post-title

"Futbol İngiltərədə yarandı, Braziliyada böyüdü, Azərbaycanda öldü"

Futbol jurnalistikası, futboldan yazan qəzet, elektron KİV-lər haçandı diqqətdən kənardadı. Əslində, elə təəssürat yaranır ki, idman KİV-i heç vaxt diqqətdə olmayıb. Ancaq ara-sıra yazılarıyla, araşdırmalarıyla, hansısa ifşa olaylarıyla gündəmə düşən müəlliflər olur.

 

Elçin Cəlilov özünün dediyi kimi, futbol jurnalistikasına siyasət yazarlığından gəlsə də, futbolda yazdıqlarıyla xeyli həqiqəti üzə çıxarıb. Milli komandanın baş məşqçisi alman Berti Foqtsa qarşı Avropaya səs salmış "Aftafa aksiyası"nın təşəbbüskarı olan Cəlilovun futbol mühitini az-çox ifadə eləyən müsahibəsini sizə təqdim edirik.

- Sənin üçün idman jurnalistikası nədi?

- İşim, hobbim. Siyasətdən də yaza bilərdim. Ancaq elə jurnalist fəaliyyətinə başlayandan ilyarım sonra idman mediasına keçdim. Bəlkə idmana, futbol yazarlığına  marağımdandı. Yaxud başqa nələrsə idman jurnalistikasına daha çox həvəs yaradıb. Ekzotikadı da...

- Peşəni necə öyrəndin və ya loru deyək,  kim öyrətdi?

- İdman jurnalistikasını, yoxsa jurnalistikanı?

- Sən bunları ayırırsan?

- Ayırmağa məcburam. İdman jurnalistikası ciddi jurnalistika sayılmır. Belə hesab edənlərdənəm. Demirəm ciddi işlə məşğul deyilik. Məsələn, elə hər jurnalist də gəlib idman yazarı ola bilməz. Bunların çox fərqli cəhətləri var. Bir də oxşarlıqları var. Məsələn, Azərbaycanda jurnalistikanın idmanı da, siyasəti də axır onillikdə yerin dibinə qədər enib.

- "Balıq" hardan iylənir?

- Başdan iylənir. Nədi ki?

- İdman jurnalistikasının bu günə düşməyinə izahatın bu qədər konkretdi?

- Nə demək istədiyini əla bilirəm, Rəsul. Sən o idman yazarlarından olmusan ki, özünü nə başdan iylənən balıq yerinə qoymusan, nə də quyruqdan təmizlənən balıq olmusan. İdman jurnalistikasında bir "baş", "başçı"  xəstəliyi var. İltihabi hal alıb. İllər boyu məsələn, hansısa "ağsaqqal" titulunu müftə almış, rəqabət mühitində olmayanda şahənşahında özünü xoşbəxt seyranlıq içində hiss edən o vaxtın idman jurnalistləri 5-7 il əvvəl gələn yeni nəsli cırmaqlamağa hazır idi. Bunları sən də görmüsən, Nail də şahidi olub. Biz rəqabətsizlik içində pörtləyən şabalıd olmamışıq, bizə gələcəkdə "sən idman jurnalistikasının ağsaqqalısan" desələr, qıdıqlanarıq. Keçmişin yaxşı idman yazarları da olub, söz yox. Ancaq onların təbliğatı yoxdu. Məsələn, Şakir Yaqubov, Adil Qaçayoğlu, Aqşin Kazımzadənin məqalələri xeyli maraqlıdı. Ancaq bəzi ağsaç, tükbaş “qədim jurnalistlər” var. Düşüncələri tör-töküntüdü.  Onlara kimsə "ağsaqqalsan!" deyəndə şəhvani hisslərə qapılırlar. Sevinirəm ki, gənclər standartları dağıdır, idman jurnalistikasına son 3-5 ildə demokratiya, azad və yaradıcı yanaşma tərzi gəldi. Baş redaktorun köləsi yox, baş redaktor və onun sevimli dostları tipində redaksiyalar yarandı. Biz çayxanalarda oturub fikir mübadiləsi etmişik, onlar bizi çayxana avarası adlandırıblar. Ancaq özləri həyat avarası, qısır fantaziyalı, məhdud dünyagörüşlüdülər.

