post-title

Yə­qin nurçu abilər bir-birilərinin götünü qırxırlar - "93 - Tanrıların qürubu" romanından parça

Şagirdlər iki qrupa bölünmüşdülər: nurçular və an­ti­nur­çular. Nurçular şagirdlərin dindar, daha ağılsız və savad­sız hissəsini təşkil edirdilər. Görünür, onların başlarını bişir­mək daha asan idi. Nurçulara litsey çox böyük güzəştlər edir­di. Bir dəfə abi məni yeməyə dəvət etdi. Yemək ərzində hə­mi­şəki kimi mənasız mövzulardan danışırdı.

 


Qonorarımı almaq üçün redaksiyaya gələndə kom­püterin arxasında oturan Nuridə Kamal, işini-gücünü atıb, dırnaqlarına lak çəkməklə məşğul idi. Məni gö­rüb tənbəl ədayla, «şef içəridədi, yanında qonaqlar var» de­di. Ona təşəkkür elədim, dırnaqlarına çəkdiyi rəngin isə ona yaraşmadığını dedim. Göstərdiyim nəzakətsiz­likdən gözləri kəlləsinə çıxan qızın acı cavabını eşitməmək üçün, cəld Əzəmətin otağının qapısını açdım.
 
İçəri boylandığımı görən Əzəmətin çiçəyi çır­tdadı.
 
- Namizəd, tez ol, gəl içəri. Gör, bu uşaqlar nələr danı­şır! Adamın tükləri biz-biz durur!
 
İçəri keçib gəncləri maraqla süzdüm. İkisi də Əzəmət Dilipakla qabaq-qənşər əyləşmişdilər. Dolu bə­də­ni, azacıq saqqallı, qıvrım saçları olan gəncin adı Orxan, arıq və dostu kimi qıvrım saçları olan oğlanın adı isə Toğrul idi. İkisinin də sıxıldığını, utandığını hiss elədim.
 
Öyrəndim ki, Nuridənin qonaq dediyi bu iki ca­van, üç il əvvəl Bakıdakı Türk liseyindən məzun olub­lar, indi də Tibb Universitetində oxuyurlar. «Alma»ya gəl­məkdə məqsədləri isə, liseydə şahid olduqları bəzi maraqlı hadisələri nəql edib, qəzetimizdə işıqlandırmaq idi. Onların məyus halı, mənə də sirayət elədi. Boş stul tapıb oturdum, bir si­qa­ret yandırdım. Uşaqlar gözlərini Əzəmətdən və məndən qa­çırdır, gah tavana, gah masanın üstündəki kağız-kuğuza ba­xırdılar.
 
- Bəlkə ətraflı danışasınız? - dedim.
 
Əzəmət başı ilə sözümü təsdiqlədi:
 
- Onsuz da beş-on dəqiqə əvvəl gəliblər. Çox söhbət elə­məmişik hələ. Amma indiyə qədər danışdıqlarından belə ba­şa düşdüm ki, bu xatirələrin hamısını qəzetə verə bil­mə­rik.
 
Məni maraq bürüdü.
 
- Dostlar, türk liseyində oxumusunuz, çox gözəl, - de­dim. - Mən bilən, orda əla təhsil verilir, uşaqlara mükəm­məl səviyyədə ingilis dili öyrədilir. Prezidentimiz də ingilis di­lini yaxşı bilir.
 
Gənclər bir ağızdan həyəcanla:
 
- Prezidentimizin dillərinə qurban olarıq! – qışqırdılar.
 
Yəqin fikirləşiblər ki, onları təxribata çəkirəm.
 
- Uşaqlar, rahat olun, - Əzəmət dedi. - Təfsilatlı olaraq he­kayənizi bizə danışın. Biz də baxaq görək, dərc eləməyin ye­ri var, ya yox.
 
Toğrul Orxana, Orxan Toğrula baxdı. İkisi də əvvəlcə qızardılar, sonra rəng dəyişib bo­zar­dılar. Sanki qara bir bulud, zəmi üzərində səkən dörd ay­lıq ceyranın kölgəsini qeybə çəkdi. Nəhayət, bir-birinə qaş-göz hərəkətləri edə-edə öz ara­la­rın­da razılaşdılar.
 
