Gi de Mopassan - Ölü
Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik? Bu boyda dünyada yalnız …
Yazıçı Viktor Yerofeyev rus ədəbiyyatında tanınmış fiqurdur. Ən azından ona görə ki, 70-ci illərdə samizdat almanaxı “Metropol”un nəşr edilməsinin təşkilatçılarından biri olub və buna görə də o zamankı Yazıçılar İttifaqından qovulub.
Viktor Yerofeyev qalmaqallı yazıçıdır. “Rus Gözəli” romanından sonra onu “pornoqrafik əsərlər müəllifi”, “əxlaqsız yazıçı” adlandırdılar. Bütün bunlara baxmayaraq, Viktor Yerofeyev bu gün də kitablar yazır. Müəllifi olduğu əsərlərin süjeti əsasında filmlər çəkilir. Şnitke onun “İdiotla həyat” əsəri əsasında opera yaradıb. Ancaq Yerofeyev bir çoxları üçün ziddiyyətli fiqurdur. Ən azından ona görə ki, nə solçuların tərəfindədir, nə sağçıları müdafiə edir, nə də hansı əqidəyə qulluq etmələri bəlli olmayanları dəstəkləyir.
Viktor Yerofeyevin son romanı “Akimudalılar” bu yaxınlarda nəşr olunub. Müəllifin indiyə kimi nəşr olunmuş kitabları arasında ən qalın kitabdır. Bu roman Rusiyaya fantastik gəlmələrin təşrif buyurmasından bəhs edir. Həmin bu gəlmələr Rusiyaya həqiqətin yolunu göstərirlər. Bu barədə romanın müəllifi ilə onun mətbəxində baş tutmuş müsahibəni diqqətinizə təqdim edirik.
LİBERALİZM VƏ KARTOF
- Viktor Vladimiroviç, sizin kitabınızda Akimudadan gəlmələr “Rusiyanın dilə gəlmiş vicdanıdır”. Həmin bu gəlmələr bizə yeni din tapmaq istəyirlər, bizi xoşbəxt etmək istəyirlər. Hamını bu işə cəlb edirlər, hətta ölüləri də dirildirlər. Ancaq heç bir iş görmədən, gəldikləri kimi də yoxa çıxırlar. Xəstə vicdan yenəmi yuxuya getdi?
- Biz "vicdan" sözünə vaxtaşırı XIX əsr klassik ədəbiyyatının anlayışlarını yapışdırırıq. Bu anlayışlarda isə hər nə varsa müəyyənləşdirilib, qabığı soyulmuş xiyar kimi təmizlənib. İnsan təbiəti isə bununla belə, çox dolaşıqdır: mənəvi anlayışlar əxlaqsız anlayışlara, əxlaqsız anlayışlar isə mənəvi anlayışlara çevrilir. 90-cı illərdən bəri biz elə mənəvi sınaqlardan keçdik ki, “vicdan” anlayışının özü belə dəyişdi. Biz indi fransız yazıçı-ekzistensialistlərə bənzəyirik, onlar işin alınmayacağını dərk edirlər, amma hər biri ayrı-ayrılıqda əsrin dəhşətlərinə, zorakılıqlarına müqavimət göstərməlidirlər.
- Vicdan söhbəti bir yana qalsın, sizin kitabınızda Rusiyanı xoşbəxt etmək, keçmiş “Sonuncu Qəhrəman” oyunu istiqamətində cərəyan edir (sizdə bu, “Cənnətə düş” adlanır). Və yeni mətbəx fəlsəfəsi adama bu fikri təlqin edir ki, terrorsuz keçinmək mümkün deyil, amma burda söhbət liberal terrordan gedir.
- Siz məsələyə düzgün yanaşırsınız, mənim romanımın mahiyyətindən həqiqətən belə çıxır ki, cəmiyyətin savadlı kəsiminin düşündüyü kimi bütün ölkə də düşünərsə, onda liberal terrorun hansısa elementləri qaçılmazdır. Bu, heç də o demək deyil ki, terror praktiki həyatda hansısa stalinist axmaqlıqlarla əlaqəli olacaq. Görünən budur ki, Rusiya xalqı liberal konsepsiyaları canına hopdurmayıb, bunun əvəzindəsə, xeyir və şər haqqında özlərinin mürəkkəb təsəvvürlərinə malikdirlər. Buna görə də Avropa konsepsiyasını müəyyən zorakılıqlara getmədən gətirmək mümkün deyil. Yəni, I Pyotorsuz heç-zad alınmayacaq.
