post-title

Frans Kafka - Çaqqallar və ərəblər

Biz vahədə çadır qurduq. Yol gəlmişlər yatırdılar. Hündür boylu, ağ bir ərəb mənim yanmdan keçdi: o, dəvələri rahatlayıb yatmağa gedirdi.

 

Mən arxam üstə otluğa uzandım, yatmaq istəyirdim, amma uzaqdan gələn çaqqal ulaşmasına tab gətirməyib düz oturdum. Belə uzaqda olan şey birdən çox yaxın oldu. Ətrafımda sönmüş, qızılı rəngə çalan gözlərə malik çaqqallar topalaq şəklində dolaşmağa başladılar; onların nazik bədənləri sanki qamçı altında düzlənmiş kimi çevik hərəkət edirdilər.
 
Onlardan biri dal-dala gələrək mənim qoltuğumun altına keçdi, elə bil ki, mənim istiliyimə ehtiyacı vardı; sonra qabağımda lap göz-gözə dayanaraq mənimlə danışdı: 
 
- Mən gördüyün məkanda ən qoca çaqqalam. Mən səni burada salamlamağa şadam. Mən artıq ümidimi itirmişdim, çünki biz səni çox gözlədik; mənim anam da gözlədi və onun anası da, hətta onların əvvəlki analarından tutmuş bütün çaqqalların anasına qədər. İnan mənə!  
 
- Bu məni təəccübləndirir,-dedim və özümü çaqqlardan qorumaq üçün hazır qoyulmuş  ağacı alışdırmağı unutdum;- bunu eşitmək məni çox təəccübləndirir. Mən təsadüfən uzaq Şimaldan gəlirəm və kiçik səyahətdəyəm. Siz çaqqallar nə istəyirsiniz belə?   
 
  Yəqin ki, belə həddən-ziyadə dostcasına deyilən müraciətdən sonra onlar məni daha da sıx dairəyə aldılar, onların hamısı qısa fasilərlə və fısıltı ilə nəfəs alırdı.  
 
- Biz bilirik ki,-başladı ən qocası,- sən Şimaldan gəlirsən, elə bizim ümidimiz də onunla bağlıdır. Orada mövcud olan idrak, burada ərəblərdə yoxdur. Bu soyuq məğrurluqdan, özün bildiyin kimi heç bir idrak qığılcımı alışdırmaq mümkün deyil. Onlar heyvanları yemək üçün öldürülər, leşə isə nifrət edirlər.
 
- Belə hündürdən danışma,- mən dedim, -yaxınlıqda ərəblər yatırlar. 
 
 -Sən həqiqətən də əcnəbisən, - çaqqal dedi,- əks halda sən bilərdin ki, dünya tarixində hələ çaqallar heç vaxt ərəblərdən qorxmayıblar. Nədən onlardan qorxmalıyıq? Bəlkə bu bədbəxtçilik azdır ki, biz belə bir xaqlın içinə düşmüşük? 
 
-Ola bilər, ola bilər,-dedim,- belə uzaq olan şeylər haqqında mən mühakimə yürütməyə cəhd edə bilmərəm; qədim bir mübahisənin olması görünür; o yəqin ki, qanınızdadır; bəlkə də qanla sona çatacaq. 
 
- Sən çox ağıllısan,- qoca çaqqal dedi və onlar qızmış ciyərləri ilə daha da tez-tez nəfəs almağa başladılar, amma buna baxmayaraq sakit dayanmışdılar; onların ağızlarından ətrafa püskürürən acı iyə yalnız dişlərini qıcıyaraq tab gətirmək mümkün idi, -sən çox ağıllısan, sənin dediklərin bizim qədim elmə uyğun gəlir. Biz onların qanını götürürük və bununla mübahisə qurtarır. 
 
- O! -mən özümdən asılı olmayaraq çılğınlıqla dedim,-  onlar özlərini müdafiə edəcəklər; onlar tüfəngləri ilə sizləri dəstə-dəstə qətlə yetirəcəklər. 
 
-Sən bizi düz başa düşmürsən,- o dedi,-insan adəti Şimalda da öz qüvvəsindədir. Biz axı onları öldürməyəcəyik. Nilin suyu bizə yuyunmağa bəs etməz. Biz ki, onları canlı görəndə qaçırıq, qaçırıq təmiz havaya, səhraya, ona gör də, oralar bizim vətənimizdir.
 
Ətrafda olan bütün çaqqallar, bu arada onlara uzaqdan çoxlu sayda qoşulanlar da, başlarını ayaqlarının arasına saldılar və onları yalamağa başladılar; sanki bununla onlar öz ikrahlarını gizlətmək istəyirdilər; bu elə qorxulu idi ki, mən  bu dairədən ən yüksək sıçrayışla kənara çıxmaq istərdim. 
 
 - Siz nə etmək niyyətindəsiniz?- mən soruşdum və ayağa durmaq istədim; amma bunu edə bilmədim; iki cavan heyvan arxadan pencəyimin ətəyindən və köynəyimdən bərk tutmuşdular; oturmağa məcbur oldum. 
 
-Onlar sənin paltarının ucundan tutublar,-izah edici və ciddi şəkildə qoca çaqqal dedi,-bu hörmət əlamətidir. 
 
