post-title

Qaymaq sevənlər

Söhbət qatıq və süd məhsullarından getməyəcək. Əvvəlcədən deyim ki, bu yazını yazanda nə araşdırma aparacam, nə statistik rəqəmlər, nə də ki samballı saydığınız adamların fövqəl fikirlərinə müraciət edərək sizi inandırmağa çalışacam. Öz təcrübəm və yonulmamış, rəndələnməmiş fikirlərimdir.

 

Bəhsini edəcəyim mövzu nurçular və onların cox insanın vecinə olmadığı Azərbaycandakı qurbanlarıdır. Bu nurçular o mübarəklərdir ki, mən onların nur və işığına qarşı coxdan qara eynək taxmağa başlamışam. Mən onların təbirincə desək həmin o tısbağayam ki, çanaqlarından çıxdım sonra isə onların altdan-altdan, yavaş ama bərk basaraq davam etdikləri hərəkatı bəyənmədim.

Bundan heç çəkinmirəm və utanmıram çünki mən də o qurbanlar kimi o camiaya düşərkən cəmi 12 yaşım vardı. Bir çox şeyi mən deyil, məlumatı olmayan ailəm seçmişdi.
 
98-ci il idi. Ucqar bir rayonda ucqar bir kənddə 6-cı sinifdə oxuyurdum. Məktəbdə dərslərim yaxşı atam da direktor idi. Bir gün gəldi evə, bir imtahan kitabçasını masaya qoyaraq dedi, çalışsan daha yaxşı yerdə oxuyacaqsan. Nəysə mən həmin kitabçadakı suallarla tanış oldum. Bir müddət sonra isə imtahana girdim. Pis keçməmişdi. Sonradan məlum olmuşdu ki keçmişəm.
 
Bir qara volqa ilə məktəbdən nümayəndələr bizə gəlmişdilər. Qonaq gələndə masa etrafında oturmağa alışmamış biri idim. Ona görə də məni sonradan çağırmalı oldular. Rəngli qalstuklu, incə bığlı türklərlə görüşdüm amma onlarla oturan əmimi və tanıdığım qonşunu isə saymadım. Bunun üstünə bu türklər bir espiri də partlatdılar. Samovar çayı və mürəbbə deyəsən onlara xoş təsir bağışlamışdı. Bir sözlə, atamın “hə”sini aldılar və mən iki rayon o tərəfdəki  bu türk məktəbinə cox həvəslə yerləşdim.
 
Bu yeni məktəbdə dərslər cox əla təsir bağışlamışdı. Xüsusilə ingilis dili dərsi. Zaman keçdikcə, sinif rəhbərimizdən əlavə “abi” adlandırdıqları tərbiyəçini bizə təqdim etdilər. Sonradan anladim ki, onun funksiyaları tərbiyəçilikdən də genişdir. O məsələyə ana, vətən, bayraq, himn və s- bu kimi mövzularla başlamışdı. Daha sonra isə söhbətlərdə verdiyi misallar dini çalar almağa başladı. Söhbətlərinə bu dini qəbildən olan hekayələr rəvayətlər daxil olmağa başlamışdı. Bu məclislərdə iştirak etməyə şagirdləri bir çox şey cəlb edirdi – gün ərzində normal verilməyən çay, şirniyyat, meyvə. Gecəyarısı isə daha maraqlı olanlara dadlı yemək. Peyğəmbərin həyatı, örnək səhabilər haqqında hekayə dinləmək məşğuliyyəti sonda bu yaşıdlarının qaymağı olan uşaqların namaz qılmaq və Fəthullahın “kövrək” nitqlərini dinləməklə əvəz olundu. En sonda söylənən isə “tədbirli” olmağa cağırış və xəbərdarlıq idi.
 
