post-title

Klod Qö (Claude Gueux) - Birinci hissə

Yeddi ya səkkiz il bundan əvvəl Parisdə Klod Qö adlı kasıb fəhlə yaşayırdı. O məşuqəsi və bu məşuqədən olan qızı ilə birlikdə yaşayırdı. Mən hadisələri olduğu kimi deyirəm, oxucu əxlaqı tərəfləri özü hadisələrin gedişinə uyğun təyin edər. Bu fəhlə bacarıqlı, ağıllı, təhsil sarıdan kasad amma fiziki cəhətdən güclü, yazıb oxumağı bacarmayan biri idi.

 

Bir qış vaxtı iş tapılmırdı. Evdə nə od nə də çörək var idi. Bu şəxs oğurluq etdi. Onun nə oğurladığını bilmirəm amma bilirəm ki oğurluq etdi. Bildiyim odur ki, bu oğurluq qadın və uşağın üç gün yeməyinə kişinin isə beş il məhkum olunmağına səbəb oldu. Bu şəxs cəzasını çəkmək üçün Klervo mərkəzi həbsxanasına yollanıldı. Klervo, öncədən dini məbəd idi, sonradan kameraları biabırçı gündə olan həbsxanaya çevrilmişdi. İnkişaf deyəndə bəzi insanlar onu bu cür başa düşür və həyata keçirirlər. Bizim demək istədiyimizi bu cür qəbul edirlər.

Davam edək.

Həbsxanaya gəlib çatandan sonra onu gecələr zindana, gündüzlər emalatxanaya qatdılar. Mənim tənqid etdiyim emalatxana deyil. Klod Qö, keçmişin fəhləsi, bu günün oğrusu, ağır və əqidəli biri idi. Onun gənc olmasına baxmayaraq dik və qırışıq alnı, qara papağın altından görünən bir neçə boz saçları, qalın qaşlarının altında gizlənmiş səmimi gözləri, açıq burun dəlikləri, irəliyə çıxan çənəsi və təkəbbürlü dodaqları var idi.

O gözəl idi. Amma baxaq görək cəmiyyət onu nə günə saldı.

O az danışar, az hərəkət edər, şahanə şəxsiyyətli və özünə itaət etdirməyi bacaran, düşüncəli siması, əzab çəkəndən çox ciddi görünüşü olan biri idi. Bunlara baxmayaraq o çox əziyyətlər çəkmişdir. Klod Qöyün saxlandığı emalatxanada həbsxanalara xas olan, eyni zamanda satıcıya və alverçiyə bənzəyən, fəhləyə əmr verən, dustağı hədələyən, əlinizə alət verib ayağınıza qandal vuran məmur cinsindən bir direktor var idi. O xüsusi bir cinsə aid idi, qısa bir kişi, zalım, ideyalarına boyun əyən, hakimiyyətinə möhkəm bağlanmış, bəzən yaxşı yoldaş, yaxşı şahzadə, hətta şən, lüftlü və rişxəndli, ciddi olmaqdan çox ağır, heç kimlə, hətta özü ilə də razılaşmayan, sözsüz ki, yaxşı ər, yaxşı ata - amma bu sonuncu üstünlük olmaqdan çox bir vəzifədir - qısası o pis xasiyyətli biri yox pis bir insan idi. O titrəyən və ya elastik olmayan, quru molekullardan ibarət, heç bir fikirdən və ya hissiyyatdan təsirlənməyən, qəzəbli, dərin nifrətli, emosiyasız özündən çıxan, qızmadan alışıb yanan, istiqanlılığı sıfıra bərabər, sanki taxtadan yonulmuş, bir tərəfindən od tutub yanan digər tərəfindən isə soyuq olan taxtaya bənzər şəxslərdən biri idi. Bu şəxsin əsas və diaqonal xətləri möhkəmlikdən ibarət idi. O əzmli olmağı ilə fəxr edir, özünü Napaleona bənzədirdi. Bu sadəcə optik illüziyadır. Bəzi insanlar belə şeyləri başa düşmədikləri üçün əzmliliyi istək kimi, şamdanı ulduz kimi görürlər. Bu şəxs əzm adlandırdığı şeyi mənasız bir məqsədə tuşlayanda o bu məqsədin ardınca başı yuxarı və axıra qədər gedirdi. Ağılsız inad bu axmaqlığın ucuna bağlanan və onu uzadan düşüncəsizlikdir. Belə şeylər daha da uzağa gedir.

