Atam mənə bu stadionu əhatələyən dəmir borulardan kenara cixmagi qadağan etmişdi. Yalnızca onun icazəsindən sonra kənara qısamüddətliyinə çıxa bilərdim. Bu vəziyyət 7-ci sinifdə oxuyana qədər davam etmişdi. Ona görə də bu stadionu həm çox sevir, həm də nifrət edirdim. Yaşadığım yerdə qonşumuz yoxdur. Ən yaxın qonşumuz stadionun dəmir sərhədlərindən o tərəfdəki binalarda yaşayan insanlardır. Yay aylarında oynamaq, əylənmək həvəsi ilə həyətə düşsəm də, çox zaman oynaya biləcək insan tapa bilmirdim. Hər kəs öz məhəllələrində, öz dostları ilə birgə oynayırdı. Stadionda isə çox zaman ya uzaq məhəllələrdən gələn, hansı ki, həyətlərindəki oyun yerlərini maşın dayanacağı eləmişdilər, tanımadığım insanlar, ya da böyüklər oynayırdı. Mən isə tək qaldığımdan məcbur böyük insanların oyununa baxıb, həmişə arzu edirdim ki, böyüyüb onlar kimi olum. Hündür, qalın səsli, iri və ağır addımlı və çoxlu dostları olan.
Bütün bu hadisələrin fonunda dostlar tapıb, onlarla oyun oynaya bilməyim üçün mənim ancaq bir şansım var idi: o da topumun olması idi. Yəni əgər mənim topum olacaqdısa, çoxlu dostlar tapıb, onlarla futbol oynaya bilərdim. Daha doğrusu tapmağa ehtiyac yox idi. Sənin topunun olması xəbəri sürətlə məhəllədə yayılacaqdı və qısa bir zamanda ətrafında səni belə təəccübləndirəcək sayda uşaq toplanırdı. İnsanın topunun olması ona çox avantajlar yaradırdı. Məsələn, sənin nə qədər zəif oynamağından, komandanın oyununu korlamağından, hətta öz qapına qol vurmağından asılı olmayaraq heç kim səni komandadan qova bilməzdi. Çünki top sənin idi. Sənin oyundan çıxmağınla oyun da bitərdi. Buna görə də hər kəs sənin nazını çəkirdi. Bütün bunları bildiyimə görə nə olursa olsun top almağa çalışırdım. Dərs vaxtı olduğu üçün evdən heç kəs buna razı olmurdu. Bir dəfə Novruz bayramı tətilində mənə top almasını atamdan xahiş edəndə, o məni həyətimizdəki balaca dükanımıza gətirib, tavandan asılan səbətin içindəki üstündə Braziliyanın bayrağı olan topu göstərərək demişdi ki, yay tətilinə qədər bütün dərslərdən beş al, yay tətilində bu topu sənə hədiyyə edəcəm. Bundan sonra daha çox oxumağa çalışır, hər dəfə beş alanda topa daha da yaxınlaşdığımı hiss edirdim. Dərsdən evə gələn kimi tez dükana qaçıb, taxtanın üstünə çıxıb, elə səbətin içindəcə topu atıb-tuturdum və yayda onunla necə oynayacağıma, ətraf məhəllədən gələn uşaqların mənim topuma necə heyrancasına baxacağını təsəvvürümdə canlandırırdım. Bəzən isə yayı gözləməyə səbrim çatmırdı. Gizlincə atamın cibindən, dükandan pul oğurlayıb gedib başqa yerdən balaca top alırdım. Dərsdən qayıdanda uşaqları yığıb o topla oynayır, sonra atam işdən gəlməmiş topu həyətdəki taxtaların arasında yaxşıca gizlədib, evə girib yuyunub, otağıma keçib dərslərimi oxumağa başlayırdım ki, atam həyətdə olduğum şübhəsinə düşməsin.
Məktəblər bitib yay tətilinə yeni başlayanda atam söz verdiyi kimi üstündə Braziliya bayrağı olan topu mənə hədiyyə etdi, əlavə olaraq da mənə Ronaldonun formasını aldı. Həmin günü ən xoşbəxt günlərimdən biri olaraq xatırlayıram. Səhərə qədər sevincimdən yata bilməmişdim. Gah Braziliyanın sarı formasını qucaqlayır, gah da yaşıl bayraqlı topu atıb-tuturdum. Ancaq sevincim uzun çəkmədi. Təxminən iki həftədən sonra topum cırıldı. Artıq heç kim məni komandasına almır, heç kim mənimlə oynamaq istəmirdi. Beləcə bütün yayım Ronaldonun forması əynimdə, stadionun içində ora-bura gəzib, özümə oyun yoldaşı axtarmaqla keçdi.