- İdman jurnalistikasının əndazədən çıxmağının digər səbəbi stimulsuzluq ola bilərmi? Jurnalist oxucu üçün yazmalıdı. Səncə, indi oxucu üçün yazırıqmı və ya stimul oxutmaqdımı?

- Jurnalistikanın üç əsas prinsipi var: məlumatlandırma, maarifləndirmə və əyləncə. Baxaq görək, bu prinsiplərin üçü bir yana, birini tam əhatə edən qəzet varmı? Yoxdu. İndi  sürət dövrüdü. İnsanlar məlumatı tez almaq istəyirlər. O məlumatda ona həm informasiya yükünü, həm maarifləndirici yönünü, həm də əyləncəsini çatdırmaqçün gərək ya yaxşı jurnalistika təhsilin ola, ya da praktikada təcrübəli, oxucunun qəbul elədiyi jurnalistdən öyrənəsən. Bizdə jurnalistika fakültələrində deyilən mühazirələr bərbaddı. Jurnalistikanı oxuyanlar  öyünə bilməzlər ki, praktikada uğurlu olacaqlar. Çünki dərslər heç bizdən qabaqkı əsrin tələblərinə də uyğun gəlmir. İş qalır praktikada görüb-götürdüklərimizə. O da qismət olar, sən kimin əlinə düşəcəksən, hansı redaktorun yanında öyrənəcəksən və ən əsası, öz savad və fantaziyan nə qədər imkan verəcək ki, sən jurnalist ola biləsən. Bu işin nəzəri tərəfi. Praktik yönü isə gözümüzün önündədi. İdman jurnalistikasında stimul axtarmağa dəyməz. Qəzetlər "qəzet dövrü bitir" iddiasını təsdiqləyir öz fəaliyyəriylə. Bir neçə sayt var ki, onları uğurlu saymaq olar. Onlar da futbol klublarının verdiyi reklamlardan asılıdı. Reklamdan asılı olan sayt oxucu üçün yazar, səncə? Ya gərək bu aləmdə səni saysınlar, savadsız kimi tanıyıb, dolamasınlar ki birtəhər saytı işlədə biləsən, ya da gözlə göründüyü formada, əksər saytlar kimi, reklam alıb, ağzına gələni yazasan. Reklam da nə reklam. Hamam pulu.

-  Gəlin belə bir dəqiqləşdirmə aparaq; idman jurnalistikasında sözün həqiqi mənasında yaza bilən, bu işdən başı çıxan jurnalistlər varsa, yaza bilməyənlər, jurnalistikadan kənar adamlar burda nə gəzir? Yox, əgər bu sahə naşıların yeridirsə, jurnalistikanın zibilliyidirsə, istedadlı yazarların burda nə iti azıb?

