Cəmiyyətdəki sosial, siyasi, hüquqi ədalətin az-çox bu prinsiplərə riayət olunacağı halda mümkünatı qənaətindəydim. Hazırda da qismən o qənaətdəyəm. Dini prinsiplərin sekulyar dünyagörüşə uyğunlaşdırılmış şəklində.
Lakin dindarların böyük bir qisminin bu prinsiplərə barmaqarası baxdığını düşünürəm. Həyatda gördüklərim bunu deməyə əsas verir. Ölkədə haqqsızlıq qədər bol olan heç nə yoxdu, amma bizim dindarlardan da səs yoxdu. Səsi çıxanlar isə dini motivlidi (çadra qadağasına etiraz).
Bu yaxınlarda bir dindarla söhbətim oldu. Dediyinə görə yol idarəsində işləyir və imkanı da yerindədi. 3 il deyil ki, hidayətə gəlib və bu müddət ərzində 2 dəfə həcc, 4-5 dəfə də Məşhəd və Kərbala ziyarətlərində olub. Bütün bunları da Allahın ona lütfü kimi qələmə verir. Mənə hələ bir sürü imam Hüseynin başına gətirilənlərlə bağlı hekayə danışdı. Zavallının böyük haqsızlığa uğradığını elə ah-ufla söylədi ki bu adamın ən xırda bir haqqsızlığa dözümünün olmadığını zənn etdim. Ancaq ha illah elədim yolların niyə belə bərbad olmasının, haqsızlığın ölkədə ən bol şey olduğunun səbəbinə cavab ala bilmədim. Söhbəti fırlatdı ki, bəs mən siyasi məsələlərə qarışmıram. Vaxtilə başımı çox soxmuşam belə işlərin içinə və az da ağrımayıb. İndi isə başımı aşağı salıb dinimi yaşayıram.
Onun bu cavabına şaşırmadım. Əksini eşitsəydim sevinərdim əslində. İctimai anlamda halallığı, qul haqqı söhbətini anlayan tək-tük dindar görmüşəm. Onlar da ki, ictimai sektorun şinelindən çıxıblar. Qalanları isə haqsızlıq və ona qarşı mübarizəni müqəddəslərinə və ya dini liderlərinə qarşı onların fikrincə, edilən ədalətsizliyi qınamaqdı vəssalam.
İşlədiyim hər yerdə işçinin ən elementar hüquqlarının belə addımbaşı pozulduğunun şahidi olmuşam. Bundan başqa, dindar şəxslərin vaxtı keçmiş malların yenidən satışa vermələri, saxta mal satmaları isə n qədər. İşçisinin maaşından müxtəlif bəhanələrlə pul tutub, məscid təmir edən telekanal rəhbərini hələ demirəm. Lakin bunlara deyinmələrdən başqa ciddi etiraz belə görmədim. İşlətdikləri kafedə, restoranda müştərilərinə keyfiyyətsiz yemək yedizdirən bir neçə qat həcü, məşədü və kərbalayi titullu dindarların qınanmaq əvəzinə, həmişə hörmət gördüklərinə şahid oldum. Əmək məcəlləsində həftəlik 40 saatlıq işə qol çəkib, gündə 12 saat işləyənlər 13 əsr bundan əvvəl baş verənlərin dərdini çəkirlər. İş sahibindən maaşlarının kəsilməsinin səbəbini soruşmaq əvəzinə, susmağı, “səbr” etməyi üstün tuturlar. Ancaq nədənsə belə hallarda səbr yada düşür. Dini anlayışların tənqidində isə səbr zad yoxa çıxır. Əgər bu tənqidi hakimiyyət nümayəndəsi edirsə yenə də “səbr” işə düşür.
Xəzər TV-nin sahibinin F.Gülən camaatının olduğunu çox adam bilir. Bu kanal səhərdən axşama qədər hakimiyyətin bəy tərifinə durub. Kreativ üsullarla əliyevlərin Tanrının xalqa bir lütfü olmasını beynimizə yeridirlər. Böyük-böyük yalanları utanmadan yayan kanalın arxasında duran nurçuluq isə az qala hər kitabında haqqsızlığa qarşı gəlməyin fərz olduğunu deyir. F.Gülənin saysız-hesabsız audio və video lent yazılarında qul haqqı, haqqsızlığa qarşı gəlmək prioritet məsələ kimi qoyulur (anlayıram ki, onlar “haqqın pozulması” deyəndə nəyi nəzərdə tuturlar). Xəzər TV-nin timsalında bəşəri dəyərlərə hörmət etməyən bir dini camaatın dəyərlərinə qarşı dözümsüz olmağı daha məntiqli sayıram. Hansısa “nurik” bundan sonra bizim dəyərlərimizə hörmət etməlisən deyəndə, Xəzər telekanalizasiyasını göstərəcəm. Necə ki, indi də eyni şeyi edirəm...
Rəşad Babalı