İvan Bunin: ZӘRİF NӘFӘS
Qәbiristanda, yenicә әmәlә gəlmiş kil qalağının üstündә…
Sergey Dovlatovun romanından bir parça
Xalamın əri Aronun bioqrafiyası bizim ölkənin tarixini bütövlüklə özündə əks etdirir. Əvvəl o gimnazist olub. Sonra inqilab tələbəsi. Sonra qısa müddət qırmızı ordunun əsgəri. Sonra nə qədər fantastik səslənsə də? ağ polyak olub. Sonra yenə qırmızı ordunun əsgəri, ancaq bu dəfə daha şüurlu şəkildə.
Vətəndaş müharibəsi qurtaranda Aron əmi fəhlə fakultəsinə qəbul oldu. Sonra yisçi (Yeni İqtisadi Siyasət – SSRİ 1921) oldu və deyəsən, müvəqqəti olaraq, varlandı. Sonra qolçomaqları qovmağa başladı. Sonra partiya sıralarını təmizləməyə başladı. Sonra onu təmizlədilər. Yisçi olduğuna görə...
İclasda əmim belə bir nitq söylədi:
- Əgər siz məni partiya sıralarından kənarlaşdırsanız, mən bu barədə arvadıma danışmalı olacam. Bu da öz növbəsində ciddi qalmaqal yaradacaq. Qısası, özünüz qərar verin...
Yoldaşlar düşündülər və qərar verdilər:
“Kənarlaşdırın!”
Doğrusu, onu sonra bərpa etdilər. Bu azmış kimi, Aron əmi heç həbs də olunmadı.
O administrativ işçi oldu. Nəyinsə direktoru. Ya da hansısa sahədə direktor müavini...
Əmim Stalini çox sevirdi. Çatışmazlıqlarını görə onu fərsiz oğlu kimi sevirdi.
Generalissimusun nitqlərindən ibarət plastinka qırmızı albomlarda saxlanılırdı. O vaxt üstü ipli və rəhbərin relyefli şəkili olan albomlar var idi...
Stalin bandit çıxanda əmim səmimi sarsıntı keçirirdi...
Sonra o, Malenkovu sevdi. O deyirdi ki, Malenkov mühəndisdir.
Malenkov vəzifəsindən məhrum olanda, o, Bulqanini sevdi. Bulqaninin inqilaba qədər fəaliyyət göstərən ucqar ərazi polismeysterlərinə bənzəyən bir görkəmi var idi. Mənim əmim isə elə ucqar bölgələrdən biri olan Novorossiyskdən idi. Ola bilər, o, uşaqlıq bütlərini xatırladan Bulqanini doğrudan da sevirdi.
Daha sonra o Xruşovu sevdi. Xruşov da gedəndən sonra onun sevgisi qurtardı. O, hislərini boş yerə xərcləməkdən bezdi.
Lenini sevməyi qərar verdi. Lenin çoxdan ölmüşdü və heç kim onu hansısa vəzifədən sala bilməzdi. Heç ləkələmək də asan deyildi. Bu isə o demək idi ki, sevgisini əlindən heç kim ala bilməzdi...
Bununla belə əmim ideologiya tərəfdən bir az zəiflədi. O Leninlə bir yerdə Soljenitsini də sevdi. O, Saxarovu da sevdi. Hidrogen bombasını ixtira etdiyinə görə.
Brejnevi əmim sevmirdi. Brejnev ona müvəqqəti hadisə kimi görsənirdi (hansı ki təsdiqlənmədi)...
Ömrünün son illərində o, az qala dissident olmuşdu. Ancaq mülayim dissident. Vlasovu tanımırdı. Soljenitsinə seçim əsasında hörmət edirdi.
Əmim Brejnevə anonim məktublar göndərirdi. O, onları əmanət kassasında bənövşəyi mürəkkəblə yazırdı. Özü də sol əli və çap hərfləri ilə. Qeydlər qısa olurdu. Məsələn:
“Bədheybət, Rusiyanı hara aparırsan?”
Və imza:
“General Sviridov”.
Ya da ki:
“BAM (Baykal-Amur Magistralı) – uydurmadır!”
Və imza:
“General Kolyujnıy”.
Hərdən o, bədii formadan istifadə edirdi:
“Sənin qaşların qana susayıb!”
Və imza:
“General Neçiporenko”...
Əmim leninizmin mənbələrinə qayıtmaq istəyirdi. Mənsə istəmirdim. Beləcə biz sonsuz olaraq, mübahisə edirdik. Polemikanın səviyyəsi elə də yüksək deyildi.