Orxan Əzə­mət­dən icazə alıb, cibindən çıxardığı «Viceroy» siqaretini yandırdı:
 
- Litseyə qəbul olunmamışdan əvvəl, qızsız bir mək­təbdə oxuyacağımı bilirdim. 6-cı sinfin axırında imtahan ve­rib 7-ci sinifdən litseyə keçdim. Bunu nəzərə alsaq, o zaman qızsız bir məktəbdə oxumaq mənə elə də böyük bir problem, dərd kimi görünmürdü. Həm də litseyin verdiyi təhsil haq­qın­da yayılmış dastanlar, qəbulun testlə olması mənə çox cazibədar görünürdü. Valideynlərim də bu litseydə oxuyacağım təqdirdə, mənim üçün istədiyim hər şeyi edəcəklərinə söz ver­mişdilər.
 
Orxan siqaretindən dərin qullab alıb gülümsündü.
 
- Valideynlərim belə vədləri universitetə qəbul ol­unanda də vermişdilər, amma heç birinə əməl et­mə­dilər. Nə isə... Litseydə məcburi olaraq hamı vahid məktəbli forması ge­yməli idi. Bu geyim göy pencək, boz şalvar, mavi köy­nək və göy qalstukdan ibarət idi.
 
Onun sözünü kəsdim:
 
- Bu forma sizi qane eləmirdi?
 
- Edirdi, əlbəttə. Amma uniforma geyməyimizin səbəbini müəllimlərdən soruşanda, bunun uşaqlar arasında­kı maddiyat fərqinin bilinməməsi məqsədilə edildiyini deyirdilər. Guya belə olduqda, kimin varlı, kimin kasıb olduğu seçilmir, uşaqlar arasında bir-birinin maddi vəziyyətinə görə ayrı-seçkilik yaran­mır. Amma pullu uşaqlar hər il bahalı və təzə paltar alırdı, kasıblar isə bir şalvarı 5 il geyinirdilər.
 
Bu dəfə Əzəmət müdaxilə etdi:
 
- Amma həyatda da belədir. Kasıblarla varlılar ara­sın­da uçurum var. Bu reallıqdır. Siz bu reallığa litseydə şahid olub qəzəblənmişdiniz?
 
Əzəmətin cavabını Toğrul verdi:
 
- Xeyr qəzəblənməmişdik. Sadəcə olaraq, vahid uniforma ilə izini iti­rmək istədikləri sosial status, onsuz da nəzərə çarpırdı. Özü də daha qabarıq şəkildə!
 
- Davam edin, - deyə dilləndim.
 
- Litseydə hər sinfin sinif rəhbərindən başqa həm də «abi»si vardı, - Toğrul dedi. – «Abi»lər uşaqlara yaşca daha yaxın olduqları üçün, uşaqların problemləri ilə daha yaxından məşğul olmalı, ehtiyacı olanlara kömək etməli idilər. Sözün dü­zü, mən abilərin bizimlə oturub çay içib gic-gic söhbətlər etməkdən başqa, nə işə yaradıqlarını təzə-təzə heç anla­mır­dım. Həm də litseyi mənim gözümdə ilahiləşdirdiklərinə gö­rə, belə şeyləri başa düşməməyimin səbəbinin özümdə olduğunu dü­şü­nürdüm. Bir də ki, abilər hər­dən zəhləmi töksələr də, mənə çox mane olmurdular. Sinifdə hər biri beş-altı şagirddən iba­rət qruplar yaradılmışdı. Hər qrupun həftənin hansısa bir gü­nü «rəhbərlik saat»ı olurdu. Yəni abiylə oturub çay içir, müx­təlif şirniyyatlar yeyirdik. Abi də bunun əvəzində bizə hə­yatdan, mənəviyyatdan, əxlaqdan, vətəndən, namusdan və s. mənasız şeylərdən danışırdı. Biz də çayımızı içə-içə ara­da bir abiyə qulaq asırdıq.
 
Şübhəylə gözlərini qıyıb onlara qulaq asan Əzəmət, qəfildən soruşdu:
 
- Abilər sizə əl atmırdılar? Yəni o mənada ki...
 
