“Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxsin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir”.
***
Vaqeən çox çətin məsələdir. Mən and içirəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkil işə rast gəlməyib. Biçarə nə eləsin? Və baronessa Rozen xanıma nə cavab versin? Buna hicab məsələsi deyirlər, zarafat deyil! Burada politika lazımdır.
Məlum şeydir ki, burada İsmayılbəyin cavabı iki qism ola bilərdi: ya hə, ya yox; yəni “Tərcüman” sahibi Rozen xanma cavab verə bilərdi ki, “ey möhtərəm xanım, islamı qəbul eləməkdə və müsəlman kişisinə ərə getməkdə gözüm üstündə yerin var; amma söz yox ki, müsəlman olandan sonra, gərək üzünü örtəsən və naməhrəm kişilərə görsənməyəsən.”.
Aya bu cavabı “Tərcüman” sahibi verə bilərdi, ya yox?
Mən deyirəm ki, verə bilməzdi: ondan ötrü ki, əgər İsmayılbəy belə cavab versəydi, o vaxt İsmayılbəyi yavıqdan tanıyanlar da yapışardılar onun yaxasından və deyərdilər: “Ey əzizim, sən ki, hicab məsələsini belə kəşf eləyirsən, bəs nə səbəbə ...”.
Hədisi-düst nəguyəm məgər behəzrəti-düst
Ki aşina süxəni-aşina nigah darəd
Mən sözümün qurtaranında bir neçə nöqtə qoydum, yəni mətləbi axıra kimi söyləmədim; çünki aralıqda yad adamlar var: dostun da sirrini yada vermək – namərdlikdir.
***
Bəli, ya gərək İsmayılbəy belə cavab verə idi, ya da deyə idi ki, gözəl xanım, heç eybi yoxdur, sən islamı qəbul elə və bir nəfər mömin kişiyə də ərə get, sonra istəyirsən üzüaçıq gəz, istəyirsən üzüörtülü gəz. O baxar sənin ağlına, şüuruna, qabiliyyətinə, tərbiyənə, insaniyyətliyinə, səliqənə, məzaqına və xülaseyi-kəlam, nə cür kefindir, elə də rəftar elə.
Yox, bu cavabı “Tərcüman” sahibi verə bilməzdi.
***
Bəs nə eləyim? Elə yazma, - cavanlar inciyərlər, belə demə, - qırmızı saqqallar inciyərlər, mən də acıqdan deyərəm ki, “bilmirəm”.
Qoy Rozen xanım yazsın bu məsələni prixod mollalarından və müctəhidlərdən xəbər alsın; əgər belə cavab gələr, - belə eləsin, elə cavab gələr, - elə eləsin.
Kaş mənim yaxam qurtarsın!
Cənab İsmayılbəy belə deyir və belə eləyir: özü baronessa Rozen xanıma cavab vermədən, deyir: “Qoy məsələyə müctəhidlər cavab versinlər”, yəni bundan bu çıxır ki, “mən bilmirəm”; yəni bundan bu çıxır ki, otuz il “Tərcüman” qəzetini yazan və indi də “Aləmi-nisvan” məcmuəsini çıxardan bir mühərrir hicab məsələsini öyrənməyib.
Bəs yazıq Molla Nəsrəddin başına nə kül eləsin? “Tərcüman” sahibi İsmayılbəyin möhtərəm qızı Qafqaza gəlib müsəlman xanımlarını azadlığa və üzüaçıq, kişilərə görsənməyə dəvət eləyəndə hələ Molla Nəsrəddin anadan olmamışdı; amma Qafqazda hicab məsələsi söhbəti düşəndə lənəti əvvəl qabaqca Molla Nəsrəddinə oxuyurlar. Molla Nəsrəddin də “Tərcüman”ları köməyə çağıranda, onlar da özlərini qoyurlar bicliyə. Indi bəs mən nə eləyim və sözümü kimə deyim?
Nələr çəkdim, əzizim, sormadın hali-pərişanım.
Böyük bir dərdə düşdüm, qılmadın tədbiri-dərmanım!
Bu işlər böyləmi qalsın, sözün nə, ey gözəl canım,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 avqust, 1910, № 31