- Elə bu barədə siz öz kitabınızda belə yazmısınız: “Yekaterina kartofu zorla əkdirirdi. Elə rus demokratik liberalizmi də bunu gözləyir. Onu hələ ki, zorla əkmək mümkündür”. Sizin kitabınızda bir metallurq obrazı var, o, ölür və bununla da ictimai inkişafa əngəl törədir. Hansısa gənc ölü-quldur ortaya çıxır. Müxtəlif obrazlar üzə çıxır, sol əliylə qızları çimdikləyənlər, sağ əliylə xaç çəkənlər. Sizin kitabınızı oxuyanda belə təəssürat yaranır ki, belə xalqla bəxtimiz heç gətirmədi, belə yerdə I Pyotru unutmaqmı olar?
- Yaxşı olardı, bu ağıllı-kamallı Birinci Pyotr dövlət sistemini elə qurardı ki, hər şey tərbiyəvi ölçülərlə tənzimlənərdi. Axı ölkə həmişə dairəvi hərəkət edir, bir zamanlar Marksa görə faciə sayılan nəsnələr məzhəkə şəklində təkrarlanır və ya sadəcə darmadağın olub çürüyür. Bu məmləkətin tilsimini açan sosial, fəlsəfi fikrə gərəyimiz var. Bax, biz özümüzü “xalq” adlandırırıq, amma millətə çevrilə bilmirik. Çünki ümumi dəyərlərdə birləşə bilmirik. Bizi yalnız keçmiş dəyərlər birləşdirir. Mənim kitabımda xeyirlə şərin mübarizəsi yox, ümidsizliklə ümidin mübarizəsi var. Mənim romanımdakı metallurq obrazı hərəkət edən naturadır, xəkəndazdır. Bir yandan da ortaya xalq intiqamçısı çıxır, o da ümidin fiquru deyil. Xalq intiqamçısı xaos yaradır, yenidən nələrsə qurmaq imkanlarına çətinliklə sahiblənir. Ona görə də romandakı Hakimiyyət də hamının tanıdığı ənənəvi hakimiyyətdir. Cəmiyyətin oxumuş kəsimi üçün nə qədər pis səslənsə də, bu, şərin rus modelidir. Hamı məyusdur, hamı bozdur, yaraları açıb, qüsurları göstərməyə çalışanda isə, daha da çoxalırlar. Buna görə də Akimud elçiləri elə bir cəmiyyət modelinə qayıtmaq istəyirlər ki, onun başında götürək elə Birinci Nikolay dura bilər.
- Yəni qısaca desək, bizim üçün romanda nəzərdə tutulmuş perspektivləri, sizin fikrinizcə, pessimist adlandırmaq olar, yoxsa optimist?
- Kimin üçünsə mənim romanım İvan Susanin kimidir, naməlumluğa aparır. Amma əgər mənim romanımda deyildiyi kimi, ümidsizlik olsaydı, onda yazmağın bir mənası qalmazdı ki... Rus tarixinin bir təbəqəsi digər təbəqəsinin üzərinə yüklənir, beləcə hər birimizin çiyninə təzyiq göstərir. Hamı tarixi-mədəni vicdanlı şüurun basqısı altındadır. Deyəsən, bütün problemlərimizi ağıllı hüdudlarda həll etmək mümkünsüzdür. Ancaq digər tərəfdən, nə qədər paradoksal olsa da (Rusiyada ziddiyyətlərsiz keçinmək mümkün deyil), həyat fantastik şəkildə davam edir, kifayət qədər zirək cizgilərdə özünü büruzə verir. Məhəbbət uğrunda döyüşlər gedir, şüurda transformasiyası gedir, bacılar öz sevgililərinin yanında yerlərini dəyişirlər... Darıxdırıcı mənzərə deyil.
