Həccə gələn 150 qadın Ərəbistandan deportasiya edilib
Nigeriyanın Milli Həcc komitəsinin rəhbəri Mohammed Bello deyib k…
2 may Ümumdünya Mətbuat Azadlığı Günüdür. Azadlığın bizə nə dərəcədə dəxli olduğunu bilmirəm, amma onu bilirəm ki, ölkəmizdə də bu mübarək gün qeyd edilir. Özü də hakimiyyətyönlü media və Mətbuat Şurası tərəfindən. Bu tədbirlərdə nə iştirakçılar dəyişir, nə çıxışçılar, nə də deyilən sözlər. Olsa-olsa sıralar genişlənir, bir də dəvətnamələrdə, mətnlərdə illər dəyişir.
Şablon mətnlərdən danışmışkən yadıma Mətbuat Şurasının Rafiq Tağı üçün yazdığı nekroloq düşdü. Həmin nekroloqda deyilirdi ki, Rafiq bəy sənətinin çiçəklənən dövründə dünyasını dəyişib. Halbuki rəhmətliyin nə sənətinin, nə də ömrünün çiçəklənən zamanı deyildi. MŞ hansısa nekroloqda rəhmətə gedənin adını çıxarıb onun adını yazmışdı.
Xülasə, şablon tədbirlərin daimi ifaçısı Əli Həsənov yenə ağızdolusu deyib ki, bəs heç bir jurnalist informasiyanı toplamaq və yaymaq hüququndan məhrum olduğunu iddia edə bilməz. Düz deyir. İddia edənlərin aqibətini görüb susanlar çoxdur.
Ümumiyyətlə, Əli müəllim yenə uzun və mənasız çıxış edib. Mətbuat azadlığını 1998-ci ildə ləğv olunmuş senzurayla bağlayıb, bu addımı Heydər Əliyevin mediaya dəstəyi hesab edib, sonda da söhbəti fırladıb İlham Əliyevin uzaqgörən, yaxınvuran siyasətinə gətirib.
Bunlar bir yana, Əli Həsənovun çıxışında kefimi açan məqamlar da oldu. Məsələn, PA rəsmisi dedi ki, Azərbaycanın qocaman jurnalistlərinin təcrübəsindən istifadə etmək, Mətbuat Şurasında və redaksiyalarda jurnalist peşəkarlığını artırmaq üçün kurslar açmaq olar.
Təsəvvür edin, qocaman jurnalist Bəxtiyar Sadıqov yazı yazmağı öyrədir. Adamın rəhbərlik etdiyi “Azərbaycan” qəzetində bir dənə də olsun standartlara uyğun yazı tapmırsan, gəlib sənə dərs deyəcək.
Qocaman jurnalist deyəndə yadıma mətbəələrdə rastlaşdığım qoltuğu qovluqlu, qızmar havada belə pencəyi, qalstuku çıxarmayan kişilər gəlir. Dəfələrlə bu kişilərin telefonda kiməsə “qəzet çıxdı, bir nüsxəsini də sizə gətirəcəm” dediklərini eşitmişəm. Belə telefon söhbətlərinə bəzən metroda da rast gəlmişəm. Adam sanki ətrafdakılara sambalını göstərməyə çalışıb.
Bu qocaman, qələmindən toz-torpaq tökülən adamların yazılarının böyük bir hissəsi müqəddimə olur. Adama elə gəlir ki, onlar nə zamanın, nə də qaydaların, yazı texnikasının dəyişməsindən xəbərdar deyillər.
Amma ciblərində ən mötəbər qəzetlərin, agentliklərin vəsiqələri olur, hakimiyyətin keçirdiyi bütün tədbirlərdə öndə otururlar, media təmsilçiləri adıyla bütün ölkələrin mağazalarını gəzirlər.
İndi Əli Həsənov deyir ki, bu adamlar hələ bir gənclərə örnək də olsunlar. Gənclər də onlara bənzəsinlər ki, güzəştlərdən yararlansınlar, ev alsınlar, öz aləmlərində insan kimi yaşasınlar.
Vallah, adamin deməyə sözü də qalmır. Utanmasan danışmağa nə var ki...
Aynur Elgünəş