Şəxsi həyatın toxunulmazlığı nə üçün vacibdir?
"Şəxsi həyat idealı... fərdlərə müxtəlif situasiyalarda özlərindən nə qədərini …
Jurnalistika fakültəsində Nəriman Zeynalovun dərsi bizə ona görə maraqlı gəlirdi ki, nəzəri yox, praktiki məsələlərdən, real hadisələrdən danışırdı, özü də şövqlə. “Sovet kəndi” adlı bir qəzet redaktorunun söhbətlərini yalnız kənd qoxusu burnundan getməyən əyalət uşaqları yox, fransız ətirli şəhər qızları da maraqla dinləyirdilər.
Bir dəfə söhbət jurnalistin cəmiyyətdə hansı mövqe tutmasından düşəndə Nəriman müəllim qrupa belə bir sual verdi: “Jurnalist cəmiyyətdə futbolçunun meydandakı hansı mövqeyini tutmalıdır?” Növbəti dərsə qədər müzakirə edib cavab haqda düşünməyimizi istədi. Sual qrupda maraqlı müzakirəyə səbəb oldu. “Qapıçı”, “müdafiəçi”, “yarımmüdafiəçi”, “hücumçu” deyənlər bir yana, “hakim”, “tamaşaçı” söyləyən də, hətta “qapı dirəyi” deyib dilxoşluq eləyən də tapıldı.
Rəhmətlik bu sualı verəndə hələ sovet illəriydi, jurnalistika söz azadlığının keşməkeşli yollarına çıxmamışdı, təqib-həbs, alınıb-satılma, reket-şantaj, qarayaxma-mədhiyyə sınağına çəkilməmişdi. Bu o vaxtlar idi ki, adamlar sonuncu səhifəsindən (manşetlik yazılar burda dərc olunurdu) oxumağa başladıqları qəzet üçün köşk qarşısında növbəyə düzülürdülər.
Sonra jurnalistikanın da mahiyyəti dəyişdi. Cəmiyyət kimi jurnalistika da qruplara bölündü, qütblərə parçalandı.
“Mətbuat dövrünü əks etdirən aynadır”. Bunu da müəllimlərdən biri demişdi, səhv etmirəmsə, Nəsir İmanquluyev idi. O vaxt xoşuma gəldiyindən yaddaşımda ilişib qalıb. Amma illər sonra Axundov kitabxanasında “kommunizm quruculuğundan” yazan qəzetləri vərəqləyəndə bu fikrin yarımçıq olduğunu gördüm.
Bəzi dönəmlərdə mətbuat dövrünün həqiqətləri üstünə örtük yerinə sərilmiş qəzetə bənzəyir. “Hər həqiqət demək üçün deyil, bütün həqiqətlər deyilsə, dünya çılpaq qalar”. Uzun illər öncə gündəliyimə qeyd elədiyim bu fikri indiki kontekstdə mətbuata aid eləmək istəməzdim. Mətbuat bütün həqiqətlərə açıq olmalıdır.
Məni günümüzdə mətbuatın mövcud xarakteri və formalaşmasında müstəsna rol oynadığı yeni oxucu (adam) tipi maraqlandırır. Bu düşüncələrlə əlləşdiyim yerdə Mikael Hanekenin jurnalistikaya dəxli olmayan “Ağ lent” filmi, orada cərəyan edən hadisələrin yadıma düşməsi qəribəydi. Amma filmin jurnalistikaya dəxli olmasa da onun hədəfinə, yəni insana, özü də sosial varlıq kimi formalaşmaqda olan insana birbaşa aidiyyəti var. Mühit yeni yaranan nəsli – bir kəndin yeniyetmələrini qatilə çevirir. Film “qətllər törədən uşaqların simasında gələcəkdə faşistə çevrilən əsgərlərə işarə vurur, insan təbiətindəki zorakılığı tədqiq edir” (Sevda Sultanova), onun yaranma səbəblərinə işıq tutur.
Mətbuatdan danışanda məhz bu filmin yadıma düşməsi məncə təsadüf deyil. Bu gün mətbuat amansız zorakılığın çiçək açdığı çöllüyü xatırladır! Zorakı mətbuat azğın davranış aşıladığı kimi, qəddar insan da “vəhşi” cəmiyyət formalaşdırır. “Zorakı mətbuat” deyəndə tək hər gün oxuduğumuz “öldürdü”, “zorladı”, “özünü asdı”, “başını kəsdi” sözləriylə dolu xəbərləri demirəm, hətta ən peşəkar qələm sahiblərimizin belə yazılarına hopmuş hirsi, nifrəti, ikrahı deyirəm. Baxıram, elə özümün də son illər yazdıqlarımın çoxu bu ruhdadı.
