Artur Şopenhaurdən 21 aforizm
Artur Şopenhauer ən çox oxunan alman mütəfəkkiri hesab olunur. Özündə epistomol…
Heç bir zaman uğurlu bir insan olmamışam. Heç bundan sonra da uğurlu bir insan olmaq kimi bir iddiam yoxdur. Daim əzilən, uduzan və məğlub olan bir insan olmağı qəbul etmişəm. Çünki, mənim üçün artıq bunun bir əhəmiyyəti yoxdur. Nə qədər uğurlu insan olmağımdan asılı olmayaraq mənən bir boşluq, heçlik içərisində qalacam.
Böyük beyinlər fikirləri, orta beyinlər hadisələri,
kiçik beyinlər isə insanları müzakirə edir.
Eleonore Roosevelt
Təzə-təzə yazmağa cəhd elədiyim vaxtlarda ilk yazılarımdan birini oxuyan yaxın bir dostum bu sözləri mənə söyləmişdi. Düzü əvvəldən də bu sözləri oxumuş və eşitmiş olsam da, dostum bunu mənə deyəndə özümü çox pis hiss etmişdim. Bütün yazmaq həvəsim birdən birə itmişdi. Mən yazıçı olmaq xəyalları, arzuları qurduğum vaxtda, böyük ümid və istəklə yazmağa cəhd elədiyim anlarda bu sözləri eşitmək məni dərin bir uçuruma yuvarlamışdı. Saatlarla, günlərlə oturub düşündüm. Mən nə yazmalıyam? Niyə yazmalıyam? Kim üçün yazmalıyam? Necə yazmalıyam? Nə qədər çox düşündümsə, o qədər də çox cavab labirintində itib, daha dərinlərə batdım. Nə suallarıma cavab tapa bilirdim, nə də sualları unudub, onlardan qurtula bilirdim. Ağlıma bir şeylər gəldiyində kompüteri yandırıb, word-ü açıb, bir-iki sətir yazıb, sonra silib, dəqiqələrcə ağappaq səhifəyə boş-boşuna baxıb, yenidən kompüteri söndürüb, yatırdım. Bu vəziyyət bir neçə ay davam etdi. Danışmağı sevmədiyimdən yazaraq içimdəkiləri tökmək həvəsim puç olub getmişdi və buna görə də söyləyə bilmədiklərim mənə daha da çox əzab verirdi.
Heç düşünmüsünüzmü niyə həyatında heç bir problemi olmayan insanlar intihar edirlər? Onları intihara sövq edən nədir? İstəsələr çox asanca özlərinə problem tapa bilə, əlindəki hər şeyi itirə bilərlər. Amma onlar bu yolu deyil, intiharı seçirlər. Bunun səbəbi haqqında az da olsa heç düşünmüsünüz? İnsanlar problemlərdən nə qədər çox şikayət eləmələrinə baxmayaraq onlar daxilən problemlərin varlığına sevinirlər. Bir problemi həll edib, sürətlə başqa problemlərə keçir, onları həll etməyə can atırlar. Universitetə girməliyəm, imtahanlardan keçməliyəm, diplom ala bilməliyəm, işə girə bilməliyəm, maşın ala bilməliyəm, evlənməliyəm, uşağım olmalıdır, onu məktəbə qoymalıyam, universitetə daxil eləməliyəm, evləndirməliyəm və s, və s. Bütün bu məişət və ailə problemləri insanların xilasıdır. Nədən xilasımı? Özündən. Məhz özündən. Problemlər insanla onun güzgüdəki əksi arasında dayanan qara pərdə kimidir. Əgər sən o problemləri yox etsən və ya heçə saysan, sən güzgüdəki öz əksin ilə üzbəüz qalmaq məcburiyyətində qalacaqsan. Güzgüdə qarşılaşdığın Mən-in isə hər zaman istədiyin biri olmur. Hətta deyərdim ki, heç bir zaman. Buna görə insan həyatındakı problemlərdən çox zaman mazoxistcəsinə zövq alır, özünü o problemlərdən kənarda təsəvvür belə edə bilmir.