- Kənardan elə görürsən, eləmi? Haqlısan. Az əvvəl reklamdan danışdıq. Bunu heç bilmirəm necə izah edim. Axı KİV nə cür tənqid etdiyi obyektdən maliyyələşər? Əslində, demokratik rejimdə bu, çox normal haldı. Tutalım hansısa brend şirkət “The Sun” qəzetinə reklam verir. Günün birində o qəzet həmin şirkətin problemini aşkarlasa, arxayınca tənqid, ifşa edir. Bizdə, konkret idman jurnalistikasında vəziyyət çox ayıblıdı. Çempionatda 12 klub iştirak edir. Onun da cəmi 5-6 dənəsi reklam verə-verməyə. Əksəri də reklamı məqsədli verir. Məsələn, bizim portalın “Xəzər Lənkəran”la məlum qalmaqalı ictimaiyyətə məlumdu. “Azadlıq Radiosu, digər ictimai-siyasi KİV-lər məsələni xeyli ictimailəşdirdi, ancaq heç bir faydası olmadı. İdman mediasının media adına yaraşmayan vəziyyətində heç çöp boyda irəliləyiş olmadı. Yaza bilməyib, reklam puluna görə, yaxud yaza bilənlərin qabartdığı və qabardacağı ciddi nöqsanları ört-basdır eləmək üçün açılan saytlar, qəzetlər və s. Bunları futbol idarəçiləri əmələ gətirir.  Onların peşəkar və  peşəsinə hörmətlə yanaşan idman yazarlarını yalançı çıxartmaq, şantaj eləməkçün hər an startda duran saytlar, jrunalistikadan kənar adamlara ehtiyacı var. Bir sözlə, Azərbaycan futbolunda külli-miqdarda pul var və bu pullar futbol oliqarxları tərəfindən mənimsənilir. Heç iki əlin barmaqları qədər olmayan yazan jurnalistlərin ictimai fikir formalaşdırmağa bəzən gücü çatmır. Çünki tutalım, yazırsan AFFA-da filan qədər pulu maxinasiyası var, bir də görürsən, 3 sayt AFFA-nın təbliğatını gücləndirdi, 13 sayt sənin üstüvə cumdu, şərləməyə başladı, qıraq-bucaqda da futbol oxucusunda bu iddianı qaldıran yazar haqda mənfi rəy formalaşdırmaq üçün pul alıb, adı jurnalist gedən də bir xeyli. Belə durumda idman mediasının inkişafından yox, heç yerində saymağından da söhbət gedə bilməz. Yaxşı, tutalım biz, sən, mən, digər hörmətli həmkarlarımız çəkildik kənara. Bəs problemləri kim qabardacaq? Demirəm ki, biz Nuh əyyamıyıq. Əslində biz jurnalistikadan getsək, bu ölkədə normal iş tapa da bilmərik. Şəxsən mən normal müdir, yaxşı kollektiv tapacağıma inanmıram. Özüm də hansısa bir təşkilatda, şirkətdə və ya hansısa kompaniyada müdir olmağıma inanmıram, burada müdir statusu da inhisardadı.

- Hə, maliyyə mənbəyi qeyri-standard klub reklamı olan medianın içində imicini qoruyan söz adamı olmaq çətin məsələdi. Situasiyanı dəyişmək mümkündümü?

- Mümkündü, ancaq çətindi. Çünki iyirmi çubuğun cəmi ikisi sağlamdı, qalanı çürükdü. İdman mediasını bu aciz durumdan çıxarmaq nə JEK müdirinin işidi, nə romantik HOST demişkən, “buna prezident neyləsin”, nə də hansısa futbol klubu, yaxud futbol funksioneri durub bu duruma son deməyəcək. Elə onların lap ürəyincədi. Çıxış yolu peşəkarlığın təmərküzləşməsində olacaq. Məsələn, mən də rahatca hansısa futbol klubuna gedib işləyərəm, getmirəm. Ona görə də, yerə tökülən yarpaqları yığmalıyıq bir yerə. Çətinliklərin içində sərfəli şərtlərin olmasına baxmayaraq, peşəsinin atıb getməyənlər qayıtmalıdı. Qayıtmasalar da, yazmalıdılar. İdman jurnalistikasıyla dolana bilməyib, bu sahədən gedən, ancaq yaxşı reportyor bacarığı olan, jurnalistikanın nə demək olduğunu, bu peşənin həssas yönlərini bilənləri yavaş-yavaş cəmləşdirmək lazımdı.  

- İdman yazarlarının birləşməsi, lap tutaq ki, yaza bilənlərin birləşməsi çox vacib məsələdi. Amma bunun üçün işin bünövrəsi qoyulmalıdı. Çünki daha əvvəllər bu işə cəhd eləyənlər, lap elə biz özümüz də görmüşük ki, indi özlərini ağsaqqal hesab eləyənlər bu istiqamətdə heç bir təcrübə qoyub getməyiblər. İdman jurnalistlərinin bir qrup halında da olsa, birliyi olmayıb. Bir AİJA var idi - indi bilmirəm, qalır, ya yox - fəaliyyəti yol polisindən yayınmaq istəyən taksi sürücülərinə jurnalist vəsiqəsi satmaqdan ibarət idi. Sözümün canı, bu istiqamətdə bir praktika da yoxdu. İndi jurnalistlər hər hansı formada birləşmək istəsələr, gərək sıfırdan konsepsiya işləyələr. Məncə, jurnalistlərin birləşməsi üçün yenə ən böyük problem illərdi özlərini bu sahənin atası hesab eləyənlərin yaxasını kənara çəkməsi olacaq. Bax, Elçin, sən tutaq ki, başqa birinin, təbii ki, bu işdə təcrübəli bir jutnalistin rəhbərlik eləyəcəyi bir qrupda birləşməyə razı olarsanmı?

