Fransızların 10 ən yaxşı romanı
1. Stendhal, "Qırmızı və qara" …
Əbülfəz Elçibəy Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) sədrinin adına ərizəni mister Hayd kimi yazır, Prezident olanda isə doktor Cekill kimi seçilir. Mister Hayd Doktor Cekillin onun yaxın ətrafı ilə keçirdiyi müşavirədən sonra Kələkiyə qaçır. Mister Hayd parlamentin idarə heyətindəki yüksəklikdə oturub ləzzətlə siqaretini tüstülədir, ən yaxın silahdaşı İsa Qəmbəri çaqqalların necə didişdirdiklərinə və istefa verməyə vadar etdiklərinə cərrahlara xas təmkinlə baxırdı. Sonralar isə mister Hayd 1998-ci ildə İsa Qəmbərin öz namizədliyini prezidentliyə irəli sürməsinə mane olmaq üçün çıraqdan qəfil havaya fırlayan cin təki ortaya çıxır və vaxtilə qoyub qaçdığı kürsüyə qayıtmaq istəyini dilə gətirir.
“Hakimiyyət məsələlərində insana etimadla bağlı dinləmələrə son qoyaq,
əvəzində onu konstitusiyanın zəncirləri ilə qandаllayaraq, onun pis niyyətlərinə əngəl olaq"
Tomas Cefferson
Ə.Elçibəyin Azərbaycanın ən yeni tarixində rolu haqqında yeni nəsil azərbaycanlıların qaldırdıqları mövzu milli təfəkkürümüzdəki mənəvi xərçəng şişidir, bu mövzunu hər kəs özü üçün müəyyənləşdirməlidir. Biz Azərbaycanın tarixini dəyişən və həmin tarixi də həyatımızla birgə dəyərsizləşdirən həmin insanın rolu barədə bu qədər uzun müddət susa bilmərik.
Mən Əbülfəz Əliyevlə 1983-cü ilin yazında Moksvada tanış olmuşam. Bu tanışıqlıq Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Vernadski prospekti 37 ünvanındakı yataqxanasında baş verdi, mən Soljenitsının “Arxipelaq”ını qaytarmaq üçün tələbə dostum Eldar Abbasova baş çəkməyə gəlmişdim.
Azərbaycanın gələcək prezidenti olacaq həmin şəxs tələbə yoldaşımın qonağı idi, o məndə nə üçünsə ehtiyatlı adam təəssüratı oyatdı, üstəlik bir dəfə də olsun, kitabın müzakirəsinə qatılmadı. Daha sonra Eldar mənə bir vaxtlar DTK divarları arasında qalan o adamın nə üçün bu qədər ehtiyatlı davrandığını izah etdi.
Bu əlyazmanın yayılmasına görə MDU-dan xaric edirdilər, Azərbaycanda isə həbsxnaya salırdılar. Sonralar onunla yenidənqurmadan sonra bir neçə dəfə rastlaşmışdıq. Sonuncu görüşümüz Bakı Dövlət Universitetində ilk Novruz şənliyinin keçirildiyi vaxt oldu, biz onda həmin bayram şənliyini 70-ci illər qadağasından sonra təşkil edərək, bütün arzu edənləri oraya dəvət etmişdik. 70-ci illərdə hansısa qondarma ittihama görə bu şəxsin həbsə salınması onun ətrafında miflərin yaranmasına və AXC liderliyinə irəli sürülməsinə təkan verdi, bu isə mənim üçün tamamilə gözlənilməz idi.
1980-ci ilin sentyabr ayının 1-də qədim Rusiya tarixi üzrə mütəxəssis, akademik Rıbakovun Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alan birinci kurs tələbələrinə ənənəvi olaraq oxuduğu ilk mühazirədən sonra, mən ondan Oljas Süleymenovun “Az i Ya” kitabı barədə fikir bildirməyini xahiş etdim. Akademikdən eşitdiyim hiddətli cavab isə onun yaralı yerinə toxunduğuma dəlalət etdi ki, bu da heç təəccüblü deyildi. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin qüdrətli ideoloqu, hətta L.Brejnevin belə sözünün qarşısına söz qoya bilmədiyi M. Suslovun tənqid etdiyi kitab Rusiya əleyhinə əsər adlandırıldı və bütün ittifaqın lənətinə tuş gəldi.
