post-title

Sidikli çay və pivə satanlar

Təxminən 5-6 ay əvvələ qədər “istirahət etmək üçün” hərdən Bakının mərkəzindəki “Otto” kafesinə gedirdim. Özlərini MTN-nin əməkdaşları kimi aparan kobud mühafizəçilərə, xidmət etmək istəməyən tənbəl ofisiantlara, keyfiyyətsiz yeməklərə, bahalı içkilərə, göz deşən siqaret tüstüsünə baxmayaraq, orada xeyli adam olurdu. Xarici vətəndaşlara olan münasibətlə azərbaycanlılara olan münasibət arasında fərq olsa da, hətta azərbaycanlılar müxtəlif bəhanələrlə hərdən içəriyə buraxılmasalar da, bomboz şəhərdən canını qurtarmaq istəyən gənclər heç olmasa, canlı musiqi dinləyib, rəqs etmək xatirinə, naəlac “Otto”ya gəlirdilər.

 

Həmin vaxt 2 nəfər tanışımla birgə “Otto”ya getmişdim, həftəiçi olduğundan içəridə adam az idi, pivələrimizi alıb, oturduq. İçki  şüşələrini yarılamamışdıq ki, ofisiant yaxınlaşıb, əlavə nəsə istəyib-istəmədiyimizi soruşdu, 2 dəqiqədən sonra da administrator yaxınlaşıb, açıq-aşkar dedi ki; “nəsə almırsınızsa, məkanı tərk edin!”. Deyəsən, daha çox şey sifariş verməyimizi istəyirdilər. Çarəsiz qalıb, içkilərimizi axıra qədər içmədən, yenicə gəldiyimiz məkandan çıxdıq, daha doğrusu qovulduq. Mübahisə etməyin mənası yoxuydu, etiraz etsən, desən ki, elədiyiniz mədəniyyətsizlikdi, böyük ehtimal cavab verəcəkdilər ki, “Bəyənmirsinizsə, çıxın, rədd olun gedin, başqa yerdə oturun, sizi heç kim burda məcburən saxlamır”. Bu qədər bəsit. Bununla da, boykot elədiyim restoran, kafe, pabların sırasına bir yer də əlavə olundu.

Ümumiyyətlə, mən artıq bu şəhərdə oturub, istirahət etməyə normal yer tapa bilmirəm, hər yerdə insana qarşı eyni qaba, qeyri-insani münasibət var. Sonuncu dəfə kafedə oturub, istirahət etməyin ləzzətini ölkədən kənarda yaşamışam. Bir fincan kofe, yüngülvari şirniyyat sifariş verdim. Gülərüz ofisiant mədəni surətdə əlavə sifarişim olsa, yaxınlıqda olduğunu dedi. Kafedə 1 saatdan çox oturdum, heç kim gəlib məni narahat eləmədi. Nə məsələdirsə, insan insan olduğunu yalnız Azərbaycandan kənara çıxanda hiss edir.

Bakıda oliqarxiyanın istirahət etdiyi yerlərdən xəbərim yoxdu, yəqin özləri üçün lazım olan şəraiti düzüb, qoşublar. Əcnəbilər üçün nəzərdə tutulan məkanların personalı da azərbaycanlılara ikrahla baxırlar. Yerli gəlmişkən, bu barədə bir tanışımın başına gələn hadisədən yazım. 3-4 nəfər kifayət qədər mədəni, alicənab adam saflıq edərək, özlərini bu ölkənin tamhüquqlu vətəndaşı hesab ediblər və həmin bu əcnəbilərin istirahət etdiyi kafelərin birinə gediblər. Bir müddətdən sonra mühafizəçi havada yad qoxu hiss edib, həmin adamlar kafedə oturub, azərbaycanca danışırlarmış. Mühafizəçi yad ünsürlərə yaxınlaşıb, birbaşa deyib ki, məkanı tərk eləsinlər, bura xaricilər üçün nəzərdə tutulub. Qrupdakı bir nəfər hazırlıqlı adam imiş, özünün yəhudi əsilli azərbaycanlı olduğunu, xaricdən vətəninə istirahət etmək üçün gəldiyini və burada diskriminasiyaya məruz qaldığını bildirib. Aləm dəyib bir-birinə, üzrxahlıq, minnət-xahiş, yaltaqlıq işə düşüb. Beləliklə, adamlar pərt olmaqdan xilas olublar...

Proletariat, qara camaat üçün nəzərdə tutulan yerlər də təhqir olunma məntəqələridir. Bir stəkan çay içmək istəyirsən, siniyə şokolad, mürəbbə, qoz, fındıq, badam, ləbləbi yükləyib üstünə gəlirlər, sanki sən kafeyə, çayxanaya yox, cinsi problemləri olan adamlar üçün nəzərdə tutulmuş bahalı sanatoriyaya müalicəyə gəlmisən. Bir stəkan çayı içməmiş, ofisiant yaxınlaşıb, həyasızcasına çaynikin qapağını qaldırıb, içinə baxır: “Nəsə, istəyirsiz, nəsə istəyirsiz, nəsə istəyirsiz?... Nəsə istəmirsinizsə, çayniki götürürəm, mürəbbə qabını götürürəm, limon qabını götürürəm, stəkanları götürürəm, masanın üstünü yığışdırıram...” 

Hər şeyi başa düşmək olar, iqtisadi şərtlər pisdi, icarə haqqı çox bahadı, təbii olaraq da, satılan mallar bahadı, uzaqgörən hökumətimiz istəmir, camaatımız bir yerə toplanıb, söhbət eləsin, özünü insan kimi hiss eləsin. Bunları başa düşmək olar, amma hökumətə dəxli olmayan məsələlər də var axı, bu, normal insani münasibətlərdir, əgər kafe boşdursa, boş masalar varsa, sən niyə özün kimi birinə bu qədər rəzil münasibət sərgiləyirsən? Səni buna vadar edən nədir?..

Ona görə də mən şəxsən çalışıram, kafeyə, restorana getməyim, onsuz da artıq hər yeri boykot etdiyimdən gedəcəyim yer də qalmayıb. Dostla-tanışla görüşəndə gedirəm pivədən, sudan, şirədən alıram, hansısa parkda oturub, istirahətimi eləyirəm. Düzdü, indi demək olar ki, şəhərin bütün parklarında mühafizəçilər var. Bu, dünyagörüşsüz, kobud adamlar, parkda oturub, istirahət edən camaata nəzarət edirlər, onlara müəyyən qadağalar tətbiq edirlər, hərdən pivə içəndə mənə də pis-pis baxırlar, amma hələ ki, onların baxışlarına tab gətirirəm. Fikrim var ki, gələcəkdə özümlə çay termosu gəzdirim, ürəyim istəyəndə oturub çay içim. Hər halda bunlar hansısa kafedə oturub, sidik dadı verən, çayı, pivəni içməkdən, üstəlik, xərclədiyin bir ətək pula rəğmən təhqiramiz münasibətə layiq görülməkdən daha yaxşı vasitələrdir...

Cavid Ramazanov

Kultura.az

Yuxarı