- Bizim düşüncəmizdə rəhbər deyilən şey yoxdu. Redaksiya var. Elə deyil? Məsələn, o vaxt bizim portallarımız eyni ofisdə yerləşirdi. Heç orda “ağsaqqal”, “baş redaktor gəlir”, “planirovka” həyəcanı və s. belə sərsəm vərdişlər gördün? Ona görə də kiminsə rəhbərliyi altında birləşmək ifadəsini atırıq bir kənara. 2-3 il əvvəl dostlar yığışdıq, birtəhər alınırdı. Az qalmışdı bünövrəni qoyaq. Bünövrə də deyəndə, yekə bir şey çıxmasın, biz hələ ümumiyyətlə, bir ələ vurmaqdan, bir yerdə olmaqdan danışırıq. Konsepsiya və bu kimi rəsmiyyət istəyən şeylər bizim cəhd etdiyimiz “inqilab” rəsmiləşəndən sonra rəsmiləşər də, elə deyil? Ona görə də, hələ ibtidaidən başlamaq lazımdı. Məsələn, jurnalist peşəkar olsa da, xarakteri də olmalıdı. Peşəkar yazar tanıyıram, “dəllal jurnalistlə” birlikdədi, deyir-gülür, onu sayır, öpür, qucaqlıyır, hər şey. Belə olmaz. Xarakter buna görə lazımdı. Hər bir özünü təsdiqləmiş yazar jurnalistkaya, yazıya dəxli olmayan o “dəllallara” hansısa formada qandırmalıdı ki, yerin bura deyil, bazardı, maklerlikdi və nə bilim nədi. Yuxarıda dediyim kimi, balıq başdan iylənsə də, quyruqdan təmizlənər. Hələ iməcilik olmalıdı, rüsvayçılıqlar təmizlənməlidi.

- Aydındı ki, idman jurnalistikasının böyük faizində çürümə gedib. Demək olar, bitmək üzrədi. Günah varsa, günahkarlar da var. Bəlkə ad çəkək? Ya da, niyə ad çəkmirik axı?

- Görünən dağa nə bələdçi? Problem oxucudadı. İdmanı oxuyan əksəriyyət peşəkar jurnalisti “dəllaldan” seçə bilmir, çünki ölkə təhsili savadlı vətəndaş, sözün əsl mənasında oxucu yetişdirmir, alverçi istehsal edir. Ad çəkmək çarçıların işidi, biz carçı deyilik ki. Bir də, biz problemi ad çəkməklə həll etmək yolunu seçsək, bu həllə aparmayacaq, hə ad çəkək, Əflatun Amaşov kimi “reket jurnalistlərin” siyahısını hazırlayaq lap, nəsə düzəlir guya bununla? Ay kimi aydındı ki, ad çəkmək problemin həllinin üstündən xətt çəkməkdi, axı bayaq dedik, “dəllalar” peşəkarlara nisbətən yüz dəfə çoxdu. Yenə mənasız qalmaqal çıxsın? Bundan bezməmisiz?

- Düzü, mən ad çəkməyin tərəfdarıyam. Demirəm, indi bu müsahibədə kimlərinsə daha çox tanınmasına şərait yaradaq, amma istedadsızların adını çəkib, onlara yaza bilmədiklərini demək özü də həqiqi jurnalistlərlə düşbərələrin fərqlənməsinə xidmət edəcək. İnanmıram onlar bundan sonra idman mətbuatını tərk edəcək və bu sahə onlardan təmizlənəcək, amma ən azı hamı öz yerini biləcək. Rəsul müəllimin təklifi havada qalmasın deyə, Elçin, sən də ad çək; bax Rövnəqin yerində olsan, AFFA-nın binasından Rövnəqin öz sözü, birinci kimi qavalıyarsan? Kimi rədd eləyərsən futboldan?

