post-title

Bayraqşüvənlik

"Bir kərə yüksələn bayraq bir daha enməz"

 

Məmməd Əmin Rəsulzadənin böyük mənası olan bu aforizmi hazırda ən çeynənilmiş ifadələrdən birinə çevrilib. Bir neçə gün öncə ölkə mətbuatında, sosial şəbəkələrdə bir şəkil dolaşırdı. Demək, Qazax rayonunda bir traktor caynağında bir neçə bayraq aparırdı. Bunu da hansısa bir igid çəkərək, sosial şəbəkədə paylaşmışdı.

Mövzu qıtlığından əziyyət çəkən mətbuat da bunu əlində "bayraq" edib, başlamışdı ki, bəs bizim bayraq təhqir edilib. Hətta "facebook"da yüz min üzvü olan bir neçə səhifə bu şəkillə bağlı az qala ölüm fətvası da vermişdi. Bəziləri həmin adamın başının kəsilməsini, bəziləri isə onun vətən xaini adlandırılmasını tələb edirdi.

Nə isə, mən bunları mövzudan xəbəriniz olsun deyə yazdım, indi keçək mətləbə. Cənablar, birinci dəfədirmi bayrağa qarşı hörmətsizlik olur bu ölkədə? Yoxsa indiyə kimi olan bu hörmətsizlikləri gözünüz görmürdü? Yoxsa bəzi dövlət rəsmilərinin, müğənilərin keçirdikləri mətbuat konfranslarında bayrağı tərsinə asdıqlarını unutmusunuz? Yoxsa qonşu ölkələrdə dövlət rəsmiləriylə görüşdə bayrağımızın rənginin yerlərini dəyişdirdiklərini gözünüz görməyib? Ya da Eurovision mahnı müsabiqəsi ərəfəsində bayrağımızın üstü yazılanda kor olmuşduz? Qoy bunu da deyim, Bakının mərkəzində, bir aksiyada polis əməkdaşı 20-ə yaxın jurnalistin gözü qarşısında bayrağı vətəndaşın əlindən alıb yerə atmış, hələ tapdalamışdı da. Amma heç kim buna reaksiya verməmişdi, hamı mövzunun üstündən keçmişdi. Amma indi yazıq bir traktor sürücüsünün ölümünü istəyirlər, hətta onu tapıb öldürənə medal da vermək istəyirlər.

Səbəb isə çox bəsitdir, çünki bu dəfə bayrağı təhqir edən sadə insandır. Onu öldürmək, onu cəzalandırmaq çox asandır. Amma polisi, müğənnini, dövlət rəsmisi haqda belə bir fikir səsləndirmək cəsarət, hünər istəyir.

Yadıma düşmüşkən bayraq şüvənlərinə bir misal çəkmək istəyirəm. Qonşu Türkiyədə müxalifət partiyası olan CHP oktyabır ayında razılaşdırılmamış mitinq keçirirdi. Demək olar, polislə askiya iştirakçıları qabaq-qabağa dayanıb, bir-birlərinə hücum edirdilər. Bu zaman ara qarışdı və 3-4 polis bir aksiya iştirakçısını döyməyə başladı, həmin iştirakçının əlindəki bayraq isə yerə düşdü. Bilirsiniz bu an nə oldu? Həmin o polislərdən biri tez əyilib bayrağı yerdən götürdü və öpərək qoynuna qoydu və yenidən əlinə dəyənəyini alaraq aksiya iştirakçılarını dağıtmağa başladı.

O ki, qaldı bayraq anlayışına, bu da fərqli bir şeydir. Bayraq o zaman dəyərli olur ki, həmin məmləkətdə demokratiya olur, həmin yerdə vətəndaş adam olduğunu anlayır, hüququndan istifadə edə bilir. Amma bu gün bizdə belə bir vəziyyət yoxdur. Odur ki, bizdə bayraq dəyər deyil, sadəcə atributdu. Buna görə də kimisə öldürməyi, söyməyi özünüzə mənəvi haqq bilməyin. Ən azı birinci bayrağa dəyər vermək üçün, yerinizdən qalxıb ölkədə demokratik mühüt yaradın, o zaman siz istəsəniz də istəməsəniz də bayraq özü dəyərli olacaq.

P.S. Yazını yazıb qurtarmışdım xəbər saytlarının birində bayrağa hörmətsizlik edən şəxslərin cəzalandırıldığını oxudum. Gözünüz aydın, təbriklər...

Elkin Xəlilov

Kultura.Az

Yuxarı