Araz Gündüz
“Hər yamanlığın içində hansısa bir yaxşılıq gizlənir” deyimini götürüb ona, səksən dörd illik ömrünün əlli ildən çoxunu sürgünlərdə keçirən Volterin çəkdiyi ağrı-acıların açısından baxsaq, onda adamın az qala bu deyimin doğruluğuna inanmağı gəlir. Volter ilk öncə 18 yaşında hakimiyyətin ən yüksəkçinli məmurlarına qarşı yazdığı həcvlərə görə, on bir ay Bastiliya qalasında dustaq olmuşdu. Deyilənə görə, dustaqlıqdan çıxanda, onun özü ilə götürdüyü boxçasında gələcəkdə çox böyük uğurlar qazanmış bir neçə əsərinin qaralamaları da vardı.
Volterin otuz yaşı olanda ikinci dəfə, ancaq çox qısa bir sürədə Bastiliya qalasına salınmışdı. Bizim çağımızda istənilən açıq düşüncəli, sözünü çəkinmədən deyən birisinin bu gün Azərbaycan gerçəkliyində üzləşə biləcəyi durumla Volter iki yüz il öncə üzləşməli olmuşdu: hakimiyyəti ardıcıl olaraq, çox kəskin tənqid elədiyi üçün, krala çox yaxın olan bir qolugüclü aristokrat, yiyəsizliyə salıb, Volteri öz nökərlərinə döydürmüş, bu azmış kimi, sonra da onu şərləyib Bastiliya qalasına saldırmışdı. Bastiliyada Volterin qarşısında şərt qoymuşdular: ölkədən çıxıb getməyə söz verməsə, onu dustaqlıqdan buraxmayacaqlar. Ona görə də Volter “qanun keşikçiləri” ilə anlaşıb, İngiltərəyə sürgünə getməli olmuşdu. O çağların İngiltərəsində Fransaya görə, qat-qat artıq demokratik bir ortam var idi, burada dini fanatizm, Avropanın başqa yerlərində olduğu kimi əl-qol aça bilmirdi, fəlsəfi baxışlarda yer alan pozitiv yönlü gəlişmələr isə açıq-aydın gözə çarpmaqda idi. Elmi dünyagörüş isə bir az öncə ömrünü başa vurmuş Nyütonun çoxsaylı böyük elmi tapıntılarına arxalanaraq, dünyaya öncələr olduğundan qat-qat artıq bir gözüaçıqlıqla baxmaqda idi. Bu baxışlarda dünyanın elmi qanunauyğunluqlarına aşırı bir vurğunluq var idi, iş gəlib o yerə çatmışdı, elmi dünyagörüşə yetərincə yiyələnən Volter bu sayaq sözləri yazıya almaqdan çəkinmirdi: “Tanrı dünyanı yaratmaq üçün yararlandığı qanunauyğunluqlardan qırağa çıxa bilməz. O istəsə belə, müstəvi üzərindəki üçbuçağın daxili bucaqlarının toplusunu yüz səksən dərəcədən artıq, ya da əskik eləyə bilməz”.
Avropada isə alman filosofu Qotfrid Leybnisin determinizm adlanan baxışları geniş yer almışdı, bu baxışlara görə, Tanrı dünyanı sonucda yaxşılıqla bitən olaylara doğru yönəldir; bu yaxşılıqla qurtaran sonuclar isə, bizim istəyimizdən asılı olmayan qanunauyğunluqlar üzrə baş verir. Leybnisə görə, dünyada baş verən olaylar pozulmaz bir harmoniyaya tabe olurlar, burada yaxşılıqlarla yanaşı, yamanlıqların da olması zəruridir, dünyadakı harmoniya, yaxşılıqlarla yamanlıqların biri-birini tarazlışdırmasından doğulur; dünyanın istənilən andakı durumu, onun mümkün ola biləcək ən yaxşı durumudur.
Bir sözlə, Volterin İngiltərə sürgünlüyündə keçən ikiillik vaxtı, onu ömrünün sonuna kimi ayrıla bilmədiyi: çox ciddi fəlsəfi, elmi araşdırmalar aparmağa sıx bir şəkildə bağlamışdı. Volter birdən, hansısa bir qəsrə qapılıb, ara vermədən bir neçə il, bütün gününü elmi araşdırmalarla keçirir, öz çağının bütün elmlərinin: təbiətşünaslığın, fizikanın, kimyanın, riyaziyyatın, astronomiyanın ən son uğurlarını dərindən-dərinə öyrənib mənimsəməyə çalışırdı, iş o yerə gəlib çatmışdı, onun çağdaşları bir neçə dəfə Volterin artıq ədəbi yaradıcılıqdan uzaqlaşıb, öz ömrünü bütünlüklə elmlə bağladığını da düşünmüşdülər.
