post-title

Bir diktatorun kədərli həyatı

1989-cu il dekabrın 25-də Rumıniya diktatoru Nikolay Çauşesku və onun xanımı Yelena edam edilib. Özünü 20 milyonluq dövlətin ömürlük prezidenti elan etmiş pinəçi şagirdinin tarixçəsi “aşpaz da dövləti idarə etməyi bacarmalıdır” kimi proletar deklorasiyasının ən dəqiq təcəssümüdür. Ancaq diktatorun acınacaqlı sonu bu kimi baxışların tərəfdarlarının ümidlərini doğrultmadı.

 

 
Çauşeskunun iti limuzində gəzir, ildə 15 min rumın isə acından ölürdü
 
Nikolay Çauşesku 1918-ci ilin yanvarın 26-da Rumıniyanın cənubunda, kasıb kəndli ailəsində dünyaya göz açıb. Özünü və valideynlərini dolandırmaq üçün o, kiçik yaşlarından pinəçi yanında köməkçi kimi çalışmağa başlayıb. 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub, 1936-cı ildə isə Kommunist Partiyasına üzv olub. Kommunistlərin mitinqlərində iştiraka və təbliğata görə həbs edilən gələcək diktator iki il türmə həyatı yaşayıb.
 
Pinəçilikdən prezidentliyə doğru 
 
Siyasi məhbus təcrübəsi ona ömürlük kommunist və antifaşist təbliğatının fəal iştirakçısı damğasını vurub. Siyasi karyerasında bunun ona böyük köməyi dəyib. Həbsdən çıxandan sonra rumın liderin təşəkkül tapmasında və gələcək nailiyyətlərində əhəmiyyətli rol oynayacaq Yelena Petresku ilə tanış olub və 1946-cı ildə onunla ailə qurub.
 
1947-ci ildə Rumıniyada kommunistlər hakimiyyətə yiyələnəndən sonra Çauşeskunun karyerasında sürətli yuksəliş dövrü başlayır. O, əvvəl kənd təsərrüfatı naziri, ardınca isə silahlı qüvvələr nazirinin müavini vəzifəsində çalışıb. 1952-ci ildə Mərkəzi Komitəyə, iki ildən sonra isə Rumıniya Kommunist Partiyasının Siyasi Bürosuna üzv olur. 1965-ci ilin mart ayında, baş katib Georgiu-Dejanın ölümündən sonra Çauşesku Rumıniya Kommunist Partiyasının birinci katibi olur. 1974-cü ildə konstitusiyanı dəyişmək qərarına gəlir və ölkədə prezident vəzifəsini tətbiq edir.
 
Tarixçilərin qənaətincə, o, bu addımı 1971-ci ildə Asiya səfərindən sonra atmaq qərarına gəlib. Səfər zamanı Çauşeskunu regionun kommunist ölkələrində – Çin, Şimali Vyetnam və Şimali Koreyadakı sərt dövlət modelləri heyrətə gətirib. Rumın liderinin təyin etdiyi seçkilərdə şübhəsiz ki, özü də qalib gəldi. Bundan sonra isə – ömürlük hakimiyyətdə qalacağını bəyan etdi.
 
Çauşesku həyat yoldaşı ilə birlikdə
 
“Ailə-klan” hakimiyyəti
 
Çauşesku digər birinci katiblərin atmadığı addımı da atdı. O, ailəsinin əlində böyük hakimiyyət cəmləşdirdi. Həyat yoldaşı və sadiq dostu Yelena ölkənin ikinci şəxsi oldu. Ancaq dərhal yox. Yelena Çauşesku əvvəlcə Rumıniya Kommunist Partiyasında bir sıra əhəmiyyətli vəzifə tuturdu. Lakin həyat yoldaşının rəsmi səfərlərində onu müşayiət etmirdi. 1971-ci ildə Çauşeskunun həyat yoldaşı ilə Çinə səfəri hər şeyi dəyişdi. Yelena Mao Tszedunun xanımı Dzyan Tsinin real hakimiyyət sahibi olduğunu gördü.
 
