post-title

«USAMA»

2003-cü ildə o vaxta qədər adı yalnız siyasi xəbərlərdə hallanan Əfqanıstanda istehsal olunmuş «Usama» adlı film birdən-birə dünyanın müxtəlif bölgələrində keçirilən bir neçə kino festivalda mükafatlara layiq görüldü. Daha konkret desək, 56-cı Kann Kinofestivalının gənc jürisinin təsis etdiyi «ən yaxşı əcnəbi film» və AFGAE AWARD mükafatlarını, Kiyevdə «Gənclik-2003» festivalında «ən yaxşı qadın roluna görə» İv Montan və «ən yaxşı film» mükafatlarını, Cənubi Koreyada keçirilən Pusan festivalında publikanın simpatiyası və «Yeni cərəyan» mükafatlarını və «ən yaxşı əcnəbi film» kimi «Qızıl qlobus- 2004» mükafatlarını aldı…

 

«Usama»nın rejissoru Siddik Barmak kinoda fəaliyyətinə dokumentalist kimi başlayıb, lakin bütün filmləri Əfqanıstanda gedən hərbi əməliyyatlar zamanı Taliban rejimi tərəfindən məhv edilib. Amma  əvvəlcə…

Əfqanıstan və…

Rəsmi adı Əfqanıstan İslam Respublikası.. Orta Asiyada yerləşir. Dünyanın ən kasıb ölkələrindən biridi. Cənubi və Şərqi Asiyanı, Avropa və Orta Asiya ilə birləşdirən mühüm ticarət yollarının kəsişməsində yerləşdiyindən əsrlərlə güclü  dövlətlərin göz dikdiyi «dadlı tikə» olub. 1893-cü ildə britaniyalılar Əfqanıstanla Hindistan arasında «Düran xətti» kimi məşhur olan sərhəd çəkərək oranı Rusiya və özlərinin Hindistandakı maraqları ortasında bufer bölgəyə çeviriblər. Müstəqilliyi 1919-cu ildə elan olunub. Dövlət quruluşunu bir neçə dəfə dəyişib. 1923-cü ildən 73-cü ilə qədər konstitusiyalı monarxiya, 73-cü ildə M.Zahir şahın hakimiyyəti Əfqanıstan Xalq-Demokratik Partiyası tərəfindən devriləndən sonra isə demokratik respublika elan edilib. 1987-ci ildə əvvəlki adı - Əfqanıstan respublikası – qaytarılıb. 2004-cü ilin yanvarında ölkədə yeni konstitusiya qəbul olunub. Hə. Bir də… 1946-cı ildən BMT-nin üzvüdü.  Təkcə BMT-nin yox…

Ölkənin 75%-i dağlardan ibarətdi və bu da respublikanın  sosial strukturunu müəyyənləşdirib. Böyük şəhərlərdən və dağların ucbatından həm də bir-birindən uzaqda yaşayan etnik qruplar  maldarlıqla məşğul olur. Etnik qrupların nümayəndələri (əsasən, kəndlilər)  özlərini əfqanlara yox, öz qruplarına və ya tayfalarına aid edirlər. Əfqanıstanın dörd əsas etnik qrupu – puştunlar, xəzərlər, özbəklər və taciklərdi. Sünni puştunlar sayca ən böyük qrupdu. Bu cür qruplaşma ölkədə hər-hansı mərkəzləşmiş dövlət yaratmağa və qanunvericilik sistemi tətbiq etməyə ciddi əngəl törədir.