- Darıxdırıcı olmayan nəsnələr dəqiqliyi ilə fərqlənərlər. Hətta sizin romanınızın adı da darıxdırıcı deyil. Akimuda kəlməsi hardan əmələ gəldi?
- Burda nəsə bir sirr-filan axtarmağa gərək yoxdur. Lap istəsəniz bu sözü adalar mənası verən Bermudlarla əlaqələndirə bilərsiniz. Ancaq mən bu sözü hansısa şifrlənməylə əlaqələndirmək istəməzdim. Kim necə eşidirsə, elə də eşidir.
EHTİRASLAR VƏ ÇAYIN QOLLARI
- Yeri gəlmişkən, bəs nədən “Akimudalılar” belə yarımsərlövhədən ibarətidir: qeyri-insani romandır?
- Bu, mənim pozitiv neqativizmimin üslubundadır. İnsanlar o qədər yaralıdılar ki, adicə bir ironik tənqidə də dözümsüz yanaşırlar. “Rus gözəlindən” sonra qadınlar mənə tamamilə haqsız olaraq acıqlandılar. “Kişilər” kitabımdan sonra bəziləri, yenə də haqsız olaraq, elə hesab etdilər ki, mənim kişilərdən zəhləm gedir. Bütün bu fikirlər artan istiqamətdə inkişaf edirdi. “Rus ruhunun ensiklopediyası” romanımdan hansısa xəstələr belə nəticə çıxartdılar ki, rus ruhu mənim ürəyimcə deyil. Boş söhbətdir! “Mən Polyak olsaydım” essemdən sonra Polşada müxtəlif fikirlər dolaşmağa başladı. Buna görə də qərara gəldim ki: əgər müəyyən kəsim romanımın filan yerini, başqa bir kəsim bəhman yerini bəyənmirsə, onda hamısını bir yerə toplayım, olsun qeyri-insani roman. İnsansevməzin romanı. Markiz de Sada sadiq şagirdin romanı!.. Yəqin bunları deməklə zarafat etdiyimi anlayırsınız.
- Sizin “Akimudalılar”ınızda Bulqakovun “Master və Marqarita”sından təsirlənmələr var. Keçmiş yazıçılardan tutmuş, indiki yazıçılaradək, “Atəş yanında”nın müəllifinədək bənzərliklər var. Ancaq onlar da bu gün bizim ətrafımızda baş verənlərdən baş açmağa yardım etmir...
- Kitabın girişində deyilir ki, bütün bu hadisələr əvvəlcə xəstə beyində baş verir, sonra isə böyük başda cərəyan edir, bu böyük baş isə müxtəlif təyinatlı deşiklərdən ibarətdir. Bu, fərdi şüurun inikasıdır. Ehtiraslar, zövqlər, fantaziyalar mənim romanımdakı qəhrəmanı “Master və Marqarita”ya gətirir, hətta Bulqakovun romanına parodiya olur, Bulqakovun romanında vicdan ötən əsrin qanunlarıyla yaşayır. İndi bunsuz keçinmək mümkün deyil, ona görə də ortaya Qoqol, Kafka, Coys, Platonov da çıxır, bu yazıçılar dünyanı yaxşı istiqamətdə dəyişməyin mümkün olması barədə elə də birmənalı düşünmürlər. Ancaq həqiqətən daha çox akimudalı olur, hamısı çıxıb gedir və kitab çoxlu qollara malik çaya çevrilir, bu qollardan isə bu günki real mənzərələr törəyir.
- Bu çayın qolları deyəsən, nəinki “qovuşmurlar” – biri-birindən kənara çəkilirlər. Bax, bu yaxınlarda şair Sergey Nikitin ideoloji motivlərlə əlaqədar Yuriy Başmetin yubileyinə getməkdən imtina etdi: əgər getsəydi, güya məni “öz adamları” anlamayacaqmış. Təxminən elə bu cür üsulla Yuri Kublanovskini Brodskinin dairəsindən “çıxartdılar”, çünki Brosdki Soljenitsın ilə yaxınlaşırdı. Hamı “düşərgələrə” ayrılır, biri-birilərini həzm etmirlər. Bax elə siz özünüz də romanınızda yazırsınız ki, bütün düşərgələr üçün siz yadsınız, hamı sizdən narazıdır. Niyə?