Uşaqlar onun nə demək istədiyini başa düşdülər. Toğrul dərhal cavab verdi:
 
- Yox, belə bir hadisəylə üzləşməmişik.
 
Əzəmətə məzəmmətlə baxdım. Baş redaktorum məni başa düşdü. Peşman olmuşdu.
 
Sözü Orxan aldı:
 
- İlk günlərdən bizə yarızarafat, yarıciddi olaraq, şübhə etməyin çox pis vərdiş olduğunu yeridirdilər. Buna aid bir misalları da var idi: «mən də zənn etmişdim ki, arxadan qaz çıxacaq, amma başqa bir şey çıxdı». Yəni tualetə gedib dal­dan qaz çıxmasını gözləyirsən, bir də görürsən nəcis çıxır.
 
Mən sifətimi turşudaraq, müdaxilə etdim:
 
- Bu təfərrüatlara ehtiyac yoxdur.
 
- Oldu, Namizəd bəy. Deməli, bizim müəllimlər uşaq­ların diqqətini cəlb etmək üçün nədən gəldi danışırdılar. Ən əsas metodları isə söyüş eşitməyən biz uşaqların ya­nı­n­da söyüş söyüb, bizi güldürmək, bu yolla sinfi ələ almaq idi. Türk dili müəllimimiz Kadir Ağıl 7-ci sinifdə həm də sinif rəh­bə­ri­miz olmuşdu. O, söyüş metodundan ən çox istifadə edən­lər­dən idi: «Bakın çocuklar, bana şu sinus, kosinus hiç de gerek de­ğil. Ben gidip de evde karıma «avrat domal, ben sana sinus 37o ile sokacağım» demem ki...» Hərçənd ki, bu mü­əl­lim­lər bizi evlərinə iftara dəvət etdiklərində, arvadlarını mətbəxə soxur və gələn qonaqlara göstərmirdilər. Bu da özü­nü insanpərvər adlandıranların qadına münasibəti! Təbii ki, bu sözlərdən sonra sinifdə beş dəqiqəlik fasiləsiz gülüş, bizdə isə bu müəllimə qarşı simpatiya yaranırdı.
 
Əzəmətə fikir verdim. Baş redaktorum sinus söh­bə­tin­dən sonra uğunub getmişdi. Ağzını yumsa da, qəribə «qırt-qırt» səsləri çıxararaq gülürdü. Orxanla Toğrul, Əzəməti güldürə bildiklərinə görə, xoşbəxt görünürdülər. Mən də gülümsədim. Həqiqətən də arvadıyla riyazi düsturlarla se­vi­şən adam görmək maraqlı olardı. Orxan dedi:
 
- Litseyimizin yataqxanası da vardı. Müəllimlər, yəni ho­calarımız, valideynlər arasında güclü təbliğat aparırdılar ki, hamı uşaqlarını yataqxanaya qoysun. Yataqxana mü­hi­tin­də olan tələbələr, bütün günlərini müəllimlərin və abilərin əha­təsində keçirdiklərinə görə, onlara təsir etmək daha asan idi.
 
- Yataqxanada qalanda nə olurdu ki? – soruşdum.
 
- Necə yəni? Üzərimizdə yüz faizlik nəzarət yaranırdı. Bu azdır məgər?
 
- Davam edin.
 
Toğrul Orxanın ağzını açmasına imkan vermədi. Sözə özü başladı:
 
- Məsələn, mənim ilk dəfə döyülməyim də ya­dım­da­dır. 7-ci sinifdə Kadir Ağılın mənə vurduğu şillənin yeri in­di­yə qədər ağrıyır. Koridorda 2 nəfər dalaşırdı, mən də gu­ya onları ayırmağa çalışırdım. Kadir Ağıl da bunu görüb mə­nim dalaşdığımı zənn eləmişdi. Şillə də ara yerdə mənə dəydi.
 
- Bu Kadir müəllim nə yaman şey imiş, - Əzəmət dedi. – Gah arvadını dombaltmaqdan danışır, gah sizi şillələyir.
 
