N!DA - Gəlirik!
Cabbar Savalan facebookda ilk dəfə hakimiyyət haqqında kəskin status y…
Mən Allahın gücünə inanıram. Məsələn, ona inanan biri məni öldürə bilər.
Tələbə olanda bir ildən çox namaz qılmışam, iki ilin orucunu çox az qəzayla bitirmişəm. Din, xüsusi ilə islam haqda bu günkü dindarların çoxundan çox bilgim var. Hərdən dindarlara deyirəm: “Məndən çox dini bilgin olanda söhbət edərik”.
Qəribədir, bütün növ siyasi xəstəliklər dində (İslam ya qeyri) özünə yer alır. Mənəvi çürüməyə birinci din başlayır, elm isə heç vaxt. Bunu inkar etmək istəyənlər yalnız bir arqument gətirə bilir – “dünya siyasəti islama qarşı təxribat aparır”. Yəni, dini bu kökə salan başqa qüvvələr var. Bəs, orta əsrlər inkvizisiyası? İndulgensiyalar? Cənnətə qəbz satan dinlərin yaşamaq haqqı varmı? O dövrün ən güclüsü katolik sistem idi, elmə qarşı çıxırdı. Sonda yenildi. O dövrün xristianlığı ilə indiki islam arasında uzaqlıq daha azdır, nəinki yaxınlıq.
Dinlərin məramında xalqa (peyğəmbərin xalqına) xidmət var. Və onlar müyyən dövr üçün keçərli ideyadır. Bu gün də, tarixinin bütün əsrlərində də islamdan ərəb qoxusu gəlib. Ərəb geyimi, ərəb təfəkkürü, ərəb yaşam tərzi. Xurma və səhra qumu var islamda. Bu din ərəblərə xidmət üçün ideyadır, ərəblərin içində isə öz peyğəmbərinə. Danılmaz haldır ki, dinlər müxtəlif xalqlara yayıldıqca öz ilkinliyin itirir, yerliləşir, milliləşir. Məhz yerli xalqın gəlmə dinin xalqına mənəvi yaxınlığı onun yayılması üçün əsas şərtdir. Babəkin varlığı...
İslam və onun dediyi 124 min peyğəmbər reallığı yəhudi dinindən gəlmə ideyadır. Fakt odur ki, islam yəhudi dininin ərəbləşmiş versiyasıdır. Onun yaranmasında önəmli səbəblərdən biri sami – hami dil qrupu qardaşlığıdır.
Niyə məhz islam məni narahat edir? İslam mübarizə apardığı, özünün əsas düşməni saydığı bir nəsnə var: ELM! İslam özgürlüyü, özgür fikri, özgür davranışı, özgür ruhsal dünyanı rədd edir. Bütün dinlərdə insanın öz inamıyla – şəxsi Tanrısıyla münasibətləri dini tabuların sərt senzurasından keçir və insanın fərdiliyi məhv olur!
Din özü ilə şeytan ideyasını gətirir insan şüuruna. Hansısa məsələnin səbəbini qeyritəbii qüvvələrdə axtaran insan heç vaxt öz suçunu dərk edə bilməz. Şeytan ideyası insanda özünüdərkdən yaranan vicdanı qanundankənar edir. O, vicdanın düşmənidir. İnsanlarda şəxsi yox, dini vicdan yaranır. Şəxsi vicdanı olmayan birini axund, xaxam, keşiş adi moizəylə ölümə, öldürməyə yollaya bilər.
Dindar olanda fikirləşirdim ki, bir dinsizin indi düşündüyüm kimi düşünməsi üçün ancaq və ancaq sionist pulu, siyasəti gərəkdir. Yox!
Yetər ki, düşünün!
Elvin Bayramlı