Təkmilləşmiş”, “təmizlənmiş” yeni  dini  məzhəblərin davamçıları arasındakı münasibətlər heç də sakit və qansız ötüşmür...
 
Dinlərin bütövlüyünün itirilməsi  istisnasız olaraq inancların hamısına aiddir: induizmdən törəyən cərəyanlar — buddizm, krişnaizm, vedizm, braxmanizm və s., zərdüştçülükdən — pars, azərqoşəsb və qəştasb, xristianlıqdan — pravoslav, katolikçilik, protestantçılıq, qriqorianlıq, baptizm, adventizm və s., islamdan — sünnilik, şiəlik, sufilik, batinlik, bahailik və s. Siyahısı tamam olmayan bu cərəyanların fəaliyyəti  vaxtaşırı savaşlara,  insan faciələrinə səbəb olur. Şair Artur Rembonun söylədiyi kimi, “inamlar, ideyalar davası və ruhani mübarizələr adamlar arasında gedən döyüşlər qədər qəddardır.”
 
Din mərkəzli zehniyyətin əsrlər boyu yaratdığı böhranı və zülmü aradan qaldırmaq istəyi fikir adamlarını hər zaman narahat etmiş, katastrofik durumdan çıxış yolları axtarılmışdır. Bu axtarışlar, səmavi kitabların müxtəlif səpgidə təfsirləri, dində reforma və dindən kənar idraketmə ehtiyacına təkan vermişdir. Bu təkandan doğan  batinilik,  ateizm, rasionalizm, pozitivizm, humanizm, praqmatizm kimi dünyagörüşləri  ortaya çıxmışdır. Protestantçılıqda inam ehkamlarını yumşaltma, rasionallığın  inkişafina zəmin yaratmışdır.  Lakin bu fəlsəfi cərəyanların da çalışmaları, məzhəblər  kimi, bütün insanların   daxili, ruhani ehtiyaclarına cavab verməmişdir, yeni dövran  yeni bohranlar  gətirmişdir.
 
İki  cahan savaşları, irqçilik, şovinizm, elmi nailiyyətlərin “zirvəsi” olan  atom-nüvə silahlarının istehsalı, qanlı etnik münaqişələr, az inkişaf etmiş ölkələrdə  baş alıb gedən  əhalinin aclıqdan ölüm halları kimi qlobal müşküllər insan evladının son yol ayrıcında qalmasından xəbər verir. Koqan  yazır: “Göründüyü kimi, bəşəriyət o qədər də irəliləməyib. O, dünya tarixi məktəbinin hər sinfində həddindən artıq çox oturmuş, idrak məsələsində geri qalmış, bütünlükdə hələ ruhani yetkinliyə çatmamışdır. O, keçmişdən yetərincə dərs almadan, gələcəyə nəzər salmadan, bugünlə yaşamağa üstünlük verir... Çıxış yolu uzun sürən infantilizmi ötməkdə, ruhani kamilliyə yiyələnməkdə, hərislik və təkəbbürdən azad olmadadır.”         
 
Bir çox tanınmış şəxsiyətlər yeni inamın köhnə inamları əvəz etməsi ehtiyacını göz önünə almışlar. Təzə inam yaratma istəyini Bernard Şou belə izah edirdi : “Özünüzə din və ya əxlaq və ya allah bilir daha nə adlandırdığınız bir şey yaradıbsınız. Bu isə faktlara ziddir. Belə halda niyə onu zibilxanaya tullamayasınız. Atın getsin və özünüz  üçün faktlara münasib yenisini yaradın. Dünyanın bədbəxtliyi də indi məhz elə bundadır. O, köhnəlmiş buxar və dinamo maşınlarını tullayır, lakin köhnə etiqadlarını, köhnə din və siyasi konstitusiyalarını atmaq istəmir. Nəticədə isə  maşın və texnika sahəsində irəlidə olarkən, din, əxlaq və siyasət sahəsində ziyana işləyir və ildən ilə müflisləşməyə doğru yaxınlaşırıq. Dünən köhnə din uçubsa, sabah özünüzə yeni və daha yaxçısını tapın... Marks və Darvinin əsərləri məndə bu qənaəti yaratdılar ki, sivilizasiyanın yeni dinə ehtiyacı var və bu ehtiyac onun ölüm-dirim məsələsidir.”
 
Görkəmli yazar Çingiz Aytmatov məhşur “Qiyamət” əsərində  həyatın zəncirinə çevrilən dinlərin artıq gərəksizliyini bəyan edir: “Günümüzdə tanıdığımız dinlərin ümidsiz bir şəkildə köhnəlməsi, vaxtilə oyanmaqda olan kütlənin ibtidai düşüncə tərzinə hesablanmış dindən bu gün ciddi danışmaq olmaz... Əgər tarix, bəşərin inanc göylərində—dünyanın hazırki tələblərinə uyğun gələn, təzə ilahi duyğulara malik, yeni qüvvə — müasir allah bütü — təklif  eləyə bilərsə, onda azacıq ümid etmək olar ki, dini təlimin bəlkə də qara quruş da olsa dəyəri var.” 
 
