post-title

Dağıdıcı Ünsür olmağın tarixi

Əgər insanın içində az da olsa vicdan hissi varsa günahsız insanlara əzab verilməsinə, etiraz edənin həbs edilməsinə, qətlə yetirilməsinə, məmur özbaşınalığı ucbatından sadə insanların əzab çəkməsinə, gənc insanların hakimiyyətin məsuliyyətsizliyinin, bişərəfliyinin qurbanına çevrilməsinə, həyatlarının itirilməsinə biganə yanaşa bilməz. İdeologiyasının nə olmasından asılı olmayaraq heç bir vicdanlı insan bunlara qarşı səssiz dayana bilməz.

 

Bu yaxınlarda Polşa əsilli Amerikalı yazıçı Jerzy Kosinski-nin “Naməlum adamla görüş” romanı əlimə keçdi. Oxumaq qərarına gəldim. Romandan əvvəl yazıçının bioqrafiyasını oxudum.  Yazıçının qəribə həyat hekayəsi var. Ata və anası rus əsilli olmasına baxmayaraq Polşada yaşayıblar. İkinci Dünya müharibəsinin bütün vəhşiliklərini, qəddarlıqlarını gözləri ilə görən yazıçı bütün həyatı boyu həmin illərdə yaşadığı psixoloji travmanın təsirində qalmışdır. 60-cı illərdə ABŞ-a gələn yazıçı ömrünün sonuna qədər burda yaşayıb, bir neçə roman yazmışdır. Bu romanlarına görə də bir sıra mükafatlar qazanmışdır. 1991-ci ildə isə gözlənilmədən intihar etmiş, intihar məktubuna da “Hər zaman yatdığımdan daha uzun müddət yatacağam. Buna sonsuzluq deyin” yazmışdı.
 
“Naməlum adamla görüş” romanı qismən avtobioqrafik roman olmaqla yanaşı, yazıçı həm də fəlsəfi, psixoloji mövzular üzərində də işləyib, oxucuya çatdırmağa çalışıb. Buna görə də bu roman yazıçının romanları içərisində ən təsiredici və insanın psixoloji dərinliklərinə təsir edən romanı hesab edilir.
 
Romanın bir fəsli diqqətimi daha çox çəkdi. Deməli, Moskvadakı Lomonosov  Universitetində Stalinin Marksizm və Dilçilik haqqında yeni əsərinin təqdimatı keçirilir. Tədbiri Mərkəzi Komitənin 1-ci müavini aparır. Tədbir boyunca Stalinin həyat və yaradıcılığından, xalqların rifahı üçün əzm ilə çalışmağından,  onun kitabının gələcək nəsillər üçün necə vacib olmasından, kommunizm ideyaların yayılması və möhkəmlənməsində Stalin yoldaşın vacib rolundan danışılır. Sonra tədbirin sual-cavab hissəsi başlayır. Bu hissədə isə əvvəlcədən müəyyən edilmiş insanlar tərəfindən müəyyən edilmiş suallar səsləndirilir. Stalinin şərəfinə təriflər yağdırılır. Bu zaman baş qəhrəmanın ən yaxın dostu sual vermək üçün əlini qaldırır və ayağa qalxır. Və Stalinin dilçilik haqqında bu zamana qədər heç bir çalışması olmadan birdən-birə bu cür araşdırma aparıb, belə bir kitab yazmasına heyrətləndiyini və bu işdə şübhəli məqamların olduğunu deyir. Tədbir bitdikdən sonra əsərin baş qəhrəmanını dostu ilə birlikdə heç kimin xəbəri olmadan, gizlincə KGB-nin zirzəmisinə aparıb, işgəncə verirlər. KGB əməkdaşları ona dostunu satmağı və onun əleyhinə izahat yazmağı tələb edir. Əks halda sürgünə yollayacağı ilə təhdid edir. Onların hər ikisini də dövlətçiliyə qarşı olan Dağıdıcı Ünsür adlandırır.
 
Bu əsər 50-ci illərin Sovet Rusiyasında baş verən hadisələri əks etdirir. Amma insan  romanı oxuyarkən hadisələrin sanki bu günün Azərbaycanında baş verdiyi hissinə qapılır. 2013-cü ilə yeni ayaq basmışıq, mayalıların qiyamətindən güc-bəla ilə yaxa qurtara bilmişik amma hələ də bu cür problemlərin, əclaflıqların içində batıb qalmışıq. Təsəvvür edin, Bakı Dövlət Universitetində “Heydər Əliyev və Zoologiya” kitabının təqdimatıdır. Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışır, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər bütün sahələrdə də həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edir, əvvəlcədən müəyyən edilmiş insanlar qalxıb sual verir. Beləcə hamı rahat və xoşbəxt şəkildə tədbiri başa vurur. 
 
