post-title

Günah keçisi bütpərəstlik

Müasir dünyada insanlara fikrini qəbul etdirmək elə də çətin deyil. Bu iş internet və KİV vasitəsilə daha da asanlaşıb. Xüsusilə internet kimi imkanların sonsuz olduğu bir yerdə məlumat bolluğu içində üzürük. Neçə insan ideoloji və dini baxışlarını məhz belə dəyişib. Buna görə də kağız kitabların yerini artıq internet alıb deyə bilərik.

 
Bir çox yeni dinlər yaranıb və bu dinlərin müqəddəs kitabları internet vasitəsilə yayımlanır və qədimdən fərqli olaraq dinlər düşmən orduları tərəfindən yeridilmir, insanlar özü axtarıb tapır. Bu rahatlıq həm də qədim, üstüörtülmüş dinlərin yenidən azadlıq əldə etməsinə təkan verib. 
 
Söhbət dünyanın iki böyük dini olan İslam və Xristianlığın küfr olaraq gördüyü dinlərdən və inanclardan gedir. Əsrlər boyu bu iki din daima digər dinlərə qarşı və bir-birinə qarşı amansız olub və sıra özündən əvvəlki dinlərə gələndə isə daha qəddar bir maşına çevrilib. 
 
Gülməlisi isə odur ki, bu iki din də başlanğıc əfsanələrini “onlar bizə zülm edirdi” deyə yazıb. Bu iş o həddə çatıb ki, hər iki din “paqan” sözünü təhqir olaraq istifadə etməyə başlayıb (müsəlmanlarda bu sözün qarşılığı “bütpərəst”dir). İslamın paqanlara baxışı haqda daha sonra oxuyacaqsınız. İndi isə diqqəti xristianlığa çəkmək istəyirəm. 
 
İsa Məsihi çarmıxa çəkənlər paqanlar yox yəhudilər olub. İudeyanın beşinci idarəçisi Ponti Pilat isə paqan idi. Onu ölümdən qurtarmaq üçün hər şeyi edən Pilatın “gerçək nədir?” (Quid est veritas?) sitatı ədəbiyyatın ən məşhur aforizmlərindəndir. Nietzsche “Antixrist” əsərində də qeyd edir ki, İncildə hörmətə layiq tək şəxs varsa bu da Ponti Pilatdır. 
 
Xristianlıq bir dünya dini olaraq güclənməyini məhz imperator I Konstantinə borcludur. Yeni paqan məbədlərinin qurulmağını qadağan edən imperator bundan sonra paqanlara qarşı zülm əsrini başlatmış oldu. Oğlu II Konstantius dövründə isə ümumiyyətlə qədim tanrılara ibadət edən hamıya edam cəzası verilməyə başladı. Bundan sonra qədim dünyanın bütün elmi üstünlükləri unudulmağa başladı. Olimpiadalar qadağan edildi. Bayramlar, festivallar qadağan edildi. Papa Qriqorinin əmrilə bütün paqan məbədləri ya dağıdıldı ya da kilsələrə çevrildi. Zevs və Yupiterin şərəfinə verilən şən festivalların yerini artıq bezdirici kilsə ayinləri, təbiətlə bağlı olan qədim din adamlarının yerini isə sifətindən zəhrimar yağan pedofil rahiblər almışdı. 
 
Roma və Yunan mədəniyyətinin xristianlıq tərəfindən məhv edilməsini qədim German mədəniyyətinin məhvi izlədi. German paqanizmi Bozqır paqanizmi kimi yeni tanrıları xoş qarşılayan bir din idi. Öz xoşuna qəbul edən ilk germanlar İsa Məsihə sadəcə olaraq yeni bir tanrı olaraq baxırdılar. Bir çox qəbilə başçısı sadəcə yeni qonşularının hərbi gücündən istifadə etmək üçün bu dini seçdi. Lakin orta əsrlərin əvvəlində xristianların german paqanlara qarşı zülmləri artdı. Sakson müharibələri dövründə müqəddəs ağaclar baltalandı, Odinə inananlar kütləvi edam olundu, 782-ci ildə Verden yaxınlıqlarında kütləvi soyqırıma uğradılan Saksonlar indiki zamanda da anılmağa davam edir. Bu soyqırımı törədən hökmdar Karl isə özünə Tövratdan bəraət qazandırırdı. Davud peyğəmbər (İsrailin hökmdarı) öz dinindən olmayan Amalek xalqını əvvəlcə kralın gözlərinin önündə uşağından tutmuş qadınınacan qırır və axırda kralın özü də edam olunur. (Mövzu ilə maraqlananlar Nevi’im kitabının “Şamuil” hissəsini və Tövratın “Təsniyə” hissəsini oxuya bilərlər) Xristianlıq beləliklə “sülh dini” anlayışından sıyrılaraq, “tək doğru din” anlayışına keçdi. Rusları məcburi xristianlaşdıran knyaz Vladimir və skandinavları törədən kral Olaf; ikisi də Xristianlıqda “müqəddəs” şəxs hesab olunur. 
 
İslamın ortaya çıxışı da “əzab”la olub. Məhəmməd peyğəmbər öz qəbiləsinə yeni din gətirir və qəbiləsi də bu dinə gəlmək istəmədiyi üçün onlara qarşı ölüm-dirim mübarizəsinə başlayır. İslam bütpərəstlərə qarşı həmişə özünü “təmizə” çıxarır. Müsəlmanlar, İbrahim peyğəmbərin insanların dininə hörmətsizlik edərək bir gecədə bütün bütləri qırmağını əsas götürərək bütləri qırır, bütpərəstlərin müqəddəs yeri olan Kəbə’yə girməyə çalışır. Hədislər və Peyğəmbərin həyatına diqqətlə nəzər yetirdikdə bütpərəstlərin Əbu Talibə şikayətlərini yaxşı oxumaq lazımdır. Bütpərəstlər peyğəmbəri öz tanrılarını təhqir etməkdə günahlandırır və “and olsun, onun qarşısını sən almasan, biz alacağıq” deyir. (Əl-Təbəri Tarixi) 
 
Tanrılara qarşı ilk təhqirlərin müsəlmanlardan gəldiyini özləri də təsdiqləyir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da Allahı düşməncəsinə söyərlər” (Əl Ənam/108)
 
İslam tarixi həmişə özünə olan zülmləri insanların gözünə soxmağa çalışsa da, yenə də müsəlmanların bütpərəstlərə zülm faktları nəzərə çarpır:
 
“İbn Hümeyd Sələmədən, o İbn İshaqdan, o da Abdullah ibn Əbu Bəkrdən rəvayət edir ki: Allahın rəsulu Zeyd ibn Hərisəni Bəni Fəzarə qəbiləsi ilə müharibə üçün Əl-Qura vadisinə göndərdi. Qeys ibn Əl Müsəhhər Məsədə ibn Həkəmə ibn Malik ibn Bədri öldürdü və Fatimə bint Rabiəni əsir götürdü. (Fatimə Malik ibn Bədr ilə evli idi və çox qoca bir qadın idi). Zeyd ibn Hərisə Qeysə Fatiməni öldürməsini əmr etdi. Qeys onun hər iki ayağını bir dəvəyə bağladı və onlar qadını iki hissəyə parçaladılar” (Əl-Təbəri Tarixi)
 
Əl-Təbəri Tarixi ya da daha uzun adı ilə “Tarix ul-rusuli vəl-mulük” kitabını oxuyanlar müsəlmanların Orta Asiyadakı paqan türklər və soğdlara törətdikləri qətliamdan da xəbərdar ola bilərlər. 
 
Paqanizm (bütpərəstlik) görüldüyü kimi heç də qəribə bir şey deyil. Sadəcə olaraq bir insan bir tanrıya yox birdən çox tanrıya inanır. Beləliklə olur paqan. Müsəlmanlar və xristianlar isə sadəcə olaraq “haq din” öz dinləri olduğu üçün hər şeyi özlərinə rəva biliblər. Öz qəbiləsinin tanrılarını təhqir edənlərin yolundan gedənlər indi hər kiçik tənqidə “Allahı təhqir edir” damğasını vurmağa hazırdır.  
 
Hələ də dünya antik yunanların elmindən maraqlanır, Platon, Eratosfen, Aristotel və başqaları. Müsəlmanlar bu alimlər sayəsində elmdə inkişaf etdilər. Platon Əflatun oldu, Aristotel isə Ərəstun. Bu barədə Romanın son paqan imperatoru Yulianın dərsdə antik yunan mətnlərindən elm öyrədən xristian müəllimlərə verdiyi cavab çox yerinə düşərdi: 
“Əgər onlar nəsə oxumaq istəyirsə Luka və Mark var, kilsələrinə qayıtsınlar və araşdırsınlar.”
 
Cavid Ağa
Kultura.Az
 
Yuxarı