“Niyə belə oldu” sualının cavabı buna gətirən yoldadı, ötəri nəzər belə kifayətdi.
Buna əminəm ki, siyasətdən kənar heç nə yoxdu. O, torpaq qırış və çatdarını dolduran su kimidi, boş yer qoymaz, axıb tutar. Siyasətin birinci əl qoyduğu sahə mətbuatdı. Azad fikirli adamların yürütdüyü siyasət mətbuatın azadlığına qarant durur. Onlar bilirlər ki, özlərinin də azadlığına qarant durası cəmiyyəti azad mətbuatsız qurmaq mümkün deyil. Əksinə, azadlıqdan (azad fikirdən, çılpaq həqiqətdən) qorxan siyasətçilərin yaratdığı idaəetmə mexanizmi ilk olaraq, mətbuatı öz çarxının dişinə keçirir.
Total düşüncəyə hakim olmaq istəyən siyasi sistemin ilk işi cəmiyyətdə çoxsaylı mənəvi barrikadalar qurmaq və insanları bu barrikadalarda bir-birinə qırdırmaqdı. Belə mənəviyyat davasında bir qayda olaraq, əxlaq sərhədlərini aşa bilməyənlər uduzur. Burada mətbuata bir rol ayrılır - barrikadalara güllə daşımaq. Tərəf tutmayıb müstəqil qalmaq istəyənlər isə gülləyə ilk tuş gələndi, çünki ona atəş hər iki tərəfdən açılır.
Söhbət qəhrəman görünən jurnalistikadan yox, müstəqil mətbuatdan gedir. Hakimiyyət haqda ən sərt sözlər yazan partiya jurnalistləri (məsələn, Natiq Güləhmədoğlu) öz liderlərinin balaca bir səhvini belə dilinə gətirmək hünərində deyillərsə, müxalifəti ən pis sözlərlə aşağılayan imtiyazlı hakimiyyət jurnalistlərindən (məsələn, Etibar Hüseynov) çoxmu fərqlənirlər? Bir-birlərini bəyənməsələr də! Bir vaxtlar yazdığım fikirdə yenə qalıram; qəhrəmanlıq iqtidarçı olub müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini (məsələn, Ziya Bünyadov), müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən (məsələn, Hikmət Hacızadə) çəkinməyəndir.
Siyasi jurnalıstika mətbuatın başqa sahələrinə də sirayət edir, mənzərə eynidi. Belə vəziyyətdə “reket jurnalist” sözü necə də gülməli səslənir! İndi hansı sənətin reketi yoxdur ki?! Valideyini pul verməsə il boyu uşaqdan dərs soruşmayan müəllim reket deyilmi? Ölüm ayağında olan xəstəni pulu olmadığına görə əməliyyat etməyən həkim necə? Nazir, hakim, polis, gömrük, vergi, qaz, su pulu yığan və s. onun kimi.
Mən də başımı boş nağıllarla qatıram – tərəfsiz jurnalistika axtarıram, özü də oxucunu yazdığıma inandırıb, öz “tərəf”imə çəkə-çəkə...
***
Növbəti dərsdə Nəriman müəllim jurnalistin cəmiyyətdə yerini belə göstərdi: “Jurnalist meydandakı yarımmüdafiəçi kimi orta mövqe tutmalıdır. Bu mövqe ona meydanın hər yerində sərbəst hərəkət imkanı verir. Bir gün müdafiəyə çəkildiyi kimi, başqa gün də hücuma qoşula bilir”.
Sən demə, zaman gələçəkmiş, azad mətbuatsız qalan peşəkar jurnalistlər meydana çıxmayan cəzalı futbolçu kimi oyundan kənar qalacaqmış. Meydan hər cür meydanda oynaya bilənlərə qalacaqmış. Sevimli müəllimim sağ olsaydı, soruşardım: “Meydan olmayandan sonra hansı mövqedə oynamağın əhəmiyyəti qalırmı?”
Vahid Qazi