Bəzən ola bilər ki, hansı isə bir tələbənin və ya tədbir iştirakçısının beynində sual yaransın ki, “Axı Heydər Əliyevin Zoologiya elmi ilə yaxından uzaqdan nə əlaqəsi ola bilər?” Vay onda həmin insanın halına. Sən kim olursan ki, belə sual verirsən? Ya da “ey insan, sən nə karəsən ki, ulu öndərin unikallığına şübhə ilə yanaşasan?!
 
Görünən odur ki, 50-ci illərin Sovet Rusiyası ilə indiki Azərbaycan arasında elə də fərq yoxdur. Hakimiyyətin idarə üsulundan tutmuş, şəxsiyyətə məcburi pərəstişə qədər siyasətlərində heç bir dəyişiklik etməyib. Hətta hakimiyyət, ona müxalif olan insanları belə 50-ci illərin dili ilə adlandırır. Dağıdıcı ünsür, antimilli ünsür, dövlətçilik əleyhinə fəaliyyət göstərən element və s. Bu gün də haqsızlığın qarşısından susmayana, vicdanını dinləməyi unutmayan, ona yeridilmək istənəni sorğulamaq istəyən hər bir insanı MTN izləyir, zirzəmilərə salır, ailəsi, yaxınlarını təhdid edir, onun əksinə ifadə etməyə məcbur edir. 
 
Əsərdə baş qəhrəman dostunun əleyhinə izahat yazmır, buna görə də illərlə hərbidə əziyyət çəkməyə məhkum olur. Bu baxımdan indiki hakimiyyət şanslıdır. Çünki, əgər sən mövcud hakimiyyətə müxalifsənsə ailən səni övladlıqdan çıxaracaq, bunu da səni tərbiyələndirmək üçün, sənin yaxşılığına etdiyini düşünəcək, dostların səndən uzaq qaçacaq ki, ona problem yaratmayasan, qohumların xeyir-şər məclisində səni danlayacaq ki, ay oğul, ay qızım, başını aşağı sal işinlə məşğul ol, vəzifə qazan, biz də sənə baxıb fəxr edək.  Sosial şəbəkələrdə hətta adicə tədbirlərə qarşı kinayəli reaksiya verirlər. Ən faciəlisi isə budur ki, bu cür reaksiyalar daha çox gənclər tərəfindən gəlir. Həmin gənclər iqtidarı bəyənməsələr də susmağı üstün tuturlar, müxalifətə inanmırlar, aksiyalar zamanı pəncərədən baxıb, döyülənlərin halına acımağı sevirlər. Reallıq hisslərini itirib, ayaqları yer üzündən kəsilmiş bu gənclər sevmədiyi dövlət işlərində ömürlərini çürüdür, müdirlərinin bütün təhqirlərinə qəhrəmancasına sinə gərirlər, ayın sonunda aldığı xırda-xuruş maaşlarını bir həftədə bahalı kafe və restoranlarda xərcləyib, ayın sonuna qədər peraşki və su ilə dolanırlar. Lakin, bu insanlar axşam işdən evə yorğun gələr gəlməz facebooka girib, gücü və imkanı çatdığı qədər nə isə etməyə çalışanları lağ edib, məsxərəyə qoymaqla günlük iş stresslərindən qurtulmağa çalışırlar. 
 
Məni az-çox tanıyanlar bilir. Bu həyatda yeganə arzum bu ölkədən çıxıb getməkdir. Mənim bu ölkəyə, bu məmləkətə bağlayan heç kim, heç nə yoxdur. Bu ölkənin nə insanlarını sevirəm, nə təbiətini, nə də strukturunu. Amma hal-hazırda ölkədə baş verən hadisələr münasibət bildirib, bildirməmək vicdan məsələsinə çevrilib. Əgər insanın içində az da olsa vicdan hissi varsa günahsız insanlara əzab verilməsinə, etiraz edənin həbs edilməsinə, qətlə yetirilməsinə, məmur özbaşınalığı ucbatından sadə insanların əzab çəkməsinə, gənc insanların hakimiyyətin  məsuliyyətsizliyinin, bişərəfliyinin qurbanına çevrilməsinə, həyatlarının itirilməsinə biganə yanaşa bilməz. İdeologiyasının nə olmasından asılı olmayaraq heç bir vicdanlı insan bunlara qarşı səssiz dayana bilməz. Bu insan faciəsidir. Bu cür faciələrin qarşısında insan sosial statusunu, dünya görüşünü kənara qoyub, vicdanını dinləməli və bütün bunlara münasibət bildirməlidir. Yox əgər, münasibət bildirməyə cəsarəti çatmırsa, nələrisə itirəcəyindən qorxursa o zaman susmalı, ən azından haqsızlığa etirazını bildirməyə cəsarəti çatan insanların mübarizəsinə lağ etməməlidir. Bir insan bütün bu çətinlikləri gözə alıb mübarizə aparırsa, həmin insanın cəsarətinə hörmət etmək lazımdır.
 
P.S – Roman xoşbəxt sonluqla bitir. Gözləyək görək 2013-cü ilin romanı necə bitəcək.
 
Vüqar Bəhmənzadə
 
Kultura.Az
Yuxarı