- Kadirdən də qəddar müəllimimiz vardı, - Or­xan dedi. - İngilis dili müəllimimiz Hayrettin Çandır. Onun özü­nün xüsusi döymə metodları vardı. Döymək üçün səbəb isə çox idi: şagird ev tapşırığını hazırlamayanda, dərsdə da­nışanda, müəllimə söz atanda, imtahanda başqasından köçürdəndə cəza ağır olurdu. O, qulağımızı vəhşicəsinə dar­tır, gicgahdakı tüklərimizi çəkir, hər iki əli ilə - qoşa şillə vururdu. Bu hərə­kət­lə­rinə görə Hayrettin Çandırı öz aramızda Hayrettin Cındır çağırırdıq.
 
Bu dəfə gülmək növbəsi məndə idi. Amma mən Əzə­mət­dən fərqli olaraq qəhqəhə çəkib gülürdüm. Əzəmət şəhadət barmağını dodağına qoyub gözucu yan divara işarə etdi. Başa düşdüm ki, qonşu otaqda işləyən operator qızları na­ra­hat eləməməyi xahiş edir.
 
Toğrul məni də güldürə bildiyinə görə, xoşbəxt gö­rü­nür­dü.
 
- Amma günlərimiz yenə də şən keçirdi, - dedi. - Bu da litseydəki uşaqlarla qurduğumuz möhtəşəm dostluqların sayəsində mümkün olmuşdu. Sinifdə elə bir uşaq yox idi ki, ən az bir ləqəbi olmasın. Ləqəblərin əksəriyyəti heyvan adlarıyla bağlı idi: tısbağa, it, pişik, dəvə, eşşək, meymun, ördək, ayı və s. Bəzi ləqəblər isə digərlərindən xüsusilə fərqlənirdi: impotent, ma­şın, dırbala, motosiklet, kartof, düşbərə, prişik, urod, kaçok, bambılı və s. Düzdür, məktəbimiz uşaqlar arasında ciddi əla­qə­lərin yaranmasına imkan vermirdi. Çünki hər bir-iki ildən bir sinifləri qarışdırırdılar.
 
8-ci, 9-cu və 10-cu siniflərin yay tətilində, litsey bizi Na­b­ra­na düşərgəyə aparırdı, - Toğrul dedi. - Hamının gəlməsi məc­buri idi. Bu, məktəbin təbliğat proqramının bir hissəsi idi. Müxtəlif üsullara əl ataraq, valideynlərimizi razı salm­a­ğa çalışırdılar ki, uşaqlar düşərgəyə getsin. Düşərgədə də san­ki əsgərlik rejimi hökm sürürdü. Hamımızı səhər saat 7-də məcburi yuxudan oyadırdılar. Səhər idmanından sonra 3 saat imtahan olurdu. İmtahandan sonra 2 saat kitab mütaliəsi, arada bir saat fasilə və yenidən üç saat kitab oxuma təyin olunur­du. Kənardan hər şey əla görünə bilər. Ancaq onsuz da çətin dərs ilindən sonra belə rejimli düşərgə sistemi bizi tamam bezdirirdi. Ən əsası da bu idi ki, oxumağa verilən kitablar yalnız dindən bəhs edirdi. Kitabların müəllifləri isə Fətullah Gülən, Said Nursi, Harun Yəhya kimi adamlar idi. Hər gün oxuduğumuz səhifələrin sayını qeyd edirdilər. Düşərgə vaxtı bitəndə, ən çox kitab oxuyanlara hədiyyələr ve­ri­lirdi. Başqa kitab oxumağa icazə verilmirdi. Oxusan da hə­min kitablar, kitab sayılmırdı. Verilən kitablarda dünyanın bü­tün dahiləri cındır, bütün nəzəriyyələr yalan çıxarılırdı. Mən bir dəfə Məhəmməd peyğəmbərin həyatından kitab oxumuşdum. İndi yadıma düşəndə sərf etdiyim vaxta hey­fim gəlir.
 
- Siz ateistsiniz? – soruşdum.
 
Orxan dodaqlarında kinayəli təbəssümlə:
 
- Bəs siz belə bir məktəbdə oxusaydınız, ateist ol­maz­dı­nız? – soruşdu. - Dinə nifrət elədik o litseydə.
 
- Xeyr, nifrət eləməzdim, - dedim. – Amma yanıla da bi­lə­rəm. Bəlkə də edərdim... Yox, çox çətin sualdır. Nə isə, siz söhbətinizi eləyin.
 