Adətən, şəxsi və ya ictimai bir fəlakət bizim üstümüzə aşanda, ona yaxından diqqət etsək, yerə dağılan qalıntıların qurulma formasına əsasən görə bilərik ki, o adətən mənəvi cəhətdən kasıb amma özündən razı və özünü yüksək tutan biri tərəfindən qurulmuşdur. Bu dünyada özünü ilahi hiss edən bu cür bəxtə inananlar çoxdur.

Klervo mərkəzi həbsxanasının direktoru bu cür şəxslərdən biri idi. Cəmiyyətin hər gün dustaqlar üzərinə onların qığılcımlarını çıxarmaq üçün vurduğu çaxmaq bu idi. Bu cür daşlardan, bu cür çaxmaqların çıxardığı qığılcım adətən yanğın törədir. Dediyimiz kimi Klod Qö Klervoya çatan kimi emalatxanada nömrələndi və ona bir iş həvalə olundu. Emalatxananın direktoru onunla tanış oldu, onu yaxşı işçi kimi tanıdı və onunla yaxşı rəftar elədi. Deyilənlərə görə, bir gün kefinin yaxşı vaxtı, Klod Qönü qəmgin görən, çünki bu sonuncu hələdə arvadı adlandırdığı qadın haqqında düşünürdü, ona zarafatyana və vaxt öldürmək üçün, həmdə ona təsəlli vermək üçü, məlumat verdi ki, arvadı artıq fahişəlik edir. Klod soyuqqanlılıqla uşağın nə olduğunu soruşdu. Kimsə bilmirdi. Bir neçə aydan sonra Klod həbsxanaya vərdiş etdi və başqa şey haqqında düşünmürmüş kimi görünürdü. Onda xasiyyətinə uyğun təmkinlilik hiss olunurdu. Qısa bir zamanda Klod yoldaşları üzərində qeyri adi hakimiyyət qazanmışdı. Heç kimin hətta Kodunda səbəbini anlamadığı halda sanki bilərəkdən qəbul olunmuş bir sözləşməyə əsasən, hamı onun fikrini öyrənir, onu dinləyir, ona heyran olur və onun kimi olmağa çalışır, bütün bunlarsa artan hörmətin ən yüksək nöqtəsidir. Bütün bu itaətsizlər tərəfindən itaət edilmək isə pis qələbə deyil. Bu hakimiyyəti o özü də düşünmədən əldə etmişdi. Bu onun gözlərindəki baxışlara bağlı idi. İnsanın gözü onun beynində gedib gələn düşüncələri görmək üçün pəncərədir. Beynində ideyalar olan şəxsi ideyasız insanların arasına qoysanız qısa bir zamanda və qarşısıalınmaz cazibə qüvvəsi nəticəsində, bütün düşüncəsiz beyinlər acizanə və pərəstişlə işıqlı beynin ətrafında dövr edəcəklər. Bəzi insanlar qürurlu, bəziləri isə sevimlidirlər. Klod sevimli idi.