Stalinə xas, dünyada ən məşəqqətli cəzalandırma sisteminə malik totalitar dövlətdə yazıçıya bu əməyinə görə hansı cəzanın verilə biləcəyini təsəvvür etmək azərbaycanlıların gənc nəslinin nümayəndələri üçün çətin olar. Lakin tale O.Süleymenovun üzünə güldü, çünki Qazaxıstana rəhbərlik edən Dinmuxamed Kunayev L.Brejnevin yaxın dostu idi və o, Oljası təbii ki, öz şəxsi himayəsinə götürmüşdü.
Təxminən elə həmin illərdə, Əbülfəz Elçibəy işlətdiyi hansısa adi ifadəyə görə həbs olundu, halbuki həmin dövrdə Azərbaycana Leonid İliç Brejnevin digər dostu Heydər Əliyev rəhbərlik edirdi. Hətta heç M.Suslov da yox, Moskvadan olan hər hansı bir məmur onun barəsində nəsə demiş olsaydı, Elçibəyin aqibətinin necə ola biləcəyini təsəvvür etmək çox çətin olardı. Onu da yəqin ki, “iqtisadi cinayətlərə görə” güllələnən vətəndaşların taleyi gözləyərdi.
Görünür, həmin vaxtdan Əbülfəz Elçibəy sistemin və onun liderinin cazibə dairəsinə düşüb, çünki onun həmin vaxtdan sonrakı davranışlarını məhz “Stokholm sindromu” kimi xarakterizə etmək olar. Bu termin özündə “ovlama” prosesi zamanı qurbanla təcavüzkar arasında yaranan qarşılıqlı və təktərəfli rəğbəti ehtiva edir. Girov götürülənlər güclü şokun təsiri altında onları ələ keçirən təcavüzkarlara qarşı qəribə hüsnü-təvəccöh hissi duyur, onların davranışlarına haqq qazandırır və yekun nəticədə, özlərini onlara oxşadaraq eyniləşir, onların ideyalarını əxz edir və “ümumi məqsəd”ə nail olunması yolunda qurbanlar verməyə hazır olurlar.
Bu iki Əliyevin gözlə görünməyən müttəfiqliyi sonralar heç pozulmadı. Əgər Əbülfəz Əliyevin onu əhatə edən qəbilə instinktlərini istismar etmədən liderliyə qədər gəlib çıxmaq şansı var idisə, Heydər Əliyev durğunluq illərinin yükü səbəbindən bunu etməyə qabil deyildi. Hələ üstəlik, Ə. Elçibəyin dəstəyi olmasaydı, o, ittifaq əhəmiyyətli təqaüdçü statusunda qalacaqdı.
Onu həbsxana divarları arasına atan insana qarşı açıq-aşkar məhəbbətini nümayiş etdirən Elçibəy H.Əliyevin portretinin altında otura-otura öz hüsn-rəğbətinə (guya Politbüroda Əliyevlə Romanovun arasında olan qarşıdurma və digər bu kimi miflər barədə) biçimsiz bir şəkildə haqq qazandırmağa çalışırdı ki, bunu da yuxarıda qeyd olunan sindromun nəticəsi kimi izah etmək olar. Yeri gəlmişkən, H.Əliyev də bu məhəbbətə cavab olaraq, artıq “Xilaskar” statusunda ikən Rusiya kanalına verdiyi müsahibədə guya sərxoş Elçibəyin üstünə işədiyi xalçanı nümayiş etdirmişdi.
George Bush 2001-ci ildə Putinlə görüşündən sonra jurnalistlərə V.Putinin gözlərinə baxanda həmin baxışlarda onun “ürəyini” gördüyünü desə də, bir neçə il keçəndən sonra Hillari Klinton bildirmişdi ki, təyinatı üzrə, DTK agentinin ürəyi ola bilməz.
