Həmsöhbətimiz, Ermənistanda məlum konfliktə fərqli yanaşamsı ilə tanınan məşhur jurnalist, Epress.am saytının redaktoru Yura M.-dır. Onun soyadı həm Ermənistanda, həm də Azərbaycanda məşhur olduğu və jurnalist soyadı ilə bağlı müzakirələrdən xoşlanmadığı üçün yazılarını bu imza ilə çap etdirir. Müsahibəsinin də bu imza ilə yayımlanmasını şəxsən xahiş etdi.
Maraqlı bir qeyd edək ki, Yura Sovetlər zamanında Kirovabad adlanan Gəncədə doğulub.
- Yura, istərdim əvvəlcə oxucuları Dağlıq Qarabağ konflktinə münasibətinizlə tanış edək...
- Konflikt var, o interpretasiya olunur və ətrafı miflərlə zənginləşir. İnsanların şəxsi faciələrinin bir-birinə qarşı qoyaraq, məsələni dalana dirəyiblər. Hər ik ölkədə cəmiyyətlər problemi həll etmə bacarığına inamlarını itiriblər. Onlar ya apatiyadadır, ya da yuxarıdan kimlərinsə məsələni həll edəcəyini gözləyirlər. Millətlərarası, irqi, dini, genderlə bağlı stereotipləri iqnor etməyə qadir böyük ideyalar yoxdur. Məsələn, Bakı kommunası belələrindən idi. Günümüzdə böyük ideya ancaq kənar hücumlar halında yarana bilər. Mən və komandamız çalışırıq ki, bu bitmək bilməyən çirki tirajlamayaq. Çalışırıq ki, provokasiyalardan və «informasiya müharibəsindən» uzaq duraq.
- Ermənistanda sizin kimi düşünənlər varmı? Varsa, onlar əsasən kimlərdi?
- Təbii ki var. Onlar bir qrup insanı ittiham etmir, milli mənsubiyyətə fikir vermir, rəsmi tarixə şübhə ilə yanaşır və tənqid edirlər. Onlar hansısa bir ititfaqda, qurumda birləşməyib, daxili siyasi mübarizə nöqteyi nəzərindən onlar elə də məşhur adamlar deyil. Onları televiziyaya, xüsusilə canlı efirlərə buraxmırlar. Belə adamların dəyəri ondadır ki, onlar Ermənistanı tərk etmirlər. Burada qalıb, hakimiyyət maşınının onlara təşkil etdiyi problemlərə fikir vermədən işləməyə, kütləvi çıxışlar etməyə davam edirlər.
- Yəqin ki, Əkram Əylislinin «Daş yuxular» romanından xəbəriniz var. Bu roman Azərbaycanda böyük qalmaqala səbəb oldu. Siyasətçilər, romandan xəbəri olmayan bəzi gənclər etirazlara, yazara təzyiqlərə başladılar. Bu roman Emənistanda necə qarşılandı?
- Romanın nəşrindən qəzet və internet mətbuatını mütəmadi izləyənlər tez xəbər tutdu. Amma maraqlıdır ki, çox milli mövqe tutan erməni publisistləri hələ bu romana öz «həqiqət»lərini əlavə edə bilməyblər. Bu dəqiqə Ermənistanda sosial şəbəkələrdə belə bir müzakirə gedir: bizdə bu qədər cəsarətli bir yazar varmı? Bu roman göstərdi ki, hamını yeyib bitirən bu nifrət elə də güclü deyilmiş və sizdəki insanlar barədə ancaq erməni KİV-lərinin, rusdilli Azərbaycan mətbuatının yazdıqlarını oxuyub, qərar çıxarmaq axmaqlıqdır.
- Ermənistandakı kosmopolit çevrə Əkrəm Əylisliyə dəstək vermək barədə düşünürmü?
- Əlbəttə, bu fikir ağlımıza gəlməmiş deyil. Amma mənim kolleqalarımın çoxu tez vəziyyəti qiymətləndirdilər. Onların fikrincə belə məqamda bizim Əkrəm Əylislinin dəstəkləmək cəhdimiz, ona «ayı xidməti» göstərmək olardı. Təsəvvür edin ki, biz bunu eləsək, Azərbaycanda ona yönələn təzyiqlərə nə qədər rəvac vermiş, alova yağ tökmüş olardıq.
- Təsəvvür edin ki, belə bir romanı erməni müəllif yazıb. Məsələn, romanında azərbaycanlıları qurban kimi göstərib, müsbət azərbaycanlı obrazları yradıb. Bu roman Ermənistanda necə qarşılanardı?
- Təsəvvür edirəm. Hakim partiyanın gənclik qanadı, milətçilər İrəvanın küçələrinə çıxardı. O müəllifin azərbaycanlı olduğunu deyərdilər. Onu satqın, xəyanətkar adlandırardılar. Ermənistandan Bakıya, «öz hamilərinin» yanına qovmağı təklif edərdilər. Deputatlar təklif edərdi ki, onun əsərlərini yığıb, evinin qabağında yandıraq, bütün ordenlərini, mükafatlarını əlindən alaq, hətta xayalarını kəsək!
-Azərbaycandan Ermənstana səfər edən gənc yazarlar həmişə yerli vətənpərvərlərin, mətbuatın qınağına tuş gəlir. Bizim sülhməramlı yazarların orda necə qarşılandığını və ordan bura səfər edənlərə necə münasibət sərgiləndiyini sizdən öyrənmək istəyərdik.
- Əslində, son illər erməni yazarlarının Azərbaycana səfər elədyini xatırlamıram. Bakıya əsasən ora-bura «ermənistan həqiqətləri» daşıyan siyasətçilər səfər edir və qayıdıb, azərbaycanlılıra «həqiqətlərini» necə çatdırmaqlarından danışırlar. İctamai təşkilatların təşkili çapında baş tutan sülhməramlı görüşlər və fəaliyyət kütləvi mətbuatda çox az işaqlındırılır. Belə görüşlərdə iştrak edənlər də «cızıqlarından» qırağa çıxmamağa çalışırlar. Əgər kimsə bu sərhədlərdən qırağa çıxırsa, ancaq saray yazarlarına və saray «sülhməramlılarına» icazə verilən şeylərdən danışırsa, onda televiziya, mətbuat onun üstünə düşür, mətbuata, televiziyaya çıxan «xalq» onu tənqid atəşinə tutur, öldürməklə hədələyir. Amma çox vaxt erməni-azərbaycan layihələrinin iştirakçıları özlərini sivil şəkildə aparır, normal ünsiyyətə girir, öz çevrələrinə qayıdandan sonra isə özlərini yenə nifrət təbliğatçısı və zorakılığın müdafiəçisi kimi aparırlar.
Söhbətləşdi: Günel Mövlud
Kultura.Az