Asif Ata - Don Kixot inamı
Həyatda müxtəlif inam növləri vardır. Bunlardan biri də faciəvi komik inamdır. …
ABŞ-ın Harvard Universitetinin 2005-ci ildə nəşr etdirdiyi elmi məqalələlərin sayı 17 ərəb ölkəsinin birlikdə çap etdirdiyi elmi məqalənin sayından çoxdur.
Dünyada yaşayan 1 milyard 600 milyon müsəlmanın elmdə cəmi 2 Nobel mükafatı laureatı var. Onlardan biri kimya, biri də fizika üzrə Nobel alıb. Bu alimlərin hər ikisi Qərbə köçüb. Onlardan cəmi biri sağdır.
Müqayisə üçün, müsəlmanlardan 100 dəfə az olan yəhudilərin 79 Nobel mükafatı laureatı var.
Bütün bunları dünyanın ən nüfuzlu jurnallarından olan Economist yazır.
PUL AZDIR?
Müsəlman ölkələrində elmdə belə aşağı nailiyyətlərin səbəbi nədir?
Yəqin ki, bir səbəb elmə ayrılan pulun azlığıdır.
İslam Konfransı təşkilatına 57 müsəlman ölkəsi daxildir. Onların bir ildə elmə xərclədiyi pul orta hesabla ÜDM-un 0,81 faizidir. Bu da dünyada orta göstəricidən 3 dəfə azdır.
Müqayisə üçün, İsrailin elmə xərcləri ÜDM-un 4,4 faizi həcmindədir.
Dünyada miqdarca ən böyük elmi büdcəyə malik ABŞ-da elmi tədqiqatlara ÜDM-un 2,9 faizi xərclənir.
Müsəlman dünyasında elmi geriliyin digər mümkün səbəbləri haqda Economist yazır ki, bəzi universitetlərdə daha çox dua oxuyurlar nəinki elmlə məşğul olurlar.
Pakistandakı Quaid-i-Azam universiteti şəhərciyində 3 məscid var, 4-cünü də tikirlər. Bu, azdır ya çoxdur?
Bu suala cavab vermək üçün bir arayış- burda bir dənə də olsun kitab mağazası yoxdur.
Səudiyyə Ərəbistanında hökumət məktəblərdə bir sıra kitabların tədrisini dəstəkləyir. Belə kitablardan birinin adı , məsələn, belədir: “Quranın şəkk oluna bilməyən möcüzələri : Elmin inkar edə bilmədiyi faktlar”.
Belə yanaşma daimi şübhə tələb edən elmlə belə şübhəyə yer qoymayan inam arasında konflikt yaradır.
BİR VAXTLAR BELƏ DEYİLDİ
Orta əsrlərdə Avropa elmi dərin qaranlığa qərq olanda islam dünyasında elm çiçəklənirdi.
Avropaya qədim yunan elmini məhz ərəblər yenidən tanıtdı.
Avropa həkimləri, universitetləri tibbi yüz illərlə İbn Sinanın kitabından öyrəniblər.
O vaxtlar müsəlman ölkələrində hətta din elmə konkret təkan verirdi.Məsələn Ramazanın dəqiq hesablanması astronomlara güclü motivasiya idi.
MÜSƏLMAN DÜNYASI DƏYİŞMƏK İSTƏYİR
Elmə pulun azlığını müsəlman dünyası liderləri anlamağa başlayıb.
Səudiyyə kralı adına Elm və Texnologiya universiteti 2009-cu ildə yaradıldı. Bu universitet açılanda ona 20 milyard dollarlıq büdcə verildi. Bu məbləğə hətta ən varlı ABŞ universitetləri həsəd apara bilər.
Qətər rəhbərliyi elmə xərcləri ildə 5 milyard dollara çatdırmağı məqsəd qoyub. Elmə xərclər ÜDM-da indiki 0,8 faizdən 2,9 faizə çatdırılmalıdır.
Türkiyə 2005-ci ildən 2010-cu ilə kimi elmə xərcləri hər il 10 faiz artıraraq gedirdi.
Nəticədə bu il Türkiyənin elmə xərcləri neft ölkəsi Norveçin elmə xərclərini ötüb-keçdi.
Pulun artırılması öz nəticələrini göstərir. 2000-ci ildə Türkiyədə 5 min elmi əsər çap olunurdusa, 2009-cu ildə bunların sayı 22 minə çatdı.
Düzdür, kəmiyyət hələ keyfiyyət deyil. Ancaq kəmiyyət keyfiyyətə keçir.
Dünyanın aparıcı jurnalları Türkiyədəki elmi nəticələrə daha çox istinad etməyə başlayıb.
2011-ci ildə Thomson Reutersin araşdırmasına görə, 1990-cı illərin əvvəllərində dünyanın elmi jurnallarının Misir, İran, Türkiyə, Səudiyyə Ərəbistanı alimlərinin elmi əsərlərinə istinadlarının sayı dünya üzrə orta göstəricidən 4 dəfə az idi.
2009-cu ildə isə dünyanın ən məşhur riyaziyyat jurnallarında İran riyaziyyatçılarının əsərlərinə istinad dünya üzrə orta göstəricidən xeyli yuxarıya qalxdı.
PROBLEM NƏDƏ QALIR?
Pakistanlı astronom Salman Hameed Massaçusetsdəki Hampşıir Kollecində 2008-ci ildə bir araşdırma dərc etdi.
Həmin araşdırmaya görə Darvinin təkamül nəzəriyyəsinə inanan müsəlmanların sayı İndoneziyada, Malayziyada, Pakistanda 20 faizdən azdır.
Misirdə isə insanın meymundan əmələ gəldiyinə inanan 8 faizdən azdır.
DAHA ÇOX SƏRBƏSTLİK
Müsəlman dünyasında alimlər daha çox sərbəstlik istəyirlər. Siyasi islamın güclənməsi bəzi alimləri narahat edir, ərəb dünyasındakı dəyişikliklərə isə digərləri, əksinə, ümidlə baxır.
İnqilabla hakimiyyətə gələn Misir prezidenti Muhammad Morsi məsələn, Qahirə yaxınlığında Zagazig Universitetində mühəndislik professoru idi. O, yüksək temperaturlarda elektrik keçiriciliyi ilə bağlı dissertasiyasını ABŞ-ın Cənubi Karolina Universitetində müdafiə edib.
Morsi elmə pulu artırcağına söz verir.
Economist sonda yazır ki, Yaxın Şərqi silkələyən tufan təkcə demokratiya yox, həm də elmin vacibliyinə yenidən baxmağa gətirə bilər.
Azadliq.org