- Ziyalılar tarixin dönüş məqamlarını daha çətin qəbul edirlər... Və azad düşüncəyə malik qəhrəmandan bəhs edən romanda da, qəhrəman özünün sosial-siyasi xürafatında məhkum edilmiş istənilən hərəkatdan dərhal imtina edir, istər kommunistlər olsun, istər milliyyətçilər, istərsə də liberallar. Elə ya belə, bizim şizofrenik şüurumuz var. Partiyaların, ənənələrin intizamına əsaslanan bu şizofreniya insandan nəsə istiqamət heykəli yaradır, ancaq real sağlam ictimai dəyişikliklərə kömək etmir. Ancaq həm diri fikrin istiqamətləri var, həm də ölü fikrin istiqamətləri var. “Akimudalılar”da bu barədə təfərrüatı ilə yazmışam. Özü də belə nihilizm mənim romanımda yoxdur. Burda əsas məsələ başqadır: roman ənənəvi humanist istiqamətin yolundan sapır. Bizim ədəbiyyatımızda daim təkrarlanır ki, insan xeyirxahdır, amma ictimai şərait onu korladı. Turgenevin “Atalar və oğullar”ının qaralamalarında Bazarov deyir ki, insan yaxşıdır, şərait pisdir. Ancaq XX əsrin xüsusən 90-cı illərində şahid olduğum kimi, insan asan qazanc əldə etmək kimi bir rəzilliklərə əl atarmış, başqalarına qarşı zorakılıq etməyə meylli olarmış, hüdudsuz hakimiyyət hərisi olarmış, cəzasız qalarmış, bütün bunlar da ona görə olarmış ki, sosial şərait onun gözünü açdı... Bu daha qorxulu konstruksiyadır, Voland həmişə pislik etmək istəyirdi, amma bunun əvəzində yaxşılıq alınırdı.
- Siz “Metropol” və “Akimudalılar” zəmanəsinin yetişdirməsisiniz, bu, iki fərqli insandır? O zamanlar siz özünüzü dissident kimi hiss edirdiniz, indiysə ifratçılığa qapılmaqdan qaçırsınız...
- 1979-cu ildə tamamən idealist “Metropol”un konsepsiyasını düşünərkən mənim 30 yaşım vardı. Mənə belə gəlirdi ki, biz Rusiyadakı həyat barəsində beynimizə hakim kəsilmiş totalitar düşüncələrdən azad olaraq, daha sürətlə və səmərəli olaraq mədəni cəmiyyətə yaxınlaşacağıq. Şübhəsiz ki, mənim onda təcrübəm-zadım yox idi. Bu, o demək deyil ki, az təcrübəmin olmasına baxmayaraq “Metropol”u nəşr edə bilməzdim. O zaman mənim üçün əsas olan azad müstəqil ədəbiyyatın olmasını nümayiş etdirmək idi. Onda mənə elə gəlirdi ki, sosial şərait bizə çox təzyiq göstərir. “Akimudalılar” göstərir ki, biz cəmiyyətin dəyişməsinə həddindən çox böyük ümidlər bəsləyirdik. Totalitar dövlətdə yaşayarkən biz quyuya düşmüşdük, belə baxanda deyə bilərdin ki, beşmetrlik quyudur, kəndirnən, nərdivannan bu quyudan birtəhər çıxmaq olar. Belə düşünürdük. İndiysə məlum olur ki, bu quyunun dərinliyi 50 metrdir, özü də burda nə kəndirin köməyi dəyəcək, nə də nərdivanın. Nəsə daha kəskin alətlərə ehtiyac var. Bütün bədbəxt hadisələrin səbəbini hakimiyyətdə axtarmaq axmaqlıqdır. Bizdə hər şey halqalanıb. Bu halqalarda mədəni həyatın nə demək olmasından bixəbər xalq şüuru əks olunur. Bu halqalarda nəyin kimə, kimin nəyə mane olmasını demək çox çətindir. İndi mən anlayıram ki, Birinci Pyotr çox ağıllı olmalıdır, əks halda nə varsa dağılacaqdır. Mən heç kəsi qorxutmaq istəmədən bu barədə yazmağa çalışdım. Bunda hamının günahı var. Əgər nələrsə etmək istəyiriksə, birinci özümüzdən başlamalıyıq.
