post-title

Qarabağı Avropada cihad etməklə ermənilərdən təmizlək haqqnda

Bizim Azərbaycanlılar çox igidcəsinə vuruşur hər yerdə. Bütün yabancı ölkələrdə ad qazanıblar, onları ən yaxşı döyüşçülər kimi yad edirlər. Bax bu gün 9 may günüdür. Baxıram yazılara, hər yerdə azərbaycanlıların Qırmızı orduda almanlara qarşı igidcəsinə vuruşmaları haqqında yazırlar. Baxıram obiri yazılara, sən demə azərbaycanlılar elə qarşı tərəfdə də,Vermaxtın ordusunda da igidcəsinə döyüşüblər, özlərinə ad qazanıblar.

 

 

Keçmiş illərdə ukrainalılarla görüşdüm. Onlar da mənə dedilər ki, azərbaycanlılar Stepan Banderanın ordusunda elə igidcəsinə döyüşüb ölüblər ki, indiyə gədər onları hamı yad edir.  

Sonra deyirlər ki, İranla İraq arasındakı döyüşlərdə də azırbaycanlılar ön cərgələrdə döyüşüb, İranın şərəfini ucaldıblar. Orada da onminlərlə itki veriblər.

Sovet Ordusuna da azərbaycanlı igidlər qatılaraq, Əfqanıstanda çoxlu igidliklər göstərmiş, qan tökmüşdürlər. Neçə igidimiz geri dönməyib oradan.  

Quzey Qafqasiya, Çeçenistanda da bizim igidlər ad qoyublar. Ruslara qarşı güclü dirəniş ediblər.  

Türkiyə üçün Çanaqqala döyüşündə də döyüşüblər. Azərbaycanlılar öz istəkləri ilə ora gedib vuruşub ölüblər.  

İndi də xəbər gəlib ki, bizim el oğulları yollanıblar Suriyaya, orada Əsədə qarşı cihad edirlər. Ölənlərin sayı onlarladır. İndi bir video da yayılıb. Orada bizim igidlərinmiz millətimizə bəyanatla çıxış ediblər. Baxıram onlara deyirəm ki, necə də igid millətimiz var bizim!  

Onlara qarşı da elə azərbaycanlılar vuruşur. Çünki Əsədin ordusunda da onlar var və igidliklərin dəfələrlə göstəriblər.  

Nəisə, bax belə bizim igidlərimiz olub var və olacaq. Mən fəxr edirəm ki, belə bir igidlər yetişdirən millətdənəm.  

Ancaq bizimkilərin igidlikləri üçün bir şərt var. Onlar yalnız Azərbaycandan qırağa çıxanca qorxmazcasına vuruşub, Azərbaycanı ucaldırlar. Azərbaycanın özündə isə nəsə, bir-iki istisnaları çıxsaq, igidlikləri görsənmir.  

Bax o ADR yarananda 1918-ci ildə Osmanlı ordusu gücünə yarandı. Osmanlılar olmasaydı heç Bakını da almazdıq. Burdan getmişik Çanaqqalada döyüşməyə, ancaq özümüz üçün o igidliyi göstərmədik.  

Sonra 20 yanvarda Bakıya sovet ordusu girdi. Ancaq qabağına çıxan olmadı. Ruslarla Çeçenistanda döyüşə bilən azərbaycanlılar öz şəhərində təpki göstərmədilər. İndiyə gədər o günü ağlaşma ilə yad edirik.  

İndi bütün dünyada igidlik göstərə-göstərə, bu 1980-ci illərin sonlarından başlayan ermənilərlə olan öz savaşımızda yenə də özümüzü göstərmədik. Ermənilər üstümüzə gəldilər. Öncə bəlkə də hürkürdülər ki, bütün dünyada igidliklər edənlərlə necə vuruşacaqlar? Ancaq sonra gördülər ki, azərbaycanlılar onun-bunun üçün yaxşı vuruşur, ancaq özləri üçün olan savaşlarda nədənsə igidlikləri harasa üçub gedir.  

İndi də elə durmuşuq erməninin qabağıbda. Deyirlər ən güclü ordu bizdədir. Onun büdcəsi Ermənistan büdcəsindən çoxdur. Silahımız da superdir. Hər şey var, ancaq ortalıqda yenə bir şey yoxdur.  

Buna görə nə etməli? Gərək bir biclik işlədək, erməni ordusunu Qarabağdan çıxarıb, onlarla başqa ölkədə vuruşaq. Bizdə dava olanda da biz deyirik: "Alə çıx bayıra, orada danışaq". O yerdə dava etmirik. Elə bu psixalogiyaya söykənərək, ermənilərə deyək: "Kişisiniz, gedək İranda, Rusiyada ya da Avropada vuruşaq. Yoxsa Qarabağda vuruşmaq bizə yaraşmaz. Biz alçalmarıq orada vuruşmaqla. Bizim igidliyimiz Avropa standartlarına uyğundur. Buna görə də biz Avropada vuruşacağıq". Ya da gedək ermənilərlə Suriyada döyüşək. Orada da biz onlara göstərərik, cihadı necə edərlər! Yoxsa Azərbaycanda nə cihad? Ayıbdır axı!  

Rusiyada da gedib vuruşmaq olar. Orada Sibirdə döyüş üçün boş yerlər çoxdur. Ancaq orada təhlükəlidir. Çünki bu köpək oğlu urus yenə də ermənilərə yardım edəcək, onların tərəfini tutacaq.  

Ermənilər də bu çağırışları eşidəndən sonra deyəcəklər: "Biz məgər onların qabağından qaçanıq? Bəs kişiliyimiz nə oldu? Harada desələr, orada onlarla vuruşmağa hazırıq. Biz onları Avropada ya da Suriyada da məhv edərik".  

Beləcə Azərbaycan və Erməni orduları müraciət edəcəklər Avropa və Suriyaya ki, onlar üçün döyüşə bir ərazi ayırsınlar. Orduların bir bölümü Avropada Avropa standartları, obirisi isə Suriyada cihadın tələbləri ilə vuruşacaqlar. Şərt də qoyacağıq ki, kim döyüşü qazandı Qarabağ da onun olacaq.  

Bax orada da biz ermənilərə öz igidliyimizi göstərərik, onları darmadağın edərik, Azərbaycanı yüksəldərik! Ermənilər orada mütləq yeniləcək və Qarabağ bizim olacaq. Yoxsa Qarabağda və döyüş? Nə igidlik? Bu bizə yaraşmaz. Ayıbdır!

Ayıbdan başqa, Qarabağ bizim müqəddəs torpağımızdır. Müqəddəslik olan yerdə savaşmaq həm də günahdır. Biz axı buna yol verə bilmərik! Müqəddəs olan yerə sayğı olmalıdır, savaş yox. Həmdə buna görə biz Qarabağda deyil, başqa yerdə ermənilərlə vuruşacayıq. Bax orada biz onlara göstərərik!

9 may 2013  

Aydın Əlizadə
Yuxarı