Beləliklə üç aydan az bir zamanda Klod emalatxananın qəlbi, qanunu və asayişi olmuşdur. Bütün iynələr onun diski ətrafında dövr edirdi. Bəzən özü də şübhələnirdi ki, o kraldır ya dustaq. O ətrafında kardinalların yığışdığı papaya bənzəyirdi. Təbii olaraq o dustaqlar tərəfindən sevildiyi üçün həbsxana işçiləri tərəfindən nifrət edilirdi. Bu hər zaman belədir. Məşhurluq heç zaman itkisiz olmur. Qulların sevgisi ağaların nifrəti ilə tamamlanır. Klod Qö çox yeyən idi. Bu onun özünəməxsusluqlarından biri idi. Onun mədəsi elə idi ki, iki şəxsin gündəlik yeməyi onun bir günü üçün kifayət deyildi. Cənab Kotadillanın da bu cür iştahı var idi və bu onu əyləndirirdi, amma beş min qoyunu olan İspaniyanın böyük knyazı üçün əyləncə olan bu hal bir fəhlə üçün yük, bir dustaq üçünsə bədbəxtçilikdir. Klod Qö öz tavanında işləyərək, gündəlik dörd livrlik çörəyini qazanıb yeyirdi. Klod Qö həbsxanada gün ərzində işləyir, bu zülmün qarşılığında bir livr və yarımlıq çörək və qalanı üçün ət alırdı. Bu isə yetərsizdir.

Beləliklə Klod Klervo həbsxanasında davamlı olaraq ac idi. O ac idi, vəssalam. O bu haqda danışmazdı. Onun təbiəti belə idi. Bir gün Klod azacıq olan yeməyini yeyib yenidən işə başlamışdı, bununla aclığını işlə aldatmaq istəyirdi. Başqa dustaqlar sevinclə yeyirdilər. Solğun, ağ, zəif bir gənc oğlan gəlib onun yanında dayandı. Onun əlində toxunmadığı payı və bir bıçaq var idi. O Klodun yanında durub danışmaq istəyirdi amma cürət etmirdi. Bu şəxs, onun çörəyi və əti Klodu narahat edirdi.

  • Nə istəyirsən ? nəhayət qəfildən soruşdu.

  • Mənə bir yaxşılıq elə, gənc utanaraq dedi.

  • Nə yaxşılıq? Klod soruşdu.

  • Mənə bunu yeməyə kömək elə. Bu çoxdur.

Klodun gözündən yaş axdı. O bıçağı götürüb gəncin çörəyini iki hissəyə böldü və bir hissəsini götürüb yeməyə başladı.

  • Sağ ol, deyə gənc cavab verdi, istəsən biz hər gün belə bölüşə bilərik.

– Adın nədir? Deyə Klod soruşdu

– Albin.

– Niyə burdasan ? Klod soruşdu.

– Oğurluq etmişəm.

– Məndə, Klod cavab verdi.

Onlar hər gün bu cür bölüşürdülər. Klod Qönün otuz altı yaşı var idi amma ağır baxışları altında əlli kimi görünürdü. Albinin isə iyirmi yaşı var idi, amma bu oğrunun günahsız gözləri ona on beş yaş verməyə imkan verirdi. Bu iki şəxs arasında dərin dostluq yarandı, qardaşlar arasında olan dostluqdan çox ata və oğul dostluğu. Albin demək olar ki bir uşağa, Klod isə qoca kişiyə bənzəyirdi. Onlar eyni emalatxanada işləyir, eyni yerdə yatır, eyni həyətdə gəzişir, eyni çörəyi dişləyirdilər. Onların hər biri başqası üçün bir aləm idi. Deyilənlərə görə onlar xoşbəxt idilər.

Biz artıq emalatxanaların direktoru haqda danışdıq. Dustaqlar tərəfindən nifrət edilən bu şəxs bəzən onları itaət etdirmək üçün onların sevimlisi Kloddan istifadə edərdi. Dəfələrlə, daxili üsyanları və itaətsizlikləri yatırmaq üçün Klodun qeyri rəsmi hakimiyyəti direktorun rəsmi hakimiyyətinin köməyinə çatmışdır. Dustaqları idarə etmək üçün Klodun on sözü on jandarmadan yüksək idi. Klod dəfələrlə direktora bu yaxşılığı etmişdi. Beləliklə direktor bütün varlığı ilə ona nifrət edirdi. O bu oğrunu qısqanırdı. Onun qəlbində Kloda qarşı gizlin bir nifrət var idi, qanuni padşahın qeyri qanuni padşaha bəslədiyi, müvəqqəti hakimiyyətin dini hakimiyyətə bəslədiyi nifrət kimi. Bu cür nifrətlər isə ən təhlükəlisidir. Klod Albini çox istəyirdi və direktora fikir vermirdi. Bir gün, gözətçilər dustaqları yataqxanadan emalatxanalaya keçirdiyi zaman qapıçı Klodun yanında duran Albini çağırdı və ona direktorun onu görmək istədiyini bildirdi.