1972-ci ildə Çauşesku xanımını Mərkəzi Komitəyə üzv, 1980-ci ildə isə baş nazirin birinci müavini vəzifəsinə təyin etdi. Baş nazir vəzifəsi isə prezident postu ilə birləşdirilmişdi. Əxlaq prinsiplərinə riayət etmək həvəskarı olmayan oğlu Nikunu Transilvaniya regionunun mühüm əyaləti olan Sibiunun başçısı təyin etdi.
 
Çauşesku zamanı “ailə” sözü İtaliya mafiyası haqqındakı filmlərdəki çaları aldı. Bu ölkədə hər şey onun ailəsinə məxsus idi – tarixi dəyərlərdən tutmuş qoruq meşələrindəki marallara qədər. 
 
İkili oyun
 
Həddən artıq ehtiyatlı və vasvası Çauşesku o dövr üçün Avropa liderləri arasında ən böyük mühafizəyə sahib idi. Həmişə də hər hansı xəstəliyə yoluxacağından qorxurdu. Onun şəxsi mühafizəçisi özü ilə spirt flakonu gəzdirir və Çauşesku hər hansı əşya ilə təmasdan sonra əllərini silirdi. Manyakal şübhəçilik, hətta ideologiya baxımından dost olduğu SSRİ-yə səfər zamanı da özünü göstərirdi.
 
Ancaq Çauşeskunu Moskva xəttinin sadiq tərəfdarı adlandırmaq olmaz. Rumın liderin SSRİ ilə ilk ziddiyyəti 1968-ci ildə ortaya çıxdı. O zaman Çauşesku Varşava müqaviləsi qoşunlarının Çexoslovakiyaya soxulmasına qarşı çıxdı. 1984-cü ildə isə Rumıniya Los-Anceles olimpiadasını boykot etməyən yeganə sosialist ölkəsi oldu. Bəzi digər məsələlərdə də Çauşesku müstəqil kurs yürüdürdü. Bu, əslində onun vətənində nüfuzunu artırdı. Ancaq bununla yanaşı, həmin siyasət SSRİ-dən gələn maddi yardımın qarşısını kəsdi. 
 
Eyni zamanda sosialist Çauşesku həya etmədən Qərb liderləri ilə də dostlaşırdı. Rumıniyaya pul lazım olanda Kennedi və kraliça II Yelizaveta ilə görüşüb onlardan maddi yardım istəyirdi. 
 
Dəbdəbə hərisi
 
Diktatorun özü dəbdəbə içində yaşayır, qiyməti 100 min dollar olan bahalı maşınlarda gəzirdi. Özü və ailəsi üçün tikdirdiyi çoxsaylı iqamətgahların yemək otaqlarında qablar bahalı metallardan, büllur tualetlərində unitazlar isə mərmərdən idi. Rəhbərin həyatının təminatı üçün yol verilən israfçılıq ölkə büdcəsinin böyük hissəsinin xərclənməsinə səbəb olurdu. Bu da nəticədə xarici borcun artmasına gətirib çıxardı. 70-ci illərin sonuna borc 13 milyard dollara çatdı. Rumıniya isə iqtisadi iflas ərəfəsində idi. Bundan sonra Çauşesku konstitusiyada gələcəkdə xaricdən borc alınmasını yasaqlayan dəyişikliyin edilməsi məqsədi ilə referendum keçirdi. Rumınların demək olar ki, hamısı buna tərəfdar çıxdı. 1980-cı ildən xarici borcların ödənməsi ölkənin əsas prioritetinə çevrildi.
 
Çauşesku onun hakimiyyəti dövründə yaranan borcları ödəmək üçün istehsal edilən məhsulların böyük hissəsini ixraca göndərdi. Bu da ölkə daxilində məhsul qıtlığı yaratdı. O vaxtdan yanacaq və ərzaq çatışmazlığı rumınların gündəlik həyatının tərkib hissəsinə çevrildi. Ancaq bununla yanaşı, ədalətlə qeyd etmək lazımdır ki, 1989-cu ilin yayında, Çauşesku devrilməmişdən bir neçə ay əvvəl Rumıniya bütün xarici borclarını ödədi. Ancaq qıtlıqla yanaşı, kütləvi ixracın da qarşısı alınmadı.
 