Biz, sıravi və gəldi-gedər adamlarıq, G.Bush kimi fərasətli ola və H.Clinton kimi sözü açıq-saçıq üzə deyə bilməsək də, bunu əminliklə qeyd edə bilərik: əlbəttə ki, Elçibəy heç vaxt bu sözün əsl mənasında dissident olmayıb. SSRİ dövründə dissidentlər heç vaxt peşman olduqlarına dair ərizə yazmırdılar, onları həbsdən vaxtından əvvəl azad etmirdilər, əksinə ruhi xəstəxanalara yerləşdirirdilər, Bukovski kimi daha məşhur olanları isə tanınmış kommunistlərlə dəyiş-düyüş edir, ya da Soljenitsın kimi ölkədən sürgün edirdilər.
Buna görə də, mən heç vaxt Ə.Elçibəyi Qarabağ hadisələrinin təkan verdiyi xalq hərəkatının lideri kimi qəbul etməmişəm, çünki özüm bilavasitə Azadlıq meydanında keçirilən ilk mitinqdən başlayaraq, bütün hadisələrin iştirakçısı olmuşam, gecələri həmin mitinqlərdə keçirmişəm, 90-cı illərin yanvar hadisələrinə qədər xalq hərəkatı tədbirlərində birbaşa iştirak etmişəm. Digərlərindən fərqli olaraq, beynimdə bu hərəkatın iki ən ziddiyətli fiquru – N.Pənahov və Ə.Əliyev barədə heç vaxt illüziyalar yaranmayıb. Mənim üçün onlar həmişə bir medalın iki üzü olublar ki, bu da təbii ki, 1993-cü ilin iyun hadisələrindən sonra bir daha öz təsdiqini tapmış oldu.
Mən sentimentallıqdan uzaq adamam, ona görə də, ikinci demokratik respublikanın mərhum ikinci prezidentinin daxili dünyasını Seymur Baycanın onu Don Kixotla müqayisə etdiyi kimi canlı boyalarla təsvir edə bilməyəcəyəm. Lakin portalın oxucularının yüksək intellektual səviyyəsini nəzərə alaraq, müəyyən paralellər aparmağa çalışacağam.
Sofokl insanları necə olmalıdırlarsa o cür, Evripid isə elə olduqları kimi təsvir etdiyini deyirdi. İndiyə qədər Elçibəy haqqında danışanların və yazanların arasında sofokllar evripidlərdən daha çoxdur. Lakin müharibə şəraitində olan ölkənin baş komandanının döyüş meydanından biabırçı şəkildə qaçdığı vaxtdan 20 il keçəndən sonra həm hakimiyyət, həm də müxalifət tərəfindən tabulaşdırılan məsələlərlə bağlı cəmiyyətdə müxtəlif suallar yaranır.
20 il keçəndən sonra yeni nəsil azərbaycanlıların ortaya çıxan suallarına tuş gəlməmək üçün Elçibəyin yaxın silahdaşları, tərəfdarları və dostları millətin mənəvi cəhətdən sağlamlaşdırılması prosesinə başlanması baxımından labüd olan dialoqu yaratmalı idilər. İncik görkəm alıb, vəziyyəti “heç təsəvvür belə edə bilməzsiniz ki, o necə adam idi” tipli cümlələrlə yola vermək olmaz. Biz təsəvvür etməməli, yarım qalan təsəvvürləri tamamlamamalı, üstəlik təxəyyülümüzə güc verməməliyik. Fikir sahibi olan hər bir vətəndaş mərhumun xatirəsini təhqir etməkdə ittiham olunmaqdan çəkinib-qorxmadan bu mövzu ilə bağlı sözünü demək hüququna malikdir. Mən bu qəbildən olan şərhlərə rast gəldiyim üçün və belə ittihamların qarşısını almaq məqsədilə, sözügedən məsələyə aydınlıq gətirmək istəyirəm.