– Nə istəyirlər ? Klod soruşdu.

– Bilmirəm, Albin cavab verdi.

Qapıçı Albini apardı.

Səhər sona çatdı amma Albin emalatxanaya geri gəlmədi. Nahar vaxtı Klod düşündü ki Albini həyətdə görəcək. Amma o həyətdə deyildi. Emalatxanaya geri döndülər amma Albin orada da yox idi. Gün bu cür başa yetdi. Axşam dustaqlar yataqxanaya dönəndə Klod gözləri ilə Albini axtardı amma onu tapa bilmədi. Deyilənlərə görə o bu vəziyyətdən çox əzab çəkirdi çünki o məcbur olub heç zaman danışmadığı bir qapıçıya müraciət etdi.

–Albin xəstədir ? deyərək soruşdu.

– Yox, qapıçı cavab verdi.

– Necə olur ki, bu gün görünməyib ?

– Ah ! o cavab verdi, çünki onun yerini dəyişdilər.

Sonradan ifadə verən şahidlərə görə bu an əlində yanar şamdan olan Klodun əlləri əsdi. O sakitcə davam elədi:

– Bu əmri kim verdi ?

Qapıçı cavab verdi :

– M. D.

Direktorun adı M. D. idi.

Sabahkı gün də əvvəlki kimi keçdi, Albinsiz. Axşam, işin başa çatdığı vaxt direktor M.D. emalatxanada gündəlik nəzarətini həyata keçirmək üçün gəldi. Onu uzaqdan görən Klod, böyük yun papağını çıxardı, boz pencəyini düymələdi, Klervonun qəmgin sakini, həbsxanalardakı qaydaya görə səliqəli düymələnmiş pencək rəhbərə xoş niyyəti bildirir, papağı əlində oturacağının yanında direktorun gəlib keçməsini gözlədi. Direktor keçdi.

– Cənab ! Klod dilləndi.

Direktor dayandı və yavaşca döndü.

– Cənab, Klod davam etdi, doğrudurmu ki Albinin yerini dəyişiblər ?

– Bəli, direktor cavab verdi.

– Cənab, Klod davam etdi, mənim yaşamaq üçün Albinə ehtiyacım var.

O əlavə etdi :

– Siz bilirsiniz ki mənə verilən qida kifayət deyil və Albin öz çörəyini mənimlə bölüşürdü.

– Bu onun öz işi idi, direktor cavab verdi.

– Cənab, Albini mənimlə eyni yerə salmaq mümkün deyil ?

– Qeyri mümkündür. Qərar Qəbul edilib.

– O qərarı kim verib ?

– Mən.

– Cənab D.. Klod davam elədi, bu mənim üçün ölüm ya qalım məsələsidir və bunu siz bilirsiniz.

– Mən heç vaxt qərarlarımı dəyişmirəm.

– Cənab, mən sizə nə isə elədim ?

– Heç nə.

– Belədirsə, Klod cavab verdi, məni niyə Albindən ayırırsınız ?

– Çünki, direktor cavab verdi.

Bu cavabdan sonra direktor yoluna davam elədi.

Klod başını aşağı salıb cavab vermədi. Köpəyini itirmiş qəfəsdəki zavallı aslan!

Onu da deməyə məcburuq ki, bu ayrılığın kədəri dustağın qarınqululuğuna heç bir təsir etmədi. Onda heç bir dəyişiklik hiss olunmurdu. O heç bir yoldaşına Albin haqqında danışmırdı. Fasilə vaxtı həyətdə tək gəzişər və həmişə ac idi. Vəssalam. Amma onu tanıyanların dediyinə görə onun sifətində qaranlıq bir ifadə getdikcə nəzərə çarpırdı. Bundan başqa o hər zamankı kimi sevimli və yumşaq idi. Bir neçə nəfər öz payını onunla bölüşmək istədikdə gülümsəyərək imtina etmişdir. Hər axşam, direktorun ona verdiyin cavabdan etibarən, onun kimi ciddi şəxs tərəfindən təəccüb doğuran bir şey edirdi. Direktor hər zamankı saatda onun qarşısından keməndə, Klod qozlərini qaldırıb ona diqqətlə baxır, sonra ona həyəcan və hirs dolu səslə, eyni zamanda yalvarışa və hədəyə bənzər tonla yalvararaq bu iki sözü deyirdi: bəs Albin ?