… və əfqan kinosu

Kinonu ilk dəfə Əfqanıstana Əmir Həbibullah gətirib (1901-1919). Onun ilk tamaşaçıları da saray sakinləri olub. Yerli əhali incəsənətin yeddinci növünü yalnız bir neçə ildən sonra -1923-24-cü illərdə görüb. Qara camaatın «sehrli qutu», ya da «sehrli fənər» adlandırdığı ilk proyektorla Paqman şəhərində birinci səssiz film nümayiş olunub. İlk əfqan filmi isə 1946-cı ildə çəkilib. «Dostluq və məhəbbət» adlanır. 1968-ci ildə Əfqan Film Cəmiyyəti yaradılıb. Əfqan xalqı kinoya baxmağı sevsə də (bizim kimi onlar da hind filmi pərəstişkarlarıdırlar), kino istehsalı inkişaf etməyib- filmlər iki ildən bir çəkilirmiş. (Aydındır ki, səbəb ölkə iqtisadiyyatının aşağı səviyyədə olması, arasıkəsilməyən vətəndaş və işğalçı  müharibələrdi). Taliban Kabildə hakimiyyəti ələ keçirəndən sonra isə film çəkilişi nəinki dayandırılıb, hətta qadağan edilib, o vaxta qədər çəkilmiş lentlərin hamısı yandırılıb, kino xadimlərinin bir hissəsi edam olunub. Sağ qalanlar isə ya peşəsindən imtina eləyib, ya da ölkədən qaçıb.

TALİBAN

Taliban – radikal islam hərəkatıdır. 1996-2001-ci illərdə Əfqanıstanı idarə eləyib. Əsası, 1994-cü ilin yazında Qəndəhar vilayətində molla Məhəmməd Ömər və Qəndəhar mədrəsəsinin 30 tələbəsi tərəfindən qoyulub. Hərəkatın adı da burdan götürülüb, «Talib» ərəb-puştu dilində «tələbə» deməkdi. Adətən olduğu kimi, taliban da qərbin tam dəstəyi ilə yaradılıb və fəaliyyət göstərib. Əlbəttə, yalnız onlara lazım olduğu müddətcə… Belə hesab edilir ki, sünni təriqətli hərəkatın Əfqanıstanda hakimiyyətə gəlməsi heroin istehsalı üzrə dünya liderlərinin fikridi. Talibanın hökmranlığı dövründə ümumdünya heroin istehsalının 79%-i bu ölkənin payına düşüb. Bir il içində tiryək laləsi əkilmiş sahələrin sahəsi 90,5 min hektara çatıb. Hətta deyilənlərə görə, talibanlar kəndlilərə taxıl əkməyinə qadağa qoyur, əvəzində tiryək yetişdirilməsi üçün pul təklif edirlərmiş.

1996-cı ilin sentyabrında Kabili müqavimətsiz ələ keçirərək Əfqanıstan İslam Əmirliyini yaradan taliblər ölkədə ciddi «şəriət» qanunları tətbiq etməyə başladılar.  Televiziya, musiqi, kompyuter, şahmat – bir sözlə, insanı əyləndirən və təxəyyülünün, şüurunun inkişafına səbəb ola biləcək hər şeyə qadağa qoyuldu. Taliblər qadınların təhsil almağını, ümumiyyətlə, yanında əks cinsin nümayəndəsi olmadan küçəyə çıxmağını, danışmağını, işləməyini qadağan etdilər (Onların hakimiyyətinin ilk illərində ali təhsilli əfqan qadınlarının bir çoxu intihar eləyib). Təhsil qadağası təkcə qadınlara aid deyildi. Taliblər ancaq dini savadı – (dini savad deyəndə, Quranın qiraəti nəzərdə tutulur və yalnız kişilərə icazə verilir) tanıyır, dünyəvi biliklər verən məktəbləri də məhv edirdilər. (Bu «fəaliyyətlərini» indi də davam etdirirlər– yalnız 2008-ci ildə Pakistanın şimal-qərb bölgəsində 150 məktəbi dağıdıblar).

2001-ci ilin martında Əfqanıstan ən qədim mədəniyyət abidələrindən birini – Buddanın Bamiya qayalarına həkk olunmuş iki nəhəng heykəlini (III-VI əsr) partladıblar.

Məlum 11 sentyabr hadisələrindən sonra ABŞ Talibanı terakta görə məsuliyyəti üzərinə götürmüş «Əl-Kaida» təşkilatının rəhbəri Usama bin Ladeni gizlətməkdə ittiham edərək, Əfqanıstana qarşı terror əleyhinə əməliyyata başladı. Şimal Alyansının da köməyilə Qərb öz «məhsulunu» yaratdığı kimi də dağıtdı. Taliblərin bir qismi dağlara çəkildi, bir qismi isə qonşu Pakistanın Vəziristan vilayətinə keçərək orda öz kiçik dövlətlərini yaratdı.