-Cənab,-deyə o müraciət etdi  və bütün çaqallar ulaşdılar; xəyalımda bu bir musiqi kimi səsləndi,-Cənab, sən bu dünyanı ikiyə bölən mübahisyə son qoymalısan. Bizm qocalar bunu edəcək birisini necə təsvir ediblərsə sən elə də varsan. Bizə ərəblərdən rahatçılıq  lazımdır; təmiz hava lazımdır; onlar gözə dəyməyən, təmizlənmiş üfüq lazımdır; ərəblərin kəsdikləri qoyunların əzablı mələşmələri olmasın; qoy bütün heyvanlar rahat can versinlər; biz onların qanını doyunca içək və onlar sümüklərinə qədər təmizlənsinlər. 
 
Təmizlik istəyirik biz, yalnız təmizlik,- və bu anda hamısı ağlaşdılar və zırıldadılar.- sən buna necə dözürsən, təmiz ürək və şirin daxili orqanlar! Onların ağlığı- çirkdir; çirk onların qaralığıdır;  onların saqqalı dəhşətdir; onların gözlərindəki bucaqları görəndə ürəyimiz bulanır; və onlara qollarını qaldırmaq kifayətdir ki, cəhənəm hər tərəfi bürüsün. Ona görə də, o  cənab, əziz və hörmətl cənab, sənin o qüdrətli əllərinin köməyi ilə, sən öz qüdrətli əllərinin köməyi ilə bu qayçıyla onların boğazlarını kəs!   
 
Onun başının kiçik hərəkətindən sonra qaflan dişində balaca paslanmış tikiş qayçısı tutumuş çaqqal peyda oldu.
 
- Nəhayət qayçı və bununla yetər!-küləyə sinə gələn və bizə tərəf irəliləyən bizim karvanın başçısı olan ərəb əlindəki böyük qamçısını havada yelləyərək qışqırdı. 
 
 Heyvanlar cəld dağılışdılar, amma müəyyən məsafədə, bir-birlərinə sığınmış və daşlaşmış kütlə şəklində dayandılar; onlar başlarının üstü ümidsiz şəfəqlə bürünmüş nazik səddə bənzəyidilər. 
 
-Belə cənab, bu tamaşanı da gördün və eşitdin,- dedi ərəb və tayfalarına xas olan təmkinliyə uyğun şən gülümsədi. 
 
- Deməli sən heyvanların nə istədiyini bilirsən?- mən soruşdum.   
 
-Əlbəttə cənab,- o dedi,-bu ki hamıya məlumdur; nə qədər ki, ərəblər mövcuddurlar bu qayçı səhraları dolaşacaq və bizimlə günlərin sonuna qədər birgə dolaşacaq. Onu hər bir avropalıya böyük bir əməl üçün təqdim edirlər; hər avropalı onlar üçün xilaskardır. Belə mənasız ümidə malikdirlər bu heyvanlar; axmaqdırlar onlar, sözün əsl mənasında axmaqdırlar. Ona görə də, biz onları sevirik, onlar bizim itlərimizdir; onlar sizinkilərdən yaxşıdırlar. Bir bax, keçən gecə bir dəvə keçinib, onu mən buraya gətirtmişəm. 
 
Dörd nəfər gəldilər və ağır leşi qabağımıza atdılar. O düşən kimi çaqqallar səslərini qaldırdılar.  Onlar bədənlərini yerə sürtərək addım-addım yaxınlaşdılar, sanki onların hər biri iplə məcburi dartılırdı. Onlar ərəbləri də, nifrəti də unutdular, güclü iy verən, öz mövcudluğu ilə hər şeyi məhv edən bu cəsəd onları sehirləndirmişdir. Onlardan biri artıq cəsədin boğazından tutmuşdu və birinci dişləmədə elə arteriyanı tapdı. Böyük bir yanğını mütləq söndürməyə ümidsiz cəhd edən, kiçik, dayanmaz güclü bir nasos kimi onun bədənin bütün əzələləri öz yerində dartılır və titrəyirdi. Və artıq onların hamısı cəsədin üstünə toplaşaraq eyni işlə məşğuldurlar.
 
 Bu anda başçı iti qamçısını onların üstündən o tərəf, bu tərəfə çəkməyə başladı. Onlar yarı piyan, yarı bihuş halda başlaraını qaldırdılar; qarşılarında duran ərəbi gördülər, indi qamçının təsirini burunlarında hiss etdilər; arxaya atıldılar və bir az dala çəkildilər. Amma dəvənin qanı gölməçə yaratmışdır; buğlanırdı; onun bədəni bir çox yerindən parçalanmışdır. Onlar dayana bilmədilər; onlar yenə də buradadırlar; ərəb yenə də qamçısını yellətdi; mən onun qolundan tutdum:
 
 - Sən haqlısan cənab,-o dedi,-biz onları öz məşğuliyyətlərində qoyaq; həm də yola düşmək vaxtı çatıb. Sən onları gördün. Əcəb heyvanlardırlar, elə deyilmi? Bizə necə də nifrət edirlər!
 
Almancadan tərcümə edən: Dr. Rezo Əliyev (Almaniya)
Kultura.Az

 

Yuxarı