Platona görə bu dünya yalnız bir güzgüdə olduğu kimi yansımadır (əks olunmadır). Doğru yaşamsa ideal aləmdədir. Deməli bu dünyada nəyi görürüksə bunlar yalnız o ideal aləmin yansımasıdır. Özüdə o yansıma hər şeyi pozulmuş göstərir. Buna görə də burada biz hər şeyi pozulmuş görürük. Bu yansıma bizə pislik, xəyanət, ikiüzlülük və s. özəllikləri yalan olaraq göstərir. Əslində bunlar yoxdur, hər şey ən gözəl və doğru özəlliklərlə ideal aləmdə yaşanır. Biz özümüz də əslində ideal aləmdəyik burada deyilik. Burada olduğumuzu düşünəndə biz özümüzü aldadırıq.
İndi bizim bu Azərbaycanda böyük Platonun bax bu ideal fəlsəfəsi özünü göstərməkdədir. Burada heç kim öz mənliyini, varlığını önə çəkə bilməz. Hamı bir boz kütlədir, birdir, bir-birindən fərqlənmir. Kim nədəsə özünü göstərmək istəyəndə onu geri oturdurlar, deyirlər: "Sən kimsən ki, özünü bu işdə göstərirsən? Otur yerində!". Deməli insan əslində var deyil, onun varlığı, işləri yalnız görsəntidir, gerçəklikdə bunlar yoxdur. Bax bunu bizə anladırlar hər an.
Ya da gedirsən bir rəsmi yerə bir adamın yaxşı iş gördüyünü söyləyirsən. Deyirlər sənə ki, heç kimin adını çəkmə. Yalnız mövzu haqqında danış. Özüdə elə danışmalısan ki, adətlərə, milli mentalitetə, dinimizə, ənənələrimizə uyğun olsun. Deməli heç yerdə əslində insanlar fəaliyyət göstərmir. Hər şey bir möcüzə olaraq ortalığa çıxır. O da əslində möcüzə deyil. Elə Platonun ideyasıdır. Onlar əslində ideal aləmdə vardır. İnsanların o işdə özlərini göstərməsi isə yalnız aldadıcı yansımadır.
Ya da insan nəyisə bilir, nəyinsə bilicisidir. O heç yerdə bunu göstərə bilməz. O axı əslində yoxdur, özü bunu anlamasa belə. Buna görə də o gərək bir quruma qatılaraq, hamı ilə birlikdə çalışmalı, öz biliklərini hamının adına yazmalıdır. Yəni heç kəs deməməlidir ki, o adam nəsə yaradıb. Bu barədə ya heçnə deyilməməli, ya da bunun hamı tərəfindən edildiyi iddia edilməlidir. Bu yenə də onu göstərir ki, insan əslində bu dünyada yoxdur. O ideal aləmdədir.
Bizdə öncə universitetlərə, teatrlara, məktəblərə, müəssisələrə və s. hansısa böyük şəxsiyyətlərin adlarını qoyurdular. Bir zaman onlara heykəllər quraşdırılırdı, onlar haqqında hər yerdə deyilirdi. Ancaq indi o adlar yavaş-yavaş ortalıqdan çıxarılır. Bu da doğrudur. Çünki əslində o şəxsiyyətlərin bütün fəaliyyəti yalnız bir görsənti imiş. Heç onlar özləri də bunu bilmirdilər. Buna görə də ölkəmizin özü də elə bir başa ideal aləmdədir. Onu hem kim qurmayıb, burada heç kim çalışmayıb. O özü özündə olan bir varlıqdır.
Başqa ölkələrə gedirsən, orada onların tarixi şəxsiyyətlərinin heykəllərini görürsən, onlar haqqında söhbətləri üeşidirsən. Əslində onlar yanılırlar. Bunlar yoxdur və olmayıb. Bu yalnız bu dünyanın aldadıcı yansımasıdır.
Bizdə isə Platon fəlsəfəsi doğru uyqulanır. Biz mifik, əfsanəvi adamların heykəllərini ucaldırıq. Bizim miflərdə olan obrazlarımız küçələrimizdə, meydanlarımızdadır. Geçmiş aydınlarla kralların deyil, miflik obrazların heykəlləri uçaldılır. Millət də onlarla tərbiyə olunur. Bu da doğrudur, çünki miflər Platonun fəlsəfəsinin doğru anlamıdır.
Hər şey çevrəmizdə bir görsəntidir, aldadıçı görsəntidir. Təkcə bir paradan (puldan) başqa. Necəsə olub ki, o ideal aləmdən doğru olan bircə dənə şey gəlib bizim yalançı dünyaya, o da paradır. Hər şey də onun üzərində qurulub. İnsanların adları çəkilməsə də, onlar olmasa da, para haqqında hər yerdə deyilir, o var.
Deməli Azərbaycanda Platon fəlsəfəsinə bir əlavə də edilib. O da paranın ideal aləmdən Azərbaycana birbaşa enməsidir. Hər şey aldadıcı görsəntidir. Tək bir para gerçəklikdə var və hər şeyi o çözür. İndi mən də bu yazını yazanda platonçuluğa dayandım. Bir adamın da olsun belə, burada adını çəkmədim. Çünki bunlar əslində yoxdur. Həmdə anlayıram ki, əslində mən kiməm ki, bu yazını yazım? Mən axı bu dünyada yalnız bir kölgəyəm, yansımayam. Ona görə də bu yazı da ideal aləmdən gəlir. Mənsə yoxam.
Ancaq bu yazıda bir adamın adını çəkdim. O da Platondur. Onu da nəyə görə etdim? Çünki o azərbaycanlı olmayıb. İdealdan danışıbsa da, onu yaşamayıb. Dışarıda (xaricdə) yaşayanların adlarını çəkmək, onları ucaltmaq olar. Onlar axı bizin sınırlarımızdan (sərhədlərimizdən) uzaqlardadırlar. Deməli onlar da bizim üçün ideal aləmdədirlər. Azərbaycanlılarınsa adını çəkmək olmaz, çünki onlar bizim içimizdədir deyə, əslində yoxdurlar.
Aydın Əlizadə