Məhləmizin yaxşı oğlanları
Əvvəlcə onu qeyd edim ki, əvvəllər təkcə böyü…
Şəkildə gördüyünüz dayanacaq Mərdakan dairəsindən Buzovna istiqamətinə gedən yoldadır, "xurustalnı" deyilən yerdə. Bu yol həm də prezident yoludur, yəni ölkə prezidentinin hər gün gedib-gəldiyi yoldur
Bura getməyim təsadüfü deyil, yeni yaşayacağım qəsəbədir. Bu dayanacaqdan dörd ildir istifadə edirəm, amma hər gün gördüyüm bir səhnə məni çox düşündürürdü. Avtobus dayanacaqda saxlayar saxlamaz məktəbli şagirdlər sürətlə avtobusun qabağına qaçırdılar, bu heç, bunu qoyaq bir kənara. Qaranlıq qalan məqamlardan biri də çoxsaylı şagirdlərin arasında yalnız bir-iki valideynin olmasıdır. Bu qəsəbədə yeni olduğum üçün heç kimdən heç nə soruşmurdum, istəmirdim kimsə mənə təəccüblə baxsın. Hər gün bu məktəblilərin arasında bir-iki valideyn görməkdən əlavə, hər gün yeni-yenı valideynlər olurdu. Bu gün həmişəki kimi hər gün bir macəra gördüyüm dayanacağa baxırdım ki, görəsən indi nə kəşf edəcəm.
Çatmaz olaydım dayanacağa, görməz olaydım bu mənzərəni, tam ciddi deyirəm özümə gələ bilmirəm, bəlkə yazmaqla mənzərənin tam təffərrüatanı başa salmaq çox çətindir, çətin olduğu qədər də dözülməzdir. Yaşadığımız mənzil yeni mənzilimizdən çox uzaq olduğu üçün günorta məktəbli şagirdlərin dərsə getdikləri vaxt çatıram mənzil başına. Hə, yenə eyni mənzərə, yenə bir-iki valideyn. Avtobus dayanacaqda saxlamışdı ki, şəkildə gördüyünüz ağacların arasından çox sayda yeniyetmə məktəbli avtobus tərəfə qaçışdılar.
Elə bil məni elektrik cərəyanı vurdu, dilim-ağzım tutuldu. Özümə gələ bilmirdim, yerimdən tərpənə bilmirdim, məktəblilərin bir-iki valideyin ilə doluşub getdiyi avtobusun arxasınca baxırdım, arada tez-tez şagirdlərin avtobus sürücüsündən gizləndikləri kolluğa baxırdım. Bir-iki siqaret çəkib xeyli düşündüm. Hər gün analiz edə bilmədiyim mənzərə haqqında təxmini fikrə gəldim.
Valideynlər öz aralarında növbə qurublar ki, hər gün bir-iki valideyn uşağı ilə dayanacaqda avtobusu saxladıb minsinlər və bu bir-iki valideyn sayəsində bu məktəbli tələbələr də avtobusa doluşsunlar, əks halda sürücülər onlara avtobusa minməyə imkan vermirlər. Onlardan bəziləri çox kasıbdırlar, avtobusa ödəyəcək pulları da yoxdur. Bu mənzərə tək yaz fəslində olmur, bu, soyuq qış günlərində də baş verir, hələ bu körpələrin dayanacaqda soyuqda donmaqları var. Ən təsirlisi budur ki, bu boyda qəsəbənin keçidi yoxdur, ən yüksək sürət 120-i, ən minumum sürət 60. Bunun uşaqlı qadını var, bunun qocası var, əlilli var, üstəlik balaca-balaca məktəbliləri. Qısası, bu ölkənin gələcəyi olan şagirdlər məktəbə getmək üçün yollarda olmazın əziyyətlər çəkirlər, rəsmən təhqir edilirlər...
Dayanacaqda bir-iki siqaret çəkib özümə yenidən gəlib yola düzəlmək istəyirdim ki, sanki məni yenidən cəryan vurdu. Yuxarıdakı şəklə yenidən diqqətlə baxın, təsadüfən çəkmək istədiyim fotoda dəstəyə qoşulmağa gecikmiş bu şagird növbəti avtobusa necə minəcəyi barədə düşünürdü. Mən şokda idim, özümə gələ bilmirdim ki, bu şagirdi öz cibimin hesabına mindirim avtobusa.
Faciə orasıdır ki, eyni yolla hər gün bu şagirdlərlə eyni yaşda olan bir nəfər iyirmiyə yaxın maşının nəzarəti altında məktəbə gedib-gəlir...
Elvin Baycan
Kultura.az