Bir zamanlar insanı ideala, kamilliyə doğru aparmaq istəyən fəlsəfə indi, yazıçı  V. Pelevinin sözü ilə desək,  bir “şıqqıldayan intellektual oyuncağa” çevrilibdir.  Dünyanın hazırki tələblərinə dinlərin uyğun gəlməməsi adamları nihilizmə, skeptitizmə, pessimizmə  və sonda anarxizmə, həyatı qaydasız oyuna, heçnə oyununa, traqifarsa, absurd teatrına transformasiyasına  sürükləmişdir. Sivilizasiyanın yeni, universal, mövhumatdan və xurafatdan azad  inama  ehtiyacı olduğunu dərk edən alimlər, filosoflar, yazıçılar  axtarışa qoşulmuşlar. Din və inamın mahiyyətinin aхtarışları Kant, Kyerkeqor, Spinoza, Dekart, Niçşe, Haydegger, B. Rassel, J. Derrida və digər  filosoflarda  davam etmişdir. Şərq-Qərb ilişkiləri Avropanı müasir ideyalara toxunan, elmi biliklərə və ən əsası –  humanizmə əsaslanan inam axtarışlarına sövq etmişdir.          
 
Kant, “indiyədək tamamilə görünməyən plan əsasında metafizikanın bütöv reformasını, yeni doğuluşunu” gözləyirdi. Leybnisin arzularından başlıcası  “universal xarakteristika”, xüsusi alqoritm  yaratmaq idi. Bu alqoritm vasitəsi ilə Leybnis sırf mexaniki yolla “bütöv həqiqəti” əldə etməyi düşünürdü. F.Niçşe, fövqalinsan (üstinsan) ideyasını ortaya ataraq, müasir dövrün əsas sualını qoydu. Niçşe, bütün öncəki dəyərlərin təzədən dəyərləndirilməsini müdafiə edirdi. Hər şeyin əbədi qayıdışının qarşısında bütün Yer üzünə insanın öz hakimliyini yaymağa hazırlaşdığını öncədən görən filosof, “Allah öldüyündən” insan üçün hər şeyin dəyəri və mərkəzi insan özü ola biləcəyini düşünürdü. “Neozərdüşt” sual verirdi: insan evladı bu missiyaya layiqdirmi, onun mahiyyətinin özü dəyişməməlidirmi? Bu suala Niçşe belə cavab verir: adam özünü ötməli və fövqəlinsan olmalıdır.  
 
Materializmə söykənən marksist dünyagörüşündə din fenomeni  tənqid edilir, “ruh”, “müqəddəslik”, “möcüzə”, “səcdə” və s. kimi sözlər sırf dini terminologiyaya  aid edilir. Bu,  həmən anlayışların  arxasında duran daxili  ehtiyacların inkarı idi.  
 
İnsanın ali imkanlarına pərəstiş edən  V.Solovyov, N.Berdayev kimi  mütəfəkkirlərin “tanrıyaratma” ideyası ”  di′ni ateizm” terminini ortaya atdı.     
 
Ruhaniyətə  tələbatın hiss edildiyindən, lakin müəlliflərin köhnəlməsi səbəbi ilə yeni, amma öncəkilərdən də təsirli dinlər hazırlamaqda insanın azad olmasını Z. Freyd, Le Bon, E. Fromm kimi psixoloqlar  söyləmişlər. Le Bon yazır: ” Bütün irqlərin insanları müxtəlif adlar verdiyi bir tanriya səcdə edir — ümidə. Axi onların bütün allahları yalnız bir – yeganə — allah idi... İnanc, adi gerçəklikdən daha münasib gerçəkliyi yaratmağa yönəlibdir. O, adi gerçəkliyin qarşısına daha əlvan gələcəyi qoyur.”
 
T. De Şarden, özünün yeni din axtarışları barədə  dostuna yazırdı: “Bildiyiniz kimi, bütün məşğulliyətlərim və düşüncələrim yeni dinin (bunu, daha yaxşı xristianlıq da adlandıra bilərsiniz) özümdə təsdiqinə və ətrafa yayma cəhdi ilə bağlıdır. Yeni yaradacağım dində  allah, dünyanın ruhu olmaq üçün öncəki dövrlərin qeyri-məhdud mülkədarlığını buraxır.  Nail olduğumuz mədəni və di′ni səviyə bunu tələb edir.”
 
Mədəniyətlərin, millətlərin müxtəlifliyinin qorunmasının tərəfdarı, universal sivilizasiya (və ya qloballaşma) əlehdarı olmağına baxmayaraq, antropoloq  Levi Sross  təfəkkür və mənəviyatın bə′zi universal formalarına çatmağın labüdlüyünü bəyan edirdi.
 
Ingilis filosofu Bertran Rassel dini, bəşər tərəqqisinin ən böyük əngəli  sayıb, di′ni illüziyalardan azad olmanı tələb edir: “Əbədiyyət miqyasında fəaliyyət göstərən İlahi Qüdrət daha yaxşı şey yarada bilərdi.” Amma alimin əsərlərində dinlə barışma notları da duyulur, dinin dəyərli məqamlarının axtarışına can atılır. “Dinin mahiyyəti” əsərində  Rassel, allahsız, tanrısız bir dini dünyagörüşünün bərpası ideyasının üzərində düşünür. Doqmatik formadakı dinə hücümuyla bərabər, Rassel dindəki üç əsas  məqamların—səcdə, itaət və sevginin  toxunulmamasının vacibliyini vurğulayır. 
 