Həmin günlərdə həmişə həyət evində, qonşusu olmayan bir evdə yaşadığımıza görə ailəmə nifrət edirdim. Üstəlik bu axmaq stadion dəmirləri də bir yandan. Həmişə bina evlərinə yaşayan insanlara paxıllıq edirdim. Qonaq getdiyimiz qohumların evindən geri qayıtmaq istəmirdim. Həmin evlər mənə daha isti, daha səmimi, daha mehriban gəlirdi. Elə bilirdim ki, həmin evlərdə yaşayan insanlar bir-birilərini daha çox sevir, bir-biirlərinə daha çox bağlıdırlar. Çünki həyət evində hər kəsin qaçıb sığına biləcəyi yerlər daha çoxdur. Bu qaçışlar da insanları bir-birindən uzaqlaşdırır. İnsanlar arasındakı münasibəti daha da soyuqlaşdırır. Bina evlərində isə belə deyildi. Amma sonralar anlamağa başladım ki, əslində bir insana nə qədər yaxınsansa, bir insanı nə qədər çox görmək məcburiyyətində qalırsansa o insana başqalarına nisbətən daha çox nifrət edirsən. Əslində onların da yaşadıqları evlər onların həbsxanaları idi. Üstəlik bizim həbsxanamızdan daha balaca həbsxana. Ona görə həmin insanlar başqa dünyaya qaçmağa daha çox və daha tez can atmağa başlayırlar. Başqa dünya dedikdə evdən, həyətdən kənar dünyanı nəzərdə tuturam. Bu səbəbdən həyət evlərində yaşayan insanların ətraf aləmlə sosiallaşması prosesi daha uzun çəkir. Çünki onlar yaşadığı həbsxananın böyüklüyündən məmnundurlar və bunların həbsxana olduğunu belə düşünmürlər. Onlar öz həyət evlərində öz dünyalarını qurublar. Bu dünyadan kənara çıxmağa can atmırlar. Çünki kənar dünya onların tabeliyində deyil, kənar dünyanı idarə etmək gücündə deyillər. Öz yaşadığı evi, həyəti isə idarə edə biləcək gücdədirlər. Bu idarəetmənin verdiyi həzzdən onlar məmnundurlar. Bu həzz onların başlarını gicəlləndirir və reallıqdan uzaqlaşdırır. Əslində idarə etdiyi sandığı evin onun məhkum kimi yaşadığı həbsxanası olduğunun fərqində deyil. Buna görə də, ən təhlükəli qullar öz qandallarını sevən qullardır. Çünki onlar öz qandalları ilə bütünləşib və reallıqdan uzaqlaşıblar. Onlar qandallarının fərqində deyillər. Dünyada özünü azad zənn edən qullardan daha təhlükəli nə ola bilər?
Bugün mənim 22 yaşım var və mən hələ də bu evdə yaşayıram. Zaman-zaman bu həbsxanadan qurtulub, müəyyən müddətlik azadlığımın həzzin yaşamışam. Ümumən isə bura məhkum olmuşam. Bütün uşaqlığımla, yeniyetməliyimlə, gəncliyimlə, xatirələrimlə, duyğularımla, kədərimlə, sevincimlə, hər şeyimlə. İndi bu həbsxanada həyat başqa cürdür. Artıq stadionda nə böyük insanlar futbol oynayır, nə də kiçik uşaqlar müxtəlif oyunlar. Boşdur. Turniklər qırılıb, asfaltlar sökülüb. Yağış, qar, avtomobil təkərlərinə tab gətirməyən stadion kələ-kötür hala düşüb. Məhəllələrdəki uşaqlar böyüyüb, bəziləri evlənib. Indi onları ancaq pul qazanmaq və ayın sonunda maşının kreditinin ödəmək düşündürür. Uşaqkən ən böyük arzumuz top alıb, futbol oynamaq olan bizlər indi balaca otağa girib pultu əlimizə alıb qol vurmağa çalışırq. İndi mağazaya girib rahatca istədiyim topu ala bilərəm. Amma nə o topla oynayacağım insanları tapa biləcəm, nə də top mənə uşaqlığımı qaytaracaq.
Uşaqlığımızda qorxurduq, yeniyetməliyimizdə utanırdıq, gəncliyimizdə gələcəyin dərdin çəkirik, yaşlılıqda da yəqin bütün bunların peşmançılığın çəkərik.
Vüqar Bəhmənzadə
Kultura.Az