İnsanlar bir-birilərindən qorxduqları kimi, həmçinin bu qorxularını fərdi şəkildə aradan qaldırmaq gücünə sahib deyildilər. Ona görə də həm bir-biriləri ilə, həm də təbiətlə mübarizədə ciddi bir mexanizmə ehtiyac duyulurdu. Bu mexanizmi yaratmaq üçün isə təbiətin bəxş etdiyi bir qisim azadlıqlardan imtina tələb edilirdi.
Və insanlar buna məcbur oldular, dövləti yaratdılar, üzərlərinə müxtəlif mükəlləfiyyətlər götürdülər. Həmin mexanizmi qorumaq funksiyasını daşıyan hərbi xidmət də həmin azadlıqların imtinasından yaranıb.
Tarixin axarında müxtəlif formalarda özünü biruzə verən hərbi mükəlləfiyyət bu gün də dövlətlərin ana yasasına uyğun şəkildə tənzim olunur. Dövlətin varlığının qarantiyası rolunu oynayır.
Burası aydındır ki, ibtidai icma dövrünün mağara təfəkkürü bugün imperialist təfəkkürlə əvəz olunub, aşağı-yuxarı yenə də insanlar, xalqlar arasında qorxu və nifrətdən yaranan düşmən münasibətlər vardır. Bu münasibətlərin olması, hərbi xidməti zəruri edir, zəruri etdiyi üçün də həmin mexanizm QUTSALLAŞDIRMA priyomlarından istifadə edərək bunu kütləyə aşılayır. Bu qutsallaşdırma yurd sevgisi anlayışından tutmuş, cinsi güc amilinə qədər aparılır. Bunun üçün kitablardan tutmuş bədii filmlərə, aforizm və şifahi xalq ədəbiyyatına qədər uzanan yollarla propaqanda aparılır. Adicə bir neçə il öncə Türkiyədə çəkilən “Nəfəs” filmini izləyəndə bu təbliğatın necə böyük təsir etdiyini aydın görmək olur.
Məsələnin bu tərəfi birmənalıdır ki, dünyada barış hökm sürmür, hər an imperialist güclərin təhlükəsi altındasan, ona görə də bu görəvi bütün vətəndaşlar həyata keçirməlidir. Lakin burası yanlışdır ki, bu görəvi bütün vətəndaşlar eyni cür, eyni müddətə həyata keçirməlidir. Azərbaycanda zatən yüksək faizlə varlıların, məmurların övladları hərbi xidmətdə olmurlar. Həmçinin iqtidaryönümlü gənclərin bu mükəlləfiyyətdən müxtəlif variantlarla yayınma halları vardır. Eyni zamanda xaricdə təhsil alan gənclərdən bir qismi də hərbi xidmət çəkməmək üçün müxtəlif yollardan istifadə edir. Həmçinin hərbi mükəlləfiyyətin çəkildiyi yerlərin də bu və ya digər şəkildə yoluna qoyulması halları da adiləşib.
Hərbi xidmətdə olanlar bilir ki, kütləyə məxsus olan “hərbi kişilik məktəbidir”, “əsgərlik çəkməyənin vətən sevgisi ola bilməz” kimi sözlər köpük effekti kimidir. Orada insan daha fərqli duyğuları öyrənir: Məsələn, ac qalmağın faciəsini, çətin şərtlərdə yaşamla mübarizə, fərdlərarası münasibətlərdəki dəhşətli hallar və s. Digər tərəfdən psixoloji cəhətdən hazırlıqsız olmaq tezliklə fərdi qatilə və ya məqtula çevirə bilir.
Dövlətin mövcudluğu üçün qorunma vasitəsi olan hərbi mükəlləfiyyət mütləqdir. Lakin bir daha söyləmək yerinə düşər ki, mütləq şəkildə müxtəlif formalar tətbiq olunmalıdır. Psixoloji durumları fərqli olan ali və orta təhsillilərin bir yerə salınması, regional amillərə diqqət yetirilməməsi hərbidəki problemlərin başlanğıc səbəbləridir. Ali təhsilli, özəlliklə də magistr dərəcəli fərdlərin bir il ərzində mənasız günlərə məhkum edilməsi yanlışdır.
Hərbi xidmətin qutsallaşdırılması anlayışı getdikcə çökür. Artıq ildən-ilə artan əsgər ölümləri bu tabunu sındırıb. Bu tabunun sınması isə dövlətin zəncirvari idarə edilməsindəki önəmli həlqələrdən birinin yeyilməsini göstərir. Normalda bu həlqəni bərkitmək etirazçılardan daha çox dövlətin özünü narahat etməli idi. Amma etirazdan bir həftə keçməmiş növbəti bir ölüm hadisəsi baş verdi. Dövlət isə narahat deyil.
Elan olunmamış müharibə isə davam edir.
Dilqəm Əhməd
Kultura.Az