post-title

Alman dərzinin “fərsiz” oğlu

Pulsuzam, çarəsizəm, ümidsizəm. Dünyanın ən xoşbəxt adamıyam. Bir il öncə, altı ay öncə sənət adamı olduğumu düşünürdüm. Artıq düşünmürəm, eləyəm. Ədəbiyyat sayılan hər şey məni tərk etdi. Yazılacaq kitab qalmadı, allaha şükür. Bumu kitab? Kitab deyil bu. Ləkələmə, iftira, heysiyyətə qarşı bir hücum. Sözün bilinən mənasında bir kitab deyil bu, xeyr, uzun bir həqarətdir. Sənətin üzünə tüpürülmüş bir bəlğəm. Tanrının, İnsanın, Taleyin, Zamanın, Gözəlliyin və başqa nə istəsəniz onun dalına vurulmuş bir təpik. Mahnı oxuyacağam sizin üçün, bir az notlarsız bəlkə, amma oxuyacağam...Rəqs edəcəyəm cəsədlərinizin üzərində. (“Xərcəng tropiki”)

 

Bu cümlələr onun ilk kitabının ilk səhifələrindəndir.

***

Tanışlığımız “Oğlaq tropiki” ilə başladı. Əcaib bir roman. O zamana qədər sevdiyim romanların heç birinə bənzəmirdi. Qarmaqarışıq fikirlər; 20-ci illərin Nyu-Yorku və onun qaranlıq küçələri, bomboz evləri, zirzəmiləri, gecələri əyyaş və avara dolu barları, söyüş, içki, seks, evsiz-eşiksizlər, bir sentə möhtaclar, iş axtaran sərsərilər, işdən bezən “sərsərilər” və bütün bunların içində ədəbiyyat, fəlsəfə, musiqi, bunların içində gizli bir düzən. Təbii ki, medalın o biri üzündə şəhərin gözəllikləri var, həyat tərəfindən başı sığallanan insanlar var. Amma bu üzdə onlardan əsər-əlamət tapmazsınız. O biri üzdə bəlkə də illüziyalara, xəyallara yer var. Amma bu üzdə qətiyyən! Reallığın şapalağı əvvəlcə qulağında cingildəyir, sonra da ağrısını hiss edirsən. Və bu reallığın içində gülə-gülə çapalayan, əzabdan boğulan bir insan...Bu bir avtobioqrafiyadırmı? Yoxsa uydurma? Bu bir iyrəncliyin təbiətini göstərməyə çalışan fəlsəfi traktatmı? Yoxsa bir yazarın cəmiyyəti ədəbiyyat yolu silkələmək cəhdi?

Bütün bunların cavabını - necə yazıldığını, nədən yazıldığını, yazarkən müəllifin yaşadıqlarını daha sonra, onun başqa əsərlərini oxuyanda anlayacaqdım. Çünki  digər əsərləri özündən əvvəl yazılmışların tarixini anladırdı.

Amerikada yaşayan bir alman əsilli dərzinin ailəsində doğulan Henri Millerin (Henry Valentine Miller) həyatını bilmək üçün haqqında yazılan bioqrafiyaları oxumağa ehtiyac yoxdur. Götürüb əsərlərini oxumaq kifayətdir. Zira bütün əsərləri yarı avtobioqrafikdir (yarıdan çoxu, deyə düşünürəm). Odur ki, oxumağa davam etdikcə mənə də aydın oldu: “Henri Miller kitabları”nın yazılması üçün Henri Millerin həyatı yaşanmalı idi.

***

İlk kitabı, öz vətənində qadağan olunan “Xərçəng tropiki” Millerin 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Parisdə yaşadığı dövrdən bəhs edir. Nyu-Yorkdakı “səfil” həyatı Parisdə də davam edir. Bu romanda bildiyiniz, təsəvvür etdiyiniz Parisdən başqa bir Parisin də olduğunu görəcəksiniz.

“Fahişə kimidir Paris. Uzaqdan baxınca nəfəsinizi kəsər, qollarınızın arasına almaq üçün səbirsizlənərsiniz. Beş dəqiqə sonra da özünüzü aldadılmış hiss edər, özünüzdən iyrənərsiniz” (“Xərçəng tropiki”)

Əsərin yazılışı da 1930-34-cü illərə - Millerin Parisdə yazar Anais Nin ilə ehtiraslı münasibət yaşadığı dövrə təsadüf edir. Kitabın redaktə olunmasına və çapına Anais Ninin böyük dəstəyi olub.