- 8-ci sinifdə Nabrandakı imtahana etiraz əlaməti ola­raq, testin bütün suallarında «A» cavabını qaralamışdım. Bu hərəkətim də cəzasız qalmadı. Ertəsi gün, məni idman dərsindən əvvəl çağırıb səksən nəfərin gözü qarşısında bir metrlik ağac budağıyla o ki, var döydülər. Sonra qa­çırt­mağa başladılar. Həmin gün bronxlarım spazm olmuşdu, nəfəs ala bil­mir­dim. O gündən sonra səhər idmanına qoşula bilmədim.
 
- Bəs bu növ cəzalara etiraz, ya da şikayət edə bil­mir­di­niz? – Əzəmət təəccüblə soruşdu. – Sizi çubuqla döyməyə on­ların nə ixtiyarı var idi ki?
 
- Məsələ orasındadır ki, valideynlərimiz bu növ cəza­la­rın tətbiqinə öz razılıqları ilə rəvac verirdilər. Düşünürdülər ki, müəllimlər bizi nə qədər döysələr, o qədər tərbiyəli ola­rıq.
 
- Belə olmadı? - soruşdum.
 
- Deyə bilmərəm. Ən azından, biz ikimiz də val­i­deyn­lə­rimizə nifrət edirik, - Orxan dedi.
 
Yeni bir siqaret yandıraraq, tüstünü ləzzətlə tavana üfürdüm, köks ötürdüm. Orxan:
 
- Doqquzuncu sinifdən litsey artıq öz nurçuluq təbliğatını daha açıq şəkildə aparırdı, - dedi. - Müəllimlər və abilər, vali­deyn­lər­lə daha sıx əlaqə yaratmaq üçün hər rüb şagirdlərin ev­lə­ri­nə gedirdilər. Bir dəfə sinif rəhbərimiz Taner Aslan bizə gələndə, atam ona araq təklif eləmişdi. Əlbəttə ki, müəllimim ra­zılaşmamışdı. Valideynlərim mü­əl­lim­lə­ri­min heç birinin siqaret çəkmədiyini və içki içmədiyini biləndə çox sevinmişdilər. Am­ma maraqlıdır ki, heç nədən şübhələnməmişdilər.
 
Əzəmət onun sözünü kəsdi:
 
- Nədən şübhələnməliydilər ki?
 
- İçki içməyən, siqaret çəkməyən bir adamın dindar ola biləcəyindən.
 
- Dindar olmaq qəbahətdir?
 
Toğrulla Orxan çaşqın görünürdülər. Nəhayət, Orxan cavab verdi:
 
- Xeyr, qəbahət deyil. Amma dindar adam, öz dinini dün­yəvi məktəbdə təbliğ edirsə, bu artıq qəbahətdir.
 
Əzəmət başını bulayıb, onunla razılaşdığını bildirdi.
 
- Tənəffüslərdə sinifdə butulka qapağı ilə futbol oyna­yır­dıq, -Toğrul gözlərini tavana zilləyib, üzündə təbəs­sümlə dilləndi. - Bir nəfəri də sinfin qapısında gözətçi təyin edirdik ki, müəllimlər gələndə bizə xəbər versin. Amma ne­çə dəfə müdir müavini Kamil Kemancı futbol oynayanda bi­zi yaxalamışdı. Bu zaman bizə əvvəlcə töhmət verir, sonra isə vəhşicəsinə döyürdülər. Mənə həmişə maraqlı idi ki, otuz beş-qırx yaşlı müəllimlər on iki-on beş yaşlı uşaqları necə belə vəh­şi­liklə döyə bilərlər? – Toğrul gözlərini tavandan ayırıb diq­qətlə mənə baxdı. Sanki bu sualın cavabını məndən göz­lə­yirdi. Mən isə çiyinlərimi çəkib, «bilmirəm» dedim.
 