İnsan evladının təfəkkür gücü, xeyir və şəri tanıma bacarığı ilə bərabər şiddətli səcdə ehtirasına, ehtiyacına malik olmasını söyləyən Rassel yazır ki,  “tamamilə yoxa çıxmaq istəməyən səcdə, başqa allahlara üz tutmalıdır.”              
 
Dərin, ciddi baxışda dünyaya insan talehinə di′ni və qeyri-di′ni bir növ uyusallıq (barışıqlılıq, itaət) vardır. Bu, insan gücünün, səlahiyətinin həddi olduğunun dərkidir. İtaətin, yəni qaçınılmaz faktlar qarşısında barışıqlılığın toxunulmamasını B.Rassel belə müdafiə edir:  “ Uyusallıq hissi,  düşüncələri azad edib, əvvəllər ötəri şəxsi xeyir arzuları arxasında gizlənmiş iradəni yeni məqsədlərə yönəldir... Dinin  təlqin etdiyi itaət mahiyyət etibarı ilə elmin öyrətdiyi qane olma ruhuna yaxındır. Elmi nailiyyətlərin qazanılmasının etik neytrallığı məhz bu qaneliliyin, uyusallığın nəticəsidir. Maddiyyat sahəsindəki sürətli uğur və tərəqqinin sərhədsiz imkanlarına ötkəm inamı olan dünyaya əslində elə bu çatışmır...”
 
Məhəbbətin  toxunulmazlığını müdafiə edən Rassel onu  güc fəlsəfəsinə qarşı qoyur: “Niçşenin dediyi guc qarşısında səcdə, idealların məhvi nəticəsidir: bu, şərtsiz-filansız şərə tabe olmadır, qəlbimizdə ən yaxşı olanın Heçliyə qurban gətirilməsidir... Etiraf edək ki, bu məlum dünyada o qədər yaxşı ola biləcək şeylər var ki; sədaqət göstərdiyimiz  ideallar materiya aləmində hələ realizə olmayıb.”  
 
Maraqlıdır ki, idealizm və dinə qarşı müqavimət göstərən Rassel, mistisizmin axtarışlarını elm və dindən daha yüksək məşğuliyyət sayır, onu dünyaya baxış sistemi deyil,  həyata münasibət adlandırır.  Mistik fəlsəfə, diskursiv analitik dərk etməyə zidd olan intuitiv anlama bacarığına inanırdı. Bu inam,  qəfil aydınlanma, vəhylər, intuisiya yoluna inam idi: “Mistik duyğuda başqa üsulla əldə edilməyən  müəyyən müdriklik elementi vardır...  Mistisizm mahiyyət etibarı ilə Kainat haqqindakı təsəvvürlərimizə olan dərin və gərgin inam hissinə olduqca yaxındır. Mistik  alim — təfəkkur sahəsində mümkün olan ən yüksək nailiyyətdir.” Rassel deyir ki, mistik-alimlər Heraklit və  Parmeniddən sonra gələn Platonun “fəlsəfə və elmin ortaq bağlarını kəsməsindən hər iki tərəf ziyan çəkir... Ancaq dünya ilə ideallarımızın nigahı bar verə bilər. Təklikdə onlar qısır qalırlar...”       
 
Bertran Rasselin dediyi kimi, “filosof adlandırdığımız böyük insanlar eyni zamanda həm elmə, həm də mistisizmə ehtiyac hiss etmişlər. Onlar bu iki ehtiyacı harmonik şəkildə birləşdirməyə cəhd edirdi.” Fizika sahəsində aparılan son tədqiqatlar yeni elmin, sinergetikanın yaranmasına səbəb olmuşdur. Bu yeni elm, təbiətşünaslığı cəmiyətşünaslıqla, insan və mədəniyyət aləminin sosial bilgilərini  təbii fenomenlərin bilgisi ilə  birləşdirməyə çalışır. Ruh və Materiyanın Vahid Fizikası — sinerqetika paradiqması — mistik-alimlərin duyduqlarının reallığını sübut eləməyə çalışır. Sinergetika — çox detallarla ağırlaşmış, məsələnin mahiyyətini kölgədə qoyan məlumatı sıxmağa və onu bir neçə işarəyə, konsepsiya və ideyalara çevirməyə imkan verir. “Sinerji” müxtəlif enerjilərin, Varlığın səmavi və yer  planlarını, enerjilərini birləşdirməsi deməkdir. Bunların birliyi, bir qayda olaraq,  nəzərdən qaçırılırdı.   Bir zamanlar akademik  V.İ. Vernadski  tamam yeni məntiqi, vahid biliyi, “müasir kainat həyatı”nın simvolik dilini ehtiva edən Kainat  bütövlüyünü sübut eləməyə çalışırdı. 
 
İlahə Ucaruh
Yuxarı