post-title

Almaniyanın Yazıçılar Birliyi

Alman Yazıçılar Birliyi (alm.: Verband deutscher Schriftsteller) indiki formada 1968-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi və vəzifələri peşəkar ədəbiyyatla məşğul olan müəlliflərin hüquqlarının qorunması və onlara peşə fəaliyyətlərinin həyata keçirilməsində yardım etməkdir.

 

 
Birliyin qarşısında duran vəzifələrin uzun ənənəsi vardır. Yazıçılar peşəyönümlü maraqların həyata keçirilməsi üçün bir təşkilatın yaranması zərurətini  hələ XIX əsrdə duymuş və əsrin ortalarından müxtəlif yazıçılar birlikləri yaratmağa başlamışlar. 1909-cu ildə "Alman yazıçılarının müdafiə birliyi" adı altında ilk dəfə müəlliflər birmənalı həmkarlar maraqları izləyən bir təşkilatda birləşirlər. Bu təşkilata ədəbi mühitin çoxlu sayda tanınmış simaları daxil idilər. Tomas MannTeodor Hoys bu birliyin prezidenti seçilirlər.
 
1933-cü ildə bir çox alman yazıçıları ölkədə yaranmış siyasi gərginlyin təsiri altında xaricə getmək məcburiyyətində qalırlar və təşkilat dağılır. 1945-ci ildə zəbt edilmiş zonalarda regional birliklər yaradılır. Müharibədən sonra, 1947-ci ildə keçirilən yazıçılar konqresində ilk dəfə Şəqri və Qərbi Almaniya yazıçıları bir yerə gəlirlər. Zəbt olunmuş zonalarda getdikcə müxtəlifləşən siyasi quruluş bu təşkilatların ayrılıqda fəaliyyətini məcburlaşdırır.
 
1968-ci ildə Alman Yazıçılar Birliyinin illik yığıncağında Dieter Latman yeni prezident seçilir. O,  Günter Grass, Heinrich Böll Martin Walzerin köməkliyi ilə regionlarda mövcud olan on birliyi, Alman Tərcüməçilər Birliyini və Alman Tənqidçilər Birliyini bir təşkilat altında birləşdirməyə hazırlıq işləri görür. Bunun nəticəsində  bu gün Almaniyada fəaliyyət göstərən Alman Yazıçılar Birliyidir (AYB) yaranır. Birliyin əsas məqsədlərini 1969-cu ildə Köln şəhərində Heinrich Böll çıxışı zamanı belə ifadə etmişdir: "Mən təklif edirəm ki, biz təvazökarlığı və idealizmi bir müddətə bizim sosial müttəfiqlərimizə-naşirlərə, baş redaktorlara və intendantlara verək." Əvvəllər ayrı-ayrı rəsmi təşkilatların əldə edə bilmədiklərini Heinrich Böll həyata keçirməli idi.
 
1989-cu ildə yarandığı gündən 20 il  sonra AYB-inin tərkibinə 2400 şair, ssenarist, yazıçı və tərçüməçilər daxil idilər. Müəlliflərin iş və həyat şəraitlərinin təmini, ədəbiyyat və mədəniyyətin inkişafında yardım, gənc nəslin yetişdirilməsi və yazıçıların, tərcüməçilərin  ixtisaslaşması üçün proqramların işlənməsi, həmçinin onların sağlamlıq və qocalıq sığortaları ilə təmini kimi işlər AYB-nin əsas fəaliyyət dairəsini təşkil etməklə ədəbi müəlliflik hüququ baxımından maraqları müdafiə edən yeganə təşkilatdır.
 
1991-ci ildə AYB-nə keçmiş DDR-dən 600 nəfər yazıçı üzv olur. Bununla AYB-in Travemünde şəhərində keçirilən ilk ümumi Almaniya  konqresində 3200 üz iştirak edirdi. 2001-ci ildə birliyin üzvlərinin sayı 4000 nəfəri təşkil edirdi. Onlardan 3000 nəfəri yazıçı, 1000 nəfəri isə tərcüməçi idi. Hal-hazırda bu birlik öz tərkibində 3000 nəfər üzvü birləşdirir.
 
Alman Yazıçılar Birliyinin hər bir alman əyalətində nümayəndliyi var. Birliyə öz peşə bacarığını bu və ya digər şəkildə çap etdimiş, bir başa və ya dolayı yolla ədəbi fəaliyyətlə məşğul olan, həm alman dilli, həm də almaniyada yaşayan əcnəbi dilli yazarlar və tərcüməçilər üzv olmaq imkanına malikdirlər. Bundan əlavə varislik yolu ilə müəlliflik hüququ qazanmış şəxslər də müəyyən şərtlər daxilində birliyə üz ola bilərlər. AYB-ın üzvləri birliyə həmkarlar təşkilatının müəyyənlədşirdiyi həcmdə, yəni brutto maaşlarının (həmçinin aylıq təhsil üçün verilən stipendiyanın)  1%-ni ödəməlidirlər. 
 