- Həmişə insanlıqdan danışmaqlarına baxmayaraq, öz­lə­ri kimi cındır insan yox idi! Şagirdləri süründürməkdən zövq alırdılar. Bütün bu hərəkətlərini də «disiplin», yəni nizam-intizam adı al­tın­da edirdilər. Çox primitiv insan olduqlarını bu gün daha yax­şı başa düşürəm. Ramazan aylarında, abilər qruplarla uşaq­ları hər dəfə hansısa müəllimin evinə, ya da türk res­to­ra­nına aparırdılar. Yemək ərzində abilər bizə oruc tutmağın xeyiri­ndən, savabından, cənnətin necə gözəl, cəhənnəmin isə necə əzablı olduğundan danışırdılar.
 
Orxan söhbətə qoşuldu:
 
- Bəli, Ramazan ayında yataqxanada qalanların işi lap çə­tin olurdu, daha doğrusu yataqxanada qalıb oruc tut­ma­yan­ların. Oruc tutanlara səhər yaxşı yeməklər verilirdi, tut­ma­yanları isə heç dərs vaxtı da oyatmırdılar. Oyadanda da oruc tutanların qabağından qalan artıq-urtuğu yedizdirirdilər.
 
Bir az qabağa əyilib maraqla soruşdum:
 
- Deməli, siz dünyəvi tədrislə yanaşı dini təbliğata məruz qaldığınızı hiss eləməyə başlamışdınız?
 
- Bəli. Xüsusilə onuncu sinifdə artıq biz litseyin əslində nə ilə məşğul olduğunu başa düşürdük. Bununla da «antinur» hə­rəkatını başlatdıq.
 
Əzəmət stəkanın dibində qalan soyuq çaydan bir qurtum alıb soruşdu:
 
- Antinur hərəkatı nə deməkdir?
 
Onun sualına Toğrul cavab verdi:
 
- Şagirdlər iki qrupa bölünmüşdülər: nurçular və an­ti­nur­çular. Nurçular şagirdlərin dindar, daha ağılsız və savad­sız hissəsini təşkil edirdilər. Görünür, onların başlarını bişir­mək daha asan idi. Nurçulara litsey çox böyük güzəştlər edir­di. Bir dəfə abi məni yeməyə dəvət etdi. Yemək ərzində hə­mi­şəki kimi mənasız mövzulardan danışırdı. Yeməkdən çıxan­dan sonra məscidin yanından keçəndə abi mənə namaz qılmağı təklif etdi. Namaz qıla bilməməyimə baxmayaraq o təkid etdi və mən razılaşdım. Yarım ildən sonra təhsil haq­qım­da 50% güzəşt etdilər.
 
- Bir dəqiqə, - dedim. - Litseyin qiymətləri çox baha idi mə­gər?
 
- Bəli, min dollara yaxın.
 
- Deməli, sən bir dəfə namaz qıldığına görə sənə əlli faiz güzəşt etdilər?
 
- Elədir.
 
- Onda namazı elə bütün il ərzində qılardınız da!
 
Uşaqlar təəccüblə mənə baxdılar. Sonra Toğrul başını aşağı endirərək dedi:
 
- Mən bir müddət qıldım... Sırf pulun xətrinə. Ailəmə yük olmamaq üçün. Düzdür, Orxan mənə satqın gözüylə baxır­dı!
 
Orxandan soruşdum:
 
- Sən indi də dostuna o gözlə baxırsan?
 
- Yox, - dedi. - Artıq fərqli düşünürəm. Kaş ki, özüm də bütün bu illər ərzində namaz qılaydım. Valideynlərim də indiyə qədər, mənim üçün minlərlə dollar xərclədiklərini başıma vurmazdılar.
 
- Bəs sən namaz qılmırdınsa, nə edirdin? Təbliğata necə müqavimət göstərirdin?
 
