post-title

Türkiyəyə xidmət edən ermənilər

Azərbaycanda iddia edildiyinin əksinə olaraq heç də bütün ermənilər terrordan yana deyillər. Terror təşkilatı “ASALA”nın qanlı əməllərinə etiraz edənlər içərisində ermənilər də vardı. Artik Penik 1982-ci ildə Taksim meydanında təşkilatın əməllərini protest edərək özünü yandırmışdı.

 

 

Sülhün pisi, müharibənin yaxşısı yoxdur. (B.Franklin)

Millətçilik osturaq kimi bir şeydir: hər kəsə özününkü xoş gəlir. (B.Şou)

 

Türkiyə və Azərbaycanda, eləcə də Ermənistanda hamının tam azad olduğu bir mövzu var: türkün, azərinin ermənini, erməninin azəri və türkü söymək, aşağılamaq azadlığı. Bu elə bir ifadə azadlığıdır ki, heç bir məsuliyyət ifadə etmir. Bu “azadlıq” adıçəkilən ölkələrdə təqimin bəzi günlərində göydə mayallaq vurur. Bir neçə gün öncə biz bu “ azadlıq”ın necə fontan vurduğunu seyr etdik. Əsrlərdən bəri bir yerdə yaşamış bu xalqların necə oldu da bir-birinə qənim kəsilməsi ayrıca tədqiqat mövzusudur. Məqsədim bu deyil. Ancaq kiçik, şablon bir nüansı vurğulamadan keçmək istəmirəm: xalqlararası münasibətləri pozan, xalqlar dostluğunu yalnızca metro stansiyası adında qalmasının bir nömrəli səbəbi kimi millətçilik kimiləri üçün ideologiya olmağın yanı sıra, kimiləri üçün karyera qurmaqda tramplin olur zaman-zaman. Bu köşə əlbəttə ki, pozulan münasibətləri bərpa etməyəcək, ancaq hər iki toplum nümayəndələrini həqiqətin gözünə baxmağa azacıq da olsun vadar edəcəkdir.

Məşhur olduğu qədər haqqında birmənalı rəy olmayan Zəki Mürənin müəllimi erməni əsilli Akopos Alyanak musiqi sirlərini ona öyrədərkən onu özündən biri kimi görürdü.

Nə qədər paradoksal səslənsə də Millətçi Hərəkat Partiyasının sıralarında ermənilər də vardı: Levon Panos Dabağyan kimi.

Azərbaycanda iddia edildiyinin əksinə olaraq heç də  bütün ermənilər terrordan yana deyillər. Terror təşkilatı “ASALA”nın qanlı əməllərinə etiraz edənlər içərisində ermənilər də vardı. Artik Penik 1982-ci ildə Taksim meydanında təşkilatın əməllərini protest edərək özünü yandırmışdı.

Türk Dil Qurumunun sədri, soyadını M.K.Atatürkün verdiyi Akop Dilaçar(Martayan) türk dilinin qorunmasında illərcə əmək sərf etdi.

Azərbaycanda repressiayay məruz qalmış Bəkir Çobanzadə əlində pendir-şörək, at arabasının üstündə ölkəni qarış-qarış gəzib folklor nümunələrini topladığı kimi, analoji işi Türkiyədə Kırkor Zahrap, Mıqırdıç Maqrasyan görürdü.

1912-ci il Stokholm Olimpiyadasında Türkiyəni Vahram Papazyan və Mıqırdıç Mıqıryan təmsil etmişdi. Özü də onlar bu yarışa öz hesablarına qatılmışdılar.

“Dəmir yumruq” ləqəbli Qorbis Zakaryan boks idman növündə Türkiyənin himninin səslənməsinə səbəbkar kimi tarixə düşmüşdür.

Türkiyə mədəniyyəti tarixində ermənilər xüsusilə nəzərə çarpan işlərin sahibidirlər. Memarlıq tarixində Balyan ailəsi, rəssamlıqda Manas ailəsi nəsillər boyu türk incəsənətinə xidmət etmişlər.

Qərb tərzində ilk osmanlı teatrının qurucusu Akop Vartivyan, ilk türk operasının müəllifi Dikran Cuhaciyan hesab olunur.

Hər iki ölkədə Atatürkdən sitatlar gətirərək millətçi keçinən gənclər nədənsə Atatürkün rəqs müəllimi prof. Ardeş Panasyanı, onun diş həkimi Sürenyanı gözardı edirlər.

Və son olaraq erməni əsilli fotoqraf Ara Gülər. Türkiyə tarixi, məişəti ilə bağlı şəkillər, ələlxüsus ən yaxşı məscid fotoları ona məxsusdur. P.Pikassonun, S.Dalinin. Çorçillin,B.Rasselin portretlərini çəkərkən dünyaca ünlülər onu sadəcə türk bilirdilər.

Övladlarımızı faşist ruhunda tərbiyə etməyək. Çağdaş dünyada həmişə faşistlərin məğlub olduğu görülmüşdür.

Aqşin Kərimli

Yuxarı