Demək olar ki, əksər romanlarında bu ilk romanın yazılışı dövründə çəkdiyi sıxıntıları, “yazım-yazmayım”, “nə yazım”, “niyə yazım”, “yaza bilirəmmi” suallarına cavab axtarışlarını bütün səmimiyyəti ilə dilə gətirir.

***

Və budur, rahatlıq, sığınacaq və şəfqətdən uzaq, yavan, soyuq və quru bir Nyu-York gecəsi (“Oğlaq tropiki”).

Henri Millerin 20-ci illərdə Nyu-Yorkdakı teleqraf şirkətlərinin birinin kadrlar bölməsində işlədiyi dövrdən bəhs edən yenə də yarı avtobioqrafik romanı “Oğlaq tropiki” ən müxtəlif insan tipləri ilə ağzına qədər doludur. Kadrlar bölməsində işlədiyindən müxtəlif insanlarla qarşılaşmalı, onların müraciətlərinə baxmalı olur. Və sonradan bütün bu tipləri yazıya köçürür. Olduğu kimi. İlk oxuduğum əsəri bu olduğundan, Henri Millerin daxilən sərhədsiz azadlığı, pula və şablon işə qarşı təsəvvür edilməz vecsizliyi ilə elə məhz bu romanda tanış olmuşdum. 

***

“Əvvəlində məni uğursuz edən, yazıq bir hala salan şey bir insan, ya da bir yazar olaraq mənə inanan birini tapa bilməməyim idi” (“Seksus”)

Evliykən, bir uşağı varkən, aşiq olur Henri Miller. Rəqqasə Cyuna (June Mansfield Miller). Daha sonra ilk arvadından boşanıb onunla evlənir. Millerin məşhur trilogiyası olan “Çəhrayı çarmıxa çəkilmə” onun Cyunla başlayan münasibətindən Cyunun öz rəfiqəsi ilə Parisə getməsi, geri qayıtması, daha sonra da Henrinin onunla birlikdə Parisə yollanmasına qədərki Bruklin illərini əhatə edir.

Trilogiyanın ilk romanı “Seksus”un əvvəlində İsanın çarmıxa çəkildiyi yaşda olan Henri Miller bir rəqqasəyə - Cyuna vurulur. Əsərin başlarında Henri onu “Mara” adlandırır. Daha sonra isə (trilogiyanın digər romanlarında da) “Mona” deyir. Mona da Milleri “Val” deyə çağırır.

Mona onun üçün bir qadından əlavə, onu yazarlığa sürükləyən bir insandır. “O, hər kəsin ehtiyacı olduğu bir qadın deyil -  o, insanın özünü azad etməsi üçün bir alətdir”. (“Seksus”). Mona onun yazar olduğuna hər kəsdən çox inanır. Və doğrudan da, daha sonralar “yalnız oturub yazması” üçün Henriyə yalvarır, evi dolandırmaq işini ona buraxmasını xahiş edir. Millerin iş tapıb pul qazanması məsələsini yaxına buraxmır.

“Bu alov-alov yanan işıqda verdim ona yazdıqlarımı oxusun deyə. Bundan daha uyğun bir zaman, bundan daha uyğun tənqidçi tapa bilməzdim. Qaranlıqda doğulmuşdu, işıqda xaç suyuna salınırdı” (“Seksus”)

Artıq onun yazar olduğuna inanan bir şəxs var həyatında və bu şəxs onun qadınıdır. Trilogiyanın ikinci romanı “Pleksus”da Miller nəhayət yazmağa başlayır. Bu vaxta qədər bir söz belə yazmamağına baxmayaraq tanışları da onu yazar kimi tanıyır. Mona ilə özlərinə bir ev tapıb yerləşdikdən sonra isə artıq düşüncələrini yazıya çevirməyə başlayır. Mona işləyir, Henri isə müxtəlif bəhanələrlə işə getmir, yaxınlıqdakı böyük kitabxanada günlərini keçirir və yazır.

“Kimsəyə ehtiyacımız yox idi, hətta Tanrıya belə. Ya da biz belə düşünürdük. Morq kimi soyuq, amma xəzinə yatağı olan Montague Street Kitabxanası yaxınlıqdaydı.” (Pleksus).

Sonra Monanın təkidləri ilə işdən çıxır.

“Sən yazmalısan”
“Yaxşı, bəs nə ilə yaşayacağıq?”
“Sən onu mənə həvalə et!” (“Pleksus”).

