post-title

Sizi unutmayacaqlar

İrticayla mübarizə heç yerdə və heç vaxt asan olmayıb. Qədim Çin məsəlində deyilir ki, Allah sizə dəyişikliklər (keçid) dövründə yaşamaq nəsib etməsin. Bəli biz keçid dövründə yaşadıq. Biz totalitar rejimdən post-totalitar dövrə keçdik. Öz dərimizdə anladıq ki, post-totalitar dövr bir çox cəhətlərinə görə totalitar dövrdən də pisdir. Biz neçə-neçə insan faciəsinin, mənəviyyat aşınmasının, kütləvi deqradasiyanın şahidi olduq. Sıralarımız gah seyrəldi, gah artdı, gah parçalandı, gah birləşdi.

 

 
Amma bir şey dəqiqdir. İndi vətənimizə hakim olan post-totalitar avtoritarizm bir gün devriləcək. Məhz devriləcək, çünki mahiyyəti üzrə o könüllü şəkildə gedə bilməz. Onun yerində isə mütləq demokratik hakimiyyət bərqərar olacaq. Özü də irtica nə qədər güclü olsa, onu əvəz edəcək demokratiya bir o qədər sarsılmaz və geriyədönməz olacaq.
 
Gürcüstanda dövlət işində işləyən insanlarda bir kompleksin şahidi olmuşam. Qaza görə borcumuz vardı. Qaz idarəsinin işçisi bildiriş gətirdi. Biz yerində ödəmək istədik. Borcumuz 27 lari 80 tetri idi. Mən 28 lari verdim. “Qazovik” ciblərini eşələməyə başladı ki, 20 tetri (10 qəpik) qalığı qaytarsın. Dedim ki, əşi lazım deyil, ya da gələn dəfə verərsiniz. Məmur rəng alıb, rəng verdi, həyəcandan yüksək səslə qayıtdı ki, nə danışırsınız? Əgər xırda tapmasam aparıb banka ödəyərsiniz. Mən pulu götürməyəcəyəm. Sonra o 20 tetrini necəsə tapdı və qəbzlə birlikdə mənə verdi. 
 
Burda iş 20 tetridə deyil. 20 tetri heç rüşvət də sayılmır. Amma artrıq insanlarda korrupsiyaya qarşı bir kompleks yaranıb. Bu isə geriyədönməz bir prossesdir. Gürcülər heç vaxt Şevardnadze dövrünə dönməyəcəklər artıq.
 
Daha bir misalı isə Almaniyadan gətirmək istəyirəm. Berlində Ştauffenbergştrase küçəsi, 18-də Bendlerblok adlı bir bina var. III Reyx dövründə bu binada Vermaxt baş qərərgahı (OKW),  Hərbi dəniz qüvvələri komandanlığı (OKM) və Hərbi kəşviyyat idarəsi (Abver) yerləşirdi. Amma bura həmçinin Hitler rejimini aradan götürmək üçün əlindən gələni eləyən insanların da toplaşdığı yer idi. Məhşur “Valkiriya” əməliyyatı məhz bu binada planlaşdırılmışdı. Bu əməliyyatın əsas iştirakçısı polkovnik Klaus Qraf Şenk fon Ştauffenberg də bu binanın həyətində güllələnmişdi. İndi bu bina Alman müqavimətinin muzeyidir (Museum Deutscher Widerstand). 
 
Burada Hitler irticasına qarşı mübarizə aparan və həyatlarını qurban verən insanların həyat hekayələri, əşyaları saxlanılır. Onları unutmayıblar. 
 
Bendlerblokun həyətində Alman müqavimətinin xatirəsinə qoyulmuş əlləri bağlı cavan oğlan abidəsinin qarşısındakı lövhədə isə bu sözlər yazılıb:
“Siz şərəfsizliyi qəbul etmədiniz, Siz müqavimət göstərdiniz, Siz alovlu həyatınızı qurban verməklə dəyişikliyim simvolu oldunuz. Azadlıq, hüquq və şərəf naminə”
 
Hacı Hacıyev
Kultura.az
Yuxarı