Direktor özünü eşitməzliyi vurur ya da çiyinlərini çəkərək uzaqlaşırdı. Bu şəxs çiyinlərini çəkməkdə yanılırdı, çünki bu qəribə səhnələrin tamaşaçıları bilirdi ki, Klod Qö daxilən nə isə etməyə qərar vermişdi. Bütün həbsxana həyəcanla əzmkarlıq və qətiyyət arasındakı bu mucadilənin hansı nəticə ilə bitəcəyini gözləyirdi. Bir dəfə Klod direktora deyirdi:

– Qulaq asın cənəb, yoldaşımı mənə qaytarın. Bu sizin marağınızdadır, sizi əmin edirəm.

Bir dəfə, bir bazar günü, o həyətdə, dirsəkləri dizlərində və alnı əllərində daşın üzərində bir neçə saatdan bəri oturmuşdur ki, məhkum Lafayet ona yaxınlaşdı, ona bağıraraq və gülərək dedi:

– Burada nə edirsən Klod ?

Klod yavaşca əzmli başını qaldırdı və dedi:

– Kimisə mühakimə edirəm.

Nəhayət bir axşam, 25 fevral 1831-ci ildə, direktor yoxlama etdiyi zaman Klod səhər koridorda tapdığı bir saat şüşəsini ayağı altında səs küylə sındırdı. Direktor səsin haradan gəldiyini soruşdu.

– Narahat olmayın, mənəm. Cənab direktor, mənə yoldaşımı qaytarın.

– Qeyri mümkündür. Rəhbər cavab verdi.

– Bu sizin marağınızdadır, yavaş və təmkinli səslə dedi;

və direktora baxaraq əlavə etdi :

– Düşünün. Bu gün şənbə günü oktyabrın 25-i dir. Mən sizə noyabrın 4-ə qədər vaxt verirəm.

Qapıçı M.D. yə işarə etdi ki bu bir təhdiddir və zirzəmi ilə cəzalanmalıdır.

– Yox, zirzəmiyə ehtiyac yoxdur direktor gülərik cavab verdi ; bu cür insanlarla yaxşı davranmaq lazımdır !

Sabahısı gün Peno adlı məhbus həyətdə yalnız və fikirli gəzərək başqalarını həyətə düşən balaca günəş şüalarından yararlanmağa buraxan Kloda yaxınlaşdı.

– Eh ! Klod nə haqda düşünürsən ? qəmgin görünürsən.

– Qorxuram ki, Klod dilləndi, bu M.D. nin başına bir iş gəlsin.

Oktyabr ayının 25-dən noyabrın 4-ə qədər doqquz dolu gün var.

Klod Albinin yoxluğunun onu nə qədər çətin vəziyyətə saldığını bildirmək üçün heç bir fürsəti əldən vermirdi. Direktor nəhayət yorulub onu iyirmi dörd saatlıq zirzəmiyə saldırdı çünki bu dəfə onun xahişi daha çox tələbə bənzəyirdi.

