Umberto Eco. Qadınlara həsr olunur
Bu cür deyimlərin əsasında bütün tarix boyu …
Son beş yüz ildə elmin inkişafı dinin insan haqqında uydurduğu yalanları ifşa etdi. Yerin, insan üçün kainatın mərkəzi olaraq yaradılmayıb, Günəş ətrafında fırlanan planet və insanın Tanrının əsəri olmayıb, daha alt növlərdən təkamül etmiş canlı olduğu anlaşıldı. Törətdiyi şər əməllərin isə şeytanın fəaliyyətinin nəticəsi olmayıb, şüuraltındakı dağıdıcı psixi güclərdən qaynaqlandığı ortaya çıxdı. Din hakimiyyətini yaymaq və qorumaq üçün həm insanı əsas olmadan ucaldır, digər tərəfdən onu öz ağlını istifadə edə bilməyən, şeytanın təsirinə düşən zəif varlıq olaraq aşağılayırdı.
1589-cu ildə Qaliley Piza şəhərindəki əyri qüllədən müxtəlif kürələr ataraq sərbəst düşmə təcrübələri aparmaqla Aristotel fizikasına kor-koranə inanmağı rədd etmişdi. O dövrdə yeganə legitim dünya görüşü kilsənin formalaşdırdığı sxolastik görüş idi və Aristotel fizikası bu görüşün ayrılmaz hissəsi idi. Sxolastik görüşün əsas prinsipləri doqma sayılıb şübhəyə bağlı elan olunmuşdu. Ancaq Qaliley şübhələrində haqlı çıxdı və iki min ilə yaxın bir zaman ərzində doğru olduğuna inanılmış Aristotel fizikasının səhv olduğunu göstərdi. Kilsə Qalileyi cəzalandırsa da, o müasir elmin qurucusu statusu qazandı.
Qalileydən bir müddət əvvəl, 1543-cü ildə Kopernikin “Səma kürələrinin hərəkəti haqqında” adlı əsəri çap olunmuşdu və əsərdə kilsənin müdafiə etdiyi yer mərkəzli (geosentrik) günəş sistemi əvəzinə günəş mərkəzli (heliosentrik) modelin doğru olduğu göstərilmişdi. Kilsə Ptolomeyin geosentrik modelini müdafiə etdiyi üçün Kopernik əsərinin nəşrini ölüm ilinə qədər təxirə salmalı olmuşdu.
Aristotel fizikasına görə, dairə simmetrik fiqur olduğu üçün planetlər dairəvi orbitlərdə fırlanırdı və göy efir adlı maddə ilə dolu idi, göy yerdən üstün, oradakı qanunlar yerdəkilərdən fərqli idi. Planetlərin hərəkətlərinə dair bəzi müşahidələr dairəvi orbit tezisi ilə uyğun gəlmədiyindən onlara davamlı olaraq müxtəlif dairəvi hərəkətlər yaraşdırılırdı. Dairəvi orbit yerinə başqa bir trayektoriyanı sınamaq əsrlərlə heç kimin ağlına gəlməmişdi. Lakin Kepler özündən əvvəlki müşahidələrə əsaslanaraq, planetlərin dairəvi deyil elliptik orbitlərdə hərəkət etdiklərini göstərdi. Dairənin ellipslə əvəz olunması lazımsız riyazi və həndəsi qarışıqlığı aradan qaldırdı və planetlərin elliptik orbitlərdə hərəkət etməsi həm əvvəlki, həm də sonrakı müşahidə və hesablarla təsdiqləndi.
Təxminən eyni vaxtda baş verən bu kəşflər kilsənin nüfuzunu sarsıtdı və elm tarixçisi E. J. Dijksterhuis-un “dünya görüşünün mexanikləşməsi”-təbiət hadisələrinin mexaniki qüvvələrlə açıqlanması- mərhələsi başlamışdı. Bir müddət sonra İsaak Nyuton səmadakı və yerdəki qanunların eyni olduğunu qəbul edərək, həm səmada ayın fırlanmasını, həm də yer üzündə almanın düşməsini açıqlaya bilən Nyuton mexanikasının qanunlarını kəşf etdi.
