Çarlz Bukovski - Marixuana ilə təhlükəli oyun
Bütün bunlara baxmayaraq, mən oraya, ağlını …
Vida
(M.A.Aldanovun "Ölüm haqqında povest"indən sonuncu səhifə)
17 avqustda Viktor Hüqonun evində nahar və qəbul idi. Məlum oldu ki, Balzak can verir. Baxmayaraq ki, bəzən aralarında gərginlik olurdu , Hüqo "Bəşəri komediya"nın müəllifinə təzim edirdi və o da qarşılıqlı təzim edirdi.
Qonaqlarını tərk edərək, şair Fartune küçəsinə getdi. O qayıtdıqda gördüklərini yazdı. Uzun illər sonra və hətta onun vəfatından da sonra nəşr olunan bu səhifə onun haqqında yazılanların ən mükəmməlidir. Hüqo heç kəsi günahlandırmırdı. Balzakın öldüyü tənhalığa o hətta eyham belə vurmurdu. Ziyarətçinin tanınmış adı qapıları açdı. Qulluqçu onu can verənin yanına ötürdü.
"Mən Balzakın otağında oldum. Otağın ortasında çarpayı vardı... Balzak başını yastığa qoyub bu çarpayıda uzanmışdı.Yuxarı otaqdakı divandan götürülmüş qırmızı, məxməri yastıqlar vardı. Balzakın üzü bənövşəyi idi, demək olar ki, qara idi, sağa əyilmişdi, qırxılmamışdı, boz saçları qısa kəsilmişdi, gözləri açıq, baxışları hərəkətsiz idi. Mən ona yandan baxdım. O imperatora bənzəyirdi.
Çarpayının yanında qarı - baxıcı və qulluqçu dayanmışdı. Kənarda başının üstə şamlar yanırdı. Digəri qapının yanında kamodun üstündə idi. Gecə stolunun üstündə gümüşü güldan var idi.
Üzlərindəki qorxunc ifadə ilə qulluqçu və qarı susaraq can verənin necə xırıldamasına qulaq asırdılar. Çarpayıdan dözülməz üfunət iyi gəlirdi. Mən ədyalı götürdüm. O büsbütün tər idi. Mən onu silkələdim. Reaksiya vermədi."
Balzak bir neçə saatdan sonra öldü.
Onun dəfnində hansısa unudulmuş nazir Viktor Hüqoya demişdi: "O şərəfli adam idi". Hüqo acıqla cavab vermişdi: "O dahi idi".
Rus dilindən tərcümə etdi: Leyla Ağayeva
Kultura.az