post-title

Barrikadadakı gənclik

Bu gün NİDA vətəndaş hərəkatı neçə illərdir Azərbaycanda hökm edən bir krala qarşı dayanmış barrikadadır. Onun 7 üzvü qondarma ittihamlarla həbs olunub və hər an yeni bir nidaçı içəri atıla bilər. Nə mübarizədən yorulmuş, krala təslim olmuş, bir parça çörəyini düşünən insanlar bizə kömək etmək istəyir, nə də kralla çoxdan razılığa gəlmiş, kürü tıxamaqdan doymayan qərb bizə dəstək olur.

 

 
 
“Vətəndaşlar gəlin ölülər andını içək. Sübut edək ki, əgər xalq respublikaçılara xəyanət edirsə, respublikaçılar xalqa xəyanət etməyəcəkdir”  
 
Bu cümlələr Viktor Hüqonun “Səfillər” romanında tezliklə kral ordusu tərəfindən məhv ediləcək barrikadada olan bir fəhlənin dilindən yazılıb. Paris dünən qiyam etmişdi, lakin bu gün sakitləşib və bu şəhərdə qiyama davam edən cəmi bir neçə barrikada qalıb.  Bu barrikadalardakı üsyançıların isə iki yolu var, ya barrikadanı təslim edib, özlərini taleyin ümidinə və ya kralın mərhəmətinə buraxmaq, ya da sona qədər savaşıb respublikaçılara xəyanət etmiş xalqa xəyanət etməmək. 
 
Bu gün Azərbaycanda insanların xeyli hissəsi içlərindəki köləni boğa bilmədiklərindən və ya boğmaq istəmədiklərindən, bir qismi isə neçə illər bundan qabaqkı üsyanın və ya üsyanların nəticəsizliyi ucbatından prosesi tərk edib.  Sonuncularda qəzəb var, etiraz var, lakin onlar ümidsizliyə məğlub olduqlarından, çox rəzil, hər cür dəyərlərdən məhrum olan bir hakimiyyətə qarşı mübarizə aparmaqdan qorxduqları üçün prosesə qoşulmurlar. Barrikadadan kənardakı parislilərin etdiyi kimi - Onlar dünən üsyan etmişdilər, amma bu gün yerlərindən tərpənmək istəmirlər. 
 
Əslində dünya inqilabları tarixinə adını dəfələrlə yazdırmış fransız xalqı ilə hələ təzə formalaşmaqda olan azərbaycanlıların mübarizəsi arasında oxşarlıq axtarmaq həddindən artıq pafoslu görünə bilər, amma bu mübarizənin də əsas iştirakçıları aşağı-yuxarı “Səfillər”-dəki Qavroş yaşda olan uşaqlardır və bunu nəzərə alıb bu pafosu mənə bağışlamağınızı xahiş edirəm. 
 
Bu gün NİDA vətəndaş hərəkatı neçə illərdir Azərbaycanda hökm edən bir krala qarşı dayanmış barrikadadır. Onun 7 üzvü qondarma ittihamlarla həbs olunub və hər an yeni bir nidaçı içəri atıla bilər. Nə mübarizədən yorulmuş, krala təslim olmuş, bir parça çörəyini düşünən insanlar bizə kömək etmək istəyir, nə də kralla çoxdan razılığa gəlmiş, kürü tıxamaqdan doymayan qərb bizə dəstək olur. Bu barrikadanın daşını, istehkam ləvazimatlarını, özümüz toplamalı, onu özümüz ucaltmalı və krala qarşı sona qədər mübarizə aparmalıyıq. Amma əlbəttə ki, Paris barrikadasının istifadə elədiyi silahlarla, üsullarla yox. Bizim silahlarımız kitablar, tərcümələr, mühazirələr, yazılar, bloqpostlar, facebookdakı paylaşımlar, videolar, bütün yaradıcılıq və informasiya sahəsində yarada, ötürə biləcəyimiz məhsullardır. 
 
Elə son aksiyalarda bu qədər gənci bir arada görən hakimiyyətin bu qədər sərt təpki verməsinin, gənclər su maşınına və rezin güllələrə qarşı qorxmadan irəliləyəndə aksiyanı izləməyə gələn “deputatın” üzündə açıq-aydın görünən təəccübün və qorxunun da səbəbi bu silahlar idi. 
 
Onlar bizim üzərimizə molotov kokteyli, tapança, top, tank və s atıb şərləyə, zorakılıqda ittiham edə bilərlər, amma özləri də başa düşürlər ki, bu silahlardan istifadə etsək belə onlar əlimizdə olanlardan heç cür üstün və effektiv olmayacaq. Onlar köhnə, biz yeni dövrün insanlarıyıq, onlar keçmişlə, biz gələcəklə yaşayırıq. Onların atdıqları hər addımda, bizə qarşı gördükləri bütün “tədbirlərdə” keçmişin üfunəti, sovet arxivlərinin iyi duyulur. Onlar elə düşünürlər ki, aksiya təyin eləyən adamı tutmaqla, gəncliyin ən fəal üzvlərinin üzərinə şər atmaqla, bir və ya bir neçə universitet qurtarmış, dinc mübarizə aparan gəncləri zorakılıqda ittiham etməklə, hərəsinə bir neçə il həbs kəsməklə məsələ həll olunacaq. Lakin anlamırlar ki, artıq cəmiyyətdə bilgini və informasiyanı ötürən onlarla, yüzlərlə adam var. Bu bilgi və informasiya axınını heç cür kəsmək mümkün deyil və ölkəni daim qorxu mühitində saxlamaq, “hamımızın adı siyahıda var”, “bizə nəzarət olunur”, “ölkədə hamı casusdur” tipli streotiplərdən, klişelərdən istifadə heç bir effekt vermir. Həftədə bir neçə dəfə telekanallarda hazırlanan reportajların, sahibləri kimi illərdir sifətlərini görməkdən bezdiyimiz aparıcıların artıq heç bir təsiri qalmayıb. Tamamilə başqa, heç nədən qorxmayan, bütün streotiplərə, təbliğata gülən, ələ salan, kitabla, satirayla, sosial şəbəkələrlə silahlanmış gənclik formalaşıb və bu gənclik öz barrikadasına “Səfillər”-dəki barrikadanın aqibətini yaşamağa imkan verməyəcək qədər güclü və iradəlidir. 
 
Proses genişlənəcək, yeni gənclər, yeni simalar gələcək, yeni liderlər yetişəcək və barrikadamız addım-addım, ev-ev böyüyəcək. Necə ki, Adnanla Emin həbs olunanda indi mübarizənin önündə olan gənclərin bir çoxu prosesə qoşulmuşdular. 
 
Biz bu dar düşüncəli və nə etdiyini bilməyən, tək silahı əlindəki güc strukturları olan hakimiyyətə gülməklə, ciddiyə almamaqla,yaratdıqları tabuları, qorxu divarlarını yıxmaqla onun sonunu yaxınlaşdırırıq. Artıq mübarizə hətta kiçik yaradıcılıqla məşğul olan gənclərin üzərinə köçürülüb. Onların sayı isə, bir, beş, on, yüz deyil və onların yaratdıqları, yaydıqları məlumatlar və bilgilər yeni gəncləri də onlar kimi məsuliyyətli vətəndaş olmağa, köləlikdən xilas olmağa həvəsləndirəcək.
 
Bu gün isə barrikadamız ayaqdadır, silahlarımız hazırdır və şərlənərək həbs olunmuş dostumuz Rəşad Həsənovun dediyi kimi, biz də burdayıq, hazırıq!
 
Araz Bayramov
 
Kultura.Az
Yuxarı