Bakının gecə həyatı varmı? – SORĞU
Əli Əkbər: “Bizdə bar əxlaqsızlıq yuvasının sino…
Mart ayının 7-dən Azərbaycan hakimiyyəti N!DA Vətəndaş Hərəkatına qarşı bütün cəbhələrdən total hücuma keçib. Bu hücumda hüquq-mühafizə orqanları, televiziyalar, yazılı və elektron mətbuat, “cib” müxalifəti, Milli Məclisin deputatları, nazirlər və başqa məmurlar, hətta müğənnilər də iştirak edirlər. Məqsəd N!DA-nı zəiflətmək və məhv etməkdir. Bunun üçün ilk növbədə hərəkatın 3 sıravi üzvünü şərləyərək həbs etdilər və televiziyaya çıxarıb bir neçə gün iyrənc kampaniya apardılar. Ancaq əvvəldən əsas hədəfin N!DA Vətəndaş Hərəkatının idarə heyəti olduğu hamıya aydın idi.
Nəticədə martın 14-də idarə heyətindən əvvəlcə Rəşad Həsənov həbs olundu. Daha sonra təşkilatın daha da aktiv fəaliyyət göstərdiyini görüb martın 30-da 2 idarə heyəti üzvünü (həm də hərəkatın həmtəsisçiləri) – Rəşadət Axundovu və Üzeyir Məmmədlini, 1 apreldə isə hərəkatın Layihələr üzrə koordinatoru (həm də həmtəsisçisi və keçmiş idarə heyəti üzvü) Zaur Qurbanlını qanunsuz olaraq həbs etdilər.
Bizim əleyhimizə istintaqda heç bir sübut yoxdur. İşin qondarma olduğu hamıya aydındır. Hakimiyyətin məqsədi N!DA-nın rəhbər heyətini fəaliyyətsiz qoymaqdır. Ancaq hələ ilkin həbslərdən sonra hərəkatın fəaliyyətinin daha da güclənməsi, yeni-yeni insanların N!DA-ya qoşulmaq barədə müraciətləri saysız-hesabsız idi. Son həbslərdən sonra isə bu say daha da artır. N!DA siyasi partiya deyil. N!DA bu ölkədə demokratik dəyişikliklər istəyən və bunun üçün var gücü ilə çalışan insanların birliyidir.
N!DA-çıların hakimiyyətə gəlmək məqsədi yoxdur. N!DA-çılar minimal maliyyə ilə iki ildən bir az artıq vaxt ərzində fədakarlıq hesabına bir çox işlər görüblər. N!DA-çılar bütün işlərində səmimidirlər. Fəaliyyətimiz hamıya açıqdır, yuxarıda dediyim kimi, heç bir əlavə məqsəd güdmədən ölkədə həqiqətən dəyişikliklərin olmasını istəyirik. N!DA Azərbaycana demokratik təşkilat və hərəkat nümunəsini göstərib. N!DA-ya heç kim kiməsə görə qoşulmur. N!DA-ya hamı ideya və ümumi məqsədə görə qoşulur.
N!DA-nın ancaq öz gücünə heç bir kənar dəstək olmadan bu cür fəaliyyət göstərməsinə bir çoxları əvvəllər də, indi də şübhə ilə yanaşırdı. Ancaq şübhə edənlərin sayı getdikcə azalır. Əslində şübhələnənlərə bəzən haqq verirsən. Çünki üzvlərimizin fədakarlığı hesabına iki ildir etdiyimiz işlər həqiqətən də inanılmazdır.
Ancaq hakimiyyətin bir aydır ki, apardığı kampaniya əslində N!DA-nı bütün ölkəyə tanıtdı və insanlar N!DA-nın nə olduğunu, nə etmək istədiyini gördülər. Bütün bu kampaniya əks effekt verir və verəcək.
Hər bir həbs olunan N!DA-çının yerini onlarla yenisi doldurur, bir azdan bu, yüzlərlə, minlərlə ifadə olunacaq. Bizim mübarizəmizə, bizim səmimiyyətimizə, bizim qələbəmizə inanan insanların sayı getdikcə artır.
N!DA əsl demokratik hərəkatdır! N!DA-nı həbslərlə zəiflətmək və ya məhv etmək mümkün deyil! N!DA şəxslərdən asılı deyil, xalqın hərəkatıdır!
Mən iki il müddətində bu hərəkatın yaradılmasında və rəhbərliyində iştirak etdiyim üçün həm özümlə, həm də mübarizə yoldaşlarımla fəxr edirəm. Rəhbərlikdən bir neçə nəfərin həbs olunmasına baxmayaraq əsl demokratik nümunə olan xalq hərəkatı yaratdığımız üçün bundan sonrakı fəsliyyətin daha uğurlu olacağına inanıram!
N!DA Vətəndaş Hərəkatının İdarə heyəti üzvü Üzeyir Məmmədli;
Kürdəxanı 09.04.13