- Mən pley-of söhbətiylə feyr-pley anlayışını ayırd edə bilməyən AFFA prezidenti Rövnəq Abdullayevin AFFA prezidenti vəzifəsindən niyə yapışdığını heç cür anlamıram. Adamın bundan başqa iki vəzifəsi var, həm deputatdı, həm də ARDNŞ-in prezidenti. AFFA-da marketinq şöbəsi var, bir yığın kostyumlu qlamurlar və dikdaban gözəllər əyləşib, heç bir işlə məşğul deyillər. Az qala o şöbədə əlli nəfər işləyir. AFFA-nın hansısa marketinq layihəsini görən olubsa, desin, mən də bilim ki, bu boyda şöbə bir şama pərvanədi. Vəzifəlilərdən ən birinci Elxan Məmmədovu xaric edərdim, çünki adam İlham Əliyevlə bir universitetdə oxuduğuna görə neft sektoru bəs deməyib, futbola da barmaq uzadan Elşad Nəsirovun kadrıdı və bu tandemin işi-gücü Rövnəq Abdullayevin futbolda olan drujinasına əks getməkdi. Guya bunlar mehriban düşməndilər, soyuq müharibədədilər. Hamı bilir ki, qazanda nə qaynayır. “Sumqayıt” klubu Elşad Nəsivovla Elxan Məmmədovun dolanışıq yeridi. O kluba qeyri-rəsmi məlumatlara görə ildə 5-6 milyon büdcə ayrılır. Bu qədər pula əmələ gətirdikləri komandaya baxın; heç axırıncı yerdən yuxarı qalxa bilmir. Yer tutmaqları lazım deyil, heç olmasa gənc futbolçular aşkarlasınlar. Gedib orda-burda azərbaycanlı soyadına oxşayan top yellədənləri gətirirlər komandaya ucuz qiymətə, üstünə külli-miqdarda pul silirlər. Bundan başqa, sabah o futbolçunu Bertqi Foqtsa əmr edib yığmaya gətirirlər. Beləcə hər futbolçu başına da ayrıca pul silmək imkanları açılır. Berti Foqts da bunların fırıldaq layihəsinin baş fiqurudu. Adam beş ilə yaxındı Azərbaycandadı, yığma komanda heç Şahin Diniyevin, Vaqif Sadıqovun dövründəki komandadan fərqlənmir. Diniyevin ayına 8 min maaş verirdilər, Foqtsa isə 150 min avro. Guya o pul da tam Foqtsa çatır. Saymaqla bitməyəcək dərəcədə dəliklər var ki, onlar inhisara aldıqları futbol sahəsində həmin dəliklərdən xeyli pul mənimsəyirlər. Bir də var PFL prezidenti Ramin Musayev. Guya adam Elxan Məmmədovla mehribandı və AFFA-da işlər əla gedir. İkisinin də futbolda öz maraqları var və onlar daim öz “krişaları” üçün çalışırlar.

- Məncə, Ramin Musayev - Elxan Məmmədov cütlüyündən hər hansı birini qovsan, digərini də onun arxasınca yollamaq lazımdı. Çünki tək qalsalar darıxarlar. Bu adamlar bu gün heç olmasa kreslodan qalxırlarsa, bunu bir-birlərinin acığına eləyirlər... Sən Rövnəq Abdullayevə alternativ görürsən? Daha bayağı formada desək, kimdi o xəyalların AFFA prezidenti, o xilaskar?