Trilogiyanın ən çox sevdiyim romanı “Pleksus” oldu. Daha çox ədəbiyyat, daha çox fəlsəfə, daha çox sənət və bunlar haqqında daxili monoloqlar, dialoqlar, uzun-uzadı müzakirələr, insanı reallıqla qeyri-reallığın sərhədlərini itirəcək halda saxlayan qəribə yuxular... Əsərin sonunda Osvald Şpenqlerin “Qərbin çöküşü” adlı kitabından parçalar verməklə bu kitaba olan heyranlığını göstərir. Dəfələrlə oxuduğunu söyləyir və beləcə bütün əsərlərində psevdofəlsəfədən qaçan Henri bizi əsl fəlsəfəyə dartıb aparır.

Trilogiyada sonuncu roman “Neksus”da Henri ilə Mona arasında üçüncü bir şəxs daxil olur – rəssam və şair Anastasia (Jean Kronski). Biseksual olan Mona Anastasia ilə yaxın münasibətdə olduğundan, Henri özünü kənara atılmış hiss edir. Daha sonra Mona ilə Henri arasında çəkişmələr başlayır.  Bir gün Millerin xəbəri olmadan Mona Anastasia ilə Parisə qaçır. Daha sonra geri qayıdır. Bu dəfə isə Henri Millerlə birlikdə Parisə gedirlər. Və bu gediş Millerin həyatında böyük rol oynayır.

Qəribə münasibətlər, mübahisələr, seks və bütün bunlarla bərabər yazmaq hərisliyi...

“Əbədi  və cavabsız böyük sual bu idi: Dünyaya mütləq söyləniləsi nəyim vardı? Məndən daha istedadlı insanlar tərəfindən təkrar-təkrar, min dəfə söylənməmiş nə söyləyə bilərdim?” (“Neksus”)

***

Parisdə olarkən Henri Miller yazar Anais Nin ilə tanış olur. Bir müddət sonra ehtiras, içki və ədəbiyyat dolu bir münasibət başlayır. Daha sonra seksual münasibətlərinə son versələr də Henri ömrünün sonuna kimi Anais Ninlə dostluğunu davam etdirir. Anais Nin Henriyə çox yardım edir – maddi ehtiyaclarının təmin olunmasından tutmuş kitablarının nəşrinə kimi.

1986-cı ildə Anais Ninin gündəlikləri əsasında “Henri və Cyun. Anais Ninin çıxarışsız gündəlikləri” adlı kitab nəşr olunub. Kitab Henri Millerin Cyunla birlikdə Parisdə yaşadığı illərdən, Anais Nin ilə Miller arasındakı münasibətdən bəhs edir. Əsər 1990-cı ildə Filip Kaufman tərəfindən filmə adaptasiya olunub.

Henri Parisdən sonra bir müddət Yunanıstanda qalır. Daha sonra isə ABŞ-a qayıdaraq Kaliforniyanın Böyük Sur regionunda yerləşir. Henri Böyük Surda da yazmağa davam edir. Dalbadal bir neçə kitab nəşr etdirir. “Böyük Sur və Hironimus Boşun Portağalları” (Big Sur and the Oranges of Hieronymus Bosch - 1957) adlı kitabını da burda yazır. Bu kitabdakı “İtirilmiş cənnət” adlı üçüncü hissəni oxuyarkən bir ayrı Henri Miller tanıdım. Kobud yazı tərzindən, söyüşlərdən və açıq-saçıq səhnələrdən bacardığı qədər uzaq dayanıb bu əsərdə. Daha sonra bu hissə “Cənnətdə bir iblis” adı ilə ayrıca roman şəklində nəşr edilir. Əsərin qəhrəmanı astroloq Konrad Morikan Millerin ən mükəmməl yaratdığı insan obrazı hesab edilir.

***
 
“Down and Out in Paris and London" kitabına vurğun idim. Əsl klassik olduğunu düşünürəm. Amma o da digər ingilislər kimi idi. İdealist. Məncə, səfeh bir idealist. Prinsip insanı. Ümumiyyətlə, prinsip insanları mənim üçün çox darıxdırıcıdırlar” (Henry Miller Corc Orvel haqqında; “The Paris Review”ə verdiyi müsahibəsindən)

***

Bir yazar ən çox Henri Miller qədər səmimi ola bilər yazdıqlarında. Buxovlardan yalnız bu qədər azad olmaq olar. Məqsədi kitablarda yazılmamış olan hər şeyi yazıya almaq idi. Henri Miller ədəbiyyata heç kəsin gözləmədiyi bir yeniliyi gətirdi: Yeməyin əsas hissəsi “öz həyat hekayəsi”, üstünə bir az “sosial kritika”, bir az “həyat fəlsəfəsi” töküb yaxşıca qarışdırırsan. “Mistizm” və “surrealizm” də zövqə görə.

