Zorlanmış vicdanın və alçaldılmış şəxsiyyətin bərpa olunması haqqında
Doktor Pereyranı ədəbiyyat aləminə yeni bəxş edilmiş obraz hesab …
Amerikaya bu günki nifrətdə sərsəm özünəvurğunluq duyğusu darmadağın oldu, yarımçıqlıq kompleksi yarandı. İndi bu Amerika çox böyükdü. Biz isə balacayıq, əlbəttə, elə də balaca deyilik, amma elə böyük də deyilik. Biz elə hey qışqırıb bağırırıq ki, ey Amerika, biz sənə nifrət edirik, Amerika isə bizim sözlərimizi vecinə almadan, yoluna davam edir.
“Köpəy oğlunun ingilisləri bizdən yaxşı yaşayırlar! Biz Amerikaya acizliyimiz üzündən nifrət edirik! Onlar bizimlə bərabər şərtlərlə danışmırlar!”
Viktor Yerofeyev
Böyük və təhlükəli düşmənə qarşı əhalinin səfərbərliyi məqsədiylə istifadə edilən üsul zahiri cəhətdən siyasi oyun təsiri bağışlayır. İyirmi ilini vərdiş etmədiyi tərzdə dəqiq düşmən obrazı olmadan keçirən Rusiya bu qeyri-müəyyənlikdən təngə gəldi, düşmən xiffəti çəkdi və nəhayət özünə düşmən tapdı.
Sovet hakimiyyəti illərində biz Amerikanı ət və süd istehsalı üzrə keçməyə çalışırdıq, indiysə biz Amerikaya nifrətin şiddətlənməsi üzrə bütün dünyanı ötmək qərarına gəlmişik. O zamanlar ət və süd istehsalı üzrə Amerikayla müharibəni biz uduzduq: hücuma keçdik, amma sovet mağazalarının bomboş piştaxtalarıyla rastaşdıq. Qəlbimizə toxundu. Biz gizləndik. Soyuq müharibəni uduzduqda isə, daha da pisimizə gəldi. Biz nə etdik? Amerikalıları bizə qalib gəldikləri üçün ittiham etdik və öz zamanımızı gözləməyə başladıq. Bu gün Amerikaya nifrət üzrə dünya çempionu olmağa real imkanlarımız var. Düzdü, ciddi rəqiblərimiz də var. Ancaq bütün səylərimizi birləşdirib, rəqiblərimiz olan Şimali Koreyanı, İranı və digər üçüncü dünya ölkələrini Amerikaya nifrət yarışında ötə bilərik. Biz yaxşıca qaçırıq, yaxşıca nəfəs alıb-veririk, biz onları ötəcəyik, mütləq ötəcəyik, biz artıq finiş xəttindəyik!
Amerikaya qarşı narazılıqlar qətiləşibdir. Amerika həm postsovet ölkələrində, həm də reallaşması mümkün olan istənilən ölkədə rəngbərəng inqilabların əsas beynəlxalq təchizatçısıdır. Amerika bizim əleyhimizə uzunmüddətli raket əleyhinə müdafiə sistemləri yaradır, amma başqa ölkələri nəzərdə tutduğunu iddia edərək, bizimlə siçan-pişik oyunu oynayır. Amerika bizim suverenliyimizi boğaraq və dünyada ən ali sandığı dəyərlərini bizə zorla qəbul etdirərək, daxili işlərimizə qarışır. Amerika nəinki bizə yaşamağın yollarını öyrədir, həmçinin, insan hüquqlarını pozan görkəmli adamları öz ölkəsində görmək istəməməklə cəzalandırır. Elə bu bənddə siyasi oyunlar qan kimi çevrilir və düşmənçilik epidemiyası başlayır.