Klodun əldə etdiyi bundan ibarət oldu. Noyabrın 4-ü gəlib çatdı. Həmin gün Klod M.D. nin Albini ondan ayırdığı zamandan bəri ilk dəfə sakit sifətlə yuxudan oyandı. Oyanan kimi o çarpayısının ayağındakı içində bir neçə kohnə para olan taxta qutuda nə isə axtarmağa başladı. Oradan bir dənə dərzi qayçısı çıxardı. Bu onu sevən qadından, qızının anasından, keçmiş xoşbəxt ailəsindən ona qalan yeganə əşya idi. Klod üçün iki lazımsız əşyalardan birincisi qayçı idi çünki o sadəcə qadına lazım ola bilər, ikincisi kitab idi çünki o elm adamına lazım ola bilər. Klod nə tikməyi, nə də oxumağı bilirdi. Bərbad gündə olan, ağ əhənglə rənglənmiş və qiş vaxtı gəzinti həyəti kimi istifadə olunan keçmiş daxili həyətdən keçəndə diqqətlə böyük xaç formasında olan pəncərə qəfəsinə baxan məhbus Ferrariyə yaxınlaşdı. Klod balaca qayçını əlində tuturdu, onu Ferrariyə göstərdi və dedi:

– Bu axşam bu qəfəsləri bu qayçı ilə kəsəcəyəm. Ferrari, inamsız, gülməyə başladı, Klodda ona qoşuldu. Həmin səhər o əvvəlkindən də daha əzmlə işlədi; o heç zaman bu qədər cəld və yaxşı işləməmişdir. O Troylu zədəgan Cənab Bresyenin ona öncədən ödədiyi saman şapkasını həmin səhər qurtarmağı qarşısına məqsəd qoydu. Günortadan sonra onun işlədiyi mərtəbənin alt qatında yerləşən, dülgərlərin işlədiyi emalatxanaya yendi. Klodu orada hər yerdə olduğu kimi çox sevilirdi, amma oraya nadir hallarda gedərdi.

– Budur ! Klod !

Onu dövrəyə aldılar. Bayram başladı. Klod otağa göz gəzdirdi. Nəzarətçilərin heç biri orada deyildi.

– Kim mənə bir balta verə bilər? dedi.

– Nəyinə lazımdır ? ondan soruşdular.

O cavab verdi :

– Bu axşam emalatxanaların direktorunu öldürmək üçün.

Ona seçmək üçün bir neçə balta təqdim etdilər. O ən balacasını və itisini götürüb şalvarında gizlətdi və bayra çıxdı. Orada iyirmi yeddi dusdaq var idi. O onlara sir saxlamağı xahiş etmədi. Amma hamısı bu sirri saxladı.

Onlar hətta bu haqda öz aralarında da danışmadılar. Hərəsi nə baş verəcəyini gözləyirdi. Bu iş dəhsətli, aydın və asan idi. Çətinlik yaranması gözlənilən deyildi. Kloda nə məsləhət vermək nə də onu satmaq olardı. Bir saat sonra o gəzinti sahəsində əsnəyən on altı yaşlı dustağa oxumağı öyrənməyi məsləhət görürdü. Bu vaxt məhbus Lafayet Kloda yaxınlaşıb onun şalvarında nə gizlətdiyini soruşdu.

Klod cavab verdi :

– Bu M. D. ni bu axşam öldürmək üçün baltadır.

O əlavə etdi :

– Görünür ?

– Bir az, Lafayet cavab verdi.

Günün qalan hissəsi sadə oldu. Axşam saat yeddidə dustaqların hər birini emalatxananın ona aid olan hissəsinə qatıb bağladılar; nəzarətçilər vərdişlərinə uyğun olaraq otaqlardan çıxıb direktor yoxlamasını bitirəndən sonra gələcəkdirklər. Klod Qö də başqaları kimi iş yoldaşları ilə öz emalatxanasına qatıldı.Bu zaman emalatxanada qeyri adi bir səhnə yaşandı, heç bir tarixin nəql edə bilməyəcəyi nə əzəmətdən nə də dəhşətdən uzaq bir səhnə. Orada, sonradan istintaqın da təyin etdiyi kimi Klod da daxil olmaqla səksən iki dustaq var idi. Nəzarətçilər gedəndən sonra Klod bir dəzgahın üzərinə qalxıb bütün otağa onun deyəsi sözü olduğunu bildirdi. Sakitlik köçdü. Klod səsini yuksəldərək dedi:

– Siz hamınız bilirsiniz ki, Albin mənim qardaşım idi. Burada mənə verilən yemək mənə kifayət etmir. Hətta qazandığım az pulla sadəcə çörək alsam da bu mənə kifayət deyil. Albin