Rable, Luis Ferdinand Selin, Coys, Vitman, Dostoyevskidən daha çox təsirləndiyini etiraf edən Henri Miller özü də XX əsrin digər böyük yazarlarına təsir göstərəcəkdi. Ötən əsri titrədən “Beat” nəslinin əsas “ilham pəri”si olacaqdı. Keruakın, Berrouzun əsərlərindən Millerin ətri gələcəkdi.

Bir qeydi də edim ki, əsərlərini oxuyub Millerdən hali olana qədər yanlış mülahizələr yarana bilər. Çünki səmimi olduğu qədər ziddiyyətli bir insan təsiri bağışladı mənə. Bəlkə də bu ziddiyyətlər onun yaradıcı xislətindən doğurdu. Niyəsini bir neçə misalla aydınlaşdırmağa çalışacağam.

Henri Miller seksə bol yer verir əsərlərində. Amma onu Lavrens (David Herbert Lawrence) kimi ilahiləşdirmir. (“Henri və Cyun”. Anais Nin). Özünün dediyi kimi, seks çörək və su kimi ən adi, amma vacib tələbatdır. Qadınlara qarşı laqeyddir. Amma sevməyi bacarır. Çox sevdiyi Cyunla kobudcasına rəftar edib, onu təhqir belə edə bilər. Amma kinoteatrda bir film izləyərkən Cyunu xatırlayıb hönkürəcək qədər də kövrəkdir.

Henri birinci arvadından və ilk övladından rahatca ayrıla biləcək qədər sərbəstdir, hətta ilk baxışdan vecsizcəsinə edir bunu. Amma o həm də, növbəti görüşlərinin birində övladının yan otaqda səsini eşidib ağlayacaq, özündən nifrət edəcək qədər də kədərlidir. (“Pleksus”).

Henri Miller pulsuzluqdan utanmır, tanıdığı hər kəsdən borc alır, dilənməkdən belə utanmayacağını etiraf edir. Qaldığı kirayə evlərin pulunu verə bilmir, bir formada yola verməyə çalışır, həm də gülüb-danışmağından, zarafatlarından, qeyri-ciddiliyindən geri qalmayaraq. Amma uzun müddət evində qaldığı, artıq beş ayın pulunu verə bilmədiyi bir nəzakətli ev sahibi ona utana-utana başqa ev tapmasını tövsiyə etdikdə, Henri göz yaşlarını saxlaya bilmir. (“Pleksus”).

Gündəlik şablona çevrilmiş işlərdə bir kağız yazıb doldurana qədər iztirab çəkən Henri, saatlarla dayanmadan romanının onlarla səhifəsini yazacaq qədər işgüzardır...

***

Əslində, istəyim Henri Millerin hansısa bir əsəri üzərinə öz fikirlərimi paylaşmaq idi. Amma hansı əsərini götürəcəkdim? Bunumu? Onumu? Yox bunu. Bəlkə o birisini? Elə bunları düşünə-düşünə, barmaqlarımın beynimin tamam başqa bir qərarını icra etdiyini gördüm: oxuduğum əsərlərindən, öz üslubuna uyğun olaraq, bir daxili düzəni olan qarışıq, başlıqlarsız, nizamsız bir şey yazmağa başladım. Bunu da yaxşı bacarmadığımı düşünürəm. Amma qayıdıb yenidən-yenidən düzəlişlər etmək istəmirəm. Çünki Henri özü də yazını “ütüləməyi” sevmirdi. İçindən nə gəlirdi, onu da yazırdı. Göstərişdən və qaydalardan uzaq bir yazar yazımın bu çiy halını daha çox anlayışla qarşılayardı, nəinki hər sözü xətkeşlə ölçülmüş və düz yerinə oturdulmuş bir halda. Bəlkə də, “adına həyat da dediyimiz xaos”u anlatmağın yolu yalnız xaosdan keçir, deyə pıçıldamışdı Henri qulaqlarıma, sətirlərin arasından sivişib çıxaraq...

“Yazdıqlarımın bir sətrini belə dəyişdirməyəcəyimə dair səssiz bir anlaşma bağladım özümlə. Düşüncələrimi qüsursuzlaşdırmağa çalışmıram”. (Xərçəng tropiki).

Rəşad Səfər

Yuxarı