Bu günki Amerika durumunda bu nifrət vasitəçilik münasibətlərini ehtiva edir. Bundan başqa, Rusiyanın xarici siyasətində Amerika daha çox tərəfdaşdır, nəinki rəqib, biz Amerikaya, aramızda qalsın, hələ azacıq uduzuruq da, bu qüdrətli dövlətə hörmətlə yanaşmaq və bizi anlayacağına bel bağlamaq siyasi cəhətdən bizə sərfəlidir. Amma məhz elə bu məqamda psixoloji xəstəlik yaranır, həmin bu xəstəlik sezilməz tərzdə şizofreniyaya çevrilir.
Axı məsələ burasındadır ki, elə biz özümüz də yaxın keçmişdə hansısa anlamda Amerikayabənzər olmuşuq, adımız da olub SSRİ. Elə biz özümüz də qüdrətli dövlət idik, bizə hörmət edirdilər, çünki bizdən qorxurdular, bizimlə hesablaşmağa məcbur idilər. Ancaq biz lokal xüsusiyyətli rəngli inqilablar yaymırdıq, yalnız böyük dünya inqilabı yaratmaq istəyirdik, bu inqilab isə bütün kapitalist sistemini süpürüb atmalıydı. Biz kommunist partiyalarına açıq dəstəyimizi ifadə edirdik, onları hakimiyyətə doğru çəkirdik, pul verirdik, silah verirdik. Biz qərb qonşularımıza sosializmi sırıyırdıq, əvəzində isə onlardan qardaş sevgisi tələb edirdik. Biz dünya hökmranlığımızı təsdiq etmək üçün hər şeyə hazır idik: biz aldadırdıq, qanuni hökümətləri yollarından sapdırırdıq. Biz ən güclü kəşfiyyat şəbəkəsi yaratdıq, dünya okeanlarını dolaşdıq, nüvə sınaqlarını heç də Amerikadan pis keçirmədik, bizim şanlı qoşunlarımız isə Mərkəzi Avropada döyüşə hazır vəziyyətdə durmuşdu. Biz Berlini iki hissəyə böldük, Macarıstan antisovet üsyanını yatırdıq, biz Əfqanıstanda bir çox şeylər etdik, elə Afrikada da, hamısını biz etdik! Təxribatın nə olduğunu biz də bilməyəndə ta kim biləsidir?
İndiysə biz dolaşığa düşmüşük, bütün bunlara necə münasibət bəsləməli olduğumuzu bilmirik. Bir növ, kommunizmdən qurtarmışıq, amma keçmişdəki kimi, indiysə abktrakt olaraq, qüdrətli dövlət olmağın xiffətini çəkirik. Gecələr ölkənin bədəni, kəsilmiş üzvlərinin, tərəfdaş respublikaların itirilməsindən sızlayır. Bəs bu bədən üzvlərini kim kəsib-doğradı? İndi onları necə geriyə tikək? Biz də inanırıq ki, bu bədən üzvləri elə özləri də əvvəlki bədənə tikilməyin tərəfdarıdırlar.
Vətənpərvərlik imtahanından üzüağ çıxmaq üçün, bu suala cavab verməyin zamanı gəlib çatıb: Niyə mən Amerikaya nifrət edirəm? Əvvəlcə etiraz əlaməti olaraq, geyindiyimiz cinsləri soyunmalıyıq, amerika kinolarına baxmamalıyıq, sovet ölkəmizi sevməyən Disney multfilmlərindən imtina etməliyik, hamburgerdən, cazdan, makbuklardan, “aypəd”lərdən, internetdən və başqa cəfəngiyyatlardan üz döndərməliyik. Əgər Amerikaya alovlu nifrətimizi təmin edəcək kifayət qədər arqument tapa bilməsək, onda siyasi və dini elitanın böyük yoldaşlarını dinləyərik. Onlar müqəddəs trans vəziyyətindədirlər, buna görə də “niyə mən amerikaya nifrət edirəm” sualına, heç bir tərəddüdsüz-filansız “Mənasız ölkədir! Mənəviyyatsız millətdir! Onlar öz övladlarını trankvilizatorlarla yedizdirirlər ki, uşaqlar boş yerə onlara mane olmasınlar və vicdansız yaşasınlar!” cavabını verirlər.