- Xilaskar yox, Azərbaycan futbolunu xilas eləməkdən keçib, hədər deməyiblər ki, futbol İngiltərədə yarandı, Braziliyada böyüdü, Azərbaycanda öldü. Biz elə təsəvvür edək ki,  ölməyib, can üstədi. Dirçəltmək variantları var. Məsələn, hazırda iki klub prezidenti var ki, mən onları AFFA prezidentliyinə layiq bilirəm, ancaq ad çəksəm, qaragüruh başlayacaq. Onların adını gələcəkdə lazım gəlsə, elə kulturaz.az-da açıqlayaram. Ancaq vaxtilə futbolda olan, “Xəzər Universiteti” klubunu təsis eləmiş, ölkə çempionatında iddialı və perspektivli komanda quran Hamlet İsaxanlını AFFA-ya layiq ən uğurlu idarəçi hesab edirəm. Azərbaycan futbolundakı pul çoxluğunu anarxiyaya yox, inkişafa yönəltməyi bacarar. İsaxanlı tək namizədim deyil, başqa layiqli şəxslər də var, ancaq nisbətən üstünlüyü ona verirəm.

- Xayali kadr dəyişikliyi elədik. O biriləri demirəm, Ramin Musayev səndən inciməyəcək ki? Məsələn, ona görə ki, bu yaxınlarda onun rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə jurnalistlərin ənənəvi Antaliya səfərində qatılanlardan olmusan. Bəs, haqq-salam, duz-çörək?


- Elxan Məmmədovla Ramin Musayevin fərqlərindən biri də budu. Keçən yay Musayevin təkrar PFL prezidenti seçilməsi tədbirində Rövnəq Abdullayev də iştirak edirdi və mətbuat konfransında mən ona sual verdim. Soruşdum ki, Azərbaycan futbolu üçün yalnız neft pullarını ayırırsız, başqa bir iş görmürsüz, ancaq bud a bu yaxşı işdi, vaxt var idi, heç pul yox idi, hər halda indi nəsə var. Ancaq xəbəriniz varmı futbolumuzun səviyyəsindən? Ermənistan yığması 17 xal toplayır, irlandları udsaydılar, Avropa Çempionatına düşəcəkdilər və bu dünya futbolu üçün sensasiya olacaqdı. Ancaq onların futbol federasiyalarınnı büdcəsi bizimkindən ən azı on dəfə aşağıdı. Niyə biz yeddi xal, ermənilər on yeddi xal toplayır. Bilirsizmi nə cavab verdi, dedi, biz gələcəyə yönəlik işlər görürük. İndi başa düş görüm, adam nə demək istəyir. Fürsətdən istifadə eləyib, ikinci sualı verdim, dedim Elxan Məmmədov yığma komandanın səfər oyunlarına cəmi 1-2 saytın əməkdaşını aparır, onlar da daha çox birtərəfli informsiyalar verirlər. Siz bununçün müəyyən miqdarda vəsait ayırırsız bildiyimizə görə, bəs niyə müstəqil saytlar səfərə dəvət olunmur? Elxan Məmmədov Rövnəq Abdullayevin qulağına nəsə pıçıldadı və Abdullayev mənasız bir təbəsümdən sonra mənə təxminən belə bir cavab verdi: istəyirsən, müraciət elə, səni də aparsınlar. Ancaq biz hamını apara bilmərik, buna gücümüz çatmaz. Bu bir biabırçı cavab idi. Bundan daha betər biabırçılığı Abdullayev sözünü bitirən kimi, guya vəziyyəti düzəltmək cəhdiylə söz alan qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu dedi ki, Rövnəq müəllim, həmkarımız bir qədər səhvə yol verir, biz ötən il ərzində 56 jurnalist aparmışıq səfərə. Həngamə də bununla qalxdı. Soruşdum, axı heç idman mediasında toplam 56 nəfər jurnalist yoxdu, siz necə oldu bu qədər adam apardız? İndi də Rövnəq Abdullayev gülməli vəziyyətin yarandığını görüb, guya zarafatıyla gərgin durumu düzəltmək istədi, ancaq çox gülməli olmayan bir zarafat elədi: Ə, Mikayıl, sən öz qohumlarını aparırsan ki səfərə, axı burda deyirlər cəmi 1-2 sayt gedir.