Avropanın “çörək səbəti”ndə insanlar acından ölürdü
 
Əmək fəaliyyətinə pinəçi köməkçisi kimi başlayan Nikolay Çauşeskunun hakimiyyət zirvəsinə yüksəlişi Roma imperatorları stilində dəbdəbə ilə davam etdi. Atını senator edən Kaliqulaya tam bənzəmək üçün Çauşesku Korbu adlı sevimli təmtəraqlı itini şan-şöhrətə bürüdü. İtə onu Buxarestdə gəzdirən xüsusi limuzin ayrılmışdı, o, Çauşeskunun çoxsaylı villalarının birində dəbdəbəli otaqda yatırdı. Sevimli itin xidmətində hətta telefon da var idi. Hər gün Londondan it biskvitləri alıb Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi. Devrilməzdən bir müddət əvvəl Çauşesku sevimli itinə Rumıniya ordusunun polkovniki rütbəsi verdi. 
 
Öz mükafatlarının sayına görə isə Çauşesku Leonid Brejnevlə rəqabətə girə bilərdi. Dəfələrlə Sosialist Əməyi Qəhrəmanı adını alan Çauşesku dost xalqların da bir çox mükafatını əldə etmişdi. Bununla yanaşı, Çauşesku ölkəsinin və xalqının nüfuzu barədə də düşünürdü. Onlarla akademik rumınların romalıların davamçısı olduğunu, rumın dilinin isə latın dilinə ən yaxın dil olduğunu sübut etmək üçün arxivlərdə çalışırdı.Həmin vaxt isə ölkə iqtisadiyyatı uçuruma doğru gedir, bir vaxtlar Avropanın “çörək səbəti” olan Rumıniyada ildə on beş min adam acından ölürdü.
 
Hər dördüncü rumın casus idi
 
Gündəlik xroniki ərzaq çatışmazlığı və prezidentin şəxsiyyətinə pərəstiş fonunda Çauşesku rejimindən xalq narazılığı getdikcə artırdı. Ancaq insanları hiddətləndirən təkcə bu deyildi. Rumıniyada fəaliyyət göstərən siyasi polis – Sekuritari qətiyyətli şəkildə istənilən azadfikirliliyin qarşısını alırdı. Hər dördüncü rumın Sekuritarinin casusu idi. Kişilər öz xanımlarından, analar uşaqlarından xəbərçilik edirdi. Digər vətəndaşlar bədxah hesab edilirdi. Sekuritari iki milyon adamın dosyesini hazırlayaraq onları xalq düşməni elan edib. Bu qədər insanın hamısı güllənənib. Bir sözlə, Çauşesku hər şey edirdi ki, xalq ona nifrət etsin.
 
İki saatlıq məhkəmə və edam
 
1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada bu daha güclü oldu. Əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesku 1989-cu ilin dekabrın 17-də regionun şəhərlərinin birində, Timişoarda nümayişçilərin güllələnməsinə qərar verdi. Sabahısı gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə minlərlə insan küçələrə axışdı. Bir müddətdən sonra üsyanın qarşısının alınması mümkünsüz oldu. Çauşesku dövrü baş qəhrəman üçün rüsvayçı şəkildə sona çatdı. Diktator xanımı ilə birgə Rumıniya senatının damından qaçdı. Ancaq Tırqovişte şəhərində həbs edildilər.
 
Dekabrın 25-də rumın hərbçiləri prezident və xanımı üzərində məhkəmə prosesi qurdu. Proses televiziya vasitəsilə yayımlanırdı. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolay və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya translyasiyası başa çatan kimi həyata keçirildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edildi.
 
Müasir Rumıniyada Çauşeskunun fəaliyyəti pislənilir. Sekuritari ilə əməkdaşlığı təsdiq edilən şəxsin siyasi fəaliyyətinin üzərinə birdəfəlik xətt çəkilir. Dinc vətəndaşların qətliamına fərman verməsəydi, Çauşesku bəlkə də hələ uzun müddət hakimiyyətdə qala bilərdi. Ancaq Rumıniyanın birinci prezidenti qan tökdü. Özü də altı əsrdir qanla bağlı bir çox xatirələri olan regionun, Transilvaniyanın ürəyində. O, sadəcə olaraq Transilvaniyanı narahat etməməli idi…
 
“Xural” qəzeti
Yuxarı