Həmidə xanımın xatirələri barədə
Əsər 1930-cı ilin ikinci yarısında yazılıb bitirilməsinə baxmayar…
Alfons Dode (1840-1897) məşhur fransız romançısı, dramaturqu və çoxsaylı parlaq hekayələrin müəllifidir. Dövrünün tanınmış yazıçılarından biri sayılan fransız ədib 19-cu əsrin dahiləri ilə - Qüstav Flober, Emil Zolya, İvan Sergeyeviç Turgenyev kimi şəxsiyyətlərlə dostluq edib. Ona dünya şöhrəti gətirən əsərlərini yazıçı 10 il ərzində (1866-1876) yazıb. Daha sonra 20 il yaşasa və demək olar hər il yeni kitab yazsa da, Alfons Dode ilk uğurlarını təkrarlaya bilməyib. Buna baxmayaraq, yüksək ədəbi ustalığı ona 19-cu əsr Fransa ədəbiyyatının ən güclü 5 müəllifi sırasına daxil olmaq qismətini verib. Sizə təqdim edəcəyimiz hekayə Alfons Dodenin məşhur əsərlərindən biri hesab olunur.
Hekayə
"Sonuncu dərs"
Həmin səhər dərsə gecikdiyim üçün danlanacağımdan qorxurdum, üstəlik müsyö Amel bizə feli sifəti öyrənməyi tapşırmışdı, mənsə heç nə bilmirdim. Birdən ağlıma gəldi ki, dərsi buraxım, gedim dağda-dərədə veyillənim. Hava da elə isti, elə gözəliydi ki...
Meşənin qırağından qaratoyuq nəğməsinin və taxta sexinin arxasındakı Rippersk çəmənliyindən təlim keçən almanların səsləri gəlirdi. Bu məni feli sifətdən daha çox cəlb edirdi, amma şeytana uymayıb dərsə tələsdim.
Bələdiyyə binasının yanından keçəndə elanlar lövhəsinin qarşısında toplaşan camaatı gördüm. Son iki ildə müharibədəki məğlubiyyətlər, rekvizisiya, komendantın əmrləri kimi xoşagəlməz xəbərləri biz oradan alırdıq. Addımlarımı yavaşıtmadan düşündüm: "Görəsən, yenə nə baş verib?"
Şagirdi ilə birlikdə elanı oxuyan dəmirçi Vaxter məni görüb hayladı:
- Ey balaca, məktəbəmi tələsirsən? Çatacaqsan, çatacaqsan narahat olma.
Deyəsən, o mənimlə məzələnirdi. Töyşüyə-töyşüyə müsyö Amelin evinin qarşısındakı baxçaya girdim.
Adətən, məşğələ başlanan zaman qopan səs-küyü hətta küçədən belə eşitmək olardı: partaların siyirtmələri açılıb-örtülər, hamı daha yaxşı əzbərləmək üçün əlləriylə qulaqlarını tutub xorla dərsini təkrarlayar, müəllim də xətkeşini tez-tez taqqıldadaraq "Sakit olun, sakit olun", - deyərdi.
Bu qarğa bazarının arasından sivişib sakitcə öz yerimə keçməyi planlaşdırırdım, amma bu gün nədənsə səs-səmir yoxuydu, elə bil bazar günüydü. Açıq pəncərədən gördüm ki, yoldaşlarım yerlərinə keçiblər, yekə xətkeşini qoltuğunun altına sıxan müsyo Amel də dala-qabağa addımlayır. Mən bu cür sakitlikdə qapını açıb içəri necə keçəcəkdim? Necə qızardığımı və əsdiyimi təsəvvürünüzə gətirin. Amma heç nə olmadı. Müsyö Amel hirslənməmişdi, əksinə mehribancasına mənə dedi ki, Frans, oğlum yerinə keç, az qalmışdı dərsə sənsiz başlayaq.
Qorxu hissim keçdi. Özümə gələndə müəllimin bayramsayağı yaşıl sürtük geyindiyini, büzməli qalstuk taxdığını, başına qara naxışlı, ipək papaq qoyduğunu gördüm. O, ancaq inspektor gələndə, ya da mükafat mərasimlərində bu qiyafədə olardı. Heyrətdən donub qalmışdım, sinifdə nəsə başqa, qeyri-adi əhval-ruhiyyə vardı. Məni hər şeydən çox təəccübləndirən adətən boş olan arxa partaların da dolu olmasıydı. Ayrılmaz üçlük: qoca Hauzer, keçmiş bələdiyyə sədri, keçmiş poçtalyon və kəndimizin digər sakinləri hamı kimi sakit oturmuşdular. Onların üzündən qüssə yağırdı. Hauzerin dizlərinin üstündə köhnə, kənarları cırılmış əlifba kitabı, onun da üzərində böyük eynəyi vardı.
