Leyla Depp: Qanmazlığın iyi gəlir!
“Soyadı Qanar idi, amma bütün şəhər ona Qanmaz deyirdi.” Ad, soyad insana nə ü…
Doktor Pereyra tək yaşayır. Arvadı olub. Övladı yoxdu. Pereyra artıq çəkidən əziyyət çəkir. Astma xəstəliyi var. Oskar Uayld deyirdi: “Ədəbiyyatda iki hadisə var. Yeni obrazın yaradılması və yeni ifadə formasının tapılması”.
Doktor Pereyranı ədəbiyyat aləminə yeni bəxş edilmiş obraz hesab etmək olarmı, buna qəti cavab verə bilmirəm, amma mən Doktor Pereyranı hədsiz dərəcədə sevdim. Çox pozitiv insandı. Elə adamlar var ki, onlar hansısa yolun, əsərin və yaxud şəxsin təsiri ilə yaxşı adam olmağa, yaxşılıqlar etməyə çalışırlar. Bu kimi adamların ürəyində işıq olmur. Gərək hansısa yad təsir daima onların ürəyinə işıq salsın. Yad təsir olmadıqda onlar asanlıqla öz vəziyyətlərinə qayıdırlar. Elə adamlar var ki, cəmiyyət və yaxud sistem onları yaxşı adam olmağa səsləyir. Yaxşı adam olmaq sistem tərəfindən şərtləndirilir. Ən azı sistem insanların içindəki pis xüsusiyyətlərin real əməllərə çevrilməsinə imkan vermir. Cəmiyyət isə qınaq hədəflərini düzgün seçməklə, pis adamları zərərsizləşdirməklə sistemə öz yardımın göstərir.
Əlbəttə söhbət normal və sivil sistemlərdən gedir. Elə adamlar var ki, onlar sadəcə dünyaya yaxşı adam kimi gəlirlər. Yaxşı adam kimi doğulurlar. İşıq onların ürəklərindədi. Ətrafda nə baş verirsə versin, onların ürəklərindəki işıq heç zaman sönmür. Onlar üçün yaxşılıq etməyə hər zaman səbəb və imkan var. Yaxşılıq etmək bu adamların naturasıdır. Doktor Pereyra mənə belə bir təsir bağışladı. Mənə elə gəldi ki, Doktor Pereyra dünyaya başqa cür gələ bilməzdi. O məhz belə doğulmalı idi. Mən bu obrazı “Hərb və Sülh” əsərindəki Pyer Bezuxov qədər sevdim.
Doktor Pereyra ortabab bir qəzetin mədəniyyət şöbəsinin redaktorudur. Ona görə də əsərdə bəzi yazıçıların və əsərlərin adının çəkilməsi, haqlarında danışılması yersiz və süni görünmür. Çünki müəllif, İtaliya yazıçısı Antonio Tabukki əsərdə bu söhbətləri edəcək adamı çox uğurla tapıb. Mədəniyyət şöbəsinin redaktorunun mövzusu əlbəttə ki yazıçılar və əsərlər olmalıdı. Hər şey təbii alınıb. Müəllifin müdaxiləsi əsla hiss olunmur. Əsərdəki ifadə forması isə sadəcə kəşfdi. Bu baxımından “Pereyra iddia edir” əsərini ədəbiyyatda hadisə saymaq olar. Məhz belə gözəl ifadə formasına görə müəllif həcmcə kiçik əsərdə bir çox incə mətləblərə toxunmağı peşəkarlıqla bacarıb. Bu balaca əsəri oxuyub bitirəndə mənə elə gəldi ki, qalın, hətta çox qalın bir roman oxumuşam. Həddən ziyadə böyük həzz aldım. Çox pozitiv, adamı adam olmağa, yaşamağa səsləyən bir əsərdi. Əsərdə bir abzas da adama artıq görünmür. Müəllif yazmaq xatirinə bir cümlə də yazmayıb.
Hadisələr Portuqaliyada cərəyan edir. Ölkənin başın qara buludlar alıb. Doktor Pereyra bundan çox narahatdır. Bir vicdanlı insan kimi vətəninin uçuruma doğru getdiyini hiss etməkdə və görməkdədi. O, mədəniyyət şöbəsinin redaktoru kimi öz həyəcanını müxtəlif hekayələri nəşr etməklə bildirmək istəyir. Bu işin yalnız bir tərəfidi. Romanın sujetini təşkil edən hadisəni yazmaq istəmirəm. Çünki elə indicə gənc dostlara bu əsəri oxumağı şiddətlə tövsiyyə edəcəm. Bilirsiniz ki heç vaxt zəif əsəri təbliğ etməmişəm, daima obyektlivliyi qorumağa çalışmışam. “Pereyra iddia edir” əsərini mütləq oxumaq lazımdı. Həm də ona görə ki, romanın mövzusu və əsərdə yazılanlarla bizim həyatımız arasında hədsiz dərəcədə çoxlu paralellər aparmaq olar. Bu əsər bizim haqqımızda yazılıb. Bu əsər bir çox insanların ürəyinə işıq sala bilər.
