Geyim mədəniyyəti
Geyimin daha önəmli tərəfi var – özünü …
Bu yaxınlarda qısa müddətlik bir araşdırma şirkətində çalışdım. Bakı üzrə sorğu keçirdim. Təbii ki, gələcəkdə yazar olmaq istəyən bir şəxs kimi müxtəlif insanlarla ünsiyyətdə olmaq, onların psixologiyasını, ruh hallarını daha yaxından öyrənmək baxımından bu, mənim üçün son dərəcə maraqlı iş idi. Əvvəllər də bildiyim, amma bu müddətdə daha da dəqiqləşdirdiyim bir fikri qeyd edim: insanın yaşı onun fiziki yox, ruhi göstəriciləri ilə müəyyən olunmalıdır. Mən sorğu boyunca dəfələrlə 55-60 yaşlarında “gənc”lər və 20-30 yaşlarında “qoca”lar gördüm, inanın, bir-iki dəfə yox, dəfələrlə.
Xeyli respondentlər oldu ki, özlərinin də xəbəri olmadan adi bir şeymiş kimi danışdıqları, xəttin bu başında gözləyən kəsin -yəni mənim ürəyimi titrədirdi. Tək yaşayan qocalar, əlillər, yalan deməyə məcbur edilən uşaqlar. Bir də ərindən qorxub tələm-tələsik sağollaşan qadınlar - özünün idarə olunmasını bütöv şəkildə başqasına təslim edənlər.
Ən çox bir gənc qadınla ünsiyyətimi unuda bilmirəm. İki uşaqlı evdar qadın idi. Verdiyim məişət səviyyəsində sadə sualların heç birinə cavab verə bilmirdi, halbuki ayda heç olmasa 3-4 dəfə küçə-bayıra çıxan, qonşularla, qohumlarla arada kəlmə kəsən, internetə heç deməyək, televizora baxan adam bu suallara babat cavab verə bilərdi. Müsahibiminsə heç nədən xəbəri yox idi. Tapın görüm, neçə yaşda ola bilər o? Düşünün. Ağlınıza yəqin 30-40 yaş aralığı gəlir hə? Xeyr. Qızın cəmi 22 yaşı var idi.
Bəlkə də diqqətimi ona görə bu qədər çəkdi ki, mənim də 22 yaşım var. Danışdıqca özümlə onu müqayisə edirdim. 22 yaşım var və mənimçün əsl həyat hələ indi başlayır. İndiyədək, demək olar ki, sadəcə oxumaq olub əsas işim, təhsilin mənə diqtə etdiyi şərtlər daxilində yaşamışam. İndi universitetdə sonuncu kursdayam. Bir-iki aya yepyeni həyata başlayacam. Öz seçimlərim, öz qərarlarım olacaq. 22 yaşım var və mənimçün keçmiş anlayışı hələ yoxdu, yalnız gələcək var. Təbii ki, vaxt gələcək, ailə quracam, ana olacam, amma bütün bunlara hələ çox var. Hal-hazırda mən taleyimi yazmaqla məşğulam...
Bəs o qız? Onunçünsə keçmiş anlayışı xeyli geniş və əzizdir. Çünki o vaxt o, daha azad idi. İndi ailəlidir, 2 balası var, tam orta təhsili də yoxdu və haçansa işləməyi ağlına belə gətirmir. Təbii ki, işin maddi tərəfindən danışmıram, məni maraqlandıran əsas məsələ bu yaşıdım qadının cəmiyyətdən KÖNÜLLÜ ŞƏKİLDƏ təcrid olunmasıdır. O, artıq taleyini yazıb: bundan sonrakı həyatını yalnız övladlarını böyüdən evdar qadın olaraq görür. Azərbaycanda çoxluğun “ismətli qadın” təsəvvürü elə budur. Amma sosial həyata aid elementar şeyləri belə bilməyən həmin “ismətli qadın” övladını nə dərəcədə fərd olaraq yetişdirə bilər? Ehtimal çox aşağıdır.
Məni ən çox ağrıdan bilirsiz nə idi? Adi məişət səviyyəsində suallarıma belə “bilmirəm” cavabı verən xanım hər dəfə gülürdü. Yəni bu vəziyyət onu qətiyyən düşündürmürdü, tərpətmirdi. O, öz dörd divarlı “qəfəsindən” qıraqdakı həyatı görməyə can atmırdı belə. Qadın güldükcə yadıma ”Poçt qutusu” hekayəsi düşürdü... Novruzəli Azərbaycan ədəbiyyatında indiyədək yaradılmış ən möhtəşəm xarakterdi məncə. Amma bəzən səhvən Novruzəlini Azərbaycan kişisinin prototipi olaraq qəbul edirlər. Əgər biz ədəbiyyatımızda spesifik Azərbaycan qadınının və kişisinin obrazını axtarsaq, sübhəsiz ki, bu, müvafiq olaraq, Tükəzban və Qurbanəli bəy olar. Novruzəli isə cinsindən asılı olmayaraq, spesifik Azərbaycan insanının prototipidir.
Novruzəli pis insan deyildi, səmimi şəkildə hamıya yaxşılıq etməyə çalışırdı, həyatından da son dərəcə razı idi, amma nə qədər bədbəxt olduğunun fərqində deyildi. O, poçt qutusunu tanımaya bilərdi, heç mən də "paypoint"dən indiyədək istifadə etməmişəm. Novruzəlinin fəlakəti ondaydı ki, həbs olunandan sonra ağlına belə gətirmədi ki, olanlar “qəzavü-qədər”dən deyil, avamlıqdandır, savadsızlıqdandır. Baş verənlər onu bircə dəfə də düşündürmədi. Xan isə onun həbsini eşidib “bir qədər fikir elədi”.
Novruzəlilərə biz hirslənə bilmirik, hətta zaman-zaman onları görəndə qəhərlənirik də. İnsan özü fərd, şəxsiyyət kimi var olmaq istəmirsə, ona kömək etmək çox çətindi.
Mən o yaşıdıma kömək eləyə bilmədim, bəlkə də heç evdə tək olmasaydı, mənlə ümumiyyətlə danışa bilməyəcəkdi. Çünki onun ərinin gözündə mənim kimilər potensial fahişələrdi. Mən yaşıdım qadını heç cür xilas edə bilməzdim. Çünki o, artıq taleyini seçib... Amma başqalarını xilas edə bilərik hələ də.
XAHİŞ EDİRƏM, sizin də ətrafınızda dünyadan xəbərsizlər, Bakının “göbəyində” yaşayıb, Yer kürəsilə əlaqəsini kəsməyə hazırlaşanlar varsa, onlara əlinizi uzadın, özlərinin hələ görə bilmədiyi bataqlıqdan onları çəkib çıxarın!
Həyatda ən çox inandığım şeylərdən bir də budur: cəmiyyətin xilası fərdlərin xilasından başlayır. Fərdləri xilas edək ki, özümüz də xilas olaq. Əks halda, başqa millətlər bizə baxıb uzaqbaşı “bir qədər fikir eləyəcəklər”, başqa heç nə...
Zeynəb RZAYEVA
Kultura.az