Hələ də nə baş verdiyini anlamağa çalışırdım ki, müsyö Amel kürsüyə qalxıb bizə müraciət etdi. Onun səs tonu bayaq məni qarşılayanda olduğu kimi mehriban və ciddiydi:
- Uşaqlar, bu gün mən sonuncu dəfə sizə dərs keçəcəm. Berlindən Elzas və Lotorengiyanın məktəblərində ancaq alman dilinin tədris edilməsi barədə əmr gəlib... Yeni müəlliminiz sabah gələcək. Bu gün sonuncu dərsimiz fransız dilidir. Xahiş edirəm, mümkün qədər diqqətlə qulaq asın.
Onun sözləri mənə toxundu. Ah, əclaflar. Deməli, bələdiyyə binasının elanlar lövhəsində bu barədə yazılmışdı. Sonuncu fransız dili dərsi! Mənsə hələ təzə-təzə yazmağı öyrənirdim! Deməli, daha heç vaxt öyrənə bilməyəcəm! Hər şey bura qədərmiş!
İtirdiyim vaxta - quş yuvaları tapmaqdan, Saarda xizək sürməkdən ötrü buraxdığım dərslərə görə heyfislənirdim. Elə bu gün daşıyarkən qollarımı ağrıdan və mənə darıxdırıcı gələn qrammatika, müqəddəslərin tarixi kitabları indi gözlərimə köhnə dostlarımmış kimi görünürdülər, onlardan ayrılacağım üçün kədərlənirdim. Bəs, Müsyö Amel?! Onu bir daha görməyəcəyimi düşünəndə verdiyi cəzaları və xətkeş zərbələrini unudurdum. Yazıq! O, bugünki dərsin şərəfinə bayramsayağı geyinib. İndi kəndimizin qocalarının bura niyə gəldiyi aydın oldu. Sanki bununla onlar məktəbə tez-tez baş çəkmədiklərinə görə üzr istəyirdilər, onlar müəllimə 40 illik sədaqətli xidmətinə görə təşəkkür edirdilər və məğlub vətənə öz borclarını qaytarırdılar.
Öz adımı eşidib düşüncələrdən ayıldım. Dərsə cavab vermək növbəsi mənə çatmışdı. Bu bədnam feli sifətin qaydalarını hündürdən, aydın və səlis şəkildə cavablandırmaq üçün indi nələrdən keçməzdim! Amma ağzımı açan kimi dilim topuq vurdu, partanın arxasında pərt vəziyyətdə, başımı yuxarı qaldırmağa cəsarət etmədən dayandım. Müsyö Amel üzünü mənə tutdu:
- Oğlum, Frans, səni danlamayacam, sən yəqin yetərincə vicdan əzabı çəkəcəksən... Həə, vəziyyət belədi. Sən günaşırı düşünürsən ki, tələsməyə nə ehtiyac var, sabah öyrənərəm də. Axırda da nə olur? Özün görürsən. Bizim Elzasımız dərsi hər gün təxirə salırdı, bütün bədbəxtliklərimizə də səbəb budur. İndi onlar "öz doğma dilinizdə oxumağı, yazmağı bacarmırsız, siz necə fransızsız?", - deyəndə haqlı deyillərmi? Frans, oğlum, buna görə başqaları yox, məhz sən günahkarsan. Özümüzü məzəmmət etmək üçün kifayət qədər səbəb var. Valideynləriniz təhsil almağınıza o qədər də ciddi yanaşmadılar. Bir-iki quruş əlavə qazanmaq üçün tarlada və toxuma dəzgahlarında işləməyinizi daha üstün tutdular. Özüm də günahkaram. Dərs demək əvəzinə, sizə tez-tez baxçamı sulamağı tapşırmırdımmı, kefimə balıq tutmaq düşəndə də heç bir vicdan əzabı çəkmədən sizi evə buraxmırdımmı?..