Artıq çəkidən əziyyət çəkən, astma xəstəsi olan Doktor Pereyra bizə vicdanlı olmağı öyrədir. O göstərir ki, sistemin necə olmasından asılı olmayaraq insan öz simasını qorumalıdır. Sistemin necə olmasından asılı olmayaraq insan vicdanını boğmamalıdı. Hər bir sistemdə insan öz simasını qorumağı bacarmalıdı. Ən azı buna cəhd etməlidi. Yəni bütün şəraitlərdə insan bir az yaxşı olmağı qarşısına məqsəd qoymalıdı. Sistem onu meymun, təlxək, şərəfsiz, vicdansız olmağa məcbur edirsə və insan buna açıq münasibət bildirə bilmirsə, o sadəcə dolayı yollarla özünü qorumalıdı. Məsələn, əgər adam mitinqə çıxa bilmirsə, o kitab almalıdı, kitab oxumalıdı, müəllimdirsə uşaqlara yaxşı dərs keçməlidi, həkimdirsə xəstəyə vicdanla baxmalıdı, tələbədirsə sadəcə dərslərin yaxşı oxumalıdı... Əgər adamları müxtəlif üsullarla hər hansı bayrama, hər hansı məkana aparıb və sındırılma ritualların yerinə yetirməyə məcbur edirlərsə, deməli həmin adamların şəxsiyyətini alçaldırlar. Çünki adamlar bu rituallara özləri getmirlər, onlar işlərini itirmək qorxusundan dolayı bu ritualları yerinə yetirmək məcburiyyəti qarşısındadırlar. Deməli onlar özləri də alçaldıqlarının fərqindədirlər. Deməli onlar özləri də kölə və qul olduqlarını anlamaqdadırlar. Bu sındırılmış, rüşvətə bulaşmış, kölə atalar heç olmasa qoy bir az yaxşı müəllim və yaxşı həkim olmağa cəhd etsinlər.
Əlbəttə sistemdən çox şey asılıdı. Bu aydındı. Şimali Koreya və Cənubi Koreya sistemin adamlara necə təsir etməsi mövzusunda ən gözəl nümunələrdən biridi. Eyni xalqdı. Şimali Koreyada baş verənler sadəcə insanlıq adına ləkədi. Sistem şimaldakı adamları meymuna çevirib. Hətta onlara meymun da demək olmur. Tarixdə belə sistem olmayıb və yəqin ki bundan sonra da olmayacaq. Cənubi Koreya isə az qala bütün dünyanı müxtəlif cihazlarla təmin etməkdədi. Texnika bir yana kinoları da son illərdə yaxşı inkişaf etməkdədi. Təkcə rejissor Kim Ki Dukun adını çəkmək kifayətdi.
Bəli, sistem adamları yaxşılığa və pisliyə doğru yönləndirir. Sistem əməlləri şərtləndirir. Bunu bildik, amma bu o demək deyil ki, adamlar hər şeyi sistemin üstünə atıb bizi sistem belə etdi, bizi sistem bu günə qoydu deyərək məsuliyyətdən yaxa qurtarmalıdırlar. Xəstəyə saxta dərman yazarkən, xəstəyə qəsdən səhv diaqnoz qoyarkən, ad gününüzdə şagirdlərdən, tələbələrdən pul yığarkən, kefiyyətsiz və saxta məhsulları satarkən, kefiyyətsiz məhsullardan hazırlanan yeməkləri adamlara yedirdərkən, rüşvət alarkən bilin ki, bu sistemin yaşamasında və çiçəklənməsində sizin də rolunuz var. Siz bu sistemin yaşamasına öz köləliyinizlə bərabər həm də vicdansız əməllərinizlə töhfələr verməkdəsiniz. Ona görə də hər bir fərd zorlanmış vicdanının, alçaldılmış şəxsiyyətinin bərpa olunmasına ən azı cəhd etməlidi. Doktor Pereyra da bunu deyir.
Seymur Baycan
Kultura.az