Günlərin heç də yaxşı olmayan bir günündə, 1 noyabr 1755-ci ildə, bütün Avropanı sarsıdan çox acı bir olay: on minlərlə insanın ömrünə son qoyan, böyük dağıntılar törədən Lissabon zəlzələsi baş vermişdi. Bu zəlzələ, təkcə elə Yeri titrədib sarsıtmaqla qalmadı, bununla yanaşı, o çağların oturuşmuş elmi-fəlsəfi baxışlar sistemini də yerindən oynadaraq laxlatdı. Dünyanın dəyişməz elmi qanunauyğunluqlara uyğun olaraq gəlişdiyini deyənlər, bu dağıdıcı zəlzələnin hansı ağlabatan elmi qanunauyğunluqlara görə baş verdiyi sualına cavab tapa bilmirdilər. Eləcə də, elmi baxışlarla dini inancı barışdıra bildiyini düşünən, optimizmlə yoğrulmuş fəlsəfi dünyagörüş də, cavabını tapa bilmədiyi sualların qarşısında çox acınacaqlı bir duruma düşmüşdü. Dünya dəyişməz elmi qanunauyğunluqlarla gəlişirsə, onun yönətimi Tanrının qoyduğu pozulmaz bir harmoniyaya bağlıdırsa, dünyada nə baş verirsə, sonucda yaxşılığa gəlib çıxırsa, dünyada baş verə biləcəklərdən ən yaxşıları oturuşursa, onda bu dağıdıcı zəlzələnin anlamı nədir? Bu acını insanlara göndərən, onların yaxşısını-pisini ayırmayıb, hamısını biri-birinə qatıb, ölümə atan doğrudanmı Tanrının istəyidir? Belədirsə, onda Tanrının ədaləti hanı? Bunlar Tanrıdan gəlmirsə, onda bu dünyada Tanrının istəyindən asılı olmayan olayların da olması demək deyilmi? Elə isə Tanrının yenilməz gücü üçün deyilənlər necə olsun? Bu sayaq metafizik suallara cavab axtarmaq, Volteri də üzüb əldən salır, onu az qala pessimizmə qapılmağa sürükləyirdi. Volter “Kandid” povestində də axtarışlarını davam etdirmiş, povestin sonunda bu sorğularına bilgin bir türk dərvişinin dili ilə alleqorik bir “cavab” da tapmışdı. Tanrının insanı dünyada nədən belə saysız yamanlıqlarla üz-üzə qoyduğunu türk dərvişi belə yozur: “Bizim sultan öz savaş gəmilərini Misirə göndərəndə, gəmilərdə özünə yer eləmiş siçanların çətinliyə düşəcəklərini düşünməyə borclu deyildir!”
Volterin yaradıcılığında “fəlsəfi povestlər” adlanan janrda yazılmış əsərlər çox böyük bir yer tutmaqdadır. Bu povestlərin içində ən uğurlusu isə onun 1758-ci ildə yazdığı “Kandid, yaxud optimizm” adlı əsəridir. Bu povestin çap olunması Fransada, Avropanın çoxlu ölkələrində yasaqlansa da, ancaq bütün bunlara baxmayaraq, bu kitab əl altından yayılıb, Avropanın ən oxunaqlı kitabına çevrilə bilmişdi. Kitab yazılandan vur-tut bir il sonra, onun İngiltərədə beş ayrı-ayrı tərcüməçilər tərəfindən çevrilmiş variantları çap olunmuşdu. “Kandid” povesti dünya ədəbiyyatında ən çox oxunan ilkin kitabların sırasında olmuş və ona olan maraq bu gün də azalmaq bilmir.
Volterin araşdırıcılarının yazdığına görə, “Kandid” povesti ilə Volter öncələr inandığı bir çox fəlsəfi baxışlarına qarşı çıxmışdır. Buçağacan Leybnisin optimizm ilə bağlı baxışlarına inanan Volter onlardan uzaqlaşmış, “dünyanın mümkün ola bilən ən yaxşı durumunda olması” kimi düşüncələri ələ salmağa kimi gəlib çıxmışdır. Ancaq bu heç də Volterin pessimist fəlsəfi baxışlara uyması anlamına gəlmir. Volterin “yeni” optimizmində insanın onun yarada biləcəyi qurumların yetkinliyinə bir inam duyulmaqdadır. Povestdə təsvir olunan əfsanəvi “Eldorado ölkəsi” insan əli ilə qurulmuş, bütün insani yanlışlıqlardan, yaramazlıqlardan arıdıla bilmiş bir toplumdur. Volter insanın bu yetkinliyə çatması yolunu isə povestin sonunda, hər bir insanın “öz bağçasını becərməli olduğu” formulu ilə açıqlamışdır.
Bir az öncə Volterin universal bilik yiyəsi olduğunu demişdik, ancaq buraya onun bütün Doğu (Şərq) ölkələri ilə bağlı olan elm-fəlsəfi-bədii dəyərləri mənimsəməsini də artırmağa gərək vardır. Volteri oxuduqca, onun Hindistanla Çindən başlamış, bütün “müsəlman Şərqinə” kimi olan ortamda yaranan bəşəri dəyərləri də dərindən öyrəndiyi açıq-aydın duyulur. Volterin “Zadiq” povestini yazarın kimliyini bilmədən oxuyan istənilən kimsə onun “minbirgecə” çağında, Şərqdə yazılmış bir əsər olduğunu düşünərdi. Elə “Kandid” povestinin yazı üslubunda da, haradasa “Min bir gecədən”, başqa şərq epik əsərlərindən bizə bəlli olan bir təhkiyə özünü göstərməkdədir.
Danışmağa söz çox olsa da, yazımı burada bitirib, sizlərin bu çox ilginc povestlə tanışlığınızı gecikdirmək istəmirəm. Elə düşünürəm, yüzillərin sınağından keçib bu günə çatmış bir əsərlə tanış olmaq üçün itirəcəyiniz vaxt boşuna getməyəcək, buna görə hayıfsılanmayacaqsınız, elə ona görə, mən də vaxtımı əsirgəmədən, “Kandid” povestini ana dilimizə çevirməyi özümə borc bilmişəm.
Araz Gündüz. 26 yanvar, 2013-cü il.
Kultura.az