post-title

Rektor savadsız tələbədən niyə qorxdu?

“Gənclərin elm sahəsinə axını təşkil edilməsə, yaxın gələcəkdə Azərbaycan elmi çox böyük çətinliklərlə üzləşəcək. Gənclərin bu sahəyə marağı kəskin şəkildə azalıb. Onlar elmə maraq göstərmirlər. Buna maddi çətinliklərlə yanaşı, ali məktəblərlə əlaqənin zəif olması da təsir edir”.

 

Bu fikirlər nə müxalifyönlü, nə də müstəqil təhsil ekspertinə məxsusdur. Bu sözləri professor, deputat, Əhliman Əmiraslanov deyib. Bu o, Əhliman Əmiraslanovdur ki, türklər demiş “kos-koca” Tibb Universitetinin rektorudur. Bu universitet həm də imtahanlarda ən çox rüşvət alınan təhsil müəssisəsidir. Həmçinin onlarla, yüzlərlə tələbənin rüşvət verə bilmədiyi üçün qovulduğu məkandır...

Bəli, Əhliman müəllim, ölkədə savadsızlıq baş alıb gedir. Bunun səbəbkarlarından biri də sizsiniz. Bu haqda sonra daha geniş yazacağam. İndilik sizin söylədiyiniz fikirlərə baxaq. Əhliman müəllim, bəlkə də bu fikirləri səsləndirməklə son on ildə ilk dəfə mətbuata düzgün informasiya vermiş olmusunuz.

Bilirsiniz, bu son 20 ildə ölkənin ən işıqlı adamları nə deyir? Xəbəriniz yoxdursa, deyim. Bu ölkənin ən vicdanlı, ziyalı adamları hər fürsətdə gənclərin kitabdan uzaq düşdüyünü deyirlər, "Təhsilə ayrılan pullar artırılmalıdır", "200 manata müəllim dərs deyə bilməz" deyirlər. Faizsiz təhsil kreditəri verilməli olduğunu deyirlər, universitetlərdə ailə-klan hakimiyyətinə son qoyulmasını tələb edirlər. Kitab mağazalarının açılmasının vacib olduğunu söyləyirlər. Tələbələri seçim qarşısında qoymağın düzgün addım olmadığını deyirlər.

Bəs sizin mədh elədiyiniz hakimiyyət neylədi bilirsiniz, Əhliman Əmiraslanov? Əlbəttə, çox yaxşı bilirsiniz. Amma bu dəfə də mən deyim. Bu fikirləri deyənləri, "erməni dəyirmanına su tökənlər", "xaricdən maliyələşənlər" adlandırırlar. Bir tələbə belə, qorxusundan dilinə yuxarıdakı tələbləri dilinə gətirə bilmir. Gətirənlər də heç bir əsas olmadan universitetlərdən qovulur.

Bəs indi nə olub, Əhliman müəllim, belə həyəcanlı danışırsınız, nədən narahatsınız? Bilirəm, sualıma cavab verməyəcəksiniz, ona görə cavabı da özüm yazıram.

Siz, savadsız, bir dəftərlə 4-7 ilə universiteti başa vuran tələbədən qorxursunuz. Çünki o savadsız gənclik sizi yolda bıçaqlaya, maşınınızı yandıra bilər. Amma savadlı, təhsilli, oxumuş bir gəncin bunu etməyəcəyindən tam əminsiniz. Bax siz və sizin kimilər buna görə qorxursunuz.

Amma narahat olmağa dəyməz. Bayaq dediyim kimi 20 ildir dayanmadan mubarizə aparan, son qəpiyini kitaba verən, heç bir maddiyyat güdmədən kitab mağazaları açan, kitablar nəşr etdirəm, yazılar yazan ölkə gəncliyi buna imkan verməyəcək. Sizinlə birgə savadsızlığı da keçmişin arxivinə göndərəcək.

Elkin Xəlilov

Kultura.az

Yuxarı