«USAMA»

Siddik Barmak 1962-ci ildə Əfqanıstanda doğulub. 1987-ci ildə Moskvada ÜDKİ-nun rejissorluq fakultəsini bitirib. Öz vətənində bir neçə qısametrajlı və sənədli film çəkib. Əhməd Şah Məsudun müşavirlərindən biri olub. 1996-cı ildə Əfqanıstanda hakimiyyət taliblərin əlinə keçəndə Pakistana mühacirət etmək məcburiyyətində qalıb. Taliblər onun da bütün filmlərini məhv ediblər. Taliban rejimi dağılandan sonra Əfqan Dövlət Kino Agentliyinə rəhbərlik etmək üçün dəvət olunub.

«Usama» həm S.Barmağın ilk tammetrajlı bədii filmidi, həm də talibandan sonra çəkilən ilk əfqan lentidi. Film yeniyetməliklə uşaqlıq arasındakı son pillədə dayanan qızdan bəhs edir.Onun həyatının bu maraqlı dövrü Taliban rejiminin ən kəskin illərinə təsadüf edib. Ailəsinin kişi üzvlərinin hamısı müharibədə həlak olub, qadınlarınsa nəinki işləməsinə, heç burnunu evdən  bayırı çıxatmasına da izn verilmir. Belə bir şəraitdə balaca qızın anası onun saçlarını kəsir, kişi libası geyindirib bir tikə çörək qazanmağa göndərir. Lakin onların bu hiyləsi çox tez açılır və qızcığaz cəzalandırılır.      

Rejissor filmin süjetini bir qəzet xəbərindən götürüb: balaca bir qız məktəbə getməyi arzulayır, amma qız olduğu üçün evdən çıxa bilmir. Onda qız kiçik qəhrəmanlıq edir- saçlarını kəsir, qaşlarını, kipriklərini qırxır və oxumağa başlayır. S.Barmak əhvalatı olduğu kimi ekranlaşdırmayıb. Qəzet xəbəri filmin yalnız nüvəsindədi. Rejissor süjetə dəyişikliklər, əlavələr edib və meydana başqa bir əhvalat çıxıb. «Usama»nın qəhrəmanı, kişi libasına, kəsilmiş saçlarına rəğmən hər hüceyrəsindən qadınlıq, cazibə, ürkəklik fışqıran görünüşü ilə dövrün təcavüzünə üsyan  eləyir.

Epizodlardan birində yeniyetmə oğlanlara qüsl almağı öyrədən molla Usamanı «qılman» adlandırır. Elə finalda da «qılman»a bənzədiyi üçün edamına imkan vermir. (Ümumiyyətlə, bu çox qəribə bir haldı. Mən bunu Bakıdakı uşaq evlərində müşahidə eləmişəm – bu uşaqlar, xüsusən, qızlar nə qədər kimsəsizdilərsə, zahirən bir o qədər çox inkişaf etmiş olurlar, bir o qədər çox diqqət çəkirlər. 11-13 yaşlı balaca qızların bədən quruluşu 18-19 yaşlı qızları xatırladır).
 
«Usama» bütün çarəsizliyinə baxmayaraq, üsyankar filmdi. Müəllif bu üsyanı heç bir mürəkkəbliyə yol vermədən, sadə vasitələrlə çatdıra bilib. Filmin ekspozisiya strukturu da buna xidmət edir – Usamanın kəsilmiş hörüklərini dibçəyə basdırdığı epizodlar əslində finaldı. Çünki saç ölü hüceyrələrdən yaranır, onun dirilmək, canlanmaq, cücərmək ehtimalı başdan yoxdu. Əksinə torpaq onu daha da eybəcərləşdirir. Bundan o yanası yoxdu. Finalda (xronometraj baxımından) mollanın Usamayla evlənərək edamdan «qurtardığı», sonra sadəlövhlüklə gülümsəyə-gülümsəyə öz qıfılını seçməyi təklif elədiyi epizodlar da kulminasiyadı – çarəsizliyin kulminasiyası…

Qeyd üçün bildirək ki, Siddik Barmak filminin qəhrəmanlarını Kabil küçələrində tapıb. «Usama» filmində əsas qadın rolunun ifaçısı Marina Gülbahar küçədə dilənçilik edirmiş, onun qəhərmanını qoruyan oğlan isə səfil itləri tutub satırmış. Elə filmdə də rejissor itlərindən birini almağa razılıq verəndən sonra çəkilib.