- Alman casusu, - mən Lenin haqqında deyirdim.
- Kafir və axmaq! - əmim mənim ünvanıma deyirdi.
Biz kifayət qədər az mövzulara toxunurduq: Linç məhkəməsi, dəyərlərin aşınması, Vyetnam epopeyası...
Əmim çox pis hirslənirdi:
- Faşist, satqın!, - hərdən o qışqırırdı.
Və birdən mənim əmim öldü. Daha doğrusu, ağır xəstələndi. Və qərar verdi ki, artıq ölmək vaxtıdır. Onun 76 yaşı var idi.
- Seryojanı çağırın. – o xahiş etdi.
Mən eşidən kimi gəldim. Əmim arıq və solğun idi. Hündür yastıqlarda uzanmışdı. O hamıdan otaqdan çıxmağı xahiş etdi.
- Sergey, mən ölürəm.., - o pıçıldadı.
Mən susmuşdum.
- Mən ölümdən qorxmuram, - o davam etdi.
Bir az dayandı və dedi:
- Mən doğrudan yanılırdım... Öz səhvlərimi əzab çəkərək başa düşdüm... Və gör nələri başa düşdüm. İnandığım müqəddəs şeylər hamısı saxta çıxdı... Mən ideya iflasına uğradım...
Əmim su istədi. Mən fincanı onun dodaqlarına yaxınlaşdırdım.
- Sergey, - o davam etdi, - mən həmişə səni mühakimə edirdim.
Qorxduğuma görə, mühakimə edirdim. Mən qorxurdum ki, səni həbs edərlər. Sən səbirli deyilsən... Mən səni tənqid edirdim, ancaq ürəyimdə razılaşırdım. Sən məni başa düşməlisən. Qırx il bu partiyanın (burda əmim çox pis söyüş söydü)... Altmış il bu dövlətdə (burda əmim həmin söyüşü təkrar etdi)...
- Sakitləş, - mən dedim.
- ... məni fahişəyə çevirdilər, - əmim bitirdi.
O, bir az güc yığdı və davam etdi:
- Sən həmişə haqlı idin. Mən sənə görə qorxurdum, ona görə etiraz edirdim. Bağışla...
O ağladı. Mənim ona yazığım gəldi. Tibb işçiləri gəldi və onu xəstəxanaya apardılar.
Əmimi adi xəstəxanaya apardılar. Xalam elə bilirdi ki, onu Sverdlovsk xəstəxanasına aparacaqlar.
- Sən axı qoca bolşeviksən, - xalam deyirdi.
- Yox, - əmim etiraz edirdi, - mən qoca bolşevik deyiləm.
- Necə yəni?
- Qoca bolşevik – konkret məfhumdur. Qoca bolşeviklər 35-ci ilə qədər daxil olanlardır. Mənsə bir az sonra daxil olmuşam.
Xalam inana bilmirdi.
- Deməli, sən qoca bolşevik deyilsən?!
- Yox.
- Fərqi nədir, bəlkə sənə də nəsə düşür, - o deyirdi.
- Olar bilər, - əmim razılaşırdı, - ola bilər, mənə də nəsə düşür. Məsələn, alma...
Qısası, əmimi adi xəstəxanaya apardılar. Həkim onu müayinə edəndə, əmim soruşdu:
- Doktor, siz cəbhəçisiniz?
- Bəli, mən cəbhəçiyəm, - həkim cavab verdi.
- Mən də cəbhəçiyəm, - əmim dedi, - mənə düzünü deyin, bir cəbhəçinin digərinə dediyi kimi, xəstəxanada çox qalacam?
- Ən yaxşı halda – bir ay, - həkim cavab verdi.
- Bəs ən pis halda, - əmim güldü, - əhəmiyyətli dərəcədə az?..
O xəstəxanada üç həftə yatdı. Və onu evə gətirdilər. Mən eşidən kimi onu ziyarət etdim.
Əmim kədərli və sakit görünürdü. Elə bil ali bir müdrikliyə çatmışdı.
Buna baxmayaraq, söhbət əsnasında mən Çe Gevaranın adını çəkən kimi ovqatı dəyişdi.
- Avantürist və qanqster, - mən dedim.
- Tüfeyli və axmaq! - əmim reaksiya verdi. Və daha sonra səsini yüksəldərək:
- Kommunizmdən kənarda olan faydalı ideya göstər mənə!..