Hər bir orta statistik insan kimi mənim də məişət və ailə problemlərim boğaza qədərdir. Bu problemlər istədiyim həyatı yaşamağıma mane olsa da, çox zaman bu cür problemləri ciddiyə almadığımdan həyat mənim üçün bir az sadə olur. Yəni, məişət baxımından. Amma özümdən asılı olmadan bütün bu problemləri heçə saymağım məni öz həqiqi təsvirimlə aramdakı qara pərdəni aradan qaldırır. Və mən nifrət etdiyim Mənim ilə qarşılaşmaq məcburiyyətində qalıram. Güzgüdə üzümə tüpürüb, özümə lənətlər oxuyur özümdən qurtulmağa çalışıram. Mən özümdən qaçmağa çalışdıqca özüm özümü içimə daha çox çəkib, boğuram. Güzgüdəki lənətli bir insanın buz kimi soyuq və tənəli baxışından xilas olmaq üçün yumruqla güzgünü sındırıram. Başımı divarlara çırpıq, bu axmaq düşüncələrdən xilas olmağa çalışıram. Amma sonda yenə də özümə qayıdıram. Özümü görmək məcburiyyətində qalıram. Sevməyən, sevilməyən, nifrət etməyən, nifrət edilməyən, aldatmayan, aldadılmayan bir insan olaraq qarşıma dikilirəm. Bilirsiniz bu nə qədər çətindir? Bilirsiniz bu insan üçün nə qədər ağırdır? Sizi heç kim aldatmır, sizə heç kəs nifrət etmir, sizi heç kəs sevmir. Səbəb mi? Səbəb laqeydlik və hər şey ilə razılaşmaq. Sevənlə də, nifrət edənlə də, aldadanla da razılaşmaq. Qarşındakının səndən reaksiya gözlədiyi an sən sanki heç nə olmamış kimi davam həyata davam edirsən. Bununla da sən qarşındakında nə sevməyə, nə nifrətə, nə də aldatmağa həvəs saxlayırsan. Bütün bunların onun üçün həvəsi itir. Və onun sadəcə sənə yazığı gəlir. Heç bilirsiniz insana heç bir kəsin səmimi şəkildə nifrət etməməyi nə qədər ağır bir duyğudur? Düşünün. Varlıq və heçlik arasındakı incə bir ipin üzərindəsiniz və yırğalana-yırğalana qalmısınız. Bütün həyatının məhz sizə kiminsə ürəkdən nifrətindən asılıdır. Amma heç kim bunu etmir. Ən sonuncu hiss olan nifrəti belə sizə qıymırlar. Sizin əl atıb tuta biləcəyiniz, həyatınıza nə üçünsə davam eləyə biləcəyiniz bir nifrət belə olmur və siz sonu olmayan bir heçliyə yuvarlanırsınız. Sosial həyatda kim olursanız olun, nə qədər uğurlu bir insan olursanız olun fərq etmir, siz mənən bir heçlikdən ibarət olursunuz. Bu heçlik elə bir heçlikdir ki, onun içini heç nə ilə, heç kim ilə doldurulması mümkün deyil. Həyatınıza girən insanlar da bu heçlikdə azıb qalırlar və yuxudan ayılırmışlar kimi birdən birə həyatınızdan çıxıb, bütün olanları da bir göz qırpımında yaddaşlarından silirlər. Sanki, bütün bu olanlar olmamışmış kimi.
Heç bir zaman uğurlu bir insan olmamışam. Heç bundan sonra da uğurlu bir insan olmaq kimi bir iddiam yoxdur. Daim əzilən, uduzan və məğlub olan bir insan olmağı qəbul etmişəm. Çünki, mənim üçün artıq bunun bir əhəmiyyəti yoxdur. Nə qədər uğurlu insan olmağımdan asılı olmayaraq mənən bir boşluq, heçlik içərisində qalacam.
