post-title

Maddiyata görə vicdanı satmaq

Bəzən insan nədənsə qorxanda bunu büruzə vermək istəmir. Özünü sındırmır. Hamımızda olur. Etiraf etməliyik. Düz adamlar belə hallarda sadəcə susur, soruşanda qorxduğunu dilə gətirir. Hər sifətə girməyi bacaranlar isə, başlayırlar rola girməyə.

 

 

Bir barmağa dərman olmayıb, səhər-axşam dəxlisiz söhbətlər edənlərdən, müxalifətdən, Mirşahindən danışacağam.

Yaltaqlar, “sabunlar”, “qabağa getmək istəyənlər”...

Deməli, bu insanlar kimlərdir, nəçidirlər, nə niyyətə QULluq edirlər... Müşahidələrim nəticəsində gəldiyim qənaət belə deməyə əsas veriri ki, yuxarıda dediyim kimi bu adamlar qorxurlar. Əlbəttə ki, heç kim iş yerini, oxuduğu yeri, obyektini itirmək istəməz. Başa düşürəm. Bəs bu “girənlik” niyədir? Məqsədiniz nədir? Əgər əlinizdən bir şey gəlmirsə, sadəcə susun! Gedin “28 Mall”da gəzin, vaxtınızı keçirin. Sən özünü QUL kimi hiss edirsən, bunu qəbul etmisən. Digər azad düşüncə sahiblərinə lağ etməyə hansı haqqın çatır? Ağzınıza söz düşüb: “İsa Qəmbər, Əli Kərimli üçün müxalifətçi olmaram”. Ay bədbəxt, İ. Qəmbər, Ə. Kərimlinin uzağı 20-30 il ömrü var. Özünüzü, gələcəyinizi, uşaqlarınızı düşünərək danışın! İ. Qəmbər, Ə. Kərimli sənin pulunu yeyib özünə villa tikdirib, ya qızılını mənimsəyib, nə ediblər axı? Günahları odur ki, hələ pula satılmayıblar. Qalan hamı pula, vəzifəyə ədaləti satdı. Bəli, mən də xoşlamıram hansısa partiyaya üzv olub, yalnız “yuxarı”nın göstərişinə uyğun hərəkət etməyi. Azad düşünməyi bacaran insana heç bir siyasi partiya, təşkilat lazım deyil. O özü biləcək nə düzdür, nə səhvdir. Və siz qorxaqlar, bilirəm siz də kor deyilsiniz, hər şeyi görürsünüz, anlayırsınız. Lakin yaltaqlıq edirsiniz ki, guya gələcəkdə bu sizə yardım edəcək. YAP-çıları qınamıram. Adam partiyasının işlərini pis də olsa, malalayır. Bəs siz? Hə, “qabağa getməy”i düşünürsünüz. Bilirsiniz ki, şərəf və ləyaqətinizi qumara qoymuş vəziyyətindəsiniz? Çox görmüşük yaltaqları ki, “əziyyət”inin bəhrəsini görə bilmədi. Vicdanınız varsa, qoyun qabağınıza fikirləşin. Səssiz-səmirsiz milyardlardan sizə düşən (bəzilərinizə) tozcuqları mühafizə edin. Mən nə qədər qorxaqla söhbət eləmişəm indiyədək, son dayandıqları yer budur  ki, sənə nə lazımdı, yeməyini yeyirsən, çayını içirsən “vse” da. Bunlar söz azadlığı, iqtisadi azadlıq nədir bilmirlər, qavramırlar. 

Haqqsızlıqlara, ədalətsizliklərə etiraz edən gənclər bilirlər özlərini necə təhlükəyə atdıqlarını. Nə var, nə var dünyadan bura baxıb gülməsinlər ki, gör necə qoyundurlar ki, bu qədər adamın içində bir haqq səsi çıxaran yoxdur. Bu yol ağır yoldur, dərinə getsək: ya o biri dünya, ya da doğma yurd-yuvanı ömürlük tərk. İndi ola bilsin “yuxarı”dan kiməsə bağlısınız, 3-5 manatınız var, buna görə şıllaq atmayın. Çərxi-fələk o “yuxarı”dakını aşırtar, evinizin yerində park tikilər, onda mal kimi döyüküb baxarsınız. Ədalətsizliyin hamıya rast gəlməməsi elə ədalətsizlikdir.

Müxalifət

Müxalifətin nə olduğunu, niyə olduğunu bilməyən insanlar var hələ də. Bütün demokratik dövlətlərdə müxalifət var. Müxalifət hamı ola bilər. Kim ki, mövcud hakimiyyətdən narazıdı müxalifətin bir üzvü sayılır. Bir də var müxalif qüvvələrin yaratdığı siyasi partiyalar. Bu partiyalar bizim üzümüzü ağardır. Nəinki, qaraldır. Bəziləri deyir ki, müxalifət Azərbaycanın pis cəhətlərini, qanunsuzluqlarını niyə xaricə deyir, öz aramızda həll etməliyik. Ay balam, öz aramızda hakimiyyət müxalifətçi görəndə, elə bil düşmən görür. Adicə desəm ki, niyə yollar pis gündədi, o dəqiqə cavab gələcək ki, sən müxalifətçisən. Burda “müxalifətçi” sözü “xalq düşməni” ifadəsinin sinonimi kimi işlədilir. Kiçik bir misal deyim. Keçən il Azad Fikir Universitetində Bakıda qonaq olan bir Amerikalı senatorun mühazirəsiydi. O çıxışında dedi ki, mən seçkilərdə Mit Romniyə səs verəcəyəm, Obamaya yox. Onda belə çıxır ki, ABŞ-a qayıdan kimi o adam asılmalıydı. Xalq düşməni elan olunmalıydı.  ABŞ demokratiyası ilə Azərbaycan demokratiyasını müqayisə gülməlidir bilirəm, amma bizim yüksək vəzifəli “savadlı” siyasətçilərimiz arada buna cəhd edir. Daha uzatmıram, anlayan anladı. Anlamayan da özün qoyub qanmazlığa.

Mirşahin

Mirşahin Ağayevi hamımız tanıyırıq. Tanışlıq verməyə ehtiyac yoxdur. Yadımdadı, uşaq olanda böyüklərində söhbətlərində eşitmişdim ki, ən düz xəbəri ANS verir. Hətta, həbsxanalarda məhbuslar üsyan edəndə “ANS” yazıb dama çıxırdılar. 

Hər seçki Azərbaycanda böyük dəyişikliklərə səbəb olmasa da, ANS əsas da Mirşahin müəllim dəyişilirdi. Dəyişikliklər bu günəcən getdi və nəticədə bu günləri də gördük. 

Əziz və hörmətli Mirşahin müəllim, biz sizi sevirik və başa düşürük. Hər süjetdə necə vicdan əzabı çəkdiyinizi anlayırıq. Belə də davam edin. Bu Vətən sizi bağışlayacaq. Ən azından ən sonda “aksiyada “Silahı üstümüzdən çəkin” şüarı səsləndirildi” cümləsi səsləndirildi deyər.

Məcid Həsənli

Kultura.Az

Yuxarı