TORBA DOLUSU DƏYƏR
- Bəs nədən romanınızda şair Andrey Voznesenski barəsində ayrıca başlığa gərək duydunuz?
- Voznesenski parlaq fiqurdur. Onun “Siquldada Payız”, “Vaqonun pilləsindən sallanmışam mən, əlvida...” şeirləri çox duyumludur. Bu yazıçının akimudalıların tarixinə düşməsinin səbəbi məncə odur ki, onun şeirlərində altmışıncıların dünyagörüşü əks olunubdur, insan barəsində biri-birinə ziddiyyətli, biri-birindən mürəkkəb fikirlər barədə sorğu-sual etmədən. Belə bir idelizmə elə mən özüm də hardasa demək olar ki yoluxmuşdum... Altmışıncılar həmişə “təmiz niyyət”ləriylə fərqlənirdilər – bu sözlər Axmadulinanındır. Ancaq təmiz niyyətlərin də heç bir faydası dəymədi. Elə mən də öz romanımda bu dramı göstərmək istədim: belə düşünürdük ki, ədəbiyyat köməyimizə gələcək, amma gəlmədi. Ya da biz ədəbiyyatı pis qəbul etdik və ya özü-özlüyündə ədəbiyyat kifayət etmədi.
- Bu günki nəsil, altımışıncılar və onların dalıyca gəlmiş nəsil “qzıl gənclik” idi. Rütbəli valideynlər, Vısotski Mersedesdə, Brejnevdə olduğu kimi, Axmadulina həmişəki kimi zərif. Elə siz özünüz də səlahiyyətli diplomatın oğlusunuz, özünüz də yazdığınız kimi, səfirlikdən çıxmırdınız. Hamı öz “akimuda”larında yaşayırdı, rahat vicdan adalarında. Nə çatmırdı?
- Bizdə üumumiyyətlə həyat bilgisi barədə təsəvvürlər obıvatelin xoşbəxt yaşamını təmin edə biləcək dəhşətli sınaqlar bilgisiylə qarışdırılır. İnsan yaxşı yaşam qura bilmədiyindən, ədalət ideyasından ruhlanıb nələrisə yaradır. Bu, çox axmaq ideyadır. Aşağılardan lap pis görünür, yaxşısı budur bu ideyaya yuxarıların gözüylə baxasan. Bilirsiniz, mənim uşaqlığım çox xoşbəxt keçib, əvvəlcə Stalin dönəmindəki uşaqlıq, sonra paris uşaqlığı, valideynlərimin dostları və tanışları öz dövrlərinin böyük şəxsiyyətləri idilər. Atam Pikasso ilə dostluq edirdi, Araqon SSRİ-nin dostu kimi bizim səfirliyə qonaq gəlirdi. Valideynlərimin evinə Valentin Katayev də gəlirdi, Bulat Okutjava da gəlirdi. Moskva döngələrində dəcəllik edib gəzməkdənsə, həyatı daha dərindən anlamağa girişirdik. Bizdə belə bir fikir dolaşır ki, ingilis kraliçası yaşayışın nə olduğunu bilmir. Mən ümumiyyətlə bu cür fikirlərə qarşıyam. Əslində ingilis kraliçası onun vətəndaşlarından daha çox həyat haqqında bilgilidir. Altmışıncılara gəldiksdə, isə demək olmaz ki onlar hamısı uğurlu idilər. İnsanların əlinə pul düşən kimi kürk geyinirlər. Sovet yazıçılarından yalnız Plotonovun əynində kürk yox idi, o bu kürk geyinənlərin arasında su kəməri işçisi kimi görünürdü. Ancaq məsələ kürkdə deyil. Su kəməri işçisi dahi oldu. Brodskiyə də tanrı istedad verib. Onun valideynlərinin nə etməsindən və özünün isə haralarda yaşamasından asılı olmayaraq.