Biz amerikalıların arxasıyca onların bütün istedadlarını inkar etməyə hazırıq, amerikalıların uğurlarına şübhəylə yanaşırıq, onların Ayda olmasına inanmaq istəmirik, onların aparatlarının ulduzlu-zolaqlı bit kimi Marsda gəzişməsi bizə xoş deyil.
“Niyə mən Amerikaya nifrət edirəm?” – bizim vətəndaş özünə sual ünvanlayır və anlayır: “Köpəy oğlunun ingilisləri bizdən yaxşı yaşayırlar! Biz Amerikaya acizliyimiz üzündən nirət edirik! Onlar bizimlə bərabər şərtlərlə danışmırlar!”
Amerikaya bu günki nifrətdə sərsəm özünəvurğunluq duyğusu darmadağın oldu, yarımçıqlıq kompleksi yarandı. İndi bu Amerika çox böyükdü. Biz isə balacayıq, əlbəttə, elə də balaca deyilik, amma elə böyük də deyilik. Biz elə hey qışqırıb bağırırıq ki, ey Amerika, biz sənə nifrət edirik, Amerika isə bizim sözlərimizi vecinə almadan, yoluna davam edir. Biz Amerikanın yaralı yerlərinə toxunuruq, dövlətin qayğısından məhrum olmuş və siyasi qafillik üzündən düşmən yuvasına sığınmış yetimlərimizin müdafiəsinə qalxırıq, əlil uşaqlarımızı Amerikadan geriyə çağırırıq, halbuki həmin uşaqları başqa bir dövlətdə müalicə etmək müşküldür. Əgər həmin uşaqların yeni valideynləri olan ingilislər, onlara qarşı bir cinayətdə bulunurlarsa, nə qədər dəhşətli olsa da, ürəyimizin dərinliklərində buna sevindiyimizi deməliyik, çünki bu cinayətkar valideynlər bütün Amerikanın obrazına çevrilirlər. Yox, əgər heç bir cinayət-filan törətmirlərsə, əvəzində hər bir amerikalının evində soyuducunun üstündə və başqa yerlərdə ailə fotoları, təsirli şəkillər varsa, demək bunu qəsdən edirlər, onlara inanmağımız üçün edirlər. Axı biz idiot deyilik! Biz onların faciələrinə sevinirik, əgər Amerikada irqi qalmaqallar olursa, beynəlxalq terrorçulara hərbi bazalarda qanunsuz olaraq işgəncələr verilirsə, maliyyə böhranları yaranırsa, biz deyirik “Amerikanın evi yıxılsın!”. Bizim yazığımız gəlmir. Biz istehzalı təbəssümlə deyirik ki, Amerika məktəblərində atışma olur. Bu ölkə axmaq adamlar ölkəsidir. Onlar özləri də bunu etiraf edirlər. Heç görün bizim ölkəmizdə belə hallar olurmu?! Bizim sovet klounlarımızın zarafatla dedikləri kimi, bu mister Skottlar öz demokratiyalarında mənəvi qırılmaya çatdılar.
Amerika nə qədər səhvlər buraxsa da, bu ölkənin beynəlxalq birliyə lazım olduğunu etiraf etməkdən imtina edirik. Amerika beynəlxalq birliyə lazımdırmı? Dünya jandarmı kimi lazımdır? Bəlkə Amerika dünyada dolaşan şər qüvvələrdən ən kiçiyidir?
