post-title

Bir daha muğam haqqında

Musiqiçi kimi, cəmiyyətdə dolaşan bu aktual mövzuya münasibətimi bildirməzdən öncə, sarsıdıcı krizis keçirən və başlıcası müharibədə məğlub bir cəmiyyətin daxilində, xüsusən gənclərin bütün sferalarda dərin təftiş aparması haqqını nəinki normal qarşıladığımı, habelə bunun çox vacib olan zərurətini qeyd etmək istəyirəm.

 

Şübhəsiz ki, hər hansı bir mədəni hadisəni, və yaxud sənət nümunəsini analiz edərkən, bütün bunlar baş verən tarixi-ictimai proseslər kontekstində bütöv bir tam kimi götürülməlidir. Burada dərin musiqişünas təhlilinə getmədən, qeyd edə bilərik ki, muğamın qədim dövrlərdən yaxın Şərq ərazisində (həmçinin raqanın Hindistanda) metafizik, meditativ ayinlə bağlı sənət növü olaraq tətbiqi funksiyası vardı. Bu musiqini ifa edənlər konkret olaraq dini-metafizik ayinə xidmət edənlər, ona müxalif olanlar və bu çevrənin insanları – yəni istər-istəməz, bu və ya digər dərəcədə dərin bilgiləri özlərində ehtiva edən kahinlər və onların əhrafı idi.

Muğam dünyəvi musiqiyə çevrilənədək çox böyük bir yol keçərək, ən nəhayətdə bir neçə yüz il bundan əvvəl saray musiqisinə çevrilərək mutasiyaya uğrayır. Onun ifa edildiyi alətlər də, məsələn tar – öz akustik və ifa parametrlərinə görə – sırf saray alətidir. Lakin istənilən halda muğamı ifa edən musiqiçi tətbiqi funksiyasını itirə bilməzdi. Metafizik ayin əhəmiyyətini itirərək profanistik-dünyəvi janra çevrilən muğamın ifaçıları da təbii ki, artıq tam başqa bir mentallığın daşıyıcısına çevilirlər. Onlar da janr ilə tamamilə dəyişilərək mutasiyaya uğrayır, bu janrın yetişib təkmilləşərək kamil forma aldığı metafizik bilgilərdən uzaqlaşırlar. Muğam bu zamanlardan hansısa kosmik, qeyri-dünyəvi, metafizik ideyalara xidmət etmir (bəlkə hansısa qapalı sufi sektaları istisna olmaqla), Azərbaycan variantında onun ifaçıları bu sənətin sırf mexanistik təkrarçılarına çevrilir. Öz təsir qüvvəsinin yalnız dekorativ tərəfini saxlayan muğam, tədricən saraylarda mədhiyyə sənəti mahiyyətini alır. Qısaca olaraq muğamın dünyəvi janra çevrilişi tarixçəsi bununla bitir.

Azərbaycana gəldikdə isə bu janrın hansı degenerativ formada saray musiqisi olduğu heç kimdə şübhə doğurmur. Bu janrın ifaçıları da (zatən bütün cəmiyyətimiz kimi) müvafiq mutasiyaya uğramışlar. Hazırda muğam yalnız və yalnız suvenir xarakterli incəsənətdir – onun müasir həyatla heç bir əlaqəsi, refleksiyası yoxdur və ola bilməz. Müvafiq olaraq muğamın yeri muzeydədir – əlbəttə sözün hərfi yox, funksional mənasında.

Birdəfəlik anlamaq və qəbul etmək gərəkdir ki, muğam orta əsrlərin feodal mahiyyətli kifayət qədər primitiv saray musiqisidir. Yaltaqlıq isə onun üzvi halıdır. Azərbaycan muğamı isə ümumiyyətlə primitiv şəkildə ifa olunan, Şərq musiqisi ənənəsindən tamamilə uzaqlaşaraq deqradasiya etmiş əyalətçilərin musiqisidir. Və hazırda bu musiqi artıq heç də incəsənət növü deyil, hakimiyyətin təbliğat instrumetariyasının bir, lakin əhəmiyyətli detalıdır. Rejimin xalqçılığa, xalqa, ibtidailiyə, feodal dəyərlərinə, hakimiyyətin sakrallığına appelyasıyası üçün çox dəyərli və hədsiz ucuz bir vasitədir. Lütfən anlayın, ola bilməz ki, əxlaqı yaltaqlıq, intellekti boiloji varlıq səviyyəsində olan bir insan ağzını açıb, və ya tarı əlinə alıb da “Apollon” olsun, müstəsna ruhi dərinliyi və intellektual mükəmməlliyi ilə fərqlənən bir sənət yaratsın, mümkün deyil bu. Əslində cəmiyyətdəki mövcud şərtlərdə həqiqətən intellektual və əxlaqlı insanın muğamçı olması əsla mümkün deyil.

Ümumiyyətlə ölkəmizin demək olar ki, bütün sahələrindəki “sənətkarlarının” onilliklərdir açıq-aşkar ikrahdoğurucu yaltaqlığa qurşanması cəmiyyətdə dərin mədəni krizis yaratmış və düşünən insanların, xüsusən gənclərin “milli incəsənətdən”, “millilikdən” üz döndərməsinə gətirib çıxarmışdır. Burada heç kimin inciməsinə səbəb görmürəm, gənclər cəmiyyətin refleksiyasıdır və onlar, muğam başda olmaqla, “rəsmi” Az.TV incəsənətimizdə gedən proseslərə reflektor olaraq adekvat cavab verirlər – bunlar istənilən formanı ala bilər – etiraz əlaməti olaraq rədd etməkdən nümayişkaranə ikrahadək.

Sözardı: yalnız muğamla deyil, ümumiyyətlə “milli incəsənət” məsələləri ilə maraqlananlar, lütfən musiqişünas və jurnalist Solomon Volkovun 2004-cü ildə nəşr etdiyi “Şostakoviç və Stalin: sənətkar və müstəbid” əsərini vərəqləsin – orada “milli incəsənətin” SSRİ-də necə yarandığından bəhs edilib. Kitabın, bütün keçmiş Sovetlərə daxil ölkələrin 1930-cu illərdə formalaşmış saxta “milli mədəniyyətini” (bura həm musiqi, həm ədəbiyyat, həm teatr və s. sahələr daxildir) sarsıdacaq materialları D.Şostakoviçin dilindən 60-cı illərdə, bəstəkarın ölümündən ən azı 20 il sonra dərc ediləcəyi şərti ilə S. Volkov tərəfindən lentə alinıb. Bu kitabın mütaliəsinin “milli incəsənət”in bir çox qaranlıq və sakral saxlanılan pərdələrini gözümüz önündən qaldıracağına şübhə etmirəm.

Elmir Mirzoyev

Yuxarı