Nəysə, sözümün canı odur ki, elə həmin vaxt işlədiyim saytda Eynullanın hüquqlarını qoruyan təşkilatlardan bəzi informasiyalar alan və bunu yazıya köçürən mən idim. Getdikcə Eynullanın siyasi sifarişlə həbs olunduğuna inamım artırdı. Və Eynulla haqda bacardığım qədər hələ də televiziyalara inanan dostlarıma da informasiyalar verdim. Tam əminliklə onun siyasi motivlərlə həbs edildiyini deyir və heç olmasa, iki gündən bir onun haqqında "Facebook"da məlumatlar paylaşırdım. O zaman üçün əlimdən sadəcə bu gəlirdi və bunu da edirdim.
Uzunçuluq etmək niyyətində deyiləm, sadəcə, istədim bir az xatırlatma verəm. Son günlərdə ölkə mətbuatını zəbt edən mövzulardan biri də Eynulla müəllimin "Facebook" vasitəsiylə ölkədə inqilab hazırlaması ilə bağlı fikirlərdir. Eynulla Fətullayev deyir ki, Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutu ölkədə “Facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsait ayırıb. Eynulla da bunu "böyük jurnalist araşdırması" kimi cəmiyyətə çatdırıb.
Mən ölkəyə və konkret desək, kimə nə qədər pul ayrıldığını bilmirəm. Bildiyim bir neçə şey var ki, onu da deyəcəm. Əvvəla, Eynulla Fətullayev həbs olunduğu zaman onu bütün telekanallar "satqın" və "erməni casusu" adlandıranda, onu yalnız ölkədə bir neçə qəzet, sayt və ən əsası "Facebook"dakı istifadəçiləri müdafiə edirdi. Onu müdafiə edənlər Eynullaya dəstək səhifələri yaratmışdılar. O zaman "Facebook"da bunları etmək üçün mənə və mənim kimi minlərlə gəncə pul verilməmişdi.
İkincisi, Eynulla bu məsələni ciddi-ciddi araşdırdığını deyir. Bir insan, xüsusən də jurnalist hansısa məsələni araşdıranda, onun haqqında ən kiçik informasiyaları da öyrənməlidir. Çünki yazılan və deyilən söz yalan çıxarsa, bu, ilk növbədə, onun peşəsinə və imzasına xələl gətirəcək.
Eynulla müəllim bildirir ki, "Facebook"da heç bir gənclər təşkilatı, hətta siyasi partiyalar belə, bir tədbirə 200 min adam yığa bilməz. Bax, bu fikirlə aydın görünür ki, Eynulla Fətullayev məsələni dəqiq araşdırmayıb. Çünki "Facebook", məlum olduğu kimi, sosial şəbəkədir. Və bu şəbəkədə hətta dostuğunda beş adam olan şəxs də bir tədbirə nəinki 200 min, hətta bir milyon adam da dəvət edə bilər. Bunun üçün 2 milyon dollara ehtiyac da yoxdur. Sadəcə, yoldaş jurnalist bu məqamı nəzərdən qaçırıb. Çünki dostlar arasında göndərilən ivent çağırışını beş-on adamın öz dostlarına göndərməsi ilə bu tədbirə çağrılanların sayı bir neçə saata 10 mini ötə bilər. Bunu da etmək üçün pul lazım deyil.
Üçüncüsü, Eynulla Fətullayev "Azadlıq" radiosundakı çıxışında deyir ki, "Əsgər ölümlərinə son!" "event"i təşkil edənlərin şəxsiyyəti məlum deyildi. Adam bu sözüylə özünü lap pis vəziyyətdə qoyub. Bir daha aydın olur ki, Eynulla yazını hazırlayarkən (bilmək olmaz özü hazırlayıb, yoxsa yox) bu "event"ə baxmayıb. Çünki orada tədbiri kimin təşkil etdiyi açıq yazılıb. Əgər Eynulla Fətullayev bu şəxslərin adını bilmirsə, mən yazım. Tədbiri keçirənlər Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə, N!da Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Bəyim Həsənli, Almaniyada siyasi mühacir həyatı yaşayan Həbib Müntəzirdir. Bu şəxslərin hər biri ölkə çapında və ictimai sektorda ən tanınmış simalardır. Bu şəxslərə "şəxsiyyəti məlum olmayan" demək (özü də araşdırma yazısında), ən azı, savadsızlıqdan və ya qərəzlilikdən irəli gələ bilər.
İlkin Rüstəmzadə 10 mart aksiyasına bir gün qalmış həbs olunub, Rəşad Həsənov isə iki gündür həbs edilib. Dünən isə barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Eynulla Fətullayev həmçinin bildirir ki, onun da əsgər ölümləriylə bağlı yazıları olub, amma onalr indiki tək ajeotaj yaratmayıb. Bu sözü bir siyasətçi desəydi, başa düşmək olardı, amma bu ifadəni bir jurnalistdən eşitmək adamı utandırır. Çünki bundan əvvəl ölkədə kimsə etiraz etməyibsə, bu o demək deyil, indən belə də kimsə etiraz edə bilməz və ya etməməlidir. Ən azı, zaman fərqi var. O vaxt internet və media bu sürətlə inkişaf etməmişdi. Üstəlik, bəzən ölən əsgərlərlə bağlı xəbərləri bəzi media qurumları pul alaraq yayımlamırdılar. O zaman bu xəbərləri eşidən adamlar da gələcəkdə vəziyyətin düzələcəyinə ümid edirdilər. Amma zaman keçdi, dəyişən bir şey olmadığını gördülər. Hətta vəziyyət daha da pisləşdi. Bir il ərzində bu və ya digər səbəblərlə bağlı dünyasını dəyişən əsgərlərin sayı dəfələrlə artıb.
İndi kimsə buna etiraz edirsə, yalnız buna sevinmək lazımdır. Və fərqi yoxdu, bu gənclər harda, necə bir araya gəliblər. Çünki "satqın" və "erməni casusu" adı verilən gənclik bir daha göstərdi ki, onlar bu ölkəni hamıdan çox sevir. Onlar orduda əsgər ölümlərinin artmasını istəmir, onlar döyülməyə, söyülməyə, hətta həbs olunmağa hazırdılar, yetər ki, əsgərimiz ölməsin. Onlardan qorxub, bu gənclərə qara yaxmaq, mübarizə aparanlara ilişmək, ən azı, bir jurnalistə yaraşmaz. Çünki 2 milyon alıb, inqilab etməkdə suçladığınız gənclik sizin hüquqlarınızı da qoruyub. Onlar sizə görə dəfələrlə məhkəmə qarşısında elə son aksiyada gördüyünüz polislər tərəfindən döyülüb. Ən azı, bu cür yazılar yazanda sizin hüquqlarınızı qoruyan, sizin haqqınızda mətbuata məlumat verən atanız Emin müəllimlə məsləhətləşin. O bilir ki, bu ölkənin gəncləri, eləcə də, ən ləyaqətli jurnalistləri sizi necə müdafiə etdi. İki milyon dollar almadan və təpik-yumruq yeyə-yeyə.
Elkin Xəlil
Kultura.az