- Onuncu sinfin Nabran düşərgəsində, bizim litseyə qarşı aqressiyamız daha da gücləndi. Səbəb də ki, dediyimiz kimi, aparılan təbliğatın şiddətlənməsi idi. Artıq abilər heç nədən çəkinmədən istədikləri mövzuda danışırdılar. Bu proses üçün ayrıca bir fənn də tədris olunurdu. Əvvəlcə dərs «Din dər­si» adlansa da, sonra ehtiyat edib onun adını «Mə­nə­viy­yat» qoydular. Əxlaq qaydaları, etiket və hətta düşünmə qay­daları da tədris edilirdi. Bir sözlə, mənəviyyat adı altında bi­zim düşüncəmizi idarə etmək, nurçuluq ideologiyasını ye­rit­mək istəyirdilər. Doqquzuncu sinifdən sonra bizə Adəmdən tutmuş Mə­həm­mədə qədər bütün peyğəmbərlərin həyatı tədris olunurdu. Hal­buki çoxsaylı istəklərə baxmayaraq, rus dili fənni bizə cəmi bir il keçildi. Həmin ildən sonra rus dili könüllü fənn elan olundu, özü də dərs günündən sonra. Təbii ki, bu bir siyasət idi. Səhər saat doqquzun yarısından dördə kimi litseydə olan hansı şagird əlavə rus dili məşğələlərinə qalmaq istəyərdi? Təbii ki, heç kəs! Elə heç kimin gəlməməyi bəhanəsi ilə də, bu fən­nin tədrisini dayandırdılar.
 
- İndi siz rus dilini bilmirsiniz? – Əzəmət təəccüblə so­ruş­du.
 
Toğrul acı-acı gülümsədi:
 
- Təsəvvür edirsiniz?! Bakıda doğulub böyüyəsən, am­ma rus dilini bilməyəsən? Bu da litseyin bizə verdiyi təhsil.
 
- Bəs sizin üsyankarlığınız diqqətdən kənar qalırdı? Ba­rənizdə ölçü götürülmürdü?
 
- On birinci sinif son ilimiz olduğuna görə, bütün məktəbin diqqəti bizə yönəlmişdi, - Orxan dedi. - Bizə daha peşəkar abi­lər təyin edirdilər. Mən onların ümidlərinin necə də bö­yük olduğunu görür, səbirlərinə heyrət edirdim. Bir nəfəri be­lə əldən buraxmaq istəmirdilər. Abilər sinifdəki namaz qı­lan uşaqlara digərlərini yola gətirməyi tapşırmışdılar. Hər bir na­maz qılmayan şagird, bir namaz qılana tapşırılmışdı. Si­nif­də namaz qılanlar arasında çox süni səmimiyyət ya­ran­mış­dı. Həmişə bir-birinə nifrət edən insanlar guya indi bir-bi­rinə hörmət edirdilər. Mənim litsey illərində dostluq qur­du­ğum dostlarımın bir neçəsi ilə islama görə münasibətim pozuldu. Bəs deyirdilər ki, islam insanları yaxınlaşdırır?
 
Toğrul dostunun sözünü kəsib, əlavə elədi:
 
- Hətta on birinci sinifdə müdir müavini ikinci ixtisas qrupuna im­ta­han verən uşaqları öz yanına çağırıb, onlara Sərhəd Qo­şun­larına imtahan verməyi məsləhət görmüşdü. Beləliklə də, litsey hər bir sahəyə öz adamlarını soxmaq istəyirdi.
 
Əzəmət dərin maraqla onlara qulaq asırdı. Bir ara göz-gözə gəldik. Onun gözlərində sayrışan şeytani qığılcımdan, bu mövzuya qarşı onda marağın yarandığını anlamaq çətin deyildi.
 
- Bizə keçilən «əxlaq» dərslərinin pik nöqtəsi, litseyin son ilinə təsadüf etdi, - Orxan dedi. - Hər il olduğu ki­mi, bu ilin Ramazan ayında da abilərlə əlaqələrimiz sıx­laş­mış­dı. Demək olar ki, hər gün abi oruc tutanlara pulsuz iftar ve­rirdi. Biz də bundan istifadə etmək üçün, guya oruc tu­tur­duq. Bir dəfə abi çoxlu lahmacun alıb bütün sinifi ya­taq­xa­na­da iftara çağırdı. Əlbəttə ki, biz də getdik. Abimizin so­y­adı­nı unutmuşam, amma adı Murad idi. Murad abi sözə bir­ba­şa başlamadı. Əvvəlcə həmişəki kimi bir az İslamdan, bir az bizi qarşıda gözləyən universitet imtahanlarından, litseyi ömür boyu xatırlayacağımızdan, bu günləri heç vaxt unut­ma­yacağımızdan və bir az da həmişəki kimi gic-gic zəh­lə­tö­kən şeylərdən danışdı. Yeməyi təzəcə yeyib qurtarmışdıq ki, abi mətləbə keçdi. Onun danışdıqları bizi şoka salmışdı. Dü­zü­nü desəm qulaqlarıma inanmırdım: «İslam dininə görə, bə­dəndə buğda dənəsindən uzun tük saxlamaq olmaz. Bu şəx­si gigiyena üçündür. Nə qədər yusanız da, təmiz sax­la­sa­nız da, həmin effekti verməyəcək. Ona görə də qoltuqaltı na­hi­yə, paçanızın arası və götünüzün arasındakı tüklər qır­xıl­ma­lıdır.» İlk reaksiya hamıda eyni oldu. Hamımız məzə­lən­mə­yə, deyib-gülməyə başladıq.
 