Bütün bunları düşündükcə anlamağa başlayırdım ki, mən mütləq yazmalıyam. Əslində uğurlu və xoşbəxt insan heç vaxt nə isə yaza bilməz. Yazsa belə yazdıqları süni pafosdan başqa bir şey olmayacaq. İnsana yazı yazmağı diktə edən şey elə onun bədbəxtliyi, içində dolaşıb qaldığı mənəvi qarışıqlığıdır. Yalnızca bədbəxt insanların həyatı yazıya köçürülə biləcək dəyərdədir. Hər insan bir cür bədbəxt olur. Mənim də bədbəxtliyim budur. O qədər də uzun və maraqlı həyat yaşamamışam, qəribə hadisələrlə rastlaşmayıb, uzun həyat təcrübəsinə malik deyiləm amma duyduqlarımı və düşündüklərimi yaza bilərdim. Hətta yazmalı idim.
İllər öncə bədii əsərlər oxumağa yeni-yeni başladığım dövrdə əsərlərin sehrinə o qədər qapılırdım ki, sanki kim isə qulağımdan qaldırıb, romanın içinə atırdı. Hər dəfə əsərləri bitirdikcə şirin bir röyadan ayılırmış kimi hiss edirdim. Bu səbəbdən də qəti şəkildə əmin idim ki, əgər bir insan çox kitab oxuyarsa, bütün bu hissləri duyğuları yaşayarsa və hər şeyi ondan əvvəlkilərin yazdığını görərsə, heç kim yazıçı olmaq istəməz. Çünki, ağlıma yerləşdirə bilmirdim ki, başqa bir insan bu cür hadisələri görə və olayları bundan gözəl necə təsvir edə bilər . İllər keçdikcə mən daha sürətlə və daha çox oxumağa başladım. Zamanla artıq özümü kitabların romantikasına təslim etmir, ciddi və təmkinlə oxumağa çalışırdım. Daha çox kitab oxuduqca başa düşürdüm ki, heç bir insan çoxlu kitab oxuyaraq bir şeylər yazmadan dayana bilməz. Necə ola bilər ki, bu qədər kitab oxuyasan və sənin içində onların heç birinə qarşı münasibət formalaşmasın, fikir bildirmək, öz düşüncələrini hisslərini yazıya köçürtmək istəməyəsən. Bu artıq mənim üçün mümkünsüz idi. Amma mən uşaqlıqdan özümü inandırmışdım ki, elə indi də inanıram ki, mənim bu sahədə istedadım, bacarığım yoxdur. Uzun bir müddət bunun tərəddüdün yaşadım. Yazıb, yazmamaq dilemması arasında parçalanırdım. Sonda qərar verə bildim. Yazan və ya yazmaq istəyən insanları diqqətlə nəzərdən keçirməyə başladım. Aralarından həddindən artıq istedadlı insanlar var idi. Onlar mənim kimi gənc olmalarına baxmayaraq bir neçə gözəl şeir, bir neçə gözəl hekayələr yazmışdılar. Amma onlar öz istedadlarına çox güvənirdilər və bu səbəbdən demək olar ki, heç nə oxumur, heç nə öyrənməyə can atmırdılar. Zaman keçdikcə həmin insanlar bir-bir yoxa çıxmağa başladılar. Necə deyərlər, zamanın ələyindən keçə bilmədilər. O vaxt başa düşdüm ki, kitaba dayanmayan istedad sadəcə emalını gözləyən xammal kimi bir şeydir. Sən o xammal ilə xırda-xuruş nə isə edə bilərsən, o xammal az-çox işinə yaraya bilər. Amma onu emal etməsən tez bir zamandan istifadəsi mümkünsüz olacaq.
Vüqar Bəhmənzadə
Kultura.Az