Gündəlik olaraq işlədilən “ölənin dalınca pis danışmazlar” ifadəsini mən “Yas çadırı” etiketi” adlandırıram. Bu qayda demokratik cəmiyyətdə ictimai xadimlərin və şəxsiyyətlərin barəsində aparılan müzakirələrdə davranış norması sayıla bilməz. Hətta keçmiş SSRİ ölkələrində - mən heç qərb demokratiyasından danışmıram- mərhum siyasi xadimlərin (Dudayev, Qamsaxurdiya, Yeltsin, Çernomırdin və digərləri) rolu barədə sakit şəkildə müzakirələr aparılır. Buna görə də, opponentləri susdurmağı və siyasətçinin ölümü səbəbindən, onun barəsində danışılanları və yaranan problemləri ört-basdır etməyi əxlaq prinsiplərinə sığmayan addım hesab edirəm. Bu ifadənin bizə təhrif olunmuş formada gəlib çatdığı antik dünyada o başqa cür səslənirdi: “ölənlər haqqında ya hər şey danışılmalıdır, ya da heç nə”. Milyonların həyatını dəyişən siyasətçinin fəaliyyətinin müzakirə edilməsi isə heç bir mifoloji təsəvvürlərə yol verilmədən hətta mikroskop altında nəzərdən keçirilməlidir.
Elçibəyin qaçışı 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının süquta uğramasından sonra Azərbaycanın tarixində ən böyük faciə oldu. H.Əliyev həmişə AXC-nin rolu barədə sarkazmla danışır, Xalq Cəbhəsinin hakimiyyəti Qorbaçovun yenidənqurma planlarının nəticəsində, az qala hədiyyə kimi əldə etdiklərini hesab edirdi. Onun Elçibəyi bu fikirlə razı salıb-salmadığını deyə bilmərəm, ancaq Elçibəyin hərəkəti həqiqətən də hədiyyə idi. 1993-cü ildə təəssüflər olsun ki, demokratik Azərbaycanın taleyi barədə məsuliyyəti öz üzərinə götürən adamın simasının miqyası çevrilişin təşkilatçıları tərəfindən irəli sürülən “klanın gələcəyi Bakı nefti olmadan qeyri-mümkündür” şüarının bayağılığı altında alçaldılmış vəziyyətə düçar olmuşdu. Bu haradasa, rus inqilabın taleyinin Bakı neftindən asılı olmasına dair V.İ.Leninin teleqramını xatırladır. Bu sərvətlərə sahib çıxmaq üçün hansı tarixi mübarizələrin baş verdiyini təsəvvür etmək belə çox çətin gəlir!
Dünyada inqilaba nail olmaq ideyasını beynində hərlədən və bunun Bakının nefti olmadan qeyri-mümkün olduğunu başa düşən V.Lenin, başda feldmarşal Paulus olmaqla, Vermaxtın 6-cı ordusunu qırğına verən və bu neftə görə onurğa sütununu qıran Hitler indi kənarda əsəbiliklə siqaretlərini sümürürlər. Elçibəy özü də bunu ciddi-cəhdlə və istedadlı şəkildə həyata keçirə bilərdi, belə ki, hətta bəlkə heç o özü də özünün yaratdığı mənzərənin miqyasını sona qədər dərk edə bilməyib. Bəs indi əlimizdə-obcumuzda qalan nədir – 90-cı illərin ortalarınadək mövcudluqlarından heç kimin xəbərdar olmadığı bir neçə kəmsavad subyekt Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini ələ keçirib və “Forbes”-in “xəlvəti” zənginlər siyahısına rəhbərlik etməkdədir, ikinci Azərbaycan respublikası isə lap elə birinci kimi ancaq xatirələrdə və yaddaşlarda yaşayır.
Ə.Elçibəy və H.Əliyev fiqurlarını müayisə edərkən, bir faktı qeyd etmək olar – Elçibəy H.Əliyevlə müqayisədə ona güclü şəkildə uduzur. Heydər Əliyev heç vaxt öz prinsiplərinə xəyanət etməyib, öz fikirlərini gizlətməyib, dostlarını satmayıb, özünü onun yerində görən hər kəsə qarşı amansız mövqe tutub və ona sədaqətli şəkildə xidmət edən buyruq qullarına hətta bir neçə nəsil irəli olmaqla, layiqli minnətdarlığını da bildirib. O, hakimiyyət mübtəlası idi və rəhbərliyi əlinə keçirmək, siyasi mühiti sterilizasiya etmək, Azərbaycana xas mütləqiyyət yaratmaq naminə Konstitusiyanın böyür-başını axtalamaq üçün hər şeydən keçməyə hazır olduğunu nümayiş etdirdi. Elçibəyin bir demokrat kimi, onu şah kürsüsünə dəvət etmək üçün əlində heç bir münasib kart yox idi, lakin buna baxmayaraq, Elçibəy yenə də bunu etdi.
