post-title

Şəhər, yoxsa zoopark?

Onlar hər gün qarşımıza çıxırlar, onlar hər yerdədirlər, vəziyyətimiz acınacaqlıdır: qarapaltarlı, qaraqabaq, qızıldiş, ağ idman ayaqqabılı, kəhrəba təsbehli, 2-3 telefonu, siqareti, pulqabını qucağına alıb gəzən, bağıran, çığıran, əcaib-qəraib səslər çıxaran, tüpürən, bir-birini minən “qaqaş”ların mühasirəsinə düşmüşük.

 

Şüursuz həyat yaşayan, acgözlüklə qadınların əndamına baxan, küçədə qarşılarına çıxan istənilən qıza söz atan, maşının pəncərəsindən əllərini yerə dəyənə kimi sallayan, avtomobilləri "Ələsgərdən tutmuş Gülvedrəyə" qədər hamını çağıran, at, eşşək, it, qoyun səsləri çıxaran, özlərinə məxsus “kreativ” hobbiləri olan, həyatı çətinləşdirən əcaib "çolkalı" bu gədələrlə eyni şəhərin havasını paylaşmaqdan daha dəhşətli nə ola bilər? Hər gün minlərlə belə insanlarla qarşılaşırıq. Üzlərindən zəhrimar tökülən bu məxluqatlar Yerin Günəşin ətrafında deyil, onların ətrafında fırlandığını zənn edirlər.

Yanlarından ötüb keçən, qarşılarına çıxan istənilən yaş qadına potensial fahişə gözü ilə baxan bu “qeyrət ağacları”nı nə badə dindirəsən. Sənə mentalitetdən, namusdan, "yaxşı qız" fəlsəfəsindən, "yaxşı oğlanın bacısı" nəzəriyyəsindən, "yaxşı kişinin qızı" tezisindən, "yaxşı kişinin nəvəsi" ideologiyasından elə mühazirə oxuyarlar ki, matın-mutun quruyar.

Məndən sizə məsləhət: bu “qaqaş”lardan iş yerlərini soruşmayın. Peşman olursan, sənə elə sirli, müəmmalı cavab verirlər ki, öz-özlüyündə verdiyin sualı analiz edirsən ki, əcaba mən bundan nə soruşdum?! Sualına şübhə edirsən ki, bəlkə mən hansısa dövlət sirrini soruşmuşam, ya axşam hansı pozada olduğunu soruşmuşam?! Sonra həqiqətən iş yerini soruşduğuna əmin olursan, amma aldığın cavabları - “iş yerim sirrdir, elə yerdə işləyirəm deyə bilmərəm. və s." -  analiz edirsən, amma bu mistikanı anlamağa sənin gücün çatmır. Bu “qaqaş”larla mübahisə etmək üçün səhər iki qazan xaş da yesən, yenə kömək etməz.

Bir də onların dincəlmək fəlsəfəsi var: Tarqovıda qızların arxasınca sürünməkdən, bir qız tapanda onu bulvara aparıb əlləşdirməkdən, çayxanada oturub domino çırpıb, öz aləmlərində kişi söhbətləri “kaçatdamaq”dan ibrətdir. Onlar çayxanada Türkiyə siyasətini çözüb, Polat Aləmdarı başbakan da edə bilərlər.

Çox ağır dərddir belə insanların əhatəsində olmaq, onlarla eyni küçədə gəzmək, eyni havadan nəfəs almaq. Heç bir amalı, hədəfi olmayan, fərd kimi formalaşa bilməyən bu ikiayaqlı orqanizmlər göründüklərindən daha çox təhlükə mənbəyi, qorxulu, yoluxucu virusdurlar. Bu tip insanlardır qadınlara, uşaqlara təcavüz edən, şiddətə məruz qoyan. Bu insanlar çoxaldıqca cəmiyyətdə zorlanma, baltalanma, bıçaqlanma, baş kəsmə, qulaq kəsmə halları da çoxalacaq.

"Onlar həyat qanunlarının köhnəldiyini, çürüdüyünü, çoxdan zibilliyə tullanası vəziyyətdə yaşadıqlarını, nə dinlərinin, nə əxlaq kodekslərinin dövrə uyğun olmadığını gözəl bilməlidirlər. Biz həmişə şəxsiyyətimizin sərhədlərini həddən artıq daraldırıq nədənsə...” Hazırda oxuduğum Hermann Hessenin əsərindəndir son cümlələr.

Əslində niyyətim kiməsə ağıl, məsləhət vermək deyil, sadəcə boğuluram, sıxılıram. Yəni bir insan öz şəhərində heçmi rahat, asudə gəzə bilməz, kiminsə söyüşünü, təhqirini, sataşmasını, ulaşmasını, zingildəməsini eşitmədən, əsəbləşmədən addımlaya bilməz? Axı şəhərin şəhər, zooparkın zoopark yeri var.

Bu mövzuda min dəfə yazılıb, bilirəm. Amma hər halda insan gördüklərini, müşahidə etdiklərini yazmalıdır, ifadə etməlidir. Çox təəssüf ki, bizim qismətimizə normal insanlarla bir cəmiyyətdə yaşamaq deyil, daha çox ikiayaqlı orqanizmlərlə yaşamaq düşdü. Çox təəssüf ki, gəncliyimizi belə psevdoməxluqatlarla mübarizə aparmağa xərcləyirik. Adamı yandırıb-yaxan da elə budur...

Türkan Əziz

Kultura.az

Yuxarı