post-title

Oskar mükafatlandırma mərasimi haqda

85-ci Oskar mükafatlandırma mərasimi: sevindirici və təəssüfləndirici anları ilə..

 

Dünən gecə bütün dünya kinematoqraflarının eləcə də kinosevərlərin çoxdan həyəcanla gözlədiyi 85-ci Oskar mükafatlandırma mərasimi gəlib çatdı. Ancaq gecədən gördüyümüz kimi bu hadisəni yalnız kinematoqrafların yarışı adlandırmazdım. Bu dünya səviyyəli brendlərçün də onların hazırladıqları geyim nümunələrini göstərməkçün bir fürsət idi. Hər şey artıq Qırmızı xalçadan başladı. Cessika Çesteyn, Kerri Vaşinqton, Cennifer Lourens, Cennifer Qarner və başqaları tamaşaçıları möhtəşəm geyim nümunələri ilə heyran etdilər. Yeri gəlmişkən, həmin gecə "twitter"də #BESTDRESSED “hashtag”ı ilə izləyicilər arasında sorğu keçirilirdi və sonda bu sorğunun nəticələrinə görə Cennifer Lourens gecənin ən gözəl geyimli xanımı seçildi.

Oskar mükafatlandırma mərasimi nüfuzlu mükafatın verilməsi ilə yanaşı, bir şoudur və Hollivud belə hadisələrdən dramatik şou düzəltməyi bəlkə də ən yaxşı bacaranıdır. Mərasim müxtəlif performanslarla başladı. Möhtəşəm bir gecə idi. Zalda 3500 nəfər izləyici vardı. Təqribən 1 milyarda yaxın insan da TV arxasında əyləşmişdi.

Başladı...

"Linkoln" filmi 12, "Life of Pi" filmi isə 11 nominasiyada namizəd kimi mükafata gəlmişdi. Linkolnun amerikalıların tarixində ən sevimli prezident olduğunu nəzərə alsaq, filmin 12 nominasiyada namizəd olması başa düşülən idi. İlk mükafat isə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyası üzrə verilirdi və hamının (hər halda biz yoldaşların) gözlədiyi kimi Kristof Valts Canqo filmində yaratdığı obraza görə bu kateqoriyada ikinci dəfə Oskar mükafatı aldı. Bu mükafatın birincisini də o, elə Tarantinonun “Şərəfsiz əclaflar” filmində yaratdığı obraza görə almışdı. Ən yaxşı qısametrajı animasiya və ən yaxşı animasiya mükafatları müvafiq olaraq “Paperman” və “Brave” filmlərinə verildi. Ən yaxşı qrim və saç düzümü və ən yaxşı səs nominasiyaları üzrə qalib – "Les Miserables" (Səfillər), ən yaxşı vizual effektlər və ən yaxşı operator işi üzrə nominasiyaların qalibi isə – "Life of Pi" filmi oldu.

Hanekenin "Amour" ("Sevgi") filmi gecənin “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə qalibi seçildi. Bu tam ədalətli idi. Artıq aydın idi ki “ən yaxşı film” nominasiyası üzrə də namizəd olan həmin film bu mükafatı almayacaq. Kino akademiklər bu mükafatı başqa filmə saxlamışdılar.

Ən yaxşı montaj – "Argo", ən yaxşı səs montajı – "Zero Dark Thirty" və "Skyfall" (yeri gəlmişkən, səhv etmirəmsə bu kateqoriyanın tarixində ilk dəfə idi ki, mükafatı iki film bölüşdürdü), ən yaxşı mahnı – "Skyfall", ən yaxşı quruluşçu rəssam nominasiyası üzrə mükafat isə - "Linkoln" filminə çatdı. Sonuncu ən qədim və ən vacib nominasiyalardan hesab edilir, çünki filmin quruluşçu rəssamından çox şey asılıdır.

Nəhayət, “Ən yaxşı ikinci dərəcəli qadın rolu” üzrə nominasiyanın qalibi də açıqlandı. Bu "Səfillər" filmində olduqca dramatik “Fantine” obrazını yaradan Enn Hetevey (Anne Hathaway) oldu. Mənim fikrimcə ədalətli seçim idi.

Nəhayət ssenari nominasiyaları...

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” mükafatının qalibi "Argo" filmi oldu, “Ən yaxşı ssenari” nominasiyasının qalibi isə yenə də mükafatı təqdim edərkən Dastin Hoffmanın dediyi kimi Mr. Tarantino oldu! Gözlənilən idi, çünki izləyənlər bilir ki, Canqonun doğrudan da maraqlı ssenarisi var. Yeri gəlmişkən, deyim ki bu nominasiyalar arasında əsas fərq ondan ibarətdir ki birincidə artıq mövcud olan ssenariyə dəyişiklik edirsən, ikincidə isə ssenari tam olaraq ssenari müəllifi tərəfindən yazılır. Tarantino isə müasir kinematoqrafiyanın dahi ssenari müəlliflərindəndir.

