post-title

Mozalan bəyin səyahətnaməsi - Ordubad (1909)

"Molla Nəsrəddin" jurnalının 1909-cu il sayından yazı

 

Dünən getmişdim yavuqluqda olan Əylis deyilən erməni kəndinə. Nələr gördüm?

Axmaqlar deyəsən dəli-divanə olublar. Əvvəl onu deyim ki, bu kənd elə bil ki, Tiflisin bir məhəlləsidir. Gözəl imarətlər, təmiz küçələr, neçə-neçə böyük körpülər, neçə-neçə pakizə məktəblər, qiraətxanalar və maarifə dair hər bir qism tikili və dəstgahlar. Vallahi ki, lap quruyub qaldım.

Camaatı da ki, heç tanımaq olmur; guya ki, Firəngistandan bu saat gəliblər: libasları, hərəkətləri, təmizlikləri (təmizlik deyəndə zahiri təmizliyi deyirəm, fikriniz özgə yana getməsin). Xülasə məəttəl qaldım. 

Əylisdən Ordubada qayıdıb gördüm ki, genə bir evdə mərsiyyə oxunur və müsəlmanlar genə ağlayır. İstədim deyəm ki, ay balam, bu qədər niyə ağlayırsınız? Yoxsa indidən bunu duymusunuz ki, qonşularınız maarifin silahı ilə silahlanıb yavaş-yavaş gəlib sizi buralardan tökəcəklər eşiyə və mal-mülkünüzə də sahiblənib sizi evlərində nökər yerində işlədəcəklər.

Heç kəs deməsin ki, belə olmaz. Dünyanın keçəcəyinə və mədəniyyətin tarixinə hər kəs bir az diqqət eləsə, görər ki, həmişə işlərin axırı belə olub.

Sora bəlkə genə yazam.

Məşədi Mozalan bəy 

“Molla Nəsrəddin” jurnalı, 31 may 1909-cu il, nömrə 22, səhifə 7.

Qeyd: Əbdürrəhim bəy Haqverdiyev xatirələrində göstərir ki, “Mozalan bəyin səyahətnaməsi”ində İrəvan və Naxçıvan haqda olan felyetonları Qurbanəli Şərifov yazırmış. 

Felyetona dair çəkilmiş karikatura “Molla Nəsrəddin” jurnalının 7 iyun 1909-cu il tarixində, 23-cü sayın sonuncu səhifəsində gedibmiş.

Təqdim etdi: Gülya Xaki

 
Yuxarı