Toğrul da dostunun dediklərinə öz əlavəsini elədi:
 
- Həqiqətən də, götqırxma prosesinin necə olacağını ba­şa düşmürdük. Arxaya çönüb öz götünün arasını necə qırx­maq olar? Sonradan uşaqlarla fikirləşib qərara gəldik ki, yə­qin nurçu abilər bir-birilərinin götünü qırxırlar. Uşaqlardan bə­zi­lə­ri Murad abinin məsləhətinə qulaq asmışdılar. Düzdü, heç bi­ri boynuna almırdı. Amma götün arasını qırxdıqdan sonra ye­ni çıxan tüklər götün incə dərisinə bataraq uşaqların ye­ri­şi­ni tamamilə dəyişirdi. Buna görə də yerişinə baxanda kimin qır­xıb, kimin qırxmadığını rahat təyin etmək olurdu.
 
Orxan gülərək dedi:
 
- Bundan sonra Murad abinin adı «götqırxan Murad» oldu.
 
Əzəmətlə mənim gülmədiyimizi görən uşaqlar, deyə­sən təəccüblənmişdilər. Həqiqətən də bu qırxma əhvalatı bi­zə gülməli görünmürdü. Toğrulla Orxanın bir-birlərinin sö­zü­nü kəsə-kəsə danışdıqları traqikomik hekayət, əksinə, bizi gül­dür­məkdən ziyadə, qara-qara düşündürürdü.
 
- Bu hadisələrdən sonra litseylə münasibətlərimiz daha da dözülməz həddə çatdı, - Toğrul dedi. - Litseyi bitirəndən və universitetə qəbul olunandan sonra bir dəfə litseyin mü­di­rindən icazə alıb üç-beş nəfərlik qrupumuzla Nabrandakı düşərgəyə getdik. Universitetin verdiyi nisbi azadlıqdan ya­rar­lanaraq, orada yaxşıca araq vurduq. Amma burada da bi­zi yaxaladılar və elə həmin gün düşərgədən qovdular. Artıq litseyin müxtəlif tədbirlərindən başqa dəvətlər almırdıq. Bu tədbirlərin birində dostum Məsimlə bir yerdə, «Bonaqua» bu­tulkasının içinə araq doldurub «hoca»larımızın yanındaca vur­muşduq. Amma hocalar necə oldusa, bundan da xəbər tut­du­lar. Bu hadisədən sonra isə daha litseyin heç bir tədbirinə bizi dəvət eləmədilər.
 
Mən ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Uşaqların danışdıqları həqiqətən də maraqlı idi, amma qə­ze­tə veriləcək dəyərdə deyildi. Daha doğrusu, hər şey bu uşaq­la­rın yazı üslubundan, xatirələrini necə işləyəcəyindən ası­lı idi. Deyəsən, Əzəmət də mənim kimi düşünürdü. Mənə diq­qətlə baxmağından, bu barədə fikrimi bilmək istədiyini anladım.
 
Toğrulla Orxana müraciətlə:
 
- Dostlar, danışdığınız əhvalatlar çox maraqlıdır. Am­ma imkanınız olsa, burada danışdıqlarınızı yazılı formada bi­zə verin. Biz də oxuyaq, baxaq, qəzetlik materialdırsa, çap edək. Necə fikirdi?
 
Orxan mənimlə dərhal razılaşdı:
 
- Əla olar. Mən razı.

 

Yuxarı