post-title

Zamin Hacı: Danışmağa yer yoxdur

“Mən başqalarının qorxularına hörmətlə yanaşıram”

(Pedro Almodovarın “Onunla danış” filmindən)

Bakı məktəblərindən birində 6-cı sinif şagirdinin dəhlizdə gözyaşardıcı qaz, ya da Anadolu türklərinin “bibər qazı” dediyi maddədən buraxdığı, 8 nəfər şagirdin zəhərlənib xəstəxanaya aparıldığını oxuduq. Hadisə yerinə polis rəisinin gəlməsi, şagirdlərin durumunun yaxşı olması, Təhsil Nazirliyinin isə valideynlərə uşaqları məktəbə yollayarkən çantalarına baxmağı məsləhət gördüyünü də bildik. Ancaq o qaz o uşağın əlinə necə keçib - bu haqda heç bir xəbər yox idi. Sanki belə olmalıymış. Nə bunu yazan bir jurnalist var idi, nə də oxumaq istəyən oxucu. Çünki oxucu ilə yazan hər hansı bir zadın iki başı kimi şeylərdir, biri olmasa o biri də olmayacaqdır. Buna hələ gələcəyik. 

Əlbəttə. Həyat şəraitimiz üzündən indi biz heç zada təəccüblənmirik. İki yaşlı uşağı zorlayıb öldürən manyakdan tutmuş təzə doğulan körpəsini 350 manata yoldan keçənə satmış “anaya” qədər. İntihar edənlər, barmaq yarasından ölənlər, düşük söyüşlərə görə bıçaqlananlar, öz ailəsindən xəbərsiz, lakin məhəllənin erkəyi olmaq iddialı, ləyaqətsiz “qeyrət” dağarcıqları və sairə və ilaxır. Cəmiyyətdə aqressiya, nifrət, qəzəb çoxalmışdır. Elə bugünlərdə mətbuatda, konkret “Yeni Müsavat”da başlıq bu cür getmişdi: “Azərbaycanlılar niyə aqressivləşib” və jurnalist həmkarımız psixoloq Azad İsazadəni danışdırıb birlikdə dərdimizə dərman aramışdılar. O yazıdakı bir cümlə mənim xüsusilə diqqətimi çəkdi. Azad bəy deyirdi: “Biz bir-birimizi dinləmək istəmirik”.

İlk baxışdan haqlı yanaşmadır. Ancaq bu, səbəb deyil, məncə, nəticədir. Çünki dinlənilmək üçün insan ilk növbədə danışmağı bacarmalıdır. Misir müəllimin dibinə bomba qoyub dombalaq aşa-aşa kef çəkməyə yollandığı təhsil sisteminin bərbadlığı üzündən bu gün Azərbaycanda iki cümləni ardıcıl düzüb-qoşmağı bacarmayan nəsil yetişmişdir. Cümlə cəhənnəmə, ətrafınıza baxsanız adicə dükançıya “Zəhmət olmasa, bir kilo armud çəkin” deyə bilən adamları da barmaqla sayarsınız.

Bu, işin məişət tərəfidir. Sosial-siyasi tərəfləri isə daha dərindir. Cəmiyyətin diskussiya, dialoq məkanları, müstəviləri olmalıdır. Varmı? Qalıbmı? Təəssüf ki, bunun da cavabı mənfidir. İstənilən cəmiyyətin dərdini demək üçün, danışmaq üçün birinci ünvanı onun Kütləvi İnformasiya Vasitələridir. KİV. Qəzet. Jurnal. Televiziya. Radio. İnformasiya agentliyi. Bir dərdin, problemin olanda bunları tapırsan, danışırsan, yazırlar, çəkirlər, müzakirə açılır. Nəticədə nə olur? Aqressiya yox olur. Bizdə isə beş yüz iyirmi beş min dənə “qəzet” var, ancaq qəzet yoxdur. Dövlət qayğısı sayəsində mətbuatımız balkonu dənizə baxan binalarda uyumaqdadır. Qəzet köşklərinin, mətbuat yayımının tabutuna son mıxı bir seyid-deputatın əli ilə vurub söhbəti bağladılar. Televiziyalarda isə indi ən yaxşı halda Toppuş bacının əndirəbadi problemləri müzakirəyə çıxarılır, ən pis halda hansısa manısın baldırındakı sellülitlər. Azərbaycan deyilən ərazi bizim media aləmində öz əksini tapmır. Ta bu adamlar dərdini kimə desin? Yaxşısı, asanı bıçaq götürüb gəlini (əri, baldızı, qayınananı, uşağı, babanı, xalanı, bibini... - vəziyyətdən asılıdır) doğramaqdır.

İddia edilə bilər, indi ənənəvi mediaya ehtiyac azalıb, internet, sosial şəbəkə, nə bilim, feysbuk-vatsap-zad var. Yanlış yanaşmadır, çünki bunlar ciddi dialoq müstəvisi olan KİV-i qətiyyən əvəz etmir. İlk növbədə ona görə ki, internetdə, sosial şəbəkələrdə saxta xəbəri, yalançı dialoqu gerçəyindən seçmək olmur. Adamlar yalançı adlarla söhbətə girirsə, orada nə danışacaqsan?

Cəmiyyət üçün ikinci önəmli dialoq müstəvisi seçkilərdir. Bəli, təəccüblənməyin. Bu gün aqressivliklə bir-birini doğrayan adamların qanı həm də seçkiləri saxtalaşdıranların üzərinə sıçrayır. Çünki seçki cəmiyyət-cəmiyyət, cəmiyyət-dövlət dialoqunda mühüm həlqədir, nahaq yerə buna “səsvermə” demirlər ki? Səs verirsən, adam, nümayəndə seçirsən, o nümayəndə sənin dərdlərini yüksək kürsülərə daşıyır, 1 adam 40 min adamın sözünü deyir və sairə. Dinlənmək bax, belə olur. Yoxsa sən adamların səsini fındıq yerinə qoyma, bir dairədən qırx il eyni kriminal mordalı tipi deputatxana kreslosuna bas, sonra da cəmiyyətin aqressivləşməsi səbəbini fikirləş... Halbuki adamın öz seçdiyin olsaydı, xırda dərdlər yığılıb qar uçqununa, selə, sürüşmə zonasına çevrilməzdi. Bala-bala hər şeyi həll edərdilər, çıxıb gedərdi.

Musavat.com
Yuxarı