Nəhayət, bir qədər də Elçibəyin yaxşı məziyyətləri barədə söz açaq.
Dostum Seymur onu zəmanəmizin Don Kixotu adlandırır. Mənə elə gəlir ki, yuxarıda sadalananları nəzərə alsaq, bu müqayisə bir qədər laxlayır. Mənim üçün Elçibəy Azərbaycan siyasətinin doktor Cekilli və mister Haydıdır. Bu qəhrəman R.L.Stivensonun iki adla ayırd edilən dünyaca məşhur personajıdır, sözügedən obraz özündə şəxsiyyətin ikiləşməsi ideyasını ehtiva edir, bu ikiləşmə isə nəticədə öz şəxsiyyətinin çevrilməsi prosesinə nəzarət edilməsinin qeyri-mümkünlüyü sayəsində onu məhvə sürükləyir.
Əbülfəz Elçibəy Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) sədrinin adına ərizəni mister Hayd kimi yazır, Prezident olanda isə doktor Cekill kimi seçilir. Mister Hayd Doktor Cekillin onun yaxın ətrafı ilə keçirdiyi müşavirədən sonra Kələkiyə qaçır. Mister Hayd parlamentin idarə heyətindəki yüksəklikdə oturub ləzzətlə siqaretini tüstülədir, ən yaxın silahdaşı İsa Qəmbəri çaqqalların necə didişdirdiklərinə və istefa verməyə vadar etdiklərinə cərrahlara xas təmkinlə baxır. Sonralar isə mister Hayd 1998-ci ildə İsa Qəmbərin öz namizədliyini prezidentliyə irəli sürməsinə mane olmaq üçün çıraqdan qəfil havaya fırlayan cin təki ortaya çıxır və vaxtilə qoyub qaçdığı kürsüyə qayıtmaq istəyini dilə gətirir.
Mənə elə gəlir ki, bu nöqtə mister Hayd üçün geriyə dönüşü olmayan məqam oldu. Bundan sonra o, doktor Cekillin qiyafəsinə qayıda bilmədi. Bu davranış məhz aşağıdakı məşhur cümlə ilə ifadə edilə bilər: “bu cinayətdən də artıq bir əməldir, bu böyük səhvdir”.
Siyasətçidən qəhrəman olmağı tələb etmək olmaz, bu heç lazım da deyil. “Mənə qəhrəmanı göstərin və mən sizin üçün faciə yazım”- bu ifadə eynilə lap bizi təsvir edir. Antikommunist Elçibəy kommunist Salvador Alyendenin etdiyi kimi Azərbaycan xalqı qarşısında içdiyi andı öz həyatı bahasına qorumaq məcburiyyətində də deyildi. Heç belə bir təhlükə də yaranmamışdı.
Bizi tarixi inkişafın çıxmazı olmayan dalanına dirəyən Elçibəy xalqa xidmətini rüşvət almamaqda görürdü, hətta bunu ictimaiyyət qarşısında bəyan edirdi. Tərəfdarları həmişə bu barədə yazırlar. Mənə elə gəlir ki, bu artıq Freuda dəxli olan bir məsələdir. Öz konstitusion borcunu yerinə yetirməyən ali baş komandan prezidentin başlıca vəzifəsindən başqa nə ilə fəxr edə bilərdi ki?! Bütün həyatını yeganə MƏFKURƏYƏ həsr edən M.Ə.Rəsulzadənin nə zamansa belə bir bayağı fikir səsləndirə biləcəyini düşünmürəm. Yox əgər bu rəhbərin yeganə konstitusion öhdəliyi və vəzifəsidirsə, onda deməli, Ə.Vəzirov da dürüst olub. Nə üçün onun buraxdığı səhvləri silib atmırıq? O da səmimi və həssas adam idi, valsı sevirdi, heç kimin cibinə narkotik, silah atıb-eləmirdi, rəqibləri ilə dava-dalaşa çıxmırdı, müxalifətlə özünə tay insanlar kimi rəftar edirdi, onlara dialoq yolu ilə danışıqlara getmək üçün yalvar-yaxar edirdi. Yeri gəlmişkən, ali məktəblərə qəbul zamanı şəffaflıq sisteminin təmin edilməsini o tətbiq etmişdi, SSRİ-də “Əliyevşina” adını almış, son 20 il ərzində yaranan korrupsiya sistemini aradan qaldırmağa çalışırdı, özü də bu səylərinin hesabını ödəməli oldu.