Nəhayət son 4 mükafat... Sırada ən yaxşı rejissor, ən yaxşı qadın rolu, ən yaxşı kişi rolu və ən yaxşı film nominasiyaları idi.

Mənimçün gözlənilmədən “Ən yaxşı qadın rolu” nominasiyası üzrə qalib Cennifer Lourens oldu, “Ən yaxşı kişi rolu” nominasiyası üzrə qalib isə gözlənilən oldu. Deniel Del-Lyüis "Linkoln" filmində yaratdığı Linkoln obrazına görə bu kateqoriyada 3-cü dəfə Oskar mükafatı qazandı. O, bu nominasiya tarixində 3 dəfə Oskar qazanmış yeganə aktyor oldu. Zal ayaqda alqışlayırdı! Möhtəşəm mənzərə idi!

“Ən yaxşı rejissor” kateqoriyası üzrə ABŞ kino akademikləri "Life of Pi" filminə görə rejissor Enq Lini seçdilər. Nəhayət gecənin son və ən həyəcan verici anı gəldi. Ən yaxşı film nominasiyası üzrə mümkün namizədlərdən "Linkoln"u ən ciddi film kimi hesab etsəm də yanıldım və nominasiyanın mükafatı "Arqo" filminə çatdı! Bu film İran inqilabı zamanı ABŞ-lı diplomatın İrandan qaçırılması əməliyyatı haqdadır və ən maraqlısı odur ki, mükafatın adını açıqlamağa Cek Nikolson gəlsə də zərfdə yazılmış qalibi birbaşa Ağ evə canlı bağlantı ilə Mişel Obama açıqladı.

Beləliklə 85-ci Oskar mükafatlandırma mərasimi kiminçünsə arzuladığı, kiminçünsə arzulamadığı kimi oldu. Bu barədə bəzi tənqid və mübahisəli məqamları yazmaq istərdim.

Əvvəla, onu qeyd etməliyəm ki “Ən yaxşı film” nominasiyası üzrə "Master" və "Moonrise Kingdom" kimi filmlər kənarda qaldı. Əvəzində isə "Silver Linings Playbook", "The Impossible" və zorakılığa bəraət qazandıran "Zero Dark Thirty" kimi filmlər mükafata namizəd oldu. Sonuncunu necə namizəd seçdiklərini heç anlamıram. "Master" və "Moonrise Kingdom" kimi filmlərin kənarda qalıb bu tip filmlərin namizəd olması təsəvvür edilməz idi.

İkinci dərəcəli ən yaxşı kişi rolu nominasiyası üzrə Leonardo DiKaprio mükafata hətta namizədlər sırasından kənarda qaldı. Deməzdim ki, onun obrazı Kristof Valtsın yaratdığından daha güclü idi, sadəcə namizədlər sırasında onun yaratdığı obrazdan daha zəif namizədlər də yer almışdı.

Fikrimcə, daha bir ədalətsizlik ən yaxşı səs və ən yaxşı vizual effektlər nominasiyalarına namizədlikdən "The Dark Knight Rises" filminin kənarda qalması oldu. “Ən yaxşı kişi rolu” kateqoriyası üzrə ən real namizədlərdən biri Con Houks hesab edilsə də, aktyor hətta heç namizədlər sırasına düşmədi. Heç olmasa laureatın seçimi ədalətli oldu.

"The Impossible" filmindən Naomi Uottsun “ən yaxşı qadın rolu” nominasiyası üzrə namizəd olması isə bir daha göstərdi ki, Oskar kino akademiyası öz sənəti üçün əzab və çətinliklərə girməyə hazır olan aktyor və aktrisaları sevir.

"Cloud Atlas" filmi isə hətta texniki kateqoriyalar üzrə belə namizəd olmadı. Devid O. Rassel “ən yaxşı rejissor” nominasiyası üzrə namizəd olduğu halda isə Tarantino kənarda qaldı. Nəinki Tarantino, hətta Pol Tomas Anderson və Ves Anderson kimi rejissorlar namizədlikdən kənarda qaldı. Təsəvvür edilməz idi.

Xülasə, Oskara namizəd olmağın da əslində çox böyük uğur olduğunu nəzərə alsaq, deyə bilərik ki namizədlər də düzgün seçilməli idi. Amma nə etmək olar. Ən azından bilirik ki, səsvermə bəzi yerlərdən fərqli olaraq tam gizli və şəffaf keçirilir.
 
Sonda qeyd edə bilərəm ki, heç olmasa laureatlar mümkün namizədlər sırasından müəyyən qədər ədalətli seçildi və aparıcı Set Makfarleynın ifasında biz möhtəşəm bir gecənin şahidi olduq.

Farhan Huseynli

Kultura.az

Yuxarı