 Birliyə üzv olanlar aşağıdakı əsas yardımlardan yararlana bilərlər:
 
- Peşə ilə bağlı bütün mübahisəli hüquqi proseslərdə pulsuz hüquqi yardım,
- Müəlliflik müqavilələrinin bağlanması, müəlliflik hüquqi ilə bağlı vergi və sığorta problemlərinin çözülməsində pulsuz hüquqi yardım,
- Sərbəst fəaliyyət göstərən yazıçıların həmkərlar təşkilatları ilə peşəyönümlü problemlərinin həllində pulsuz məsləhət,
- Əlavə sağlamlıq sığortalarının bağlanmasında güzəştlər,
- İxtisaslaşma və professionallaşma seminarlarında iştirak,
- Təcrübəli yazıçılar və tərcüməçilərin rəhbərliyi ilə keçirilən seminarlarda (məsələn: ədəbi tərcümə, lirika, uşaq ədəbiyyatı, kriminal roman, film, ssenariya və s. sahələrdə) iştirak etmə imkanı,
- İşdənkənar vaxtlarda aldığı zədələnmədən xəstələnmə zamanı maddi yardım,
- Birliyin xarici nümayəndəliyinin köməyi ilə xarici yazarlarla kontakt əldə etmək, onlarla tanış olmaq imkanı.
 
Alman Yazıçılar birliyinin iştirakı ilə 1980-ci ildə yaradılan Alman Ədəbi Fondu müasir ədəbi cərəyanla məşğul olan müəlliflərin inkişafına müxtəlif mükafatlarla yardım edir.  Fondun illik büdcəsi 1 milyon Avro təşkil edir. Yazıçılar ədəbiyyatla bağlı hər hansı bir ədəbi layihənin (kitabın tərtibi, teatr səhnəsinin yazılması, jurnalların tərtibi və s.)  hazırlanması üçün bu fondan ayda 2000 avro olmaqla birillik maliyə dəstəyi ala bilərlər. Bu fondun təqdim etdiyi ən yüksək mukafat “Kranichsteiner Literaturpreis” adlanır və 20.000 avro civarındadır.  Onu da qeyd edim ki, bu sahədə 2011-ci ildəki mükafata gürcü əsilli gənc yazar olan Nino Haratişvili layiq görülmüşdür.
 
Bundan əlavə AYB-la əlqəli şəkildə çalışan “Alman dili və poeziyası akademiyası” da mövcuddur. Yazıçılar və alimlərin daxil olduğu bu qrum alman dilinin və ədəbiyyatının qorunması, təbliği və inkişafını öz əsas məqsədinə çevirmişdir. Alman ədəbi dilinin varisliyi üzərindəki məsuliyyəti də bu qrum öz üzərinə götürmüşdür. O dilin inkişafında yardım bulunan maliyyə institutları üçün əsas mərkəzi forum rolunu oynayır. Onun ölkə daxilində, əsasən də Avropada mövcud olan bacı (yaxın) akademiyalar arasında mədəni siyasətə və mədəni dialoqa verdiyi töhvələrə rəğmən “Alman dili və poeziyası akademiyası”  Avropanın ən böyük ədəbiyyat akademiyası sayılır. Akademiya alman dilli məkanda öz ədəbi məhsulu ilə fərqlənən şəxslərə verdiyi illik “Georg-Büchner-Preis“ mükafatı ilə tanınır. Mükafatın məbləği 50 min avrodur. İndiyə qədər bu mükafata layiq görülmüş məşhurlardan Hermann Heiß,  Heinrich Böll, Günter Grass, Elfriede Jelinekini göstərmək olar. Bundan əlavə Almaniyada ədəbiyyat sahəsində müxtəlif şəhərlərin və təşkilatların təsis etdikləri çoxlu sayda mükafatlar mövcuddurlar. Onların məbləği 5000-20000 avro civarında yerləşir.
 
(Yazının hazırlanmasında “Alman Yazıçılar Birliyinin” internet səhifəsindəki materiallardan istifadə edilmişdir) 
 
P.S.: Hal –hazırda öz postmodern dövrünü yaşayan alman ədəbiyyatı əsasən texnika, mediya və mədəniyyətin vəhdəti ilə şərtlənən amillərin təsiri altında cərəyan etməkdədir. Postmodern dövründə müxtəlif amillərin təsirini birləşdirməyə çalışan alman yazıçıları heterogen bir inkişafa cəhd edirlər.  Alman postmodern ədəbiyyatı son illərdə: maariflənmə dövründən mövcud olan idrak ideyasının nəzərdən atılması, insan identifikasiyasının qeyri-stabil olması, mediya və texnikanın mərkəzi mövqe tutması, ənənəvi ictimai hissiyyatın itməsi və bunun əvəzində ictimai individumların yaranması, incəsənət və mədəniyyət azadlığı kimi proseslərdən bəhrələnməkdədir.
 
Dr. Rezo Əliyev, Almaniya
Kultura.Az
Yuxarı