İosif Stalinin kristal dürüstlüyü və dünya zövqlərindən özünü məhrum etməsi onun səhvlərini və günahlarını ört-basdır edə bilərmi? Məlum olduğu kimi, o, qohum-əqrabasına və dostlarına rəngi solmuş frençindən başqa heç nə qoymayıb, sevimli qızı Svetlana isə qocalar evində vəfat edib. Belə yerdə rusların bir atalar sözü yada düşür: “Sadəlik oğurluqdan da pisdir”. Bu məsəli məhz ziyan verən və insanın həyatını zindana çevirən, bizim toxunduğumuz mövzuda isə bütün ölkənin həyatını məhvə sürükləyən sadəliyi, səmimiyyəti, sadəlövhlüyü və saflığı mühakimə edən zaman işlədirlər.
Prezident Elçibəyin Bakıdan yoxa çıxmasının səbəblərindən biri kimi “onun qardaş qanını axıtmaq istəməməsi” iddiası irəli sürülür. Demokratik ölkənin siyasətçisi öz mülahizə və fikirlərində “qardaş” və “bacı” anlayışlarına yol verməməli, məsələyə sırf “vətəndaş” və “konstitusiya” nöqteyi-nəzərindən yanaşmalıdır. Sonuncu sadaladığıma müvafiq olaraq isə, respublikanın demokratik əsaslarını dəyişmək üçün edilən istənilən cəhdlər ən ağır cinayət hesab edilir, “qiyamçı polkovniklər” və onların müttəfiqləri isə sırf qanunu pozan vətəndaşlardır. Onlar "qardaş” prizmasından nəzərdən keçirilə bilməzlər.
Bütün XX yüzillik boyunca olduğu kimi, növbəti dərsi bizə Gürcüstan verdi, Mixail Saakaşvili isə şəxsən qəhrəmanlıq nümunəsi nümayiş etdirdi. Rusiya tankları az qala Tbilisinin girəcəyinə yaxınlaşanda, onun heç tükü də tərpənmədi, aviasiya Qorinin insanlar yaşayan kvartallarını bombalayırdı, o isə təmkinlə öz konstitusion öhdəliklərini yerinə yetirməyə davam edirdi.
Əminəm ki, o təcavüzü dayandırmaq üçün Eduard Şevarnadzeni danışıqlarda vasitəçi olmaq üçün dəvət etmək kimi bir cinayətkar fikri özünə heç yaxın da buraxmayıb. Nədir, bu gün gürcülər azərbaycanlılardan ona görə daha az azaddırlar ki, ölkələrinin bir hissəsi rus qoşunları tərəfindən işğal edilib?! Həmin rus qoşunları ki, onların Azərbaycandan çıxarılması Elçibəyin ən böyük uğuru kimi qələmə verilir?
Əgər Elçibəy Azərbaycanı sonradan demokratiya naminə qazanılmış bütün dəyərləri kökündən məhv edən digər “işğalçı hakimiyyət”ə təslim edəcəkdisə, onda onun rus qoşunlarını ölkədən çıxarması nailiyyəti tarixi əhəmiyyət kəsb edirmi? Əgər onda rus ordusunu Qoliaf kimi məhv edən Davud gücü və cəsurluğu var idisə, onda nə üçün banda qrupları yaradan, sonradan Milli Qəhrəman adı almaqla, bununla da əsl Milli Qəhrəmanların xatirəsini təhqir etmiş olan kəmağıl polkovnikin qarşısında tab gətirə bilməyib sındı?