Birdən o öz nitqini yarımçıq kəsdi. Görünür, ölümqabağı söhbətimizi yadına saldı. Günahkar nəzərləri ilə mənə baxdı.
Mən susdum.
Ondan bəri biz tez-tez söhbət edirdik və dəyişməz olaraq, mübahisə edirdik. Əmim rok musiqisini, vətənini atan Barışnikovu və general Andrey Vlasovu lənətləyirdi. Mən isə pulsuz tibbi xidməti, “Qu gölü” və Feliks Dzerjinskini.
Sonra əmim yenə xəstələndi.
- Seryojanı çağırın, - o xahiş etdi.
Mən eşidən kimi gəldim. Əmim zəiflikdən üzü dartılmış və rəngi qaçmış görsənirdi. Başının üstündəki taburetdə çoxlu flakonlar var idi. Taburetin üstündə çəhrayı rəngdə olan taxma çənəsi də görsənirdi.
- Sergey, - xırıltılı səslə əmim dedi.
Mən onun əlini sığalladım.
- Mənim səndən böyük bir xahişim var. Söz ver ki, bu xahişimi yerinə yetirəcəksən.
Mən başımı yırğalayaraq razılığımı bildirdim.
- Boğ məni, - əmim xahiş etdi.
Mən çaşqın halda susurdum.
- Yaşamaqdan bezmişəm. Mən bir ölkədə kommunizmin yaradılmasına inanmıram. Mən trotskizm bataqlığına düşmüşəm.
- Bu barədə fikirləşmə, - mən dedim.
- Sən mənim xahişimi yerinə yetirməyə hazırsan?.. Mən görürəm ki, sən tərəddüd edəcəksən. Əlbəttə, mən 20 yuxu həbi ata bilərdim. Heyif ki, bu heç də həmişə ölümlə nəticələnmir... Birdən iflic olsam? Və hamı üçün daha ağır yük olsam? Ona görə, mən sənə müraciət etməli oldum...
- Bəsdir, - mən dedim.
- Ətraf ancaq qəzəb və sarsaqlıqla doludur, həqiqət yoxdur... - əmim dedi.
- Sakitləş.
Bilirsən mənə əzab verən nədir? – o davam etdi. – Biz Novorossiyskdə yaşayanda
orda hasar var idi. Hündür qəhvəyi hasar. Mən hər gün o hasarın yanından keçirdim. İçəridə nə olduğunu bilmirdim. Soruşmamışdım. Fikirləşmirdim ki, bu vacibdir... Həyat necə də mənasız və ağılsız yaşanıb! Deməli, sən imtina edirsən?
- Bəsdir, - dedim.
Əmim üzünü çevirdi və susdu.
İki həftə sonra o sağaldı. Və bizim yenə də böyük bir mübahisəmiz oldu.
- Axmaq! - əmim qışqırdı. – Sən başa düşmək istəmirsən! Qabiliyyətsiz tərəfdarların gözdən saldığı kommunizm ideyası hələ də mükəmməldir! Milyonlarla insan əbəs yerə bu ideologiyaya inanmır!..
- Kim inanır?! – mən dedim. – Heç bir sağlam düşünmə qabiliyyəti olan adam inanmır!..
- Deməli inanmır?! – əmim hirsindən qızardı. – İnanmır və susur? Deməli, hamı ikiüzlü və riyakardır?!..
- İdeologiyaya inanmaq vacib deyil, - mən dedim, - onu ya qəbul edirlər, ya da etmirlər. Bu həbsxana kimidir: xoşuna gəlsə də, gəlməsə də oturmalısan...
- Axmaq! - əmim qışqırdı. – Satqın!..
Onun başının üstündə Soljenitsinin portreti asılmışdı. Qonaq gələndə əmim portreti oradan götürürdü...
Bu hər dəfə təkrarlanırdı. Əmim xəstələnirdi, sonra isə sağalırdı. Biz mübahisə edirdik. Sonra barışırdıq. İllər keçirdi. O, tamamilə, qocaldı. Gəzə bilmirdi. Mən ona çox bağlanmışdım...
Dediyim kimi əmimin tərcümeyi-halı bizim dövlətin tarixini əks etdirir... Bizim sevimli və dəhşətli ölkəmizin...
Sonra nəhayət ki, əmim öldü. Heyif... Hündür qəhvəyi hasar isə mənə rahatlıq vermir...
Tərcümə etdi: Vasif Qarayev
Kultura.Az