öz payını mənimlə bölüşürdü; mən onu öncə məni yedizdirdiyi üçün sevdim, sonra onun üçün ki, o da məni sevirdi. Direktor, M. D., bizi ayırdı. Bizim birlikdə olmağımız ona heç bir problem yaratmırdı ; amma o pis insandır, başqasına əziyyət verməkdən həzz alır. Mən ondan Albini geri qaytarmasını xahiş etdim. Siz də şahidsiniz, o qəbul etmədi. Nəhayət mən ona Albini mənə qaytarmaq üçüm dörd gün verdim. O məni bunu dediyim üçün zirzəmiyə saldırdı. Mən isə bu zaman ərzində onu mühakimə edib ölümə məhkum etdim. Bu gün noyabrın 4-ü dür. O iki saatdan sonra yoxlamasını həyata keçirmək üçün gələcək. Sizi xəbardar edirəm ki, onu öldürəcəm. Bu barədə nə isə demək istəyirsiniz?

Hamısı sakit durdu.

Klod davam etdi.

Deyilənlərə görə o təbiətinə uyğun olaraq nitqini qeyri adi baracarıqla davam etdi. O zorakı bir hadisə törədəcəyinin fərqində olduğunu amma bu işdə başqa əlac görmədiyini və yanılmadığını deyirdi. Onu dinləyən səksən bir dustağın hamısını agah etdi:

Ki o çıxılmaz vəziyyətdə idi;

Bəzən ədaləti səxsən bərpa eləmək adamın istəyindən asılı olmayan bir ehtiyacdır;

Həqiqətə qalanda o direktorun həyatını özününkünü vermədən ala bilməzdi, amma o öz həyatını adil bir şey üçün verməyə hazır idi;

O iki aydan etibarən dərindən düşünübdür ;

Ona görə o hisslərinə kor korənə boyun əymir, əyər bu belədirsə ona bildirsinlər;

O öz qərarını ona qulaq asan adil insanların mühakiməsinə buraxırdı ;

Nəhayət o M. D. ni öldürəcək, amma kimsə etiraz etmək istəyirsə onu dinləməyə hazırdır.

Bir səs eşidildi, o deyirdi ki Klod direktoru öldürməzdən əvvəl onunla danışsa və bu barədə düşünsə yaxşı olar.

– Doğrudur, Klod cavab verdi, bunu edəcəyəm.

Böyük saat səkkizi göstərirdi. Direktor saat doqquzda gəlməli idi. Bu qəribə kasasiya məhkəməsi onun qərarını təsdiq edəndən sonra Klod öz sakitliyini tapdı. O sahib olduğu bütün paltarları masanın üzərinə qoydu, zavallı dustağın kasıb varidatı, onları Albindən sonra ən çox sevdiyi yoldaşlarına payladı. O sadəcə balaca qayçını özündə saxladı. Sonra bütün yoldaşlarını qucaqladı. Bəziləri ağlayırdı, onlara baxıb gülümsədi. Bu sonuncu saat ərzində o elə sakit və şəncəsinə danışırdı, onun bəzi yoldaşları, onların sonradan dediyi kimi, inanmağa başlayırdi ki, o fikrini dəyişəcək. O hətta bir dəfə burnunun nəfəsi ilə emalatxananı işıqlandıran şamı söndürdü, onun qəbul olunandan artıq və ləyaqətinə xələl gətirəcək tərbiyəsizlik problemi var idi. Bu keçmiş küçə uşağına bəzən Parisin arxlarının iyini hiss etməyə heç nə mane ola bilməzdi.

Onun nəzəri zəif, gözlərini zilləyib titrəyərək baxan, baş verəcəklərin necə olacağını gözləyən bir dustağa sataşdı.

-Cürətli ol, cavan oğlan! Klod ona yavaşca dedi, bir ana hər şey bitəcəkdir.

 

Viktor Hüqo

Fransız dilindən tərcümə etdi: Dilbadi Qasımov

Yuxarı