Elçibəy ziddiyyətlərin çuğlaşma zirvəsi idi. Fəqət o, səmimi insan idi, bununla razılaşmamaq qeyri-mümkündür. Əminəm ki, Elçibəy bütün ruhu ilə qaqauzları və qaraçayları, yakutları və çuvaşları, qırğızları və uyğurları özünə mənən doğma hesab edirdi. O, hətta dilimizin adını da dəyişib türk dili etmişdi. O, qlobal kateqoriyalar eşqi ilə yaşayırdı, Böyük Turandan danışırdı, Şimali və Cənubi Azərbaycanın birləşdirilməsindən bəhs edirdi. Onun üçün bu böyük yolda buraxılan hər hansı kiçik səhvlər və nəzərə alınmayan xırda təfərrüatlar heç nə idi. Buna görə də, o, çox güman ki, Bakıdan qaçan zaman öz səlahiyyətlərini həvalə etmək üçün öz silahdaşları arasında və hətta bütün Azərbaycanda bir nəfər də olsun, türk tapa bilməmişdi. “Mən Atatürkün əsgəriyəm” – Elçibəy Türkiyə Respublikasının qurucusunun uyuduğu məzarı ziyarət edərkən, xatirə dəftərinə bu sözləri yazmışdı. Ancaq çətin ki, Atatürk belə bir əsgəri ilə fəxr edəydi...
Sonra isə nə baş verməli idisə, o da oldu. Bu barədə İosif Brodski belə deyir: “Əsl faciədə qəhrəman ölmür, bütün xor ölür”. Qarabağın tamamilə düşmənə verilməsi, milyonlarla qaçqın və məhvə sürüklənmiş talelər, Azərbaycanın maddi və mənəvi sərvətlərinin talanması, neftlə zəngin olan ölkənin yaradıcı ziyalı təbəqəsinin ən yaxşı nümayəndələrinin öz istedadlarını tətbiq etmək üçün digər ölkələri seçməsi ilə nəticələnən kütləvi mühacirət...
Bu, xalqın öz rəhbərinə böyük etimadının və həmin rəhbərin böyük xəyanətinin tarixidir.
Bir çoxlarının qələmə verdikləri kimi, bu, demokratların bir illik hakimiyyət fəaliyyətlərinin yekunu deyil, məhz bir insanın konkret qərarının nəticəsidir.
Bir çoxları insanları öz talelərinə münasibətdə laqeyd olmaqda və apatiya sərgiləməkdə ittiham edirlər və xalqın nəhayət ki, qəflət yuxusundan oyanması üçün nə etmək lazım olması barədə ritorik suallar yağdırırlar. Bu gün vətəndaşlarımızı öz konstitusiya hüquqlarını tələb etməkdən çəkindirən amil qorxu deyil, məhz 93-cü ilin şokunu və məyusluğunu əvəzləyən həmin apatiyadır.
Başımıza gələnlərin fonunda, T.Abuladzenin mühüm əhəmiyyətə malik olan “Peşmanlıq” filmini xatırladım. Bu film yenidənqurma dövrünə qədər – 1984-cü ildə çəkilib. Vaxtından kənar atılan addımlar, diktator Varlam Aravidzenin yığcam obrazı və bir ailənin atalarının günahlarının bədələni ödəmək məcburiyyətində qalan üç nəsli kinolentdə öz təsvirini tapıb.
Bu da həmin filmdən olan məşhur dialoq:
- Deyə bilərsinizmi, bu yol məbədə aparır?
- Bu Varlam küçəsidir. Məbədə aparan küçə bu deyil.
- Onda o nəyə lazımdır? Əgər yol məbədə aparıb çıxarmırsa, o nəyə gərəkdir?
Burada məbəd azadlığın, demokratiyanın və insan ləyaqətinin məcazi ifadəsidir. Azərbaycanda hələ ki bütün yollar Kələki çıxmazına aparır. 20 illik həyatımızla birlikdə ləyaqətimiz, azadlığımız və haqqlarımız da bu çıxmazın qaranlığında uyuyur.
Yalçın Nəsirov
Kultura.Az