Yox, nə danışırsınız, gəlin biz öz vətənpərvərliyimizi Amerikaya nifrətlə ölçək. Kim Amerikaya ən çox nifrət edirsə, demək, həmin adam hamıdan çox vətənpərvərdir. Əgər kimsə Amerikaya az nifrət edirsə, demək, ayıq-sayıqlığını itirib. Əgər kimsə Amerikanı müdafiə etməyə cürət edirsə, demək, ya maymaqdı, ya da agentdir. Axı rus insanını ən çox narahat edən nədi? Ona hörmət qoyulmaması. Gəlin əlimizi ürəyimizin üstünə qoyub soruşaq, bəs Amerika ruslara hörmət qoyurmu? Bizim ağıllı vətənpərvərlər deyirlər ki, amerika filmlərində ruslar ingilis dilini korlayan axmaq yerinə qoyulur. Elə bizi axmaq yerinə qoyduqlarına görə özləri də axmaqdırlar. Amerikalılar bizim ölkəni sevmirlər, daha doğrusu, bizim dövlətimizi.
Həqiqətən də bizim ayağa qalxmış məmur demokratiyamızı bəyənmirlər. Onların bizə dözümü yoxdur. Axı biz cavab qaytarıb deyirik ki, bizdə insan hüquqları və vicdan azadlıqlarıyla bağlı hər şey qaydasındadır. Onlar isə bizə deyirlər ki, dünyanın heç bir yerində bu dəyərlər tamamilə qaydasında ola bilməz, sizdə isə hər şey qaydasındadı?! Demək, ikiüzlülük edirsiniz.
Amerikalı professorlar və intellektuallar təkrar edəcəklər: biz Dostoyevskinin, Tolstoyun, Turgenevin, Çexovun Rusiyasını sevirik, sizin dövlətinizi bizim kimi sevməyən Pasternakı və Soljenitsını da sevirik. Amerikalı snoblar deyəcəklər: axı bu cür yazıçıları dünyaya bəxş edən ölkədə belə dəhşətli dövlət necə yarana bilər?!
Elə bu dəmdə yenə bizim nifrətimiz qaynayır. Axı siz snoblar, nədən bizim daxili işlərimizə burnunuzu soxursunuz? Döyüşə bizim əsl dəyərlərimiz gedir. Yəqin həm bizdə, həm də amerikalılarda bu dəyərlər tamamilə fərqlidir. Onlar pulu sevirlər, biz isə pul qazanmağa ürəyimiz bulanacaq dərəcədə pula nifrət edirik. Onlar həyasız və eqoistdirlər, özlərini kollektiv həvəskarları kimi göstərməyə çalışırlar: pikniklərdən başlamış, gözəllik paradına qədər.
Amerikalılar istəyirlər ki, dövlət onlara xidmət etsin, biz isə deyirik ki, Allah bizim ömrümüzdən kəsib, hakimiyyətin ömrünə calasın. Biz iyirmi ildir Allaha inanırıq və dini məsələlərdən daha çox başımız çıxır, nəinki amerikalılar, çünki bizim Allahımız amerikalıların Allahından daha yaxşıdır. Onlar isə elə hey təkrarlayırlar ki, bizdə yalnız demokratiya pərdəsi var, həmin pərdənin arxasında isə bir əsrlik tiraniya var. Bezdik! Bizə demokratiya-zad lazım deyil, yorulduq bütün bu oyunlardan usandıq, biz elə Stalinin dövründə də yaxşı yaşayırdıq.
1940-cı illərin ikinci yarısında bizdə Amerikaya qarşı birinci nifrət epidemiyası intişar tapdı. Ancaq onda müharibə təzə qurtarmışdı, həmin müharibədə isə Amerika bizim müttəfiqimiz olduğundan, hamı bu nifrətə yoluxmadı. Bizim indiki epidemiyamız isə hansısa anlamda daha dəhşətlidir. O zamanlar bu nifrət Amerikanın ideoloji rəqibi olan hakimiyyətin sifarişi ilə ifa olunurdu. İndiysə Amerikaya nifrətin oyadılması açıq-aşkar beynəlxalq xarakter daşıyır. Bəlkə kimlər üçünsə bu qanunsuzdur? Cəhənnəm olun!
Tərcümə: Ramil Rahiboğlu
Kult.Az