- Siz deyirsiniz ki, ədalət ideyası səhvdir. Aşağıdan baxanda bayağı görünür. Ancaq həyata “yuxarıdan” baxanlar arasında həyasızlar və snoblar daha çoxdur. Elə bunun özü də bayağıdır...
- Bəli, həyata yuxarıdan baxanda snobizmin və sosial əxlaqsızlığın təsiri altına düşmək çətin deyil. Bu həyasızların çoxusu elə düşünür ki, cəmiyyətdə nələrisə dəyişməyə gərək yoxdur. Bunu da onunla əsaslandırırlar ki, xalqın özü çirkin içindədir, ona görə də öz kefimi düşünsəm daha yaxşıdır. Belə bir bayağı fikir var ki, əgər Rusiyanın bu qədər problemi varsa, onda onu istismar etmək daha yaxşı olmazmı, bax, bu cür bayağı fikirlər çoxlarının beyninə hakim kəsilib. Bu qədər geniş imkanlara malik ölkəni öz məqsədləri üçün istifadə edirlər. Bax, biz özümüzü “xalq” adlandırırıq, amma millətə çevrilə bilmirik. Çünki ümumi dəyərlərdə birləşə bilmirik, bizi birləşdirən yalnız keçmiş dəyərlərdir. Millət – müasir dəyərlərə istinad etməlidir. Biz xalq olmaqdan çıxırıq, ancaq millət ola bilmirik. Millətlə xalqın ortasında qalmışıq. Hansı istiqamətdə hərəkət etməli olduğumuzu da bilmirik. Biz sındırılmış dəyərlər dənizində yaşayırıq. Rusiya dövləti Titanik gəmisinə bənzəyir, bir dəfə 1917-ci ildə batıbdır, bir dəfə də 1991-ci ildə. Hər kəsin öz dəyərlər torbası var, bu dəyərlər validenylərdən, kitablardan, məktəbdən, həyat təcrübəsindən gəlmə dəyərlərdir, bu dəyərlərin içində filan qədər demokratiya, filan qədər pravoslavlıq, filan qədər də liberalizm, millətçilik, imperializm və sair var. Bu torbalar qovuşa bilmirlər. Dostlar yığışırlar və ta Adəmdən başlamış üzü bəri Rusiyada nə etmək lazım olduğunu, hansı istiqamətdə getməli olduğumuzu, nəyin pis, nəyin yaxşı olmasını müzakirə edirlər. Kim sərxoşdur, kim içki içən deyil, gecə beləcə keçir və yenədə heç nədən baş açmırsan.
PAXLA DƏNƏSİ, İNTERNETİN MÜJDƏÇİSİ
- Bax, elə sizin dediyiniz məsələ Dostoyevskinin “Paxla dənəsi” hekayəsində də var. Siz “Akimudalılar” romanınızda Dostoyevskini İnternetin ilk rus müjdəçisi adlandırırsınız. Çünki Dostoyevskinin yazdığı “Paxla dənəsi” hekayəsində hamı öz qəbrində uzanıb dalaşır, nədənsə qeybət edir, ancaq biri-birilərini görmürlər, heç biri-birilərinə yaxınlaşa da bilmirlər...
- Adamlar yalnız ehtiras və ya sevgi burulğanlarında birləşirlər. Romanda real sevgi də var. Ya da ailə faciələrində birləşirlər. Amma dəyərlər barəsində ümumi təsəvvürlərini birləşdirə bilmirlər. Hər kəsin öz bostanı var, bu isə çox böyük milli problemdir. Bizim ədəbi-fəlsəfi meydanımız tamamilə çürüyüb. Müxtəlif xüsusiyyətli Karamazov qardaşlarını Dostoyevski kimi göstərə biləcək yazıçı yoxdu indi. Əlbəttə, dialoqlar vacibdir. Əks halda, Rusiya həmişə ya partlayışa, ya da dövlət terroruna əl atır. Bunların heç birisi bizə gərək deyil. Məncə biz öz dairəmizdən kənarları görə bilmirik. Ancaq hamı istəyir ki, yaxşı yaşasın, ona hörmət qoyulsun, dünyada səyahət etsin. Nəticə etibarilə, biz vicdandan başladıq, hərdən vicdana qayıtmağımız gəlir. Ancaq əgər vicdanın özü mürəkkəb bir hadisəyə çevrilibsə, onda necə yaxınlaşmalı?