Dərsdən kənardakı maksimum fəaliyyət- futbol, basketbol ve ya stolüstü tenis idi. Məktəbin sərhədlərindən icazəsiz nəzarətsiz kənara cıxa bilməzdin. Başa düşdüyünüz kimi qapalı bir atmosfer yaradıb bu illər içində bacardıqları qədər cox şagirdi beyinyumaya məruz qoydular və bu işi cox incəliklə apardılar. Bölgələrdəki məktəblərdə bu işi daha sərt şəkildə aparırdılar. Səbəb isə təxmin etdiyiniz kimi daha ağır olan iqtisadi durum,məlumatsızliq və təhsilsizlik idi. Bakıda və digər böyük şəhərlərdə də əllərindən gələni etdilər. Bayraqları, alibiləri keçirilən olimpiadalarda tutulan yüksək yerlər, ali məktəblərə qəbulda əldə edilən yüksək nailiyyətlər idi. Bu statistik faktların altında illər boyunca çox gözəl gizləndilər və idealogiyalarını cəmiyyətdən seçdikləri qaymaqlara yeritdilər. Olimpiadçı olan zəki beyinləri bu idealogiya ilə qazanmaları və əldən buraxmamaqları isə ən üzücü noqtədir.
 
Onlar həmişə hər yerdə qaymaqlarla işlədilər. Bu ölkəmizdəki potensial beyinləri özlərinə çəkdilər və özlərindən biri etdilər. Əlləri çatmayan bəzilərinə isə Araz kurslarıyla təsir göstərməyə çalışdılar və həmin uşaqların uğurunu öz uğurları kimi qələmə verdilər.
 
Bu bəlanı başımiza kim açdı? Kim buraxdı bu bəlanı Azərbaycan hüdudlarına? Göz örtməkdə usta olan bu hakimiyyət komandasına sərf edirdi ki biriləri gəlsin həm bunların götünü qurtarsın təhsil pərdəsi altında həm də düşünən beyinlərin başını qatsınlar bu din-xürafatla, onları zərərsizlədirşinlər-yəni iki tərəf arasında alçaqca sövdələşmə. Yaxşı bir ingiliscə ifadə yadıma düşdü- there is no such thing as a free lunch.
 
Hər məsələyə baxışda bu qaymaq toplayanların limitləri müəyyən olunub. Fərqli düşüncə, fərqli yanaşma, cəmiyyətdəki proseslərə hər hansı bir münasibət onların gözardı etdiyi şeylərdir. Eləcə də siyasi çıxış və mövqe.
 
Ədəbiyyat dedikdə isə onlar özlərinin nurçuluq kitabları və onlarla həmfikir yazarların kitablarından başqa hərşeyi çoxdan qırağa qoyublar. Yəni heç əllərinə də alıb baxdıqları olmayıb. Burda düşünülməsin ki mən umumiləşdirirəm. Bu düşərgədən qurtulan və ya hansısa səbəbdən hələ də orda dözüb yola verənləri nəzərdə tutmuram.
 
Güc iqtidar kimdə oldusa bu tayfa onlarla işbirliyi edib özlərini isə səmimiyyət və təvazö çətirində göstərdilər. Bütün qaymaqlara da bu aşılandı.
 
Məni narahat edən ən mühüm məsələyə gəlim; bu qaymaqlar bizim bu rejimlə mübarizədə götlərini belə tərpətmirlər. Onları hecnə dürtmür, qıdıqlamır. Onları maksimum maraqlandıran məsələ Türkiyədəki siyasi durumdur. Erdoğançı olmayanlar onların göz düşmənidir. Fethullah isə onların “papası”. Azərbaycan reallığında kim var neynəyir onların vecinə deyil. Yetər ki bu hakimiyyətlə olan işbirlikləri pozulmasın. Dedikləri bir cümlə var: Başının üstündə kim durur dursun səbr və itaət edəcəksən. Peyğəmbər bunu nə vaxt, hansı situasiyada deyib onları zərrə də maraqlandırmır.
 
Mənim onlara müraciətim var.
 
Əziz dostlar, qardaşlar, abilər, ablalar axı bir vaxtlar sizin intelektiniz ağıl dərrakəniz çoxluqdan seçilirdi. Sizi qaymaq olaraq yığdılar, bu gün isə siz qaymaqlardan qatıq olaraq çalırlar. Təklifim odur ki ayıla bilsəz ayılın, yağ olmaq kimi seçiminiz var.
 
Bu ölkənin taleyi hər bir fərddən eləcə də sizdən asılıdır. Haqsızlıqlara hüquq tapdalanmalarına niyə göz yumursuz? Vicdanınız niyə qul kimi yaşamağı qəbul edir? Azad düşünməyi axı siz hansı arada itirdiniz? Ümumiyyətlə siz azad oldunuzmu? Düşünün bunları.
 
Orxan Cavadov
Yuxarı