post-title

Zaur Qurbanlı barədə

Elə mövzular var ki, adam o haqda heç vaxt yazmaq, danışmaq istəmir. Amma nə etməli, zaman, dövr və məkan bizdən asılı olmayaraq bir çox şeyi diktə edir. Məsələn, yazacağım bu mövzu kimi.

 

Bu mövzuya toxunmaq istəməməyim problemə dair fikirlərimizin, düşüncələrimin olmaması, yaxud ümumiyyətlə, yazmağı bacarmamağım deyil. Sadəcə mən belə problemlərin olmasına qarşıyam. Amma indi özümdən aslı olmayaraq yazıram və bunu bir vicdan borcu hesab edirəm...

Dünən mənim üçün son ayların ən üzücü, ən kədərli xəbərini oxudum. Vicdan məhbusu, Zaur Qurbanlının anası Səkinə Qurbanova oğlunun həyatının təhlükədə olması haqda həyəcan təbili çalıb.

Səkinə xanımın sözlərinə görə, talassemiya xəstəsi olan Zaur Qurbanlının qapalı şəraitdə saxlanması onun durumunu daha da pisləşdirir: "Hazırda Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı bronxial astma və böyrək xəstəliklərilə yanaşı, həm də son dərəcə ağır irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkir. Qapalı şəraitdə saxlanması onun vəziyyətini daha da pisləşdirir".

Bu ana son zamanlar tanıdığım ən güclü qadınlardan biridir. Hətta Zaur həbs ediləndə belə özünü başqalarının qarşısında sındırmadı. Başını dik tutub "Oğlum haqlı bildiyi işlərlə məşğuldur" - deməklə hər kəsə narahat olmamağı tapşırdı. Səkinə xanım kimlərdənsə kömək istəmədi, oğlunun ağır xəstəlikdən əziyyət çəkdiyini bilə-bilə heç kimə ağız açmadı. Mərd qadın mərdi-mərdanə mübarizənin gedəcəyini güman edirmiş.

Yanılıbmış Səkinə xanım və bu gün məsələnin ciddiliyi onu danışmağa vadar edir, haqlı olaraq oğlunun səhhətinə yönəlmiş təhlükəni ictimailəşdirir.

Səkinə xanımın siyası məhbus olan oğlu haqqında mətbuata verdiyi açıqlamada diqqətimi çəkən bir məqam da oldu. Zaurun öz xəstəliyini biruzə verməməsi və bunu israrla gizlətməyə çalışması Onu tanıyan bir çox insan, ona yaxın olan dostları bu xəbəri eşidəndə "şok"da qarşıladıqlarını gördüm. Onun bu xəstəliyi biruzə verməməsi və bunu israrla gizlətməyə çalışması onun mübarizliyindən, əzmindən xəbər verir. Onun şəxsiyyəti indiyə kimi xəstəliyini deyil, necə mübarizə aparmasını müstəvi qarşısına çıxarıb...

Zaur Qurbanlı kimdir? Qurbanlı Zaur Araz oğlu 1987-ci il yanvarın 12-də Bakı şəhərində anadan olub. Orta təhsilini Şəki şəhər 17 saylı orta məktəb və Şəki Fizika və Riyaziyyat təmayüllü litseydə alan Zaur, bu illərdə tarix fənni üzrə dəfələrlə respublika birincisi olub, litseyi fərqlənmə atestatı ilə bitirib. 2003-ci ildə 665 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olub. Bir neçə xarici dil bilir, Azad Yazarlar Ocağının üzvüdür.

Göründüyü kimi o, sıradan bir vətəndaş deyil. Savadı, dünyagörüşü və intelektuallığı ilə çoxlarından fərqlənir. Və əksəriyyətindən fərqli olaraq normal işdə çalışa bilər, heç həbsə-filana da düşməzdi. Ailəsini narahat etməzdi, sağlamlığını və həyatını təhlükə altına atmazdı. Görünür, bunların hamısı Zaur üçün ötəri arzulardır. Onun üçün ən böyük arzu azad və demokratik Azərbaycandır.

İndi əsas məsələ Zaurun səhhətidir - bayaqdan demək, yazmaq istəmədiyim mövzu. Qarşıdan isti yay ayları gəlir. Havasız və rütubətli kamerada qalmaq talassemiya xəstəsi üçün həyatı təhlükə deməkdir. Belə bir şəraitdə yaşamaq, mücadilə etmək hansı haqqa sığar? Həkimlərin sözlərinə görə, orta və ağır dərəcəli talassemiya xəstələri ayda bir dəfə həkim nəzarətindən keçməlidirlər. Onların xüsusi qayğıya və daha çox oksigen qəbul etməyə ehtiyacları var. Bu cür şəxslərin qapalı şəraitdə saxlanması xəstəliyin kəskin ağırlaşmasına səbəb ola bilər, hətta ölə bilərlər.

Hər kəsə, elə Zaurun özünə də indiki durumda lazım olan mübarizə əzmidir. Cəmiyyətdə tutduğu mövqeyindən, yaşından, cinsindən, işlədiyi yerdən asılı olmayaraq hamı bu mübarizədə duruş nümayiş etdirməlidir. Təkcə, Zaurun deyil, onun simasında eyni problemlə üzləşənlərin xilası üçün insan haqlarının tələb olunması vacibdir. Yoxsa boynumuzda ömür boyu altından çıxa bilməyəcəyimiz günahla yaşamalı olarıq...

Elkin Xəlilov

Kultura.az

Yuxarı