Amma…

Taliban rejimi devrildikdən sonra Siddik Barmak kimi entuziastlar əfqan kinosunu dirçəltməyə çalışırlar. Siddik Barmağın rəhbərlik etdiyi Əfqan Uşaqlarının Təhsili Hərəkatı, Möhsün Mahmalbaf tərəfindən yaradılmış Ədəbiyyata, İncəsənətə və Mədəniyyətə Yardım Asossiasiyasının  məktəblərində milli kinematoqrafa kömək məqsədilə aktyorlar və rejissorlar yetişdirilir. Əfqanıstan 2006-cı ildə Mərkəzi Asiya və Cənubi Qafqaz Film Festivalları Konfederasiyasına qoşulub. Ölkədə kino istehsalına həm maddi, həm də mənəvi dəstək vermək üçün İranın mədəniyyət nazirliyi və «Mahmalbaf» kinoşirkəti xüsusi infrastruktur yaradıb. Elə «Usama» filmi də həmin dəstəyin sayəsində ərsəyə gəlib. İranın mədəniyyət nazirliyi əfqan kinosuna avadanlıq, iki min kitabdan ibarət kitabxana və 300 videokasset hədiyyə eləyib, çəkilən filmlərin laboratoriya xərclərini də onlar ödəyir. Kabildə iki min kitabdan ibarət ikinci kitabxananı da «Mahmalbaf» kinoşirkəti yaradıb. Həmçinin şirkət gənc kinematoqrafçılara «PO-150» rəqəmsal kamera, televizor, videomaqnitofon və ümumi həcmi beş min dollar məbləğində olan başqa avadanlıq bağışlayıb. Məhz, bu avadanlığın sayəsində altı rejissor altı qısametrajlı film çəkə bilib. Sonra həmin filmlər altı novelladan ibarət tammetrajlı lentdə birləşdirilib (bügcə 21 000 dollar) və Yaponiyada beynəlxalq sərgidə nümayiş olunaraq müəlliflərinə gəlir gətirib. Ölkədə  qadın aktrisaların sayı artır. Əminə Cəfəri, Saba Səhər və Marina Gülbahar («Usama» filmində baş rolun ifaçısı) son on illiyin yetirmələridi. İndi əfqan kinosu təkcə Siddik Barmakdan ibarət deyil, Vasmah Osman («Tora-Boradan açıqca» sənədli filmi), Mütləq Kazımi («Əfqanıstanda 16 gün», sənədli), Horeys Şansab, Əbdülhəmid Qəznəvi («Gözyaşları», bədii), Bəhram Baryal kimi yeni rejissorlar da meydana çıxıb.
Təəssüf ki, araşdırmalar zamanı ancaq onların adlarını tapa bildik. Yaradıcılıqları haqqında heç bir məlumat yoxdu. Niyə? Çünki Əfqanıstan artıq planetimizin ağaları üçün maraqlı deyil. O, öz «funksiyasını» yerinə yetirdi və səhnədən getdi.        

11 sentyabr terraktından əvvəl məşhur İran rejissoru Möhsün Mahmalbaf «Qəndəhar» filmiylə dünya ictimaiyyətinin diqqətini Əfqanıstana cəlb etməyə çalışmışdı. «Qəndəhar» Tanrının da unutduğu ölkə haqqında danışmaq cəhdi idi, lakin yaddaşlarda sadəcə  M. Mahmalbafın və İran kinosunun növbəti uğuru kimi qaldı.

«Günah keçisi» cəzasını aldı və məsələ bitdi. S. Barmakın sözləriylə desək, «bir müddət əvvəl dünyanın diqqət mərkəzində olan ölkə yenidən unudulmağa başladı. Buna psixoloji cəhətdən alışmaq çox çətindi. Halbuki xalqa başqa bir həyatın da mövcud və mümkün olduğunu göstərmək lazımdı».

Aygün Aslanlı.
(“Fokus” jurnalı)

Yuxarı