Gülmək istəyənlər gülüşüb Rövnəq Abdullayevə xoş gəlmək cəhdini göstərdilər konfransda, ancaq əslində Abdullayevin zarafatla dediyi şey həqiqət idi. İdman mediasına aid olmayan bəzi qəzetlərdən, saytlardan da jurnalist aparılır yığmanın səfərinə. Onlar səfərə sərf edənləri aparırlar. Məsələ budu ki, gərək yığmadakı problemləri yazmayasan. Cavabı bu qədər geniş izah eləməyimin səbəbi odu ki, oxucular dəqiq bilsin situasiyanı. Ramin Musayevlə Elxan Məmmədovun əsas fərqi bax, budu. Hər iki şəxs icraçıdı o qurumda. Maliyyəni ARDNŞ-dən alırlar. Musayev mənim ən çox tənqid elədiyim futbol adamlarındandı, ancaq o, bizim portalı ikinci ildi ki, hakimlərin toplanışına dəvət edir. Bizim də iş görməyə, oxucuya hadisə yerindən xəbər çatdırmağa imkanımız olur. Mən belə danışıram, bu sözlərimi hansısa əcnəbi həmkarım oxusa, şoka düşəcək. Düşünəcək ki, bunlar nədən danışırlar, idman mediasının səfərə aparılmasının niyə futbol qurumları edir, niyə redaksiya öz hesabına getmir və s. Həmin əcnəbi həmkarım hardan bilsin ki, müstəqil KİV üçün reklam bazarı qapalıdı. Əşi, danışmaqla qurtaran deyil.

- Deyirsən ki, xarici səfərlərə qatılmaq bir media orqanı üçün həm də təcrübədi. Sən "Futbolpress.az" saytının rəhbərisən. İdarəndə təcrübəyə ehtiyacı olan yeni nəsl yetişir. Niyə bu səfərlər üçün ayrılan 1 nəfərlik yerlərə o gənclərdən göndərmirsən? Mən baxıram, bütün bu tip səfərlərdə əksər hallarda sayt rəhbərləri iştiraş edir. Nəticədə təbii olaraq, içtimaiyyətdə belə bir fikir formala bilir ki, həmin medai qurumu rəhbərləri əsrarəngiz səfərlərdə qarşı tərəflə "dostlaşa" da bilərlər...

- Mənim idarəm yoxdu, işçilərimin sayı da indiyə kimi rekord üç nəfər olub. İndiysə bir nəfərdi. Tale elə gətirib ki, onların xarici pasportu olmayıb. Hazırda mənimlə bu çətin durumda çiyin-çiyinə çalışan Asəfin reportaj təcrübəsinin artması üçün istəyərdim dəvət gələndə səfərə onu göndərim, ancaq o getsə, mənim də işlərrim çox, sayt demək olar, fəaliyyəti dəfələrlə azalacaq. Bax, belə çətin şərtlərlə çalışırıq. İstəyimiz bircə budu ki, oxucuya çoxluğun yalan çatdırmağa cəhd elədiyi hadisələrin əsl mahiyyətini açıb göstərək. Arzumuz isə budu ki, oxucunun səviyyəsi qalsxın, peşəkarları “dəllallardan” ayıra bilsinlər, kim doğrunu yazır, bunu hiss eləsinlər yazını oxuyanda. Səfərə getməkdən söhbət düşdü. Bir də var, səfərə getməmək. İmtina etmək. Mən səfərdən və kluba vəzifəyə getməkdən imtina etmək üzrə rekordçu sayıla bilərəm. Mən oxuyub jurnalist olmaq istəmişəm, jurnalistikanı hansısa başqa işə dəyişib, bir az çox pul qazanmaq üçün bir vasitə hesab edə bilmirəm, çünki sevdiyim peşəyə xəyanət eləməyim gəlmir. Əksinə, onu çətin durumdan çıxarmağa çalışıram, gücüm çatan qədəriylə.  Hamı hamını tanıyır. Bunu aşkarda dəfələrlə demişəm, mənimçün istədiyimi seçmək azadlığı əsasdı.

Müsahibəni götürdü:
Rəsul Şükürsoy, Nail Nurəddinoğlu

Yuxarı