- Yeri gəlmişkən: bir dəfə Londonda olarkən, yerli qəzetlərdən birində məni təəccübləndirən bir başlıqla rastlaşdım: “Britaniyada yenə seks yoxdur?”. Necə olmasa da, axı biz özümüzə ironiya ilə yanaşmağı sevirik, bunu da köhnə sloqanı təkrarlamaqla edirik, “SSRİ-də seks yoxdur”. Qəzeti oxuyarkən isə mənə aydın oldu ki, sən demə biz tək deyilikmiş. Bunula onu demək istəyirəm ki, biz bir çox illüziyalarla yaşayırıq. Bəlkə elə də fərqli deyilik?
- Elə ya belə, biz onsuz da təcrid edilmiş arxipelaq olaraq qalırıq. Dünyada nələrin baş verməsini yaxşı bilmirik. Biz xarici ədəbiyyatdan kifayət qədər oxuyuruq, bəlkə hətta digər ölkələrin sakinlərindən də çox oxuyuruq. Ancaq bu xarici ədəbiyyatları oxumağımızdan əxz etdiklərimiz dünyanı anlamağımıza yardım etmir, bizim xarici ədəbiyyatdan əxz etdiklərimiz, öz ədəbiyyatımıza yaxın olan xeyir və şər, həyat və ölüm münasibətləridir. Başqa bir reallığın olmasından isə demək olar hamı bixəbərdi. Biz hər dəfə güya ən erkən tədqiqatçılarıq. Sovet hakimiyyəti dönəmində Avropa bizim üçün əxlaqsızlığın tüğyan etdiyi məkan idi. İndi bizim əxlaqsızlığımızın yanında, Avropa elə əxlaqlı görünür ki, sanki orda yaşayanlar hamısı mömindirlər. Ona görə bəlkə də haqlıdırlar ki, onlarda seks yoxdur.
- Bizim məktəblərdə rus dili və ədəbiyyatı fənnlərinin saatlarını lüzumsuz olduğuna görə azaldırlar. Bəs siz buna necə münasibət bəsləyirsiniz?
- Məktəblərdə ədəbiyyat saatlarının ixtisar edilməsi və faydalı sandığımız elmləri oxumağın bizim üçün kifayət etdiyini söyləmək mənasızdır. Bu, qidalanma rasionunu azaltmağa bənzəyir. Ədəbiyyat nəinki beyinin qidalanmasıdır, həm də şüurun, vicdanın, insan təbiətinin qidalanmasıdır. Məncə ədəbiyyat saatlarının azaldılması axmaqlıqdır. Bizdə əvvəllər olduğu kimi ədəbiyyat oxuyan kəsimin sayında elə bir dəyişiklik yoxdur, ancaq nələri oxuyacaqları və oxuduqlarından nələri əxz edəcəkləri barədə təsəvvürlər dumanlıdır. Sadəcə bizə dövlətçilik ağılı və insan barəsində dövlət təsəvvürlərini anlamaq vacibdir. Əgər əhalini gah baş verənlərlə barışan, gah da qiyam edən kütlə kimi qəbul etsək, onda nəticə etibarilə, fəlakətlər olmaqdıqda belə, əhalinin ruhunda aclıq olur. Bu isə heç də səfehlikdən kiçik problem deyil. İnsanın sosial, fəlsəfi, metafizik, dini, erotik komplekslərinin dərk edilməsi daha vacibdir. Axı bizdə böyük bir təkamül prosesi gedibdir. 90-cı illərdə “Rus gözəli” çıxarkən, bar-bar bağırırdılar ki, bu, pornoqrafiyadır. İndi bir kimsə bu barədə heç qımıldanmır da. Görürsünüzmü, elə siz özünüz də mənə erotika barədə suallar ünvanlamadınız...
Tərcümə: Ramil Rahiboğlu