Cümlədən cümləyə keçən müsyö Amel bizə fransız dilindən, onun dünyanın ən gözəl, ən aydın, ən sağlam dili olmasından danışırdı. Deyirdi ki, biz onu daim mühafizə etməli, heç vaxt unutmamalıyıq, çünki bir xalq qul olmağa məhkum ola bilər, ancaq öz dilini qoruyarsa, zindanın açarlarını öz əllərində saxlayar. Sonra müsyö Amel qrammatika kitabını götürüb növbəti dərsini keçməyə başladı. Məhz indi dərsi bu qədər asan başa düşdüyümə görə təəccüblənirdim. Müəllimin danışdıqlarının hamısı çox, həddindən çox asan idi. Ola bilsin, dərsə heç vaxt indiki kimi diqqətlə qulaq asmamışdım, bəlkə də müəllim heç vaxt onu belə səbrlə izah eləməmişdi. Yazıq qoca sanki getməmişdən əvvəl bildiklərinin hamısını bizim beynimizə yeritmək istəyirdi.
Qrammatika dərsindən sonra hüsnxətə keçdik. Müsyö Amel bu gün bizim üçün yeni, iri, gözəl yazı nümunələri hazırlamışdı: "Fransa, Elzas, Fransa, Elzas". Nümunələri partaların dəmir çubuqlarına keçirdiyimizdən sinif otağında bayraqlar kimi dalğalanırdılar. Başımız yazı yazmağa qarışmışdı, kağıza sürtülən peroların cızıltısını saymasaq ətrafda tam sükut hökm sürürdü. İçəriyə qəfil dürtülən may böcəklərini də eyninə alan yoxuydu, uşaqlar elə cidd-cəhdlə səy göstərirdilər, sanki bu, elə fransız diliydi. Məktəbin damındakı göyərçinlər astaca quruldayırdılar, mən öz-özümə düşündüm: "Bəlkə onları da almanca oxumağa vadar edəcəklər".
Hərdənbir gözümü vərəqdən ayırıb sakitcə kürsüdə əyləşən müsyö Amelə baxırdım. O, gözlərini ətrafdakılara elə dikmişdi ki, sanki bu kiçik məktəbi baxışlarına hopdurub özüylə birgə aparmaq fikrindəydi. Özünüz düşünün - ömrünün 40 ilini o burada keçirib, onun qarşısında həmişə eyni baxça, eyni sinif otağı olub. Yalnız partalar sürtülməkdən cilalanıb, həyətdəki şabalıd ağacları böyüyüb, özünün əkdiyi mayaotu indi pəncərədən dama qədər sarmaşıb. Kim bilir, indi onlardan ayrılmaq və yuxarı mərtəbədə sandıqları hazırlayan bacısının yır-yığışını eşitmək onun üçün nə qədər ağırdır. Axı onlar sabah gedirlər, buraları birdəfəlik tərk edirlər.
Ancaq o, dərsi sona çatdırmaq üçün özündə güc tapdı.
Hüsnxətdən sonra tarix dərsi idi; sonra körpələr bir ağızdan, aramla "ba, be, bi, bo, bu" deməyə başladılar. Gözündə eynək, əlində əlifba kitabı tutub arxa skamyada oturan qoca Hauzer də hərfləri təkrarlayırdı. O müvəfəqqiyyətli olmaq üçün bacardığı qədər səy göstərirdi: həyəcandan səsi titrəyirdi, onun məzəli görkəmi varıydı, bizim hamımız gülmək və ağlamaq istəyirdik. Ehhh! Mən o dərsi heç vaxt unuda bilmərəm...
Birdən kilsənin günorta zəngi çalındı, sonra da ibadətə səsləniş... Eyni anda pəncərələrin altında təlimdən qayıdan prussiyalıların şeypurlarının sədaları eşidildi. Bənizi ağappaq, kürsüdən dikələn müsyö Amel mənim gözümə heç vaxt indiki kimi böyük görsənməmişdi.
- Yoldaşlar, - o dedi, - yoldaşlar, mən... mən...
Qəhər onu boğdu, sözünü axıra qədər deyə bilmədi, lövhəyə tərəf çevrilib əlinə təbaşir götürdü və var-qüvvəsiylə, iri hərflərlə yazdı:
"Yaşasın Fransa!"
Sonra yerindəcə donub qaldı, başını divara dayayaraq ağzını açmadan əliylə bizə işarə elədi. Yəni: "Bu qədər... Gedə bilərsiz..."
Rus dilindən çevirdi: Cavid Ramazanov
ANN.Az