Elliptik orbitlərin mümkünlüyünün, göylə yerdəki fiziki materiyanın eyni ola biləcəyinin və yerin günəş sisteminin mərkəzi olmaq məcburiyyətində olmadığının düşünülməsindən az sonra bu elmi hipotezlərin fiziki-riyazi açıqlaması tamamlandı, insan zəkası təbiəti anlamağa tamamən hazır olsa da, doqmalara qarşı çıxmaq cəsarətinin yaranması üçün əsrlər lazım gəldi. Fizikanın kilsə doqmaları və insanların illüziyaları üzərində bu qələbəsi sonralar elmin digər sahələrində çalışan elm adamları üçün nümunə və cəsarət qaynağı oldu. Canlı və cansız dünyanın, sosial institutların dinin fərz etdiyindən daha qədim keçmişə sahib olmasının anlaşılması ilə təkamül və tarix şüuru ortaya çıxdı. Kainatın, Günəş sisteminin, materiklərin, mineralların, ümumilikdə təbiətin bir tarixi olduğu anlaşıldı. Xüsusiylə insanın mənşəyi haqqında yaradılışçı görüşə Çarlz Darvinin qarşı çıxması önəmli idi. Darvin insanın təbiətüstü bir güc tərəfindən yaradılmadığını, daha alt səviyyədə təşkilatlanmış orqanizmlərdən təkamül etdiyini göstərdi. Darvin ibtidai insanla qarşılaşmasını “İnsanın yaranışı” əsərində belə təsvir etmişdi:
“Bu əsərdə gəldiyimiz əsas nəticə, yəni insanın daha alt səviyyədə təşkilatlanmış bir növdən gəlməsi təəssüf ki çoxları tərəfindən məmnuniyyətsizliklə qarşılanacaq. Ancaq əcdadlarımızın barbarlar olduğuna şübhə azdır. Bir qrup Fuegialı ilə vəhşi bir sahildə ilk dəfə qarşılaşdıqda yaşadığım çaşqınlığı əsla unutmayacam; çünkü beynimdə birdən birə bir fikir yarandı, əcdadlarımız da bunlar kimi idilər.Bu adamlar tamamiylə çılpaq idilər, bədənləri rənglənmişdi, uzun saçları bir birinə qarışmış, ağızları həyəcandan köpmüşdü, hərəkətləri vəhşi, qorxuducu və inamsızlıqla dolu idi. Özlərinə məxsus heç bir sənətləri yox idi, heyvanlar kimi ovlaya bildikləri ilə qidalanırdılar, bir metodları yox idi və öz qəbilələrindən olmayanlara qarşı qəddar idilər. Bir ibtadi insanı təbii mühitində görən insan özündən daha aşağı səviyyədəki birinin qanının damarlarında axdığını qəbul edərkən çox utanmayacaq”.
İnsanın kosmosdakı yerinin və mənşəinin müəyyənləşdirilməsindən sonra növbə insan şüuruna çatdı. Psixoanalizin qurucusu Freyd insan təbiətini şüuraltındakı irrasional motivlərin təyin etdiyini, şüurlu fəaliyyətin ibtidai mənlik olan “id”-lə sosial eqo olan “supereqo” arasında tarazlıq qurmağa çalışan eqonun mübarizəsi olduğunu, eqonun uğursuz olduğu dərəcədə insanların nevrotikləşdiyini göstərdi. İnsanı yoldan çıxaran şeytan onun şüuraltındakı dağıdıcı və egoist motivlər idi. Sosial institutlar vasitəsiylə libidinal enerjisi faydalı işə istiqamətləndirilməyən bir insanın, özünə və cəmiyyətə problem yaratdığı anlaşıldı.
Ancaq bu nəzəriyyələr tamamlanmış son nəzəriyyələr deyildi; elmin ruhu hər hansı elmi nəzəriyyənin doqmaya çevrilməsinə mane olur. Elmin daha sonrakı inkişafında Eynşteyn Nyuton mexanikasına düzəliş etdi. Özünün sabit kainat nəzəriyyəsi isə tənqid edildi, təcrübələr nəzəriyyənin səhvliyini ortaya qoyduqda “həyatımın ən böyük fiaskosu” dediyi səhvini qəbul etdi.
Darvin “Növlərin mənşəyi” adlı əsərinə “Nəzəriyyənin çətinlikləri” adlı fəsil əlavə etmişdi. Psixoanaliz də psixologiya və digər disiplinlərdən olan alimlər tərəfindən tənqid edildi. Popper psixoanalizin hər şeyi açıqladığı üçün əslində heç nəyi açıqlamayan bir nəzəriyyə olduğunu yazdı. Yunq, Freydin “psyche”-sinin möhtəvasında seksuallığın şişirdildiyini, şüuraltının daha çox arxetiplərdən ibarət olduğunu, insan təbiətində inanmağa təbii meyl olduğu üçün ruhun dini-mifolojik möhtəvasının da nəzərə alınmalı olduğunu vurğuladı. İnsan, təbiəti öyrənməyə uzaq kosmik cisimlərdən başladı, mövzusu insan olan elmi araşdırmaların tarixi yenidir və mübahisələr var. Ancaq elmi fəaliyyətin ümumi sahələri, çərçivəsi və metodları artıq müəyyənləşdirilib, bundan sonra ortaya çıxacaq hansısa yeni nəzəriyyə özündən əvvəlkini də açıqlamalıdır. Eynşteynin nisbilik nəzəriyyəsi daha çox fenomeni daha dəqiq açıqlayır, ancaq böyük kütlələr və aşağı sürətlərdə Nyuton mexanikası nisbilik nəzəriyyəsinin xüsusi halı olaraq qüvvədə qalır.
Adətən doqmalar - bir bilgiyə sahib olduğunu iddia edən ancaq bu bilgini əldə etmə metodu şübhəli olan bir inanc- istismarın vasitələridir. Dinin əsas məqsədi teolojik bir insan modelini qəbul etdirib insanları bu modelə uyduqları ölçüdə dəyərləndirmək, insanı əsir tutmaqdır. Elmin inkişafı, informasiyanı əldə etmə imkanlarının asanlaşması və individuallaşma nəticəsində daha çox insanın öz ağlına istinad etməsinə paralel olaraq dinlər şübhəçiliyə və elmi düşüncəyə şiddətlə qarşı çıxır. Bu mövqeyi ideologiyalar da paylaşır, elmi nəzəriyyələr konspiroloji skeptisizmlə qarşılanır. Bilginin demokratikləşməsi və sosiallaşması müasir dövrün ən ümidverici trendlərindəndir. İdeologiyanın ya da teologiyanın müdaxiləsi olmadıqda insan öz ağlına müraciət etməyi tez öyrənir. İnsanın öz ağlı ilə formalaşdırdığı görüşləri, ona mənimsədilən hazır reseptlərin verməyəcəyi savadlı insanın məsuliyyət hissini aşılayır.
Oxşar olaraq demokratiya da əvvəllər göylərdən alındığı iddia edilən legitimliyin yerdən, tək tək insanlardan alınmalı olduğunu, hər bir vətəndaşın siyasi sistemə görə məsuliyyət daşıyıb ona nəzarət hüququna sahib olduğunu müdafiə edir. Həm elmdə, həm də demokratiyada təcrübə ilə-elmi təcrübə və seçki vasitəsiylə- səhvi düzəltmə mexanizmi mövcuddur.
İnsana, təbiətinə aid olmayan bir modellə yanaşmaqdansa, təbiətinin doğru anlaşılması onu ömürlük nevrozdan xilas edə bilər . İnsanın inkişafı ancaq onun ilkin şərtlərinin doğru anlaşılmasıyla və müvafiq sosial institutların bunu nəzərə alaraq qurulması ilə mümkündür. İnsanı idarə etmək mümkün deyil, ona cəmiyyətdə özünü idarə etmək-davranış, bilgi və siyasi sistem olaraq